Siyasət

Erməni diplomatiyasının qondarma qurumu tanımaq hay-küyü: pərdəarxası məqamlar

5 May 2016 15:59
Baxış: 2 054

Ermənistan siyasi dairələri aprel ayının 4 günündə aldıqları ağır zərbəni kompensasiya etmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar müxtəlif səviyyələrdə absurd iddialar ortaya atmaqla, düşdükləri çətin vəziyyətdən yaxa qurtarmaq istəyirlər.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, Dağlıq Qarabağın "müstəqilliyini" tanımaq kimi mənasız davranışdan bəhs etmələri də bu qəbildəndir. Reallıqda buna bənzər addımların arxasında münaqişəni dondurmaq, mövcud status-kvonu saxlamaq və öz maraqlarına uyğun zamanın gəlməsini gözləmək dayanır. Təbii ki, bu cür planların ssenarisini rəsmi İrəvan kənardakı bir sıra dairələrdən alır. Hər bir halda, Ermənistan rəhbərliyinin danışıqlarla bağlı irəli sürdüyü bütün şərtlər ancaq yuxarıda vurğuladığımız məqsədə xidmət edir. Deməli, Ermənistan Azərbaycan Ordusunun çox güclü olduğunu dərk edir və müxtəlif ibarələrlə özünü məğlubiyyətdən sığortalamağa çalışır. Bu məqamda da ermənilər yanılırlar. Çünki özlüyündə Azərbaycan kimisə məğlub etməyin izində deyil. Azərbaycan yalnız torpaqlarını işğaldan azad etməkdə qərarlıdır. Bu məqsədə çatmaq üçün kimlərsə məğlub olmalıdırlarsa, olsunlar. Ancaq bu, Bakının problemi deyil, XXI əsr siyasətinə uyğun gəlməyən təcavüzkar dairələrin qayğısıdır.

Növbəti siyasi şou: ermənilərin primitiv ideoloji addımları

Son günlər erməni siyasi rəhbərliyi növbəti şouya başlayıb. Rəsmi İrəvan Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimi tanıya biləcəyi haqqında tez-tez informasiyalar yayır. İki müxalif deputat hətta bununla bağlı "qanun layihəsi" də təqdim ediblər. Onlar "İrs" partiyasından olan Zaruhi Postancyan və keçmiş baş nazir, "Erməni milli konqresi"nin təmsilçisi Hrant Baqratyandır. Ermənistan hökuməti məsələni müzakirəyə çıxarıb.

Təbii ki, İrəvan "Dağlıq Qarabağ Respublikası" adlanan qondarma qurumu tanımayacaq. Ancaq, həmişə olduğu kimi, bu dəfə də ermənilər müxtəlif bəhanələrlə danışıqlar prosesini dalana dirəməyə cəhd edirlər. Özü də bunu XXI əsr üçün heyrət ediləcək dərəcədə bəsit məntiq əsasında həyata keçirməyə çalışırlar. Həmin məqamı Serj Sarkisyanın mətbuat katibinin neandertal təfəkkürü ilə Azərbaycan rəsmilərinin söylədikləri fikirləri "təhlili"ndən aydın görmək olar (bax: Пресс-секретарь президента: В Армении следят за парадом бредовых заявлений Баку / News.am, 3 may 2016).

Belə görünür ki, Vladimir Akopyana lap kiçik yaşlarından şər-böhtan danışmağı, primitiv icma məntiqi ilə düşünməyi və "soyqırımı" nağılının xəyali ssenarilərini əzbərləməyi öyrədiblər. Yoxsa, dığa Azərbaycan haqqında uydurma şeylər ifadə etməzdi. Ortada isə sadə bir həqiqət var: Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir! Normal təfəkkür üçün çox normal və ədalətli davranışdır! Ancaq xəstə erməni siyasi şüuru belə şeyləri qəbul edə bilmir.

