Siyasət

Prezident İlham Əliyevin Göygöl və Samux rayonlarına səfəri - YENİLƏNİB - FOTO

19 Avqust 2017 22:39
Baxış: 5 301

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Samux rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq "Yenikənd" yarımstansiyası istifadəyə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Azərişıq" ASC tərəfindən tam yenidən qurulan yarımstansiyada 16 MVA gücündə iki transformator quraşdırılıb. Fiziki cəhətdən köhnəlmiş 110 kV-luq avadanlıq müasir tipli 110 kV-luq eleqaz açarlar və avadanlıqla əvəz olunub. Yarımstansiyada 2 ədəd 35 kV-luq "1-ci Poylu" və "2-ci Poylu", 6 kV-luq "Qırmızı Samux", "Yenikənd", "Fövqəladə hallar" hava xətləri qurulub. 35 kV-luq "1-ci və 2-ci Poylu" hava xətlərindən budaqlanan Qırmızı Samux kəndi ərazisində 35/6 kV-luq, gücü 2,5 MVA olan "Lüksemburq" adlı müasir qapalı tipli yarımstansiya tikilib. Yarımstansiyadan ümumi uzunluğu 150 kilometr olan 35 kV-luq dörd kabel xətti çəkilib. Həmin xətlər kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasında müstəsna əhəmiyyətə malikdir. Belə ki, 9500 hektarda əkiləcək pambıq və qarğıdalı sahələrinin suvarılması üçün nasosların elektrik enerjisi ilə təchiz olunmasını məhz bu yarımstansiya həyata keçirir.

Samux rayonunda 35/10 kV-luq "Qarayeri" yarımstansiyası da tam yenidən qurulub. Bu yarımstansiya ümumilikdə 2545 abonentə xidmət edir. Bu isə 12 min əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına imkan verir.

Son illərdə 57 min insanın yaşadığı və 16 min abonentə xidmət edən Samux Elektrik Şəbəkəsində 110 və 35 kV-luq elektrik hava verilişi xətləri təmir olunub. Köhnə transformator məntəqələri yeni transformator məntəqələri ilə əvəzlənib. Şəbəkənin 54 kilometr hava xətti kabelləşdirilib, 405 kilometr hava xətti isə əsaslı təmir olunub.

 * * * 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol inşa olunarkən onun üzərində müxtəlif diametrli suötürücü borular və körpü tikilib, 16 yerdə avtobus dayanacağı quraşdırılıb.

Qeyd edildi ki, 23 min nəfər əhalinin yaşadığı və 10 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən bu yolun tikintisi Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilib.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Yenidən Samuxda olmağıma, sizi görməyimə, çox şadam. Bu, mənim Prezident kimi Samux rayonuna üçüncü səfərimdir. Bu səfər çərçivəsində çox önəmli açılışlar qeyd olunur. Onlardan biri bu kənd yolu layihəsidir. Bu kəndlərdə yaşayan insanlar üçün bu yol uzun illər böyük bir problem idi. Körpü yox idi, sel olanda gediş-gəliş çətinləşirdi. İndi 36 kilometr uzunluğunda gözəl bir yol çəkilib. Bu, 11 yaşayış məntəqəsini birləşdirən dairəvi yoldur. Bu yol sizə rahatlıq verəcək. Eyni zamanda, bu yolun kənd təsərrüfatının inkişafı üçün də çox böyük əhəmiyyəti var. Bu yolun tikintisinə dövlət tərəfindən böyük vəsait ayrılmışdır. Bu, sırf sosial layihədir. Çünki bu yolun çəkilişi, ilk növbədə, insanların rahat hərəkəti üçün nəzərdə tutulub. Bundan sonra bu yolla bağlı heç bir problem olmayacaq. Bu 11 kənddə 20 mindən çox insan yaşayır. Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. 

Onu da qeyd etməliyəm ki, bu gün ikinci yol layihəsi də açıldı. Bu da Zazalı-İmamzadə yoludur. Orada da Samux rayonunun beş kəndi əhatə olunur. Beləliklə, bu gün Samux rayonunun 16 kəndinə yol çəkilərək istifadəyə verilib. Bu, doğrudan da çox əlamətdar hadisədir. Yol olan yerdə inkişaf da olur. İndi həm sərmayə qoyuluşu, həm kənd təsərrüfatının inkişafı yol infrastrukturuna bağlıdır. Çünki yol həm insanlar üçün xidmət edir, gediş-gəliş asanlaşır, eyni zamanda, sizin məhsulunuz da bazarlara tez bir zamanda çatdırılır, itki də olmur. Yol kənd təsərrüfatı ilə məşğul olmaq üçün də əlavə imkanlar yaradır. Ona görə, yol həm sosial, həm iqtisadi layihədir. Ölkəmizdə yol layihələrinə çox böyük diqqət verilir. Demək olar ki, indi bütün magistral yollarımızda ən müasir səviyyə yaradılıbdır. Bakıdan Gəncəyə dördzolaqlı çox gözəl bir yol salınıbdır. İndi Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yoldur, o da yaxşıdır. Amma biz onu dörd zolağa genişləndirmək fikrindəyik.

Digər bölgələrdə də magistral yollara, cənub, şimal istiqamətlərində şəhərlərarası yollara, kənd yollarına çox böyük vəsait qoyulur. Biz bunu ona görə edirik ki, insanlar bu imkanlardan rahat istifadə etsinlər.

Bu il ölkəmizdə yüzlərlə kəndə yol çəkilir. Bu ümumi layihənin şərti adı "Qırx yol" layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər layihə isə beş kəndi əhatə edir. Yəni, "Qırx yol" layihəsi bir il ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha da çox kəndi əhatə edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır. Magistral yolların layihələri demək olar ki, başa çatır, şəhərlərarası yolların böyük hissəsi öz həllini tapıbdır. İndi kəndlərarası yollar da salınır. Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir.

