Siyasət

ABŞ-ın siması Yaxın Şərqdə dağılır - ARAŞDIRMA

18 Aprel 2015 20:10
0 Şərh     Baxış: 1 491
Ötən il ABŞ-ın Vest Point Hərbi Akademiyasında terrorla mübarizə haqqında çıxış edən Prezident Barak Obama ABŞ-ın xaricdə terrorist təhlükəsinə qarşı artıq təkbaşına mübarizə aparmayacağını, əksinə, terrorist şəbəkələrin istinadgah axtardıqları ölkələrlə əməkdaşlıq etməyi qarşısına məqsəd qoyduğunu bildirmişdi. Ötən ay isə Ərəb Dövlətləri Liqası regionda böyüməkdə olan xaos qarşısında tədbir görmək üçün ərəb ölkələrinin müştərək hərbi qüvvəsinin yaradılmasını vəd edərək bu çağırışa cavab verdi. Obama administrasiyası bu təklifə ehtiyatlı şəkildə öz dəstəyini göstərib. Dövlət Departamentinin baş rəsmilərindən biri belə bir təşəbbüsü xüsusilə Suriyada olmaqla, başqa yerlərdə də yaxşı qəbul etdiklərini bildirib.

Yaradılması təklifi irəli sürülən bu ordu haqqında üzvləri, güc strukturu və harda yerləşəcəyi kimi faktiki məlumatlar növbəti bir neçə ay ərzində hazırlanacaq. İstər siyasi, istər hərbi baxımdan ərəb ölkələrinin birliyi çox vaxt özünü doğrultmadığından, bu hərbi qüvvə ilə bağlı təşəbbüsün tamamlanılmasına şübhə ilə yanaşılır. Tamamlansa belə, ərəb dövlətləri arasında olan fikir ayrılıqları əmin edir ki, bu ortaq ordu NATO, hətta Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası kimi kollektiv bir orqan yox, dəyişkən xarakterli koalisiya olacaq.

Buna baxmayaraq, ABŞ-ın dəstəyinin itirilməs qorxusu ilə birləşən real təhlükə hissi bu ideyaya təkan verib. Müştərək hərbi qüvvənin yaradılması üçün ən çox səy göstərən Misir Liviyadakı ekstremist zorakılığın sərhədi aşacağından narahatdır. Liviyada İslam dövlətinin döyüşçüləri 21 nəfər misirli xristianın başını kəsdikdən sonra Prezident Əbdül Fəttah əl-Sisi BMT-nin müdaxilə qüvvələri üçün çağırış etdi, bu alınmadığı halda isə Tobruk şəhərində beynəlxalq birlik tərəfindən tanınmış Liviya hökuməti üzərinə qoyulan silah embarqosunun qaldırılmasını tələb etdi. ABŞ və Britaniya hər iki tədbirə etiraz etdikdə isə Sisi öz ərəb həmkarlarına etibar etməli olduğu qənaətinə gəldi.

Müştərək ordunun yaradılmasına Misir təkan versə də, körfəz ölkələri arasında önəmli siyasi və maliyyə qüvvəsi olan Səudiyyə Ərəbistanı olmadan bu işi tamamlamaq olmaz. Yəmən İranla müttəfiq olan husi tayfaları tərəfindən zəbt edildiyindən səudiyyəlilər də özləri üçün ciddi təhlükə olduğunu düşünürlər. Səudiyyə Ərəbistanı husilərə qarşı hava hücumuna səkkiz ərəb ölkəsini və ABŞ-ı cəlb etdi. Beləliklə, bu hücum ABŞ-ın dəstəyi ilə həyata keçirilən kollektiv regional əməliyyatın yeni formada prototipinə çevrildi.

