İdman

“Bu mövsüm çempionluq mübarizəsi daha ağır olacaq” - Dambrauskas

25 Oktyabr 2026 22:12
Baxış: 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Sabah" Misli Premyer Liqasının 9-cu turunda "Qarabağ"la qolsuz heç-heçə edib.

Milli.Az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komanda sanki bir-birindən ehtiyat edirdi. Xüsusən də ilk hissədə...

- Keyfiyyətli rəqibə qarşı oynadıq. Hər iki komanda qalib gəlmək üçün əlindən gələni edirdi. Uzun müddət hücumda olduq. Hər iki komandanın müdafiə xətti yaxşı çıxış etdi. İlk hissədə rəqibi qapısına sıxışdırmışdıq. Həm birinci, həm də ikinci hissədə müdafiə xəttinin arxasına ötürmələr çox oldu. 0:0 hesabını ədalətli nəticə saymaq olar. Təəssüf ki, azarkeşlərə qol sevinci yaşada bilmədik. Amma hər iki komandanın azarkeşləri möhtəşəm atmosfer yaratmışdı. Avropa liqalarının oyunlarından heç də geri qalmırdı.

- Mərdəkan stadionu "Sabah" üçün Masazırdakından daha əlverişlidir? Şərait sizi nə dərəcədə razı salır?

- Şübhəsiz, yeni stadionumuz daha yaxşıdır. Azərbaycanın bütün stadionlarında olmamışam, amma buradakı şərait və ot örtüyü ən yaxşılarından biridir. Məsafə də bizim üçün önəmlidir. Əvvəllər Masazıra getmək üçün bir saat yarım vaxt sərf edirdik. Yolda futbolçuların ürəyi də bulanırdı. İndi isə bura cəmi 15 dəqiqəyə çatırıq. Şərait daha yaxşıdır.

- Bir müddət əsas heyətdə çıxış edən Rəhman Daşdəmirov indi az oynayır. Rəqabətdə uduzur?

- Rəhman indiyə qədər çox vacib işlər görüb. Bu mövsüm 50-dən çox oyunumuz olacaq və bəzi mövqelərdə rotasiya etməliyik. O, bizim üçün çox önəmli futbolçudur. Gələcəkdə yenidən meydanda görə bilərik.

- "Sabah"ın futbolçularına cəlbedici təkliflər gəlsə, bu, komandaya təsir edə bilər?

- Belə təkliflər olsa, çox sevinərəm. Bu, futbolçularımızın və klubumuzun səviyyəsini, gördüyümüz işin keyfiyyətini göstərər. Bununla fəxr edərəm. Müqavilələr əbədi deyil, bəzən yeni oyunçular axtarmalı olacağıq. Gedən futbolçuların yerini gücləndirməyə hazır olmalıyıq.

- "Borussiya" və "Qarabağ"a qarşı oyunlar arasında hansı fərqlər var?

- Hər iki komandanın oyun üslubu fərqlidir. "Borussiya" üçlü müdafiə ilə oynayır, hücumda say üstünlüyü yaradırdı. "Qarabağ"ın isə topla çıxışı fərqlidir. Hər rəqibə uyğun hazırlaşmağa çalışırıq. İndi bu oyun geridə qalıb, "Turan Tovuz"la matçı düşünəcəyik.

Futbolçularım möhtəşəmdir. Vaxtımız az olsa da, onlara lazımi detalları çatdırmalıyıq. Bəzən cəmi bir məşqimiz olur. Bu müddətdə pressinqi, hücumları və standart vəziyyətləri işləmək çətindir. Buna baxmayaraq, futbolçularım tapşırıqları tez mənimsəyirlər. Onlara təşəkkür edirəm.

- Çempionluq mübarizəsində əsas rəqibləriniz "Neftçi" və "Qarabağ"la oyunlarda qol vura bilmədiniz. Bu nəticələrdən narazısınız, yoxsa özünüzü 4 xal itirmiş hesab edirsiniz?

- Bu barədə danışmaq hələ tezdir. Cəmi 8 oyun keçirilib. Rəqiblərimiz də xal itiriblər. Məni yalnız qələbə razı sala bilər, amma böyük məyusluq da yoxdur. Bəzi dəyişikliklər etmişdik və çətin dövrdən keçirik. Qrafikimiz sıx idi, amma bundan şikayət edə bilmərik. Çünki Çempionlar Liqasında oynamaq istəyirdik.

Bu mövsüm çempionluq mübarizəsi ötənilkindən daha çətin olacaq. "Neftçi" və "Qarabağ"ın yarışda olacağına şübhəm yoxdur. Futbolçularının gözündə bu istəyi görürəm. Belə rəqabətli oyunlar bizi daha da inkişaf etdirir. Ötən mövsüm "Qarabağ"la qarşılaşmalardan çox şey öyrəndik. Bu komanda güclü mentalitetə malikdir.

"Turan Tovuz", "Zirə", "Şamaxı" kimi komandalarla oyunlar da asan deyil. Gəncədə "Kəpəz"ə qarşı oynamaq hansı komanda üçün rahatdır? Qarşıda 25 oyun var və gələcəkdə nələrin olacağını bilmirik. Bizim üçün ən vacib oyun növbəti qarşılaşmadır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.