Siyasət

Naqisliyin son həddi

17 Mart 2015 19:45
Baxış: 1 803
Azərbaycan xalqı tarixən qüruru, səxavəti və qonaqpərvərliyi ilə tanınıb, seçilib qiymətləndirilmişdir. Bu gün Azərbaycan həm də özünün sürətli sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə qazandığı nailiyyətləri və tutduğu mövqeyi, milli-mənəvi dəyərlərə sadiqliyi, vətəndaşlarına qayğı və məhəbbəti ilə nüfuz sahibidir.

Dövlətimiz nəinki regionda, dünyada, ən yüksək hüquqlu beynəlxalq təşkilatlarda belə söz sahibi kimi tanınır. BMT Təhlükəsizlik Şurasının üzvü kimi bəşəri məsələlərin həllində bir çox yığıncaqlara sədrlik etmək ölkəmizin artan nüfuzunun parlaq göstəricisidir.

Tolerantlıq nümunəsi kimi bəşəriyyətə təqdim olunan Azərbaycan həm də mədəniyyətlərin, dünyagörüşlərinin, intellektlərin, mənəviyyatların qovuşduğu, insan hüquqlarının qorunması, bərabərlik, söz azadlığı amillərinin ön plana çəkildiyi bir məkana çevrilmişdir.

Bəşəriyyəti düşündürən və narahat edən beynəlxalq əhəmiyyətli bir çox tədbirlərin - elmi konfransların, musiqi müsabiqələrinin, idman yarışlarının Azərbaycanda keçirilməsi ölkəmizə, xalqımıza olan rəğbəti günbəgün artırır və müvəffəqiyyətlərimizi daha da möhkəmləndirir.

Ölkəmizin və xalqımızın ünvanına deyilən xoş sözlər, yazılan məqalələr, göstərilən telefilmlər, şərh olunan materiallar hər bir azərbaycanlını sevindirir, qürurlandırır və dövlətimizin şöhrətlənməsi naminə yeni uğurlara