Siyasət

100 min ac erməni Sarkisyanın üstünə göndərilir?

17 Mart 2010 13:12
Baxış: 245
Çoxdandır yazıçı-jurnalist Ələkbərin "qardaş olub Hayastan-Azərbaycan" mahnısının qaynar təbliğatçısı olan SSRİ-nin, Azərbaycanın, Özbəkistanın və Ermənistanın xalq artistinə qarşı edilən haqsızlıq"la bağlı ideyasını gün işığına çıxarmaq istəyirdim. Bəlkə də bunun yazımıza yuxarıdan-aşağıdan heç bir dəxli yoxdur. Amma İstanbulda çıxan erməni qəzeti "Aqos"un Sarkisyanın Fransa səfəri zamanı işlətdiyi bir ifadəni bəh-bəhlə ictimaiyyətə sırımasına göz yuma bilməzdim. Sarkisyan iddia edib ki, erməni xalqının tarix qarşısında alnı açıq, üzü ağdır. Və Ermənistan dövlətinin heç kəsə maddi və mənəvi borcu yoxdur. Adamın  ölkəsinin çoxmilyonlu xarici kreditlərin hesabına ayaq üstündə durduğunu mən yox, Ermənistan parlamentinin Daşnaksütyun partiyasından olan deputatı, iqtisadçı Ara Nranyan bu günlərdə "Lragir"ə demişdi. Xarici borcların bizə bir dəxli olmasa da, hazırkı Ermənistan Respublikasının keçmiş Ermənistan SSR-nin varisi olaraq bizim xalq artistimizə borclu olduğunu deməliyik. Ermənistan faktiki olaraq, 20 ildir ki, həmin xalq artistinə (adamın adını bir vaxtlar "qardaş Hayastan" mahnısını oxumağına baxmayaraq, hazırda ermənilərə qarşı allergiyasının olduğunu bildiyimizdən çəkmirik -m.) düşən kompensasiyanı ödəmir. Axı eynən bizdə olduğu kimi Ermənistanda da xalq artistləri bu statusa görə maaş alırlar. Nə qədər ki, rəsmi İrəvan "Ermənistanın xalq artisti" statusunu bizim xalq artistimizin üzərindən rəsmən götürməyib, adamın haqqını yeməməli, 20 illik maaşını gec də olsa faizi ilə bərabər ödəməlidir.
Sarkisyanın bir naqolay fikrini də, ərz eləyib mətləbə keçirəm. O deyib ki, bəs əhalinin Ermənistandan perik düşməsi xəbəri ağ-yalandır: "Doğrudur, Ermənistandan xaricə gedənlər, xaricdən Ermənistana gələnlər var. Kimi iş dalınca gedir, kimi xaricdəki tanışlarını, qohumlarını, dostlarını ziyarət edir, kimi turist səfərinə çıxır. Amma onlar axırda öz ölkələrinə qayıdırlar. Bunu kütləvi miqrasiya kimi təqdim eləmək doğru deyil".

Adam bir neçə gün bundan əqdəm qabaqdangəlmişlik edərək erməni miqrantlarla bağlı verdiyi bu açıqlama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da sözünü yalana çıxarmış olub. Eşitməyənlər üçün ərz edim ki, Ərdoğan Böyük Britaniyanın baş naziri Qordon Braunla "Downing Street"dəki görüşündən sonra keçirdiyi mətbuat konfransında Türkiyədə qanunsuz miqrant kimi yaşayan 100 minədək erməninin ölkədən çıxarıla biləcəyini açıqlayıb. "Bu məsələ dünənin, bu günün məsələsi deyil. Hazırda ölkəmizdə 170 minədək erməni var. Onların 70 mini vətəndaşımızdır, 100 mini isə qanunsuz yaşayır. İndi, sabah mən nə edəcəyəm? Lazım gələrsə, onlara "siz də ölkənizə gedin" deyəcəyəm. Niyə? Cünki bunlar mənim vətəndaşım deyil. Onları ölkəmdə saxlamağa məcbur deyiləm. Təəssüf ki, bizim səmimi mövqeyimiz bunların hərəkətləri ilə mənfi istiqamətdə dəyişir. Onlar bunu anlamırlar. Bu, bu gün baş verməyib. Onlar 10 ildən çoxdur ki, ölkəmizdədirlər. Fəqət, proseslər bu şəkildə davam edərsə, təbii ki, mütləq lazımi tədbirləri görəcəyik" - deyən Ərdoğan ermənilərin diasporun əsirliyindən çıxmasının lazım gəldiyini də önə sürüb: "Ermənistanın diasporun nəzarətindən, girovluğundan qurtulması lazımdır. Burada da Minsk qrupunun üçlüyünün üzərinə çox ciddi vəzifələr düşür. Buna nail olunduğu zaman onsuz da bütün problemlər özbaşına ortadan qalxacaq. O zaman nə Türkiyədəki bu problemlər, nə Türkiyə-Ermənistan arasında bir sıxıntı, nə də Azərbaycan və Ermənistan arasında bir sıxıntı qalacaqdır".