Obama administrasiyası Səudiyyənin Yəməni geri almaq üçün hərbi qüvvədən istifadə etməsini müdafiə edir, belə ki, husilər sərhəddə "Skad" raketləri yerləşdirib, İran isə husilərin istinadgahı olan Saada əyalətinə müntəzəm uçuşlara başlayıb. Ancaq Dövlət Departamentindən olan rəsminin bildirdiyinə görə, ölüm və dağıntı hallarınının sayını azaltmaq və husilərlə siyasi həll yolu tapmaq üçün düşmənçiliyə tezliklə son qoyulacaq.

Təəssüf ki, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin bu təkliflə razılaşmasına dair heç bir əlamət yoxdur. Aydın görünür ki, onun planı husiləri bombalayaraq itaətə gətirməkdir. Daha önəmlisi isə, hərbi müdaxilə prinsipini yeni həyata keçirməyə başlayan səudiyyəlilər ABŞ-ın ən kobud səhvlərini təkrarlamağa meylli görünürlər. Hava hücumu 500-dən çox dinc sakinin ölümünə və yeni başlayan humanitar fəlakətə səbəb oldu; Yəmənin beşinci ən böyük şəhəri Mukallanı zəbt etmiş əl-Qaidə üçün yeni imkanlar yaratdı və husilərin strateji əhəmiyyət daşıyan Ədən şəhərini ələ keçirmək cəhdlərinin qarşısını ala bilmədi. Bu isə heç də ruhlandırıcı bir nümunə deyil.

Döyüşün başlamasından hələ iki həftə keçib. Ola bilsin ki, cərəyan dəyişsin. Daha uzunmüddətli problem kral Salmanın siyasi həll yolu ideyasıdır. Onun planı husiləri qovub çıxardıqdan sonra Yəməndən Səudiyyə Ərəbistanına qaçmağa məcbur olmuş prezident Əbd Rəbbu Mənsur Hadinin hakimiyyətini bərpa etməkdir. Hadini ilk dəfə hakimiyyətə gətirən də elə Səudiyyə Ərəbistanı idi və Hadinin əmr qabiliyyəti o qədər zəif idi ki, onun ordusu onu əksəriyyətin nifrət etdiyi sələfi Əli Abdulla Salehin tərəfnə keçdi. Hadi yalnız Səudiyyənin əlaltısı olaraq xilas ola bilər. Daha önəmlisi, husilər Səudiyyəlilərin iddia etdiyi kimi İranın əlaltıları deyillər.

Liviyada da oxşar vəziyyətə rast gəlmək mümkündür. Misir Tobruk hökumətinə Tripolidəki rəqib hökuməti məhv etmək üçün siyasi və hərbi dəstək verdi. Yeganə davamlı həll yolu siyasi şəkildə əldə edilə bilərdi, ancaq atəşkəsin əldə edilməsinə ən böyük maneə törədən amil Tobruk hökumətinin islamçılarla danışıqlara girməyi rədd etməsidir. Baş nazir Abdulla əl-Tani ərəb ölkələrinin Yəməndə etdiklərini Liviyada da etmələrini tələb edib. Bunun baş verməsi isə fəlakətlə nəticələnə bilər.

ABŞ sərt şəkildə də olsa, öyrəndi ki, öz xalqı tərəfindən qanuni hesab edilməyən hökumətləri dəstəkləyə bilməz. Ona görə də, Obama sünnilərə önəmli rol verən siyasi islahatla İraqa hərbi yardım göstərməyə çalışdı. Ərəb diktatorları isə bu prinsipi qəbul etmir. Səudiyyə Ərəbistanı Manamada dinc hərəkatı dağıtmaq üçün sünni monarxiyaya kömək etmək üçün hərbi qüvvə göndərməklə Bəhreyndə şiələr arasında yayılan siyasi narazılığa reaksiya verib. Sisi rejimi öldə daxilində yayılan bu siyasi narazılığın milli təhlükəsizlik üçün təhlükə təşkil etdiyini düşünür; Qahirənin fikrincə isə, Müsəlman Qardaşları təşkilatının üzvləri terroristlərdir və İslam dövlətinin beşinci kolonna versiyasıdır.

