Siyasət

"Onların məqsədi fon yaratmaq və görüntülərini çəkib xaricə ötürməkdir"

16 Aprel 2011 12:37
Baxış: 193
Yeni Azərbaycan Partiyasıın Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun Milli.Az xəbər portalına müsahibəsi:


- Ölkə müxalifəti yeni aksiyaya hazırlaşır. Son günlər baş verən prosesləri necə dəyərləndirirsiniz?

- Müxalifətin son aksiyalarının xaricdəki müəyyən qüvvələr tərəfindən hazırlanmış ssenari üzrə həyata keçirilməsi, maliyyələşdirilməsi və idarə olunması şübhə doğurmur. Proseslər də göstərir ki, həmin aksiyalar, yəni, qanunsuz mitinqlər, yürüşlər xaricdən alınan maliyyənin hesabına başa gəlir. Çünki o aksiyaların təşkil edilməsi, orada iştirak edən adamların hərəkətləri və davranışları dediklərimə birbaşa sübutdur.

Eyni zamanda həmin insanların, o cümlədən Əli Kərimovun fəaliyyətinin xarici mənbədən qaynaqlanması, övladının xaricdə təhsil alması, hətta həyat yoldaşının xarici ölkələrdən birində böyük parfümeriya mağazasının olması da xaricdən alınan maliyyələr hesabına stabitliyi pozmaq, iğtişaşlar yaratmağa yönəlmiş aksiyaların arxasında kimlərin durması və kimlərin də bu aksiyalarda hansı məqsədlər güdməsini göstərir.

- Çox sərt ittihamlar irəli sürürsünüz. Belə iddialara müxalifət düşərgəsindəki siyasətçilər indiyədək cavab olaraq deyirlər ki, "xaricdən maliyyələşmə" məsələsi ilə bağlı iddiaları səsləndirənlərin əllərində konkret faktlar, dəlil-sübutlar varsa, niyə hüquq-mühafizə orqanlarına müraciət etmirlər?

- Faktlar olmasaydı, şübhəsiz ki, dediklərimi dilə gətirməzdik. Eyni zamanda, vaxtı çatanda, məqam yetişəndə hüquq-mühafizə orqanlarına da müraciət ediləcək. Buna kimsə şübhə etməsin.

- Müxalifət düşərgəsinə mənsub siyasətçilər deyirlər ki, onlar ölkədəki demokratik qüvvələri təmsil edirlər və əgər aksiyalara icazə verilərsə, Bakı küçələrinə yüz minlərlə insan çıxara bilərlər.

- Əgər onlar dedikləri təki, Bakı küçələrinə yüz minlərlə insan çıxara bilərsə, həmin təqdirdə, Bakı Şəhər İcra Hakimiyyətinin etiraz aksiyası və ya mitinq üçün ayırdığı yerə getsinlər, tərəfdarlarını da ora toplasınlar. Yüz minlərlə adamı küçəyə çıxarmağa ehtiyac yoxdur - heç olmasa, 5 min adam toplamağa çalışsınlar. Bacararlarmı? Yox, çünki xalq bu insanları qətiyyən dəstəkləmir və onların arxasınca da getmir.

Sizcə, onlar nə üçün ayrılmış yerdə yox, insanların sıx, hərəkətin gur olduğu yerlərdə aksiya keçirmək istəyirlər?! Onların məqsədi kənardan mümkün qədər çox insan cəlb etməkdir. Buna görə də metro stansiyalarının ətrafları, şəhərin mərkəzi hissələrini hədəfə alırlar. Yəni, sadə dillə desəm, onların başlıca məqsədi fon yaratmaq, sonra da həmin yerin şəkillərini və videogörüntülərini çəkib xaricə ötürməkdir. Bu adamlar bəhs etdiyim minvalla tərəfdarlarının çox olmasıyla bağlı görüntü yaratmağa can atırlar.

- Ötən illərdəki aksiyalardan fərqli olaraq, bu il internetdəki sosial şəbəkələrdən geniş istifadə olunur.

