Siyasət

Rəsmi Paris Fransa deputatlarının Dağlıq Qarabağa səfərini şərh etdi - YENİLƏNİB

23 Avqust 2011 17:58
Baxış: 236
17:58

Fransa Milli Yığıncağı (parlamentin aşağı palatası) deputatlarının Dağlıq Qarabağa səfəri rəsmi Parisi nəyisə öhdəsinə götürməyə məcbur etmir və onun mövqeyini dəyişmir. Trend-in məlumatına görə, bunu Fransa XİN-in mətbuat xidmətinin rəhbəri Bernar Valero deyib.

"Parlamentarilərə bizim Dağlıq Qarabağla bağlı mövqeyimiz haqqında lazımınca xəbərdarlıq edilmişdi. Bu səfər Fransanı nəyisə öhdəsinə götürməyə məcbur etmir və onun bu münaqişə ilə bağlı siyasətini heç bir vəchlə dəyişmir. Fransa beynəlxalq ictimaiyyətin bütün ölkələri, o cümlədən Ermənistanın özü kimi, bu ərazinin müstəqilliyini tanımır", - RİA Novosti yazır.

Bir sıra KİV məlumat yayıb ki, Fransa Milli Yığıncağının deputatları Gi Tesye, Jak Remile, Jorj Kolumbye və Valeri Buaye Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına səfər ediblər. Yeri gəlmişkən, onlar tanınmamış, qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbərliyi ilə görüşüblər.

Azərbaycanın Parisdəki səfirliyi fransız deputatların Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı Fransa XİN-ə etiraz notası təqdim edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin birinci katibi Elman Abdullayev məlumat verib.

Valero qeyd edib ki, bu regionun rəsmi beynəlxalq statusu bütün maraqlı tərəflərin qəbul edəcəyi yalnız dinc yolla və ədalətli həll çərçivəsində müəyyən edilə bilər.

----------
14:51

"Fransa deputatlarının Dağlıq Qarabağa səfəri rəsmi xarakter daşımır və deputat qrupunun şəxsi təşəbbüsü ilə həyata keçirilib".

Fransa Milli Yığıncağının deputat qrupunun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı Azərbaycanın etiraz notasına cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən belə şərh verilib.

"Fransa tərəfi rəsmən mövqeyini təsdiq edib. Mövqe ondan ibarətdir ki, bu səfər Fransa Milli Yığıncağının Milli müdafiə və silahlı qüvvələr komissiyasının sədri, "Xalq hərəkatı uğrunda İttifaq" parlament fraksiyasının üzvü Gi Tesyenin təşəbbüsü ilə həyata keçirilib. O, Marselin iki rayonunun meridir və orada erməni icması kompakt şəkildə yaşayır. 2012-ci ildə Fransanın qanunvericilik orqanına seçkilərin keçiriləcəyini nəzərə alaraq, Tesye xal toplamağa çalışır", - Trend-ə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov deyib.

Azərbaycanın Parisdəki səfirliyi fransız deputatların Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı Fransa XİN-ə etiraz notası təqdim edib. Bu barədə Azərbaycan XİN-in birinci katibi Elman Abdullayev məlumat verib.

"Hər hansı digər izahatı gözləməyə dəyməz, səfərlə bağlı belə praktika olub və çox güman ki, yenə də olacaq. Fransa rəhbərliyi belə səfərlərlə bağlı yalnız öz narazılığını bildirə bilər", - Əmirbəyov qeyd edib.

Onun sözlərinə görə, Fransa XİN-də Tesyeni belə səfərdən çəkindirməyə çalışıblar. "Lakin o, getmək qərarına gəlib, çünki bu səfər seçkilərin nəticəsinə təsir göstərə bilər", - səfir Fransa XİN-in nümayəndələrinə istinadən bildirib.

"Tesyenin bu addımı onun bəyan etdiyi kimi, separatçı Dağlıq Qarabağla həmrəyliyi göstərmir, ona seçki dairəsində yaşayan ermənilərin səsləri vacibdir", - Əmirbəyov əlavə edib.

Səfirin sözlərinə görə, Fransa XİN rəsmiləri Azərbaycan tərəfinin narazılığına hörmətlə yanaşıblar.

"Biz notamızda qeyd etmişik ki, belə addım Parislə ikitərəfli münasibətləri yaxşılaşdırmır və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun sədri kimi səylərinə xələl gətirir. Bununla əlaqədar biz gözləyirik ki, Fransa XİN rəsmi səviyyədə notaya münasibət bildirəcək və Fransa XİN-in rəsmi nümayəndəsi brifinqlərdən birində, ötən dəfə olduğu kimi, rəsmi Parisin mövqeyini bildirəcək", - Əmirbəyov qeyd edib.


----------
13:55


Azərbaycanın Parisdəki səfirliyi fransız deputatların Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı Fransa XİN-ə etiraz notası təqdim edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in birinci katibi Elman Abdullayev məlumat verib.

"Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik etdiklərinə və Dağlıq Qarabağa səfər barədə Azərbaycanın müvafiq dövlət strukturlarını məlumatlandırmadıqlarına görə Fransa parlamentinin üzvlərinin adları ölkəyə gəlişi arzuedilməz şəxslərin "qara siyahısı"na salınacaq", - Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Parisdəki səfirliyi Fransa XİN-ə etiraz notası təqdim edib. Eləcə də Azərbaycan tərəfi Fransa XİN-ə Fransa Milli Assambleyasından izahat alınması xahişi ilə müraciət edib.

Bu məktubda Bakı Fransa parlamentinin nümayəndə heyətinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı izahat tələb edir.

Fransa dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini ifadə edib.

"Azatutyun" ("Azadlıq") radiostansiyasının verdiyi məlumata görə, avqustun 22-də Qarabağ "parlamentariləri" ilə görüşü zamanı Fransa Milli Yığıncağının Milli müdafiə və silahlı qüvvələr komissiyasının sədri, "Xalq hərəkatı uğrunda İttifaq" parlament fraksiyasının üzvü Gi Tesye "Doğrudanmı, bir diktatorun şıltaqlığına görə yüz illər keçdikdən sonra Dağlıq Qarabağ erməniləri onlara aid olan torpaqlarda yaşayaraq yenidən çətinliklər çəkməlidirlər?" - deyə bəyan edib.

Nümayəndə heyətinə rəhbərlik edən Gi Tesye ermənilərin əksəriyyət təşkil etdiyi Marselin 9-cu və 10-cu rayonlarının meridir. Erməni diasporunun nəzərəçarpacaq təsiri altında olan Tesye faktları saxtalaşdırmaqla və işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı erməniyönlü təbliğatla çıxış etməklə, görünür, 2012-ci ildə Fransanın qanunverici orqanına seçkilər ərəfəsində erməni seçicilərin səsini toplamağa çalışır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

----------
12:53

Azərbaycanın Parisdəki səfirliyi fransız deputatın Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı Fransa XİN-ə etiraz notası təqdim edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in birinci katibi Elman Abdullayev məlumat verib.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.