Problem getdikcə artır. Qərb Afrikanın təhlükəsizlik problemlərini bu və ya digər dərəcədə Afrika dövlətlərinin etdiyi kimi dəyərləndirir: uğursuzluğa uğrayan dövlətlər, hərbi çevrilişlər və təcavüzkar ordu komandirləri öz sərhədlərindən kənarda xarici dövlətlər tərəfindən həll edilməsi lazım gələn təhlükə yaradırlar. Buna görə də, Afrika İttifaqı ilə işləmək nisbətən çətin deyil. Ərəb dövlətləri ilə isə belə bir razılıq əldə edilməyib.

Səudiyyəlilər yerli üsyanların Yaxın Şərqdə ağalıq etmək istəyən İranın işi olduğunu düşünürlər. Beləliklə, əsas döyüş ABŞ və Qərb üçün olduğu kimi mötədil İslamla zorakı ekstremizm arasında yox, sünni və şiələr arasında gedir. Yaradılması nəzərdə tutulan müştərək ordu ərəb ölkələrinin yox, sünni ölkələrin vasitəsi olacaq, belə ki, şiələrin böyük təsirə malik olduğu İraq və Livan bu ordu üçün istəkli olmadıqlarını göstəriblər. Bu isə mövcud parçalanmanı daha da gücləndirəcək.

Regionda yersiz qorxu yaradan başqa bir məsələ də siyasi islamdır. Misir kimi bu məsələ ilə bağlı əsassız şübhə içərisində olan əmirliklər və digər körfəz ölkələri də Müsəlman Qardaşlarının terror təşkilatı olduğunu bildirib, terrorizmin bürüdüyü Tunisin müdafiəsində maraqlı olmadıqlarını göstəriblər. Elə buna görə də, Tunis hökumətində İslamçı Ennahda partiyası fəaliyyət göstərir. ABŞ yeni yaranan demokratiyaları dəstəkləməkdə və münaqişələri dinc yolla həll etməkdə maraqlıdır. Ərəb ölkələrinin müştərək ordusu isə bunların heç birini etməyəcək.

Ancaq ABŞ eyni zamanda ciddi şəkildə İraq, Suriya və Liviyada İslam dövlətinə son qoymaq, əl-Qaidəni dayandırmaq və Yəməndə husiləri cilovlamaq istəyir. Burda da ABŞ və ərəb dövlətlərinin maraqları birləşir. Qərb islam ekstremizmi problemini həll edə bilməz, bunu yalnız islam dünyası özü edə bilər. Obama bildirib ki, ABŞ bundan sonra terrorla mübarizə məsələsində tərəfdaşlar vasitəsilə fəaliyyət göstərəcək. Ərəb diplomatlarından birinin müştərək ordu haqqında dediyi kimi: "Əgər Obama regionun öz problemlərini həll etməsi siyasəti yürüdürsə, düşünürəm ki, bu, yaxşı fikirdir." Həqiqətən də, ərəb ölkələrinin yeni fəallığınə zəruri edən Amerikanın bu öhdəlikdən əl çəkməsi oldu. "ABŞ artıq bu problemlərin həlli üçün təcili müraciət ediləcək bir qüvvə deyil" - həmin diplomat bildirib.

Hegemon sizsinizsə, tərəfdaşlarınıza necə davranmalarını deyə bilərsiz; yox, deyilsinizsə, onda onların fəaliyyətinə də qarışa bilməzsiniz. ABŞ-ın artıq belə bir rolu yoxdur və istənilən halda bu rolu oynamaq da istəmir. Artıq hərbi qüvvəsindən daha çox öz tərəfdaşlarına etibar etməlidir. Bu isə o deməkdir ki, ABŞ tərəfdaşlarının düşüncələrinə keçmişdə olduğundan daha çox uyğunlaşmalıdır. Beləliklə, Vaşinqton artıq elə bir mövqedə deyil ki, ərəb dövlətlərinin müştərək ordu yaratmalarına etiraz etsin və ya onları necə və harda fəaliyyət göstərməyə məcbur etsin.

4npress.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.