- Elədir, onlar müxtəlif sosial şəbəkələrdə "Bakıda ərəb inqilabı"ndan bəhs edirlər. Halbuki bu insanlar yalan danışırlar. Ərəb ölkələrindən fərqli olaraq, Azərbaycanda heç bir inqilabi situasiya yoxdur və ola da bilməz. Bəlli ərəb ölkələrindəki vəziyyəti müəyyən şərait doğurur, sosial sifariş yaradır. Azərbaycanda həmin situasiyanın mində bir hissəsi, zəruri elementlərinin heç bir yoxdur, görünmür. Ölkəmizdə insanlar müxtəlif siyasi proseslərdən çıxıb və indi ölkədə qanunun aliliyi, demokratik dəyərlər bərqərar olub. Azərbaycanın dövlət başçısı da ölkəni demokratik prinsiplərlə idarə edir. Ölkəmiz dünyəvi, işğalçı Ermənistan istisna olmaqla, bütün qonşuları ilə normal münasibətlərə malik dövlətdir. Ərəb ölkələrinə gəldikdə isə, oradakı hadisələrin yaranma səbəbləri, aktiv qüvvələrin niyyətləri tam başqa, fərqlidir. Xalqın istəkləri də başqadır.

- Sizcə, ərəb ölkələrindəki proseslər sözün əsl mənasında demokratiya uğrunda mübarizədir, yoxsa o hadisələrə kənardan təsir elementləri mövcuddur?

- Ərəb ölkələrindəki proseslər çox mürəkkəb səbəblərlə bağlıdır və mürəkkəb şəkildə də cərəyan edib. Həmin ölkələrdə demokratik prinsiplərin müəyyən dərəcədə pozulması, eyni zamanda bəzi dövlətlərin iqtisadi maraqları həmin iğtişaşlara zəmin yaratdı.
Azərbaycanda belə situasiya olmayıb və yoxdur.

Yeri gəlmişkən, onu da deyim ki, müxalifətin aksiyalarında partiya liderləri görünmürlər. Bu, bizim müxalifətin xislətidir və həmişə belə olub. 20 Yanvar qırğınında da bu gün özlərini lider adlandıranlar insanları küçələrə səslədilər, ağır məqamda isə qaçdılar. Azərbaycanın milli, dövlətçilik maraqları harada varsa, onlar orada yoxdur.

Bu adamlar heç zaman üzdə və öndə olan deyillər. Qorxaqlıq onların xislətindədir. Həmin şəxslər son vaxtlar islamçıları da öz tərəflərinə çəkməyə çalışırlar. Azərbaycan dünyəvi, demokratik ölkədir və din də dövlətdən ayrıdır. Bununla belə, ölkədəki islamçıların radikallaşacağını düşünmürəm - xaricdəki müəyyən qüvvələr onları öz təsiri altına salmağa çalışsa da. Vəziyyəti gərginləşdirmək, iğtişaşlar yaratmaq istəyən insanlar özlərinə sosial dayaq tapa bilməyəcəklər. Çünki ölkədə dinə olan münasibət müasir tərzdədir.

- İctimai Palata yeni mitinqə hazırlaşır və bəyan edir ki, yeni aksiya daha çoxsaylı, genişmiqyaslı olacaq.

- Əvvəla, İctimai Palata adlanan və müxalifət qüvvələrini birləşdirdiyini bəyan edən qurumun özünü belə adlandırmağa nə hüquqi, nə də mənəvi hüququ var. Bunlar özləri özlərinə belə ad qoyublar. Əgər ictimaiyyətdən, cəmiyyətdən onlara dəstək yoxdursa, onlar nə adla fəaliyyət göstərirlər və bu təşkilatı da niyə İctimai Palata adlandırırlar?! Bəlli ölkələrdəki İctimai Palata adlı strukturlar cəmiyyətin bütün tabanlarının mənsublarının təmsil olunduğu təşkilatlardır.

Əgər həmin təşkilat İctimai Palatadırsa, orada cəmiyyətin bütün zümrələri təmsil olunmalıdır. Əslində isə o struktur radikal, qaragüruhçu qüvvələrin toplusudur. Beş-altı nəfərin xülyası olan qurumun belə adlanmağa ixtiyarı yoxdur.

Ceyhun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.