Siyasət

"Saxta vəsiqə" qalmaqalında yeni adlar, yeni ittihamlar…

6 İyun 2015 10:54
0 Şərh     Baxış: 1 333

Müsavat Partiyası rəhbərliyi adından saxta mühacirət vəsiqəsi əldə edənlərlə bağlı yayılmış bəyanatın səs-sorağı davam edir.

Belçikada oturum almağa çalışan mühacir Elnur Mirzəyevin saxta vəsiqə almaqda ittiham olunması və ardınca baş verən proseslər ortaya xeyli həqiqətləri çıxardı.

Elə gün olmur ki, sosial şəbəkədə, bununla bağlı polemika açılmasın, qarşılıqlı ittihamlar, bəzən təhqirə varan söz atışmaları yaşanmasın. Əksər hallarda bir-birinə opponentlik edən şəxslər hər şeyin "Yeni Müsavat"da yayımlanan silsilə mühacirət müsahibələrindən qaynaqlandığını iddia edir, bu yazılardan, müsahibələrdən sitatlar gətirirlər.

Biz isə öz növbəmizdə qəzetçi olaraq belə bir gerçəyin üzə çıxmasından olduqca məmnunuq. Layihədə əsas məqsədimiz Avropada yaşayan mühacirlərin həyatından silsilə yazılar hazırlamaq, mühacir dünyasının hər üzünü oxucuya göstərmək olsa da... sonucda ortaya belə bir ifşanın çıxması cəmiyyətimiz üçün də, partiya üçün də olduqca faydalıdır. Hələ ki, proses gedir və saxta partiya vəsiqəsi alverinin arxasında kimlərin dayanması ilə bağlı araşdırmaların nəticəsini gözləyirik.

Bu işi kim, nə zaman görüb, ortada fakt varmı, partiya funksionerlərini necə aldadıblar...? Ümid edirik ki, yaxın zamanda bu faktlar üzə çıxacaq və cinayətkarlar da cəzalanacaq. Bu müddət ərzində isə kimin nə deməsindən asılı olmayaq, gündəmin ana mövzularından olan "mühacirət alveri"nin bütün detallarını araşdırmağa, tərəfləri danışdırmağa, prosesi işıqlandırmağa davam edəcəyik. Unutmayaq ki, həqiqətin üzə çıxmasında maraqlı olan şəxslər medianın bu prosesdə güzgü olmasını istəyirlər.

İndi isə proseslərin son gəlişmə nöqtəsi barədə. İsveçrədə yaşayan mühacir Elbəyi Həsənli artıq prosesə qoşulub və bu barədə bilgilərini Facebook səhifəsində paylaşıb. Onlardan bəzilərini təqdim edirik. E.Həsənli bildirib ki, Arif Hacılının rəhbərliyindəki yeni komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib. Elbəyi Həsənli bir xeyli partiya funksionerinin adlarını da çəkir, onları konkret cinayət əməlində ittiham edir: "Məlum olur ki, artıq neçə illərdir Müsavat rəhbərliyi, özəlliklə də Arif Hacılı və Gülağa Aslanlı, o cümlədən də onların ətraflarında olan bir sıra funksionerlər - Razim Əmiraslanlı, Səxavət Soltanlı, Rafiq İsmayıl (Sabunçu rayon təşkilatı), Vaqif Davud (Oğuz rayon təşkilatı), Nemət Kərimli (Binəqədi rayon təşkilatı) və bir neçə başqa rayon təşkilat sədrləri mühacirət biznesinə girişiblər. Gülağa Aslanlı soruşur ki, mən 700 manatlıq kişiyəm? Bəli, 700 manat ilk baxışda az görünə bilər. Ancaq nəzərə alsaq ki, 6 aya 483 arayış satılıb və hər bir arayışın orta qiyməti min manatdır, onda söhbət yarım milyon manatdan gedir. Üstəlik, neçə ildir ki, bu alverlə məşğulsan..."

E.Həsənli bildirib ki, mexanizm olduqca sadədir. Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropaya "müsavatçı" ixrac edirlər. İsveçrəli mühacirin daha bir iddiası isə bugünlərdə keçirilən aclıq aksiyası ilə bağlıdır: "Bu yaxınlarda keçirilən aclıq aksiyasını da Arif Hacılı - Gülaga Aslanlı- Razim Əmiraslanov məhz biznes məqsədi ilə həyata keçiriblər. Sadəlövh müsavatçıların canlarına qıyaraq etdiyi aksiyadan Hacılı qardaşları və Gülağalar para qazanıblar. Belə ki, aclıq aksiyası bitəndən iki gün sonra 5 "müsavatçı" İsveçrədə peyda olub. Özlərini İsveç miqrasiya xidmətinə təslim edən "azüllər" son aclıq aksiyasında aksiya keçirənlər və Müsavat rəhbərləri ilə birgə çəkdirdikləri fotoları da işlərinin arasına qoyublar".

İsveçrədə yaşayan mühacir iddia edib ki, konkret bu alverlə məşğul olan şəxslərin adı da ona məlumdur. O, bu sırada Stokholmda yaşayan mühacir Əli Ağayevin, Hollandiyada yaşayan Eldəniz Yusibovun, Almaniyanın Mainz şəhərində yaşayan Yusif Abilovun, İsveçrənin Bazel şəhərində yaşayan Qabil Rzayevin adını çəkib:

"Özləri tapsınlar saxtakarları. Bu gündən mənim adımı da hallandırmasınlar, bəsləridir. Nöqtə qoyuram mən".