Bu gün mən, eyni zamanda, Şəmkir-Samux-Goranboy su kanalının birinci mərhələsinin açılışını da qeyd etdim. Bu layihənin də Samux rayonu, qonşu rayonlar üçün çox böyük əhəmiyyəti var. Mənə verilən məlumata görə, vətəndaşlar bu layihənin icrası nəticəsində

minlərlə hektar torpağı əkib, becərirlər. On iki min hektar torpaq sahəsinin su təminatı yaxşılaşıb. Bu vaxta qədər suvarılmayan torpaqlarda indi su təminatı vardır. Bu, əlbəttə ki, kənd təsərrüfatının inkişafına böyük təkan verib. Vaxtilə əkilməyən sahələrdə indi gözəl işlər görülür. Mənə verilən məlumata görə, artıq boş torpaq qalmayıb. Nəyə görə? Ona görə ki, su var. Su olmayanda heç kim əkib becərmir. Suyu gətirmək üçün biz çox böyük işlər gördük. Şəmkirçay su anbarı tikilib. Bu, tarixi layihədir. Biz onu bir neçə il bundan əvvəl istifadəyə verdik. O layihəyə yüz milyonlarla manat vəsait qoyulubdur. İlkin hesablamalara görə, o layihənin icrası nəticəsində təqribən 70-80 min hektar torpaq sahəsinə suyun verilməsi və yaxşılaşdırılması nəzərdə tutulurdu. Son məlumata görə, əlavə kanalların çəkilişi hesabına biz bu rəqəmi 110 min hektara çatdıracağıq. Ona görə, Şəmkirdən Samuxa qədər kanal çəkilib. Mən indi onun açılışını etdim. O kanalın çəkilişi davam etdiriləcək, Goranboy və Göygöl rayonlarının ərazisini əhatə edəcək. Beləliklə indi 100 min hektardan çox torpaqda suvarma işləri təmin olunur. Kəndlilər, fermerlər, sahibkarlar dərhal bundan istifadə edirlər, əkirlər, becərirlər, yaxşı pul qazanırlar. Bu, bizim ərzaq təhlükəsizliyimizə də böyük töhfədir.

Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Bu gün biz Göygöl rayonunda regional toxumçuluq, aqrokimya, baytarlıq laboratoriyasının açılışını etdik. Samux rayonunu əhatə edən o laboratoriyanın da böyük əhəmiyyəti var. Süni Mayalanma Mərkəzinin də açılışı oldu. Bu da heyvandarlığın inkişafına böyük töhfə verəcək.

Bir sözlə, bu gün kənd təsərrüfatının sürətli inkişafı təmin edilir və su layihələri orada birinci şərtdir. Onu da biz təmin edirik. Əminəm ki, Samux rayonunda gələcəkdə də işlər yaxşı gedəcək. Bu günə qədər sosial-iqtisadi layihələr icra edilmişdir. Mənə verilən məlumata görə, 30-dan çox məktəb tikilib, təmir edilmişdir. Elektrik enerjisi ilə təminat yaxşılaşıb. İndi Samuxda qazlaşdırma 83 faizə çatıbdır. İçməli su layihəsi də icra edilməlidir. Azərbaycan öz daxili imkanları hesabına Samuxun içməli su layihəsini də təmin edəcək. Bu gün müvafiq göstərişlər verilmişdir. Bilirəm ki, bu, Samuxda problemdir. İçməli su layihəsi də tezliklə öz həllini tapmalıdır. Beləliklə, infrastruktur, kənd təsərrüfatı, suvarma layihələri, sosial obyektlər, iş yerləri hesabına rayonun kompleks şəkildə inkişafı təmin ediləcək. İndi kənd təsərrüfatında sürətli inkişaf gedir və bunun nəticəsidir ki, kənddə demək olar iş axtaran yoxdur. Yəni, işləmək istəyən iş tapır. İndi işçilərə verilən vəsaitin həcmi də artır. Yəni, əvvəllər müəyyən məbləğə razı olurdularsa, indi daha da böyük rəqəm tələb edilir. Bu da yaxşıdır. Vətəndaşlar nə qədər çox pul qazansa o qədər yaxşıdır. Sahibkarlar onsuz da pul qazanacaqlar. Onlar pul qazanmasa işləməyəcəklər. Onlar üçün artıqlaması ilə şərait yaradılıb - həm dövlət dəstəyi, kreditlər, bax, bu layihələr, su layihələri. Ona görə, əsas məsələ ondadır ki, kəndlilər, muzdla işləyənlər yaxşı maaş alsınlar, onların gündəlik əməkhaqqı tələbatlarını tam ödəsin. Biz görürük ki, bu sahədə də böyük artım var. İndi kənd təsərrüfatının inkişafı elə geniş vüsət alıb ki, bu sahə ilə məşğul olmaq istəyənlərin sayı artır. Biz də şərait yaradırıq. Bax, bu yol, su kanalı və digər layihələr bunun bariz təzahürüdür.

Mən bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram. Sağ olun.

x x x

Göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edən kənd sakini Mahirə MƏMMƏDOVA dedi:

-Cənab Prezident, mən Sizi bütün samuxlular adından salamlayıram. Rayonumuza xoş gəlmisiniz. Bu gün açılışını etdiyiniz bu körpünün uzun illər həsrətində olmuşuq. Bizim ata-babalarımız da bu körpünün həsrətində olublar. Yağış yağıb çay daşanda bu yol bizim üçün keçilməz olurdu. Biz istədiyimiz yerə getmək üçün qırx kilometr uzaq yol qət edirdik. Siz bizim uzaq yolumuzu yaxın, çətin işimizi asan etmisiniz. Allah Sizə cansağlığı versin. Allah valideynlərinizə rəhmət eləsin. Allah övladlarınızı qorusun.

Cənab Prezident, Siz bizim təkcə bu körpü problemimizi həll etməmisiniz. Ulu Öndərimizin sayəsində bizim kənd camaatına paylanan pay torpaqlarında bir zamanlar susuzluqdan heç kim heç nə əkə bilmirdi. Amma bu gün Şəmkirçay kanalının açılışı bizim camaatın torpağa bağlılığını daha da möhkəmləndirdi. Bu gün demək olar ki, bizim kəndlərimizdə bir hektar da olsun boş torpaq qalmayıb. Bütün kənd camaatı torpağa qayıdıb, əkir, biçir, becərir, əldə etdiyi gəlirləri ailəsi üçün xərcləyir, övladlarına toy edir, ev tikir. Bu da bizim üçün ən yüksək göstəricidir.

Mən Sizi bizim rayonumuza gəlişiniz münasibətilə bir daha təbrik edirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, biz Samux qadınlarının salamlarını Mehriban xanıma çatdırasınız.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm.

x x x

Rayon sakini Aidə NAMAZOVA dedi:

-Möhtərəm cənab Prezident, mən də Sizi salamlayıram, "Xoş gəlmisiniz" deyirəm. Samux haqqında fikirlərimi bildirmək istərdim.

Samux rayonu 1990-cı illərdə yaradılıb. Nəinki o vaxtkı, hətta 10-15 il bundan əvvəlki Samuxla indiki Samuxu müqayisə etsək, görərik ki, inanılmaz dərəcədə dəyişiklik baş verib. 1990-cı illərdə rayon mərkəzi palçıqlı, əyri yollardan, bir neçə küçədən ibarət qəsəbə idi. 2008-ci ildə Sizin Sərəncamınızla rayon mərkəzi şəhər statusu aldıqdan sonra burada böyük quruculuq-abadlıq işləri həyata keçirildi. Sizin yüksək diqqət və qayğınız sayəsində Samux böyüdü, abadlaşdı, parklar, xiyabanlar, yaşıllıqlar salındı, müasir tipli binalar tikildi. Əlbəttə, Sizin qayğınız sayəsində insanların həyat səviyyəsi yüksəldi. Siz qeyd etdiyiniz kimi, yeni iş yerləri açıldı, sosial obyektlər, məktəb binaları tikildi. Bütün bunlar bizim üçün böyük fəxrdir. Biz bilirik ki, bunlar Sizin gərgin əməyinizin nəticəsidir. Eyni zamanda, biz bilirik ki, bu tədbirlərin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanımın da böyük dəstəyi, əməyi var. Biz Sizə minnətdarlığımızı bildiririk. Mehriban xanıma da minnətdarlığımızı çatdırmağı Sizdən xahiş edirik.