İndi Ermənistanda 2 müxalif deputatın absurd bir layihə ilə hökumətə müraciət etməsi demokratiya əlamətidirmi? Qətiyyən belə deyil. Reallıq belədir ki, İrəvan bütün normal diplomatik metodlarla öz yalanını heç kəsə inandıra bilmədiyini dərk etdi. Son illər Prezident İlham Əliyevin ciddi təşəbbüsü və fəallığı ilə Azərbaycan tərəfi Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda erməni diplomatiyasını böcək kimi əzdi. Bu il aprel ayının cəmi 4 günü müddətində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin belini qırdı, onun şərəfsizliyni sübuta yetirdi.

Məhz bu hadisələrdən sonra erməni tərəfinin hər sahədə Azərbaycanla müqayisədə çox zəif olduğu təsdiqləndi. Çünki ermənilər meydana yeni konstruktiv heç bir fikir, ideya, münaqişəni tənzimləmə mexanizmi və ya kişi kimi savaşmaq modeli çıxara bilmədilər. Onlar, sadəcə, özlərinə ənənəvi olaraq xas olan şər-böhtan, başqasını günahlandırmaq, ağalarından küsmək kimi məqamlarla xarakterizə olunan ritorikalarını daha həyasız səviyyəyə qaldırdılar. Vəssalam!

Bunu sübut edən çoxlu sayda faktlar var. Məsələn, erməni ekspertlərin rəsmi İrəvanın bəyanatları əsasında apardıqları təhlillərə və verdikləri proqnozlara nəzər saldıqda, həmin həqiqəti aydın görə bilmək mümkündür. Elə "DQR"in tanınması məsələsi olsun. Axı Ermənistanın özü suveren deyilsə, onun tanıdığının dünyanın ciddi dövlətlərinə nə təsiri ola bilər? İrəvandan soruşarlar ki, sənin iqtisadiyyatın, idarəetmən, enerji infrastrukturun, hərbi sistemin tamamilə kənardan asılıdırsa, Qarabağdakı separatçı-terrorçu yığnağını tanımağının hansı müsbət nəticələri ola bilər? Sadəcə, bir sıra kənar dairələr üçün münaqişə ətrafında yeni spekulyasiyalara yol açılmış olur.

Hiss olunur ki, bunu Ermənistanda başa düşənlər var. Odur ki, dərhal bəyan etdilər ki, məsələnin müzakirəsi hələ ona müsbət qiymət vermək deyil (bax: МИД Армении: вопрос по Карабаху в повестке дня правительства не означает его признания / "ТАСС", 3 may 2016).

Onların əsl dərdi başqa şeydədir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bununla bağlı deyib ki, "əgər Azərbaycan geniş hərbi əməliyyatlara başlasa, onda biz "DQR"i tanıyacağıq" (bax: əvvəlki mənbəyə).

Deməli, ermənilərin kürkünə birəni Azərbaycan Ordusu salıb! Onlar bir tərəfdən ""qəhrəman" erməni ordusunun Azərbaycan Ordusunu geri oturtduğun"dan bəhs edir, digər tərəfdən isə "amandır, hücum etməyin", deyə yalvarırlar. Görünür, ermənilər odla oynadıqlarından çox narahatdırlar.

Münaqişəni dondurmaq taktikası: erməni rəhbərliyinin "axsaq ördəkləri"

Eyni zamanda, əsas odur ki, onlar haqsız olduqlarının fərqinə getdikcə daha çox varırlar. Bu səbəbdəndir ki, bəzən Ermine Naqdalyan kimiləri həqiqəti etiraf edərək, Qarabağın onlara aid olmadığını söyləyirlər. Yeri gəlmişkən, Ermənistan parlamentinin vitse-spikerini bu sözlərindən sonra bir sıra erməni ekspertləri "zəkasız qadın" deyə təhqir ediblər (bax: Наира Айрумян. Его могут пристрелить первым / "Lragir.am", 3 may 2016). Azərbaycanda antidemokratiya elementləri axtaran V.Akopyan kimiləri üçün, görünür, bu cür təhqirlər "qədim erməni demokratiyası"nın gözəl nümunələri sırasında öz şərəfli yerini tutmaqdadır. İnformasiya əsri də erməni siyasi şüurunu şovinizm, nifrət və primitivlik bataqlığından çıxara bilmir.