"Ermənilər Türkiyənin sərvətini Ermənistana daşıyır"

Onu da deyim ki, Türkiyə mediası fantazyorluqda, uydurub-şişirtməkdə bizimkilərdən heç də geri qalmır. Onların bərkgedən 2-3 kanallarında Ərdoğanın bu çıxışı belə bir titr altında gedirdi: "Əgər Ermənistan sözdə soyqırım iddialarından əl çəkməsə, 100 min qanunsuz erməni miqrantı öz ölkəsinə yola salınacaq". Bilmirəm yuxarıdakı sitatdan bu məna çıxırmı, ya yox? Amma onu bilirəm ki, bu iş Türkiyənin milliyyətçi və cumhuriyyətçi müxalifətinin canına yağ kimi yayılardı. Məsələn, bəndəniz Türkiyə Böyük Millət Məclisinin deputatı, Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini Mehmet Şandırla danışanda bunu şəxsən hiss elədi. Sual verdim ki, "Mediada gedən məlumatlara görə Türkiyəyə qanunsuz erməni miqrantların axını davam edir. Hazırda 100 minədək erməninin Türkiyədə işlədiyi və Ermənistana çörəkpulu göndərdiyi məlumdur. Türkiyə digər ölkələrdən olan qanunsuz miqrantları ölkədən çıxardığı halda, indiyədək erməni miqrantlara niyə göz yumub?". Adam nə desə yaxşıdır: "Bu, yanlış siyasətdir. Türkiyədə işsizlərin sayı 20%-ə yaxınlaşıb. Türkiyə əhalisi işsiz gəzərkən, Türkiyədə qaçaq işçinin çalışmasına göz yumulması bu hökumətin zəif tərəfidir. Amma eybi yoxdur, qoy ermənilər burda işləyib, ailələrinə çörək göndərsin. Dünyadakı hər kəs də Türkiyənin insanları çörəklə imtahana çəkmədiyini görsün. Önəmli olan odur ki, ermənilər Azərbaycan torpaqlarını işğaldan azad eləsin və uydurma "soyqırım" iddialarını geri götürsün. Türkiyənin 10 Ermənistan kimi dövləti dolandıracaq gücü var" -deyə türkiyəli deputat sualımı belə cavablandırdı.
Bu yerdə özüm haqqında "it motaldan əl çəkdi, motal itdən yox" məsələni xatırlayaraq yenə soruşuram: "Türk kanallarında deyildiyi kimi əgər Ərdoğan Ermənistan uydurma "soyqırım" iddiasından imtina etmədiyi təqdirdə 100 min miqrantı İrəvana yola salmaq istəsə, partiyanız buna nə deyəcək?". Şandır deyir: "Güman etmirəm. Nə ermənilər "soyqırımı" iddiasından əl çəkmək gücündədir, nə də Türkiyə hazırkı halı ilə qanunsuz erməni miqrantları ölkədən çıxarmağa qeyrət göstərər. Məndən olsa, təbii ki, türk vətəndaşlar işsiz qalmışkən, iş dalıca Avropaya üz tutmuşkən, ermənilərin bura yerləşib Türkiyənin sərvətini Ermənistana daşıması heç də xoş deyil".   

Türkiyənin saxladığı Ermənistan

Yeri gəlmişkən, o gün də Türkiyənin "NTV" telekanalı qanunsuz erməni miqrantlarla bağlı ürək ağrıdan bir süjet yayımladı. Göstərdilər ki, ermənilərdən kimi türklərin evində xidmətçi işləyir, kimi türk uşaqlarını tərbiyə edir (prikola baxın, sizcə, erməni qadın türk uşağına hansı tərbiyəni verə bilər?-m.), kimi də Bakıdakı köhnə peşəsi -  ayaqqabı tikməklə məşğuldur. Onlardan eləsi var ki, iş yerini itirməsin deyə, 10 ildir İrəvana gedə bilmir, sadəcə pul göndərir. Uşağının şəkilini hər gün qabağına qoyub ağlayır. Bununla belə, Türkiyədəki qanunsuz ermənilər öz hallarından məmnundurlar. Türklərin verdiyi pulla hərəsi, 10-15 nəfərlik ailələrini dolandırdıqlarını etiraf edirlər. Əgər Ərdoğanın 100 minlik qanunsuz erməni haqqında dediyi həqiqətdirsə, onda belə çıxır ki, 1-1,5 milyon erməni bu gün Ermənistanda oturub türklərin çörəyini yeyir. Bu isə hardasa, Ermənistan əhalisinin yarısı deməkdir. Deməli, Sarkisyan camaatın yarısını türklərin hesabına saxlayır. İndi də "soyqırımla" bağlı təzminatı tələm-tələsik ələ keçirmək istəyir ki, ermənilərin yerdə qalan qismini də xoşbəxt eləsin. Amma İrəvandan gələn siqnallar bunu deməyə əsas verir ki, xalq Sarkisyandan elə də məmnun deyil. Bir-iki sitat gətirim, özünüz görün.      