Möhtərəm cənab Prezident, şagirdlərlə və valideynlərlə daim təmasda olan bir pedaqoq kimi Sizə onu deyim ki, bu gün bütün insanlar Sizi çox böyük məhəbbətlə sevirlər. Onlar istəyirlər ki, Siz həmişə bizim prezidentimiz olasınız. Çünki Siz bu etimadı yorulmaz fəaliyyətinizlə qazanmısınız. Siz öz fəaliyyətinizlə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etmisiniz. Bu yolda Sizə uğurlar arzulayırıq. Bu gün biz samuxlular bütün xalqımız kimi, Sizə güvənərək, Sizə inanaraq, gələcəyə daha xoş ümidlərlə yaşayırıq. Qoy, Tanrı Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm. Xoş sözlərə görə sizə minnətdaram.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

19:56

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verdi.

Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binası 2014-2016-cı illərin dövlət investisiya proqramları çərçivəsində inşa edilib. Üçmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdən çoxdur. Binanın foyesində Ulu Öndərin və dövlətimizin başçısının rayona səfərlərini əks etdirən fotostend quraşdırılıb. Burada Göygöl Rayon Kənd Təsərrüfatı İdarəsi, Bitki Mühafizə Mərkəzinin və Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayon bölmələri, Göygöl Baytarlıq İdarəsi, Regional Təlim Mərkəzi, Göygöl Regional Aqrokimya və Göygöl Regional Toxumçuluq laboratoriyaları yerləşir. Binada işçilərin fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb.

Göygöl Regional Aqrokimya Laboratoriyası tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması nəzərdə tutulur. Bundan başqa, laboratoriyanın fəaliyyəti nəticəsində torpağın xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri və rütubət ehtiyatları ilə təmin edilməsinə, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normalarının müəyyənləşdirilməsinə, fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsinə və kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunmasına şərait yaranacaq.

Göygöl Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası isə müvafiq sahə standartlarının tələblərinə uyğun toxumun keyfiyyətinə nəzarətin və sertifikatlaşdırmanın həyata keçirilməsi məqsədilə toxumluq əkinlərin qeydiyyatının aparılması işini yerinə yetirəcək. Laboratoriya tərəfindən tarla nəzarəti həyata keçiriləcək, toxum partiyası və əkin materiallarından nümunə götürüləcək, səpin keyfiyyətinin və əkin materiallarının analizi aparılacaq. Bundan başqa, laboratoriyanın fəaliyyətinə müvafiq dövlət standartlarına uyğun keyfiyyətdə toxumların sertifikatlaşdırılması üçün rəy verilməsi, daxili və xarici əmtəəlik toxum bazarında toxum satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin səmərəli fəaliyyətinin təşkili də daxildir.

Dövlətimizin başçısı Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə də tanış oldu. Laboratoriyanın yenidən qurulması layihəsi 2017-ci ildə həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində laboratoriyada yeni bölmələr yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Bakteriologiya bölməsində yoluxucu xəstəliklərin diaqnostik müayinəsi və heyvan mənşəli qida məhsullarında bakterioloji çirklənmələrin analizi aparılır. Serologiya laboratoriyasında isə virusoloji, bakterioloji, epidemioloji və sair xəstəliklərin seroloji müayinəsi həyata keçirilir. Bütün növ heyvan və quşlar arasında virus mənşəli xəstəliklərin laborator diaqnostikası və müayinəsi isə laboratoriyanın virusologiya bölməsində aparılır. Toksikologiya bölməsində qida məhsulları və yem əlavələrində biokimyəvi, həmçinin toksiki zəhərlənmələrin müayinəsi həyata keçirilir.

Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

 Prezident İlham Əliyevin 
çıxışı

-Yenidən Göygöl rayonunda olmağımdan çox məmnunam. Bu, mənim Prezident kimi rayona dördüncü səfərimdir. Göygöl rayonunda işlər yaxşı gedir, sosial-iqtisadi inkişaf təmin olunur, rayonun inkişafına böyük diqqət göstərilir. Əvvəlki illərdə bir çox önəmli sosial, iqtisadi məsələlər öz həllini tapıbdır. İnfrastruktur layihələri uğurla icra edilir, sosial obyektlər tikilir. Bir neçə il bundan əvvəl 150 çarpayılıq rayon mərkəzi xəstəxanası, Olimpiya İdman Kompleksi, kənd yolları, sənaye obyektləri açılmışdır. Bir sözlə, rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Mənə verilən son məlumata görə, Göygöl rayonunda qazlaşdırma təxminən 70 faizə yaxındır, bu iş davam edir və davam etməlidir, daha çox kəndə qaz xətləri çəkilməlidir. Elektrik enerjisi ilə bağlı problemlər öz həllini tapır. Bu gün biz 3 meqavat gücündə yeni su elektrik stansiyasının açılışını qeyd etdik. Kənd yollarının tikintisi davam etdiriləcək. Artıq bir neçə layihə icra edilib, növbəti illərdə qalan kəndlərdə də yollar salınacaq, xüsusilə Göygöl gölünə gedən yol əsaslı təmir olunmalıdır. Bu məqsədlər üçün lazımi vəsait yaxın gələcəkdə ayrılacaqdır. 

Rayonun sosial-iqtisadi inkişafı əslində onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bu gün biz bütün rayonlarda inkişaf, tərəqqi görürük, insanların işlə təmin olunması məsələsi öz həllini tapır, işsizlik çox aşağı səviyyədədir. Son illərdə görülən tədbirlər nəticəsində işsizliklə bağlı daha da önəmli addımlar atılır və insanların məşğulluğu artır. Göygöldə iyirmidən çox yeni məktəb tikilib, iyirmidən artıq məktəb əsaslı təmir olunub. Yəni, hərtərəfli inkişaf təmin edilir və əlbəttə, biz gələcək illərdə növbəti addımlar atmalıyıq ki, inkişaf dayanıqlı olsun.