Bu ittihamlara cavab verənlərdən biri Hollandiyada yaşayan mühacir, eyni zamanda EIdəniz Yusibovun oğlu İsa Yusibov olub. İsa bəy Müsavat rəhbərliyini sənəd satmaqda ittiham edənlərə 3 sual ünvanlayıb: "1) Əgər, doğrudan da, partiya rəhbərliyindən kimsə bu sənədi həmən adama veribsə (ki bu ağ yalandır), məsələni niyə partiya özü ört-basdır etmək yerinə ictimailəşdirib? Gülağa Aslanlı bu sənədi 1800-ə satıbsa, niyə elə Gülağa bəy məsələni açıb-ağardıb? Belçika Miqrasiya Xidmətindən gələn sorğuya elə özü "hə, bu adam bizim üzvdür", -  deyərdi, heç birimizin də xəbəri olmazdı. Amma dürüst adam ayrı şeydi, Qubadistlər bunu anlamaz.

2) Elnur Mirzəyev özü öz ağzı ilə deyir ki, "məni aldadıblar". Partiyaya aidiyyəti olmayan sənəd alverçilərinin növbəti qurbanı olduğunu özü deyirsə, "Arif Hacılı sənəd satıb" demək hansı vicdana sığır?

3) Elnur Mirzəyev bundan əvvəl dəfələrlə kömək istəyib, partiya rəhbərliyi isə onun adının üzvlər siyahısında olmadığını deyib. Başa düşmək çoxmu çətindi ki, bu adamı ora aparan, başını aldadıb pulunu alan kimdisə Müsavatla yaxından-uzaqdan əlaqəsi yoxdur?"
Bundan başqa, İ.Yusibov bildirib ki, azərbaycanlıların mühacir olaraq ən çox gəldiyi 3-cü ölkədə 6 il müvafiq nazirlikdə bizim vətəndaşlarla işləyən biri olaraq həmən müddət ərzində 300-dən çox arayış və vəsiqəni tərcümə edib, bir o qədər də mühacirin dövlət tərəfindən sorğusunda birbaşa iştirak edib: "İstisnasız olaraq tam əminliklə deyə bilərəm ki, ölkədən bura gələn mühacirlərin hamısının (!) arayışları, vəsiqələri, danışdıqları şablon hekayələr ümumi bir mərkəzdən idarə olunur və saxtalaşdırılır. İşlədiyim müddət ərzində Müsavat və AXCP adı ilə gələnlərin sayı sıfırdır. Jurnalist olduqlarını deyənlərin verdiyi arayışda isə hamımızın tanıdığı bir jurnalist və sayt rəhbərinin imzası var. Şəxsən həmən arayış ad fərqi ilə, qalan mətn sabit qalmaqla 23 dəfə ayrı-ayrı şəxslər tərəfindən verilib mənə. İştirak etdiyim sorğularda adı ən çox hallandırılan şəxs Tofiq bəydir ki, bu da bir daha sənəd alverçilərinin heç bir partiyaya dəxli olmayan adamlar olduğunu və uydurulan hekayələr xaric, sənəd saxtalaşdırılmasında kifayət qədər peşəkar olduqlarını göstərir".

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də bu qalmaqala sosial şəbəkədəki statusu vasitəsilə reaksiya verib: "Yazıda ən çox diqqətimi çəkən Elnur Mirzəyevin bu sözləri oldu: "Və məni partiyaya apardılar, orda qapıda gözlədim. Sonra da mənə bildirildi ki, məsələ bir-iki günə həll olunacaq. Dedikləri kimi də oldu. İki gündən sonra mənə zəng gəldi ki, hazırdı. Və mənə bilet, Müsavatın nizamnaməsi, himni və strukturları haqda bir qovluq verdilər" ...Apardılar, ...bildirildi, ...zəng gəldi, ...qovluq verdilər... Kim??? Kimlər??? Bax Elnur Mirzəyev bunu da desə, saxta sənəd işbazlarının ifşasına böyük xidmət göstərmiş olar".

Elnur Mirzəyev isə "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, onu məkrli olmaqda suçlamaları olduqca qəribə haldır: "Amma bununla yanaşı, məni ad çəkməyə çağırırlar. Bunu bəyanatdan qabaq etmək olardı, yəqin, etmədilər. Ad olsa, nə dəyişəcək ki? Mənim əlimdə bu işdə vasitəçilik edən şəxsin telefon nömrəsi də var. Allaha and olsun ki, heç kim məni Müsavata qarşı bunu etməyə məcbur etmir. Bunu Gülağa Aslanlı öz bəyanatı ilə etdi. Özünüz də bura gəldiz. Məni burada gördüz. Elə bir fikrim olsaydı, birinci müsahibəmdə danışardım. Mən onlarla heç bir əməkdaşlıq etməyəcəm. Onlar da getsinlər özləri tapsınlar saxtakarları. Bu gündən mənim adımı da hallandırmasınlar, bəsləridir. Nöqtə qoyuram mən".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.