Bəli, "DQR"i tanımaq kimi sonu olmayan iddiadan bərk yapışmaqla rəsmi İrəvanın əsas məqsədi başqa incəliklə əlaqəlidir. Birincisi, Ermənistan hərbi cəhətdən Azərbaycandan çox zəif olduğunu dolayısı ilə etiraf edir. S.Sarkisyanın 3 generalı vəzifəsindən kənarlaşdırması bunun yalnız görünən tərəfidir. Hətta bir sıra erməni eksperti generalların ordunu kapitulyasiya vəziyyətinə gətirdiyini deyir və sual edir: "Niyə yalnız 3 generalı qovdular, onları hərbi tribunala vermədilər?" (bax: Игорь Мурадян. Чей проект "Восточное партнерство" / "Lragir.am", 2 may 2016).

İkincisi, artıq tam aydındır ki, dünyanın böyük dövlətləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmasını qəbul etmirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri bir ağızdan bu barədə danışıblar. Deməli, qalır sülh, danışıqlar yolu. Ermənistan bunun da qarşısına "DQR"i tanımaq, Ermənistanın təhlükəsizliyinə təminat tələb etmək, Azərbaycanın "aqressorluğu"nu açıq demək kimi cəfəng iddialar çıxarırsa, o, ümumiyyətlə, münaqişənin həll olunmasını istəmir. Burada da son məqsəd mövcud status-kvonu qoruyub saxlamaq, münaqişəni dondurmaq və gələcəkdə ermənilərə fayda verə biləcək uyğun zamanı gözləməkdir. Bu planın Ermənistandan kənarda hazırlandığını düşünməyə ciddi əsaslar vardır. Çünki münaqişəni dondurmağın ən yaxşı yol olduğunu deyənlərin kim olduğunu unutmamışıq.

Üçüncüsü, Ermənistan müxtəlif bəhanələrlə regionda qeyri-müəyyənlik yaratmağa çalışırsa, nəzərdə tutulan beynəlxalq layihələrin həyata keçməsinə maneçilik törətmək istəyir. Çünki İrəvan onların hamısından kənarda qalıb və bu vəziyyəti havadarları ilə birgə dəyişməyə çalışır. Azərbaycan "Şərq-Qərb dəhlizi", "Şimal-Cənub dəhlizi", "Yeni İpək Yolu" kimi dünya miqyaslı layihələrin aktiv iştirakçısı olaraq regional sabitliyə və təhlükəsizliyə qiymətli töhfələr verir. Enerji sahəsində Qərb üçün strateji əhəmiyyəti olan "Cənub qaz dəhli"zini, TAP və TANAP-ı reallaşdırır. Bütün bunların Avropanın geosiyasi xəritəsini ciddi surətdə dəyişəcəyini dünyanın əksər ekspertləri etiraf edirlər.

Ermənistan və ona havadarlıq edən bir sıra ölkələr məhz bu prosesin qarşısını almaq üçün məntiqsiz iddialar ortaya atırlar. "DQR"i tanımaq da birbaşa həmin kontekstlə bağlıdır. Azərbaycan tərəfinin buna cavabı çox məntiqi və layiqlidir. Rəsmi Bakı bəyan edib ki, "DQR"i Ermənistan tanısa, Minsk razılaşması qüvvədən düşmüş olacaq. Tamamilə hüquqi və əsaslı mövqedir. Çünki başda BMT olmaqla, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ ərazisinin Azərbaycana məxsusluğu rəsmi sənədlərdə təsbit edilib. Minsk razılaşması da münaqişənin həlli üçün vasitəçilərin müəyyənləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınmasına əsaslanır. İndi rəsmi İrəvan bunları heçə sayıb, qondarma bir qurumu tanımaq istəyirsə, Azərbaycan kiminlə danışıq aparsın?

Qalır bir yol - hərbi əməliyyatlarla təcavüzkarı işğal edilmiş torpaqlardan çıxarmaq! Həmin səbəbdən, qondarma "DQR"i kim tanıyır, yaxud tanımır, Azərbaycan üçün həlledici məqam deyil. Xankəndində bayrağımız dalğalananda hər kəs məcburən onun altından keçəcək. Həqiqət bundan ibarətdir!

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.