Bu gün biz Göygöl rayonunda respublika əhəmiyyətli iki obyektin açılışını qeyd edirik. Bu, kənd təsərrüfatı laboratoriyası və Süni Mayalanma Mərkəzidir. Bu laboratoriyanın və Süni Mayalanma Mərkəzinin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Mənə indi göstərilən avadanlıq, imkanlar deməyə əsas verir ki, biz yeni yanaşma ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq. Çünki qarşımızda duran əsas vəzifə mövcud torpaq fondundan istifadə edərək məhsuldarlığı artırmaqdan ibarətdir. Buradakı toxumçuluq, baytarlıq, aqrokimya laboratoriyaları bu məqsədə çatmaq üçün bizə imkan yaradacaq. Çünki fermerlər, iş adamları, kəndlilər artıq biləcəklər ki, hansı toxumdan istifadə etmək lazımdır, hansı aqrotexniki tədbirlər görülməlidir, hansı torpaq sahəsində hansı gübrələrdən istifadə olunmalıdır. Ərzaq təhlükəsizliyi məsələləri də bu laboratoriyalar vasitəsilə təmin ediləcəkdir. Belə laboratoriyalar 12 bölgədə yaradılır. Bu, əslində kənd təsərrüfatının inkişafında növbəti mərhələnin başlanğıcıdır, dönüş nöqtəsidir. Çünki bundan sonra Azərbaycanda kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək və beləliklə, biz məhsuldarlığın artımına nail olacağıq. Çünki Azərbaycanın ərazisi, əlbəttə, imkan vermir ki, biz böyük həcmdə yeni əkin sahələrini dövriyyəyə cəlb edək. Halbuki biz bunu edirik, xüsusilə meliorativ tədbirlər nəticəsində.

Son illər ərzində görülmüş işlər - Şəmkirçay, Taxtakörpü su anbarlarının, kanalların yaradılması və digər meliorativ tədbirlər nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi əkinə cəlb edilibdir. Yəni, bu il bizim məqsədimiz ondan ibarətdir ki, 100 min hektardan çox yeni əkin sahələrini su ilə təmin edək. Yeni suvarma sistemləri də tətbiq edilir, o cümlədən bu bölgədə. Bu işləri görəndən sonra biz kənd təsərrüfatını ancaq məhsuldarlığın artımı hesabına inkişaf etdirə bilərik. Bu laboratoriya bu imkanı bizə yaradır.

Eyni zamanda, Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi də heyvandarlıqda ciddi artıma gətirib çıxaracaq. Çünki bu, ölkəmizdə yeganə mərkəzdir və ölkə əhəmiyyətli bir mərkəzdir. Mənim təşəbbüsümlə bir neçə il ərzində xaricdən cins inəklər gətirilir. Avropa ölkələrindən artıq minlərlə inək gətirilibdir. Bu proqram hesabına Azərbaycanda bir çox yeni heyvandarlıq mərkəzləri, fermalar yaradılıbdır. Bu proses davam etdirilir. Hazırda bir çox yeni heyvandarlıq kompleksləri yaradılır. Əlbəttə ki, biz növbəti illərdə də xaricdən cins mal-qara alacağıq. Eyni zamanda, yerli cinsi yaxşılaşdırmaq, xaricdən asılılığı azaltmaq üçün Süni Mayalanma Mərkəzinin yaradılması artıq öz həllini tapıbdır.

Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində bir neçə il ərzində Azərbaycanda mal-qaranın cinsi tədricən yaxşılaşacaq. Beləliklə, məhsuldarlıq yüksələcək, südçülük inkişaf etdiriləcək və ət istehsalı da artacaq. Hazırda biz həm ət, həm də süd ixrac edirik. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki əvvəlki illərdə biz idxaldan çox asılı idik. İndi biz bu asılılığı aradan götürürük. Düzdür, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik, idxal da edirik, amma ixraca da başlamışıq. Bizim məhsulumuz çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir. Amma biz elə etməliyik ki, özümüzü süd məhsulları ilə tam təmin edək və ixrac potensialımızı da artıraq. Süni Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində biz bir neçə il ərzində buna nail olacağıq. Çünki hazırda kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Son illər ərzində kənd təsərrüfatı sahəsində çox böyük işlər görülübdür. Həm bitkiçilikdə, həm heyvandarlıqda, ümumiyyətlə, kənd təsərrüfatında artım təmin edilir. Bu ilin altı ayında kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artmışdır. Bu, görülən işlər nəticəsində mümkün olub. Hazırda 40-a yaxın yeni aqropark yaradılır. Əlbəttə, biz bu aqroparkların fəaliyyəti nəticəsində istehsalı artıracağıq.

İndi bölgələrdə işsizliklə bağlı problem demək olar ki, aradan qaldırılır. Bizim üçün ənənəvi olan kənd təsərrüfatı sahələri bərpa edilir, dirçəldilir. Pambıqçılıq. Son iki il ərzində biz pambıqçılığı demək olar ki, 10 dəfəyə yaxın artırmışıq. İndi minlərlə, on minlərlə insan işləyir və əməkhaqqı alır. Biz tütünçülüyü də, ipəkçiliyi də bərpa edirik.

Bizim kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir. Bu, bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay, sitrus meyvələri, yəni, hər şey var. Sadəcə olaraq gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq.

Bir daha deyirəm ki, biz bu sahəni bundan sonra ancaq elmi biliklər əsasında inkişaf etdirməliyik. Dövlət öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir, bütün bölgələrdə belə gözəl laboratoriyalar, mərkəzlər yaradılır, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, texnika alınır. Bu il Azərbaycana on min texnika gətirilib və gətiriləcək. Fermerlər, sahibkarlar, kəndlilər bu imkanlardan istifadə etməlidirlər. Bu, ilk növbədə, onlar üçün lazımdır, çünki məhsuldarlıq iki dəfə arta bilər. Bu, həm də dövlət üçün lazımdır.

Ona görə bu gün xüsusi əhəmiyyətə malikdir. Bu gün Göygöl rayonunda respublika əhəmiyyətli iki müəssisənin açılışı çox əlamətdar hadisədir. Sizi bu hadisə münasibətilə təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

x x x

Göygöl Regional Aqrokimya Laboratoriyasının aparıcı entomoloqu Zümrüd SƏLİMOVA çıxış edərək dedi:

-Cənab Prezident, Sizi növbəti dəfə Göygöl rayonunda görmək biz gəncləri daha çox sevindirir. Son illər kənd təsərrüfatına dövlət dəstəyi nəticəsində bütün ölkəmizdə olduğu kimi, bizim rayonumuzda da bu sahə sürətlə inkişaf edir. Yeni regional aqrokimya laboratoriyalarının yaradılması, ən müasir avadanlıqlarla təchiz olunması, beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərin keçirilməsi Sizin bu sahəyə diqqət və qayğınızın nəticəsidir.

Çox sevindirici haldır ki, belə müasir laboratoriyada işləmək mənə də qismət olub. Biz bu laboratoriyada torpaq və bitki analizləri apararaq, torpaqların fiziki, aqrokimyəvi, bioloji xassələrini öyrənərək fermerlərə gübrələrdən düzgün istifadə haqqında tövsiyələr verəcəyik. Eyni zamanda, bitkilərdə toksiki maddələri, pestisid qalıqlarını da təyin etmək imkanına nail olacağıq.

Cənab Prezident, bu yeni laboratoriyalar məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına xidmət edəcək, məhsul bolluğu yaranacaq ki, bu da xarici bazardan asılılığı azaldacaq. Biz də Sizin yüksək diqqət və qayğınızın əvəzində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik və çalışacağıq ki, əkinə yararsız torpaqları yararlı hala salmaq üçün öz töhfələrimizi verək. Gənclər üçün geniş imkanlar yaratdığınıza görə bütün gənclər adından Sizə təşəkkür edirəm. Çox sağ olun, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Çox sağ ol.

x x x

Göygöl Rayon Baytarlıq İdarəsinin baytar həkimi Bariz ASLANOV dedi:

-Hörmətli Prezident, Göygöl rayonuna xoş gəlmisiniz. Sizi Göygöl rayonunda görməyimizə çox şadıq. Mən 30 ildən çoxdur ki, kənd təsərrüfatı sahəsində çalışıram. Son illər respublikamızda kənd təsərrüfatı inanılmaz dərəcədə inkişaf edib. Bu inkişaf bütün kənd əhalisini torpağa bağladı. Bir vaxt gənclər iş yeri üçün başqa şəhərlərə gedirdilər. İndi onların hamısı rayonumuza, kəndlərə qayıdır, torpağa bağlanırlar, işləyirlər. Bu da kənd əhalisinin inkişafını, maddi vəziyyətini yaxşılaşdırır, respublikamızda bolluq yaradır. Müasir kənd təsərrüfatı texnikalarının respublikamıza gətirilməsi, gübrələrin alınması, subsidiyaların verilməsi, belə baytarlıq, aqrokimya, toxumluq laboratoriyaların tikilməsi, onların müasir avadanlıqla təmin olunması Sizin kənd təsərrüfatının inkişafına verdiyiniz töhfədir. Bu böyük inkişafa, yeni yaradılan iş yerlərinə, kənd təsərrüfatının inkişafına verdiyiniz dəstəyə görə Göygöl rayonunun bütün əhalisi adından, kənd təsərrüfatı işçiləri adından Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizə, ailənizə cansağlığı versin. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm. Hansı sahədə işləyirsiniz?

Bariz ASLANOV: Baytarlıq sahəsində işləyirəm. Otuz ildən çoxdur ki, bu sahədə çalışıram.

Prezident İlham ƏLİYEV: Bu laboratoriyanı görmüsünüz. İndi bu imkanlardan istifadə etməlisiniz.

Bariz ASLANOV: Bəli, İnşallah, Sizin sayənizdə istifadə edəcəyik.

Prezident İlham ƏLİYEV: Çox yaxşı.

x x x

Sonra kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına Dövlət Baytarlıq Xidməti tərəfindən rayon baytarlıq idarələrinə epizootik tədbirlərin aparılması, baytarlıq xidmətlərinin göstərilməsi üçün lazım olan avadanlıq, ləvazimatlar barədə məlumat verdi. Burada, eyni zamanda, xüsusi geyim vasitələri, cərrahi əməliyyat dəstləri, heyvanlarda müxtəlif xəstəliklərə dair bukletlər və əyani vəsaitlər sərgilənir. Müəssisənin anbarlarında isə vaksinlər saxlanılır. Onlar xüsusi rejimdə soyuducu konteynerlərə yığılır. Beləliklə, regionlara istənilən dərman maddələrinin və vaksinlərin təhlükəsiz daşınması mümkün olur.

Sonda xatirə şəkli çəkdirildi.

18:56

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub.

Son illər Azərbaycanda alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqətin göstərilməsi bu sahədə yeni və səmərəli layihələrin icrası ilə yadda qalır. Bu layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Alternativ və bərpa olunan enerji mənbələri hesabına hibrid tipli günəş, külək, geotermal, enerji və bioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan Samux Aqroenerji Yaşayış Kompleksi özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir. Bu, həm də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizdə həyata keçirilən üçpilləli Enerji İnkişafı Modelinin tərkib hissələrindən biridir. Layihənin əsas məqsədi Samux rayonunun enerjiyə olan tələbatının tam yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi, bununla yanaşı, respublikamızın enerji və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində iştirak və ixrac potensialının artırılmasıdır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Prezident İlham Əliyevə kompleks barədə məlumat verdi.

Bildirildi ki, layihənin 10-12 il müddətinə mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Kompleksdə dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində dövlət tərəfindən alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı sahələrinin yaradılması, alternativ və bərpa olunan enerji mənbələrinin yerli iqtisadiyyatın bütün sahələrinə tətbiqinin təmin edilməsi, yerli infrastrukturun inkişafında iştirak, özəl sektor tərəfindən isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistika mərkəzinin və eləcə də burada fəaliyyət göstərən əməkdaşlar üçün müasir tipli yaşayış kompleksinin inşası planlaşdırılıb. Layihə 31 MVt-lıq elektrik və 48 MVt-lıq istilik generasiya gücünə malik hibrid tipli enerji stansiyasından, əkinçilik və bağçılıq sahələri, istixana, iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, quşçuluq, balıqçılıq kompleksləri, arı ailələrinin yetişdirilməsi mərkəzi, süd və ət kombinatları, yem zavodu, logistika mərkəzindən və yaşayış kompleksindən ibarətdir.

Diqqətə çatdırıldı ki, Samux Aqroenerji Yaşayış Kompleksi alternativ və bərpa olunan enerji mənbələri hesabına işləyən hibrid enerji stansiyasında il ərzində istehsal ediləcək 120 milyon kilovat/saatdan artıq elektrik və 100 min heka kaloridən çox istilik enerjisi rayonun enerjiyə tələbatını tam ödəməklə, ildə 60 milyon kubmetr təbii qaza qənaət olunmasına və atmosferə buraxılan karbon qazının həcminin 90 min ton azaldılmasına imkan verəcək. Bununla yanaşı, aqrokompleksin fəaliyyəti ildə on minlərlə ton meyvə-tərəvəz, süd və ət məhsullarının istehsalına, 2000-dən çox daimi yeni iş yerinin açılmasına şərait yaradacaq. Hazırda Aqroenerji Yaşayış Kompleksində birinci mərhələ üzrə işlər başa çatdırılıb, dövlət hesabına 3,8 MVt-lıq günəş-bioenerji elektrik stansiyası, 1,1 MVt-lıq istilik stansiyası, 10/0,4 kV-luq yarımstansiya quraşdırılıb. Həmçinin rezidentlərin iştirakı hesabına Aqroenerji Yaşayış Kompleksinin üçmərtəbəli inzibati binası, heyvandarlıq kompleksi inşa edilib, əkinçilik, bağçılıq, arıçılıq və istixana təsərrüfatları, maşın-mexanizm parkı yaradılıb. Bu layihə çərçivəsində Samux Aqroenerji Yaşayış Kompleksində "Azguntex" zavodunda hazırlanan meyvə quruducuları, soyuducu kameralar və səyyar rejimdə fəaliyyət göstərən günəş işıqlanması ilə təmin olunmuş turist çadırları, günəş əsaslı yol işıqlanma sistemləri tətbiq edilib.

