Siyasət

“Dağlıq Qarabağ xalqının arzusu” bəhanəsi Yerevanın əlindən çıxır

20 Aprel 2011 13:08
Baxış: 209
"ATƏT-in Parlament Assambleyasının yaz konfransının olub-olmayacağı haqda məlumatım yoxdur. Sadəcə, onu bilirəm ki, iyunun sonları iyulun əvvəllərində sözügedən assambleyanın yay sessiyası olacaq və bu sessiya Serbiyanın paytaxtı Belqradda keçiriləcək". Bunu "525-ci qəzet"ə açıqlamasında vitse-spiker, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. ATƏT PA-nın yay sessiyasında sözügedən qurumun Faktaraşdırıcı Missiyasının hesabatının, o cümlədən Ağdamda ermənilər tərəfindən qətlə yetirilən 9 yaşlı Fariz Bədəlovla bağlı məsələnin müzakirəsinin gözlənilib-gözlənilməməsinə gəlincə B.Muradova bildirib ki, onlar bu məsələləri qaldırmaq üçün heç də sessiyanı gözləmirlər və gözləməyəcəklər: "Bildiyiniz kimi, parlamentin mart ayında keçirilən iclaslarının birində Fariz Bədəlovla bağlı bu məsələyə toxunmuşdum və çox ciddi şəkildə həm ATƏT rəhbərliyinə, həmsədrlərə, həmsədr ölkələrə, həm də Ermənistan prezidentinə suallar ünvanlamışdım. Sizə də məlum olduğu kimi, Ermənistan prezidenti mənim müraciətimə "müvafiq cavab" vermiş və bu cavabında da istər özünü, istər ölkəsini biabır edən fikirlər əksini tapmışdı. Yəni, bizim tərəfimizdən bu və digər məsələlər ardıcıl olaraq qaldırılır və bunlar ATƏT-in, onun müvafiq qurumlarının diqqətinə çatdırılır. Qeyd edim ki, həmsədrlər də bugünlərdə bölgədəydilər, konkret olaraq, Ağdamda olmuşdular. İndi bu səfərin nəticələri necə olacaq, onlar baş vermiş hadisəni və digər faktları necə dəyərləndirəcəklər, Ermənistan tərəfindən törədilmiş 9 yaşlı uşaqla bağlı cinayətin adını nə qoyacaqlar, bu hadisənin əsl adını söyləmək cəsarətini özlərində tapacaqlar-tapmayacaqlar bilmirəm, hər halda, müəyyən qədər bunu gözləməli olacağıq. İstənilən halda ATƏT-in bütün tədbirlərində, o cümlədən yay və qış sessiyasında münaqişənin hazırkı vəziyyəti, danışıqlar prosesi, Ermənistan tərəfindən atəşkəsin pozulması, onun qeyri-konstruktiv mövqeyi, eləcə də təcavüzkar hərəkətlərilə bağlı hər zaman öz mövqeyimizi ortaya qoymuşuq. Çox güman ki, yay sessiyasında da bu istisna olmayacaq. Bu, bizim fəaliyyətimizin əsas istiqamətini təşkil edir. Biz özümüzə plan qurarkən ilk yerdə məhz bu məsələni qoyuruq".

"Ermənilərin Xankəndində, daha doğrusu, Xocalıda hava limanı tikməsi, o cümlədən bəzi erməni siyasətçiləri tərəfindən paytaxt Yerevanın Xankəndinə köçürülməsi ilə bağlı məsələlər də son günlərin ən çox müzakirə mövzusu olan məsələlərindəndir. Bu baxımdan, bunlar və Ermənistanın digər qeyri-konstruktiv addımları Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı sülh danışıqları limitinin bitməsini göstərmirmi və sülh variantının hərb variantına keçilməsini zəruri etmirmi" sualına cavabında isə vitse-spiker bildirib ki, əvvəla, Xocalıda tikilməsi nəzərdə tutulan hava limanı ilə bağlı Azərbaycan dövlətinin, ictimaiyyətinin mövqeyi aydındır və biz də bir daha buna qəti şəkildə öz etirazımızı bildiririk: "O ki qaldı paytaxt Yerevanın Xankəndinə köçürülməsinə, bu kimi fikirlərin səslənməsinin özü belə məlum münaqişənin Dağlıq Qarabağda yaşayan, "ikinci erməni dövlətini" yaratmaq istəyən "Dağlıq Qarabağ xalqı" deyilən erməni icmasının deyil, Ermənistanın planlarına uyğun münaqişə olduğunu bir daha ortaya qoyur və bir daha sübut edir ki, bu, heç də etnik zəmində, yaxud millətlərin öz müqəddəratını təyin etmək zəminində, o cümlədən konkret bir bölgədə sıx yaşayan xalqın bir qrup nümayəndəsinin öz dövlətinə malik olması istiqamətində arzuları-istəkləri deyil, bu, Ermənistanın konkret olaraq Azərbaycana rəsmi ərazi iddialarından qaynaqlanır. Ona görə bu kimi fikirlərin səslənməsinin özü Ermənistan üçün təhlükədir, çünki onda artıq Ermənistan daha söyləyə bilməyəcək ki, bu, "Dağlıq Qarabağ xalqının" arzusudur və biz də bu arzunun reallaşmasında ona yalnız dəstək veririk. Bu kimi fikirlərin ortaya qoyulması Ermənistanda təcavüzkar siyasətin davam etməsi, bunun Ermənistandaxili ictimai-siyasi proseslərində iştirak edən hər bir kəsin artıq düşüncəsinə və mövqeyinə çevrildiyini ortaya qoyur ki, bu da onların bir xalq olaraq, öz resurslarına, öz imkanlarına deyil, onları əhatə edən ölkələrin, xalqların sərvətlərinə göz dikməklə, onların ərazisi hesabına öz dövlətlərini genişləndirmək və vəziyyətlərini yaxşılaşdırmaq istəklərini nümayiş etdirir. Bu, yalnız onun göstəricisidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.