Siyasət

Niyə susursunuz, ay şeyxlər, üləmalar?

22 Aprel 2015 10:58
20 Şərh     Baxış: 7 674

"Üzərimə benzin düşərsə, namaz qıla bilərəmmi?", "Oruc tutanda divarda Mayli Sayrusun şəklinə qəflətən baxsam, orucum pozularmı?", "Dul arvad məhəllədə gedəndə başını qaldırıb ətrafına baxarsa, bu, göz zinası sayılarmı?"

Və sair və ilaxır belə suallar.
 

Dindar olmaq pis iş deyil. Əksinə, dünyanın indiki məhvərində, hadisələrin hansının yaxşı, hansının da pis olduğunu tam anlamadığımız, yalanın gerçək, həqiqətin də şər göstərildiyi, cəlladların munis kimi qələmə verildiyi, haqqını tələb edib ədalət istəyənlərin də "demokratiya və insan haqlarına qarşı çıxanlar" adlandırıldığı, mənəviyyatın dəhşət səviyyəsinə yuvarlanan aşınmaya məruz qaldığı, əxlaqi və etik dəyərlərin anaxronizm, köhnəlmiş vaqeələr sayıldığı bir dönəmdə din bizi başıpozuq kütləyə, bir-birlərinə düşmən kəsilən fərdlərə çevrilməyə qoymayan ülvi məqamlardan biridir.


 

Bəli, məhz belədir və lütfən, dini "ərəblərin inancı" adlandıran yerli ateistlərin gerizəkalılığını, sadəcə, normal prosesləri müşayiət edən anormal küy saymağa davam edək.
 

Bəs yaxşı, dinimiz islam, özümüz müsəlmanıqsa, əsrlər boyu islamın keşiyində canı, varı, qanı və ruhu ilə dayanmış, indi niyyətləri saqqalları kimi qara və pırtlaşıq olanlara sinə gərən, islamla pərdələnib murdarlıqla məşğul olanların qarşısını alan Türkiyəni niyə tək qoyur bizim müsəlman aləminin həşəmətli şeyxləri, üləmaları, hacıları, höccətülislamları, qaziləri və ayətullaları?
 

Roma Papası 1-ci Fransisk Vatikanda erməni həyasızlığının apogeyi olmuş və olmağa davam edən "soyqırım"la bağlı liturgiya keçirir, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin "soyqırım"a uğradığını tarixi fakt kimi tanıyır - amma o 1-ci Fransiskin bu əməlinə islam aləmində 65-ci şeyx və ya 100092-ci üləma fətvası ilə cavab verib ermənilərin əsrlərdən bəri müsəlmanlara qarşı törətdikləri zülmü "məzalim", "soyqırım", "qətliam" adlandırmır.
 

Fransada "erməni soyqırımı"nı danmaq cinayət sayılır və bununla da Qərbin həmişə Şərqin başına vurduğu "söz azadlığı, fikir müstəqilliyi" dəyənəyinin əslində iki uclu, o biri ucunun da elə qərblilərin qafalarını ləngərlədiyini göstərənlər özlərini ən ağıllı fərdlər hesab edirlər. Haşa, ərəb ölkələrinin heç birində, habelə dünyanın ən çoxsaylı müsəlman əhalisinə malik İndoneziyada və ya Afrikadakı müsəlmanların lider dövləti sayılan Misirdəki hakimiyyətlər Əlcəzairdə, İraqda, Sudanda, Myanmada - uzağa niyə gedək, Azərbaycanın Xocalı şəhərindəki soyqırımların danılmasını cinayət hesab etmir.


 

Əlimizi qoyaq allahımıza bizi bağlayan ürəyimizin üstünə və özümüzə sual verək: əcəba, hansı ərəb ölkəsində Xocalı soyqırımı ilə bağlı "cəmi müsəlmanlar üçün fətva" verilib? Hansı məşhur müsəlman din xadimi, şeyx, şeyxül-şüyuxa, ayətulla "1915-ci ildə Osmanlı Türkiyəsində işğalçılar və onların yerli əlaltıları tərəfindən amansızlıqla qətlə yetirilmiş müsəlmanlar"la bağlı fətvasını vacib sayıb?

Varmı belə üləma, din xadimi və ya münəvvər adam?
 

Özünüz düşünün.

Postsovet məkanındakı müsəlman ölkələri arasında Azərbaycandan savayı, heç biri 1915-ci ildə Osmanlı Türkiyəsində yaşananlarla bağlı ermənilərin iddialarının yalan, böhtan, şər olduğunu, sadəcə, Ankaraya və Türkiyə vətəndaşlarına yox, ümumilikdə türk ulusuna qarşı yönəldiyini rəsmi olaraq bəyan etməyib.
 

Gərçi onlar ermənilərin hücumlarının, aqressiyasının və terrorunun sadəcə, Türkiyə ilə Azərbaycanı hədəflədiyini düşünürlərsə - necə yanıldıqlarının fərqinə varmırlar.

Bütün bunlarla eyni vaxtda...

Türkiyənin baş naziri Əhməd Davutoğlu Osmanlı dönəmində həlak olmuş ermənilərlə bağlı dünən rəsmi açıqlama verib: "Osmanlı İmperiyasının son illərində əsrlərdən bəri barış və qardaşlıq içində bir arada yaşamış fərqli etnik və dini kökəndən bir çox osmanlı vətəndaşı hafizələrdə dərin izlər buraxmış böyük acılar yaşadı. Birinci Dünya Müharibəsi şərtlərində bu əzabları yaşayan, fərqli etnik və dini kökənlərə mənsub millətlərin nəvələri olaraq yaşananları anır, yaşamlarını itirmiş məsum Osmanlı ermənilərini sayğı ilə yada salır, onların nəvələrinə və nəticələrinə başsağlığı veririk. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaq Türkiyə üçün tarixi və insani görəvdir.
 