Qeyd olundu ki, respublikamızda ilk dəfə günəş texnologiyaları ilə təmin olunmuş enerji effektli üzüm-tərəvəz istixanası və şəhid A.Nəbiyev küçəsində qurulmuş günəş enerjisi ilə çalışan işıq dirəkləri rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Gələcəkdə bu texnologiyaların digər bölgələrdə tətbiqi nəzərdə tutulub.

Alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi istehlakçıların enerji ilə təchizatının təhlükəsizliyinin yüksəldilməsində, təbii qaza qənaət olunmasında, atmosferə atılan zərərli tullantıların azalmasında, ekoloji tarazlığın təmin olunması ilə innovativ inkişafın sürətlənməsində və yeni iş yerlərinin yaranmasında mühüm əhəmiyyətə malikdir.

Samux Aqroenerji Yaşayış Kompleksi 50 mindən çox əhalisi olan bölgənin hibrid stansiyalarda istehsal olunan enerji ilə müstəqil rejimdə enerji təchizatını təmin edən ilk eksperimental poliqondur və bu təcrübənin digər rayonlarda və xarici ölkələrdə tətbiqi xüsusən enerji infrastrukturu olmayan bölgələrin enerji təminatı üçün geniş şərait yaradacaq.

Prezident İlham Əliyev kompleksin istifadəyə verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

----------

18:50

Avqustun 19-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ikimərtəbəli binanın sahəsi 1135 kvadratmetrdir. Müxtəlif yaş qruplarının fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaqların zövqünə uyğun qurulub. Bundan əlavə, idman zalında və yeməkxanada da yüksək şərait yaradılıb. Körpələr evi-uşaq bağçasının həyətində balacaların istirahəti üçün meydançalar salınıb, attraksionlar quraşdırılıb.

Bütün bunlar göstərir ki, Heydər Əliyev Fondunun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.

----------

18:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol inşa olunarkən onun üzərində müxtəlif diametrli suötürücü borular və körpü tikilib, 16 yerdə avtobus dayanacağı quraşdırılıb.

Qeyd edildi ki, 23 min nəfər əhalinin yaşadığı və 10 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən bu yolun tikintisi Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilib.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Prezidenti İlham Əliyev Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Hazırda dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatları önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Strateji əhəmiyyətinə və kapital qoyuluşuna görə ən böyük layihələrdən biri - Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılıb.

Bu layihələrin icrası ilə ölkəmizdə minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaranıb. Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb, 17 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilib, həmçinin "Şəmkir Aqropark"ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib. Hazırda 690 milyon kubmetr su yığılan bu anbardan Şəmkir şəhərinə içməli su verilir, Gəncə şəhərinə və Samux rayonunun Nəbiağalı qəsəbəsinə isə içməli su xətləri çəkilir.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, "Şəmkir çayı üzərində dəryaçanın tikintisi" kompleks layihəsinə daxil edilmiş və ötən əsrin 80-ci illərində tikilmiş Şəmkir maşın kanalının davamı olaraq, 2015-ci ildən uzunluğu 27 kilometrdən çox olan kanalın ikinci növbəsinin tikintisinə başlanılıb. Bu layihənin icrası sayəsində suvarma su mənbəyi işğal zonasında qalan Goranboy rayonunun 26 min hektardan çox torpaq sahəsini suvarma suyu ilə təmin etmək mümkün olacaq. Ötən il kanalın 8 kilometrdən çox hissəsinin tikintisi tamamlanıb və Goranboy, həmçinin Samux rayonlarında 8 min hektar sahəyə suvarma suyu çatdırılıb. Kanalın kəsişmə qurğusunun və onun qalan 19 kilometrlik hissəsinin tikintisinin tamamlanması ilə Goranboy rayonunun daha 18 min 584 hektar torpaq sahələrinə suvarma suyu çatdırılmaqla bu sahələrdə kənd təsərrüfatı məhsulları istehsalının inkişafına nail olunacaq. Hazırda kanalın 4,5 kilometrlik hissəsinin tikintisi üzrə tamamlama işləri davam etdirilir. Eyni zamanda, Şəmkir maşın kanalından Goranboy və Samux rayonlarında yeni yaradılmış aqroparka məxsus 4700 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün hazırda boru kəmərinin və hovuzun tikintisi işləri aparılır.

Qeyd edildi ki, 1980-ci illərdə inşa olunmuş Şəmkir maşın kanalının birinci növbəsinin layihə üzrə tikinti işləri tamamlanmadığından və təbii amillərin təsirindən beton üzlüyü aşınmış və bəzi yerlərdə çökmələr baş vermişdi. Kür çayı üzərindəki Şəmkir su anbarından kanala əlavə su verilməsi və bu sulardan səmərəli istifadə edilməsi məqsədilə kanalın bu hissəsinin təmir-bərpasına ehtiyac var. Ümumiyyətlə, layihənin tam başa çatdırılması ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 27 min hektarı yeni suvarılan torpaqlar olmaqla 94 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi mümkün olacaq.

Prezident İlham Əliyev kanalın istismara verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

----------

17:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfəri çərçivəsində Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib.

Regionların inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 19 kilometrdən çox olan yol yerli şərait nəzərə alınmaqla birinci və üçüncü texniki dərəcələrə uyğun surətdə hissələrlə layihələndirilib. Hərəkət hissələrinin eni 7-14 metr arasında dəyişən yol 2 və 4 hərəkət zolaqlıdır. Tikinti işləri həyata keçirilərkən Gəncə çayı üzərində ikiaşırımlı körpü, 45 yerdə yol birləşmələri inşa olunub, 12 avtobus dayanacağı və 111 yol nişanı quraşdırılıb. Bu yolun tikilməsi Gəncə şəhərinin şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq, Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan ilə dövlət sərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə daxil olmadan yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək. Eyni zamanda, bu yol vasitəsilə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olan, Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi kimi qorunan "İmamzadə" dini-mədəniyyət kompleksinə ziyarətçilərin rahat gediş-gəlişi təmin ediləcək.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Prezident İlham Əliyev avqustun 19-da Samux rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında, həmçinin rayonda görülən işlər, həyata keçirilən və keçiriləcək layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

X X X 

İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin layihələndirilməsinə və tikintisinə dövlətimizin başçısı İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla start verilib. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. Respublika Süni Mayalanma Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Ötən dövrdə Respublika Süni Mayalanma Mərkəzi ilə paralel olaraq ölkədə 12 regional süni mayalanma məntəqəsi də yaradılıb.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Respublika Süni Mayalanma Mərkəzi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, mərkəzin kompleksinə üçmərtəbəli inzibati-laboratoriya binası, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi daxildir.