Savadsız feodallar ölkəsi

Sosioloq Qayane Qazaryan Sarkisyanın başçısı olduğu ölkə haqqında məhz bu fikirdədir. "Lragir"li Siranuşa verdiyi müsahibədə o deyib: "Mənə elə gəlir ki, biz dönüş ərəfəsindəyik və məhz hazırkı məqam bizdən asılıdır. Ölkə hara gedir, tamamilə durğunlaşırmı, dövlət müstəqilliyi dağılmağa gedir, yoxsa qurulmağa? Mən dağılma deyəndə  məhz dövlətçiliyin dağılmasını nəzərdə tutmuram. Hazırkı halı ilə ölkə xarici qüvvələr və kiçik qrup kriminal elementlər üçün poliqon olan marionet vahidə bənzəyir. Bundan yalnız yeni ideyalarla qaynayan, ictimai meydanı öz əlində cəmləşdirən, öz ideyalarını cəmiyyətdə yeridə  və onları alternativ mexanizmlər vasitəsilə reallaşdıra bilən ciddi intellektual qüvvələrin formalaşması ilə qaçmaq mümkündür. Mən hazırkı hakimiyyətdə bizi enişə doğru aparan xəstə prosesləri görürəm. Başlayaq kilsələrin fəallaşmasından: kilsənin dünyəvi idarəetməyə və dövlət quruculuğuna qarışması təhlükəlidir. Dövlətin həyat qabiliyyətini artırması üçün hər bir fərdin özünü reallaşdırmasına şərt yaratması vacibdir. Nə qədər ki, insanın təşəbbüsləri boğulur və nə qədər ki, savadsız oliqarxlar bütün əsas mühiti işğal ediblər. Mən görürəm ki, ölkədə hər kəs azad dolanmaq, ürəyi istəyən işlə məşğul olmaq, repressiyasız və məhdudiyyətlərsiz yaşamaq istəyir.
Bu, çox komfort siyasətdir: hakimiyyətdəkilər bilirlər ki, onları kimin idarə etdiyini başa düşməyən, etiraz etməyi ağlına gətirməyən cəmiyyətə nail olmaq lazımdır. Bu siyasət cəmiyyəti daha da pis və əxlaqsız kütləyə çevirməyə hədəflənib. İstənilən azad fikir onlar üçün ölümcül təhlükə yaradır. Bir çoxları hesab edirlər ki, Amerika kosmopolit, simasız, millətin, vətənpərvərliyin nə olduğunu bilməyən ölkədir. Amma mənə görə, Amerika insanları amerikalı olmaqla qürur duymaq, ümumi insan dəyərlərinə  sadiq rolunda çıxış etmək şərəfinə nail etmiş dünyanın ən millətçi dövlətidir".

Cəhənnəm görmək istəyən Ermənistana gəlsin!
 
Siranuşun "Amma bizim də öz tariximiz var, biz də qədim xalqıq" fikrinə isə Qayanenin münasibəti belədir:  "Bəli, biz açıq səma altındakı muzeyə dönmüşük. Bəs həyat hanı? İnsanlar özlərini reallaşdırmaq üçün şərtlər axtarırlar. Ermənistanda şərait yaşamaq üçün deyil, şəxsiyyət olaraq ölmək üçün yaradılıb. Şəxsiyyəti "açıq səma altında muzey" toxunulmazlığını və "əcdadlara bənzəyən" sifətini saxlamaqla öldürürlər. Müqəddəs vəzifə və milli şüurun təzahürü adı altında "əcdadların yaratdığı"nı olduğu kimi köçürmək və ya bərpa etməklə məhv edirlər. Yeniliklərin olmaması isə fəlakətdir".
Erməni bloqger Armen Ovannisyanın da Sarkisyanın şəxsi mülkiyyətinə çevrilmiş Ermənistan haqqında fikirləri maraqladır. Yenə də Siranuşun "Ermənistan üçün hansı problemlər daha aktualdır: daxili, yoxsa, xarici?" sualına Armen belə cavab verib: "Əlbəttə daxili, çünki xarici problemlər və cinayətlər belə daxildən asılıdır. Ermənistanın sosial-iqtisadi və siyasi sistemi nə qədər arxaikdirsə, özünü qorumaq üçün ekstraordinar tədbirlərə can atması da bir o qədər qədimdir. Məsələn, türklərlə qardaşlıq. Nə vaxt ki deyirlər, sərhədlər açılır, bizim bütün problemlərimiz həll olunur, başa düşürəm ki, bu hakim sinfin kapitallaşdırmasından (izafi dəyərin kapitala çevrilməsi-m.) başqa bir şey deyil. Və sərhədlərin açılması xalqın güzəranının yaxşılaşdırılmasına, ədalətin və azadlığın təmin olunmasına 5% təsir göstərəcək. Bu isə siyasi impotensiyanın göstəricisidir. Buna görə də əsas məsələ Ermənistanı idarə edən oliqarx-feodal sistemin ləğv edilməsi, hüquqi və qanunlara tabe olan sistemin yaradılmasıdır".
Sarkisyan və erməni miqrantlar haqqında bundan artıq nə deyim?!

Ülkər İsmayılqızı
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.