Ona görə də aprelin 24-də İstanbuldakı Erməni Patriarxiyasında təşkil ediləcək dini ayinlə Osmanlı erməniləri bütün dünyada olduğu kimi, Türkiyədə də anılacaqlar".
 

Davutoğlu daha sonra bildirib: "Lakin bununla bahəm, baş verənlərə görə məsuliyyəti yalnız türk millətinə yükləmək, hətta bunu nifrət izharlarıyla birləşdirmək vicdani və hüquqi baxımdan yolverilməzdir. Yüz il əvvəl Osmanlı Türkiyəsində türk və müsəlman vətəndaşlar da sürgünlərə, qətilamlara məruz qaldılar. Tarix siyasətə alət edilməyəndə türk və erməni millətlərinin Osmanlı ermənilərini birlikdə anmaları daha anlamlı olardı".


Cənab Davutoğlunun dedikləri ümumbəşəri dəyərlər, humanizm və millətlərarası əlaqələr, habelə tarixin obyektiv dəyərləndirilməsi baxımından qiymətli fikirlərdir. Habelə Türkiyənin baş nazirinin bu açıqlaması siyasi, ən başlıcası isə geosiyasi anlamdan düşünülmüş, gərəkli addım da sayıla bilər.


 

Bəlkə də.

Fəqət, rəsmi Ankara bilmir ki, ermənilərin "soyqırım" iddiaları ilə bağlı bir addım geri çəkilməyi qarşı tərəf qorxaqlıq, zəiflik, mövqelərin səbatsızlığı kimi dəyərləndirir və belə də olacaq?
 

Ermənilərlə münasibətləri bu formatda və üsulla normallaşdırmaq cəhdləri Türkiyənin xeyrinə yox, zərərinədir. Üstəlik, tələsik bəyanatlar Azərbaycanın da maraqlarına zərbədir, çünki ermənilər Türkiyəyə qarşı iddialarla çıxış edirlərsə, Azərbaycanda işğalçı müharibə və terror əməliyyatları aparırlar.

"Erməni soyqırımı" məsələsi terror tələbi kimidir: onunla bağlı mövqelərin yumşaldılması terrorçuların ruhlanması və daha da aktivləşməsi üçün təkandır.
 

Hər ilin aprel ayı çatanda Türkiyədə gərgin gözləntilər başlanır.

"Görəsən, ABŞ prezidenti ənənəvi müraciətində "erməni soyqırımı" kəlməsini işlədəcəkmi?", "Əcəba, Avropa Birliyində daha hansı ölkə "soyqırım" yalanını tarixi fakt kimi tanıyacaq?.."
 

Halbuki, rəsmi Ankara birdəfəlik və yetərincə sərt şəkildə bəyan etməli ki, Qərbin bütün ölkələri "soyqırım" tanısalar belə, Türkiyə ermənilərin bu əfsanəsini, idiot iddiasını qəbul etməyəcək, tanımayacaq.

ABŞ-da prezidentlə yanaşı, istisnasız olaraq bütün konqresmenlər xorla "erməni soyqırımı!" söyləsələr belə, bu, Türkiyənin mövqelərini dəyişməyəcək. Bu, söylənməli.
 

Bəyəm qərinələrdən bəri hinduların kökünü kəsməkdə suçlanan ABŞ davranışında nəyisə dəyişib və ya Tibeti işğalda suçlanan Çin haqqında deyilənlərdən, yazılanlardan, bəyanat və qətnamələrdən qüssələnərək pəjmürdə olub?

50 milyon insanın məhvinə səbəb olmuş müharibənin səbəbkarı Almaniyada olmayan hansısa ölkələrin Berlinə münasibətinə görə natamamlıq kompleksi yaranıb?


 

Yox.

Almaniya demişkən: rəsmi Berlin nasizmin cinayətlərini etiraf edən kimi təzminatlar istənildi, ərazi iddiaları başlandı. Yunanlar hələ də almanlardan nəsə istəyirlər.

Bunu da unutmayaq.
 

Ankara bunu çəkinmədən deməli, ermənilərlə yeni oyuna başlamamalıdır.

Çünki qatillə, terrorçu ilə, yalanı həqiqət sayanlarla oyun yox, mübarizə aparılar.

Yox, əgər ermənilər iddialarından əl çəkərək Türkiyə ilə münasibətləri normallaşdırmağın yollarını aramağa, "soyqırımı" məsələsini siyasətçilərin yox, tarixçilərin öhdəsinə buraxmağa hazır olduqlarını desələr, vəziyyət fərqlənər və yalnız onda Ankara danışıqlara başlaya bilər.

Türkiyəni təkləməyə, zəiflətməyə, pərişan etməyə çalışırlar.
 

İndi qardaşlarımızın yanında olmalıyıq. Çünki qanımız, dilimiz, dinimiz, ulusumuz bir olmaqla yanaşı - düşmənimiz də eynidir.

Qahirədə, Mədinədə, Xorasanda, Kuala-Lumpurda və ya başqa müsəlman şəhərlərindəki üləmaların Xocalı soyqırımı, 1915-ci ildə Osmanlı Türkiyəsində Çar Rusiyasının silahlandırdığı ermənilərin qırdıqları yüz minlərlə türkün qətliamı ilə bağlı fətvalar səslənməsə də.

Biz bir olaq, yetər.

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.