Dövlətimizin başçısına kənd təsərrüfatı informasiya sistemi vasitəsilə interaktiv statistika barədə məlumat verildi. Bildirildi ki, indiyədək 115 min 488 fermer qeydiyyata alınıb. Həmçinin bu günədək 41 min 42 baş heyvan süni mayalandırılıb. Süni mayalandırmadan 19 min 385 buzov doğulub. İndiyədək 3 milyon 179 min 400 manat məbləğində subsidiya verilib.

Binanın birinci mərtəbəsində nümayiş zalı yaradılıb.

Prezident İlham Əliyevə nümayiş zalında tərəfdaşlarla əməkdaşlığı, istehsal olunan genetik materialların marketinqinin təşkili, mərkəzdə görülən işlər barədə məlumat verildi. Hazırda mərkəzdə 36 baş törədici heyvan var. Onlardan beşi qaramal, biri isə camış cinsidir. Mərkəzin iş prinsipinə uyğun olaraq, genetik materiallar istehsal olunan sahə ilə inzibati hissə bir-biri ilə təcrid edilib. Nümayiş zalı elə qurulub ki, pəncərədən laboratoriya və istehsal sahəsində gedən prosesləri izləmək mümkündür. Nümayiş zalında Mərkəzdə saxlanılan törədici heyvanlar barədə kataloq məlumatları da var.

Üçmərtəbəli inzibati-laboratoriya binasının ümumi sahəsi 2320 kvadratmetrdir. Laboratoriyada Fransanın bu sahədə aparıcı şirkətinin istehsal etdiyi ən müasir avadanlıq quraşdırılıb. Bundan başqa, bu avadanlıqla işləmək üçün laboratoriya heyətinə təlimlər də keçirilib. Burada temperatur və havada azotun miqdarının təyini avtomatik idarə olunur. Laboratoriya bölməsinin bir hissəsində genetik materialın satış mərkəzi yerləşir. Kompleksdə azot çəni və azot təchizatı şəbəkəsi qurulub. Regionlardakı süni mayalanma məntəqələrinə azot xüsusi avtomobillərlə daşınır. Binanın ikinci mərtəbəsində isə təlim mərkəzi və təlimdə iştirak edənlər üçün yataqxana, mətbəx, camaşırxana və 60 nəfərlik toplantı zalı yerləşir. Binada mərkəzləşdirilmiş kompüter və videobaxış sistemləri quraşdırılıb. Bu sistem istənilən zaman Bakıdan, eləcə də digər bölgələrdən Respublika Süni Mayalanma Mərkəzində aparılan işləri müşahidə etməyə imkan yaradır.

Dövlətimizin başçısı mobil laboratoriya və genetik materialların paylanması üçün istifadə edilən avtonəqliyyat vasitələrinə də baxdı. Burada, eyni zamanda, maye azotun daşınması üçün nəzərdə tutulan xüsusi təyinatlı avtomobillər də var.

Prezident İlham Əliyev müəssisəsinin istehsalat sahəsində də oldu. Kompleksin tövlə binası, o cümlədən tövlənin havalandırma və işıqlandırma sistemləri ən müasir standartlara uyğun olaraq qurulub. Tövlənin daxilindəki temperatur və nəmlik, heyvanların yemlənməsi, peyinin təmizlənməsi prosesləri tam surətdə avtomatik idarə olunur. Biotəhlükəsizlik tələblərinə uyğun olaraq tövlə daxilinə yemləmə və təmizləmə üçün traktorlar və digər mexanizmlər buraxılmır. Kompleksdə saxlanılan heyvanların hərəkəti üçün diametri 14 metr olan avtomatlaşdırılmış qurğu quraşdırılıb. Burada baytarlıq klinikası da inşa olunub.

Kompleksin yem anbarı və yemhazırlama sahəsində Almaniya istehsalı olan paylayıcı qurğu quraşdırılıb. Xüsusi proqramla təchiz edilən bu qurğu yem rasionuna görə hər bir heyvanın önünə müvafiq miqdarda yem tökmək imkanına malikdir. Burada müxtəlif növ yemlər hazırlanaraq qarışdırıcıya, oradan isə yempaylayıcı qurğuya verilir.

Mərkəzdə toxum götürülən heyvanların saxlanıldığı tövlədən normalara uyğun müvafiq məsafədə yeni alınmış heyvanlar üçün ümumi sahəsi 340,8 kvadratmetr olan karantin məntəqəsi inşa edilib.

Qeyd edək ki, Göygöldə istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq və yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaradacaq.

----------

16:25

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verdi.

Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binası 2014-2016-cı illərin dövlət investisiya proqramları çərçivəsində inşa edilib. Üçmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdən çoxdur. Binanın foyesində Ulu Öndərin və dövlətimizin başçısının rayona səfərlərini əks etdirən fotostend quraşdırılıb. Burada Göygöl Rayon Kənd Təsərrüfatı İdarəsi, Bitki Mühafizə Mərkəzinin və Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayon bölmələri, Göygöl Baytarlıq İdarəsi, Regional Təlim Mərkəzi, Göygöl Regional Aqrokimya və Göygöl Regional Toxumçuluq laboratoriyaları yerləşir. Binada işçilərin fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb.

Göygöl Regional Aqrokimya Laboratoriyası tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması nəzərdə tutulur. Bundan başqa, laboratoriyanın fəaliyyəti nəticəsində torpağın xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri və rütubət ehtiyatları ilə təmin edilməsinə, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normalarının müəyyənləşdirilməsinə, fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsinə və kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunmasına şərait yaranacaq.

Göygöl Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası isə müvafiq sahə standartlarının tələblərinə uyğun toxumun keyfiyyətinə nəzarətin və sertifikatlaşdırmanın həyata keçirilməsi məqsədilə toxumluq əkinlərin qeydiyyatının aparılması işini yerinə yetirəcək. Laboratoriya tərəfindən tarla nəzarəti həyata keçiriləcək, toxum partiyası və əkin materiallarından nümunə götürüləcək, səpin keyfiyyətinin və əkin materiallarının analizi aparılacaq. Bundan başqa, laboratoriyanın fəaliyyətinə müvafiq dövlət standartlarına uyğun keyfiyyətdə toxumların sertifikatlaşdırılması üçün rəy verilməsi, daxili və xarici əmtəəlik toxum bazarında toxum satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin səmərəli fəaliyyətinin təşkili də daxildir.

Dövlətimizin başçısı Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə də tanış oldu. Laboratoriyanın yenidən qurulması layihəsi 2017-ci ildə həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində laboratoriyada yeni bölmələr yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Bakteriologiya bölməsində yoluxucu xəstəliklərin diaqnostik müayinəsi və heyvan mənşəli qida məhsullarında bakterioloji çirklənmələrin analizi aparılır. Serologiya laboratoriyasında isə virusoloji, bakterioloji, epidemioloji və sair xəstəliklərin seroloji müayinəsi həyata keçirilir. Bütün növ heyvan və quşlar arasında virus mənşəli xəstəliklərin laborator diaqnostikası və müayinəsi isə laboratoriyanın virusologiya bölməsində aparılır. Toksikologiya bölməsində qida məhsulları və yem əlavələrində biokimyəvi, həmçinin toksiki zəhərlənmələrin müayinəsi həyata keçirilir.

Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonra kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına Dövlət Baytarlıq Xidməti tərəfindən rayon baytarlıq idarələrinə epizootik tədbirlərin aparılması, baytarlıq xidmətlərinin göstərilməsi üçün lazım olan avadanlıq, ləvazimatlar barədə məlumat verdi. Burada, eyni zamanda, xüsusi geyim vasitələri, cərrahi əməliyyat dəstləri, heyvanlarda müxtəlif xəstəliklərə dair bukletlər və əyani vəsaitlər sərgilənir. Müəssisənin anbarlarında isə vaksinlər saxlanılır. Onlar xüsusi rejimdə soyuducu konteynerlərə yığılır. Beləliklə, regionlara istənilən dərman maddələrinin və vaksinlərin təhlükəsiz daşınması mümkün olur.

Sonda xatirə şəkli çəkdirildi.

-----------

15:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.

X X X

Prezident İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına parkda görülən işlər, yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Qələbə parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub. Parkın rayonun mərkəzində yerləşməsi onun özəlliyini daha da artırır. Parkda istirahətin yüksək səviyyədə təşkili üçün geniş imkan yaradılıb.

Qeyd olundu ki, bu parkın yaradılması ilə rayon sakinlərinin sevə-sevə üz tutduqları istirahət məkanlarının sayı daha da artıb. Parkın yaradılması zamanı balacalar da diqqətdən kənarda qalmayıb. Burada uşaqların asudə vaxtının səmərəli təşkili üçün əyləncə kompleksi yaradılıb, attraksionlar quraşdırılıb.

Dövlətimizin başçısı parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Diqqətə çatdırıldı ki, ümumi sahəsi iki hektar olan parkda əsaslı şəkildə yenidənqurma işlərinə 2016-cı ildə başlanılıb. Burada fəvvarələr quraşdırılıb, istirahət guşələri yaradılıb. Parkda kafe də fəaliyyət göstərir.

Yeni parkların, istirahət məkanlarının yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması həm də turizm bölgəsi kimi böyük şöhrət qazanmış Göygölü daha da müasirləşdirir. "Qələbə" parkının yenidən qurulması rayonda bu istiqamətdə reallaşdırılan layihələrin bir hissəsidir.

X X X

Prezident İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, körpələr evi-uşaq bağçasının ikimərtəbəli binasının əsaslı təmirinə 2015-ci ilin iyulunda başlanılıb. Əsaslı təmir işləri bu ilin iyulunda başa çatdırılıb. 100 uşaq yerlik bu müəssisədə oyun, yemək və yataq otaqları, tədris otağı, musiqi zalı, mətbəx, həkim otağı və anbarlar yaradılıb. Otaqların hamısı zəruri inventar və avadanlıqla təchiz edilib. Binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Bundan başqa, bu müəssisədəki şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məsələsində mühüm rol oynayacaq.

Qeyd edildi ki, burada yaradılan şərait uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir. Körpələr evi-uşaq bağçasının həyətində geniş abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.

Azərbaycan dövləti gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin təşkili, onların sosial müdafiəsinin gücləndirilməsi, əsl vətənpərvər və sağlam yetişməsi istiqamətində mühüm layihələr icra edir. Göygöldəki 4 saylı körpələr evi-uşaq bağçasında yaradılan şərait bu istiqamətdə görülən işləri əyani surətdə təsdiq edən nümunələrdən biridir.

X X X

Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq "Çiçəkli" Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra avqustun 19-da istismara verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, 1927-ci ildə inşa edilmiş bu su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Respublikası Prezidentinin ölkə iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsi tapşırığına uyğun olaraq, stansiya hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Burada əsaslı yenidənqurma işləri aparılıb, yeni avadanlıq quraşdırılıb.

Diqqətə çatdırıldı ki, stansiyanın turbin zalı, üçmərtəbəli idarəetmə və inzibati binası da müasir səviyyədə qurulub. Stansiyada hər birinin gücü 1 MVt olan 3 hidroturbin və 3 hidrogenerator quraşdırılıb. Yenidənqurma işləri çərçivəsində stansiyada 35/6/0,4 kV-luq yarımstansiyalar yaradılıb və elektrik verilişi xətləri çəkilib. Stansiyanın su hövzəsinin tutumu 153 min kubmetr, bəndinin hündürlüyü 10, uzunluğu 134, qaşının eni 5, dibinin eni isə 60 metrdir. Burada suburaxma qabiliyyəti saniyədə 65 kubmetr olan sutullayıcı, suburaxma qabiliyyəti saniyədə 10 kubmetr olan suqəbuledici quraşdırılıb. Stansiyanın derivasiya kanalının en kəsiyi 5 kvadratmetr, uzunluğu isə 3800 metrdir. Burada, həmçinin uzunluğu 500 metr, diametri 1600 millimetr olan boru quraşdırılıb.

Qeyd edildi ki, "Çiçəkli" Su Elektrik Stansiyası iqtisadi və sosial cəhətdən olduqca əhəmiyyətlidir. İldə 20 milyon kVt-saat elektrik enerjisi istehsal etmə gücünə malik olan bu stansiya Göygöl rayonunun tələbatının 15 faizini, Göygöl şəhərinin tələbatının isə 75 faizini ödəyəcək. Stansiyanın tikintisində 80 işçi çalışıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıq zolaqları salınıb. Burada 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elektroenergetika sahəsində mühüm uğurlar əldə edilib. "Azərenerji" ASC bu istiqamətdə işləri uğurla davam etdirir. Bu günədək 14 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü təqribən 15 MVt olan dörd stansiya inşa olunur.

Dövlətimizin başçısı "Çiçəkli" Su Elektrik Stansiyasını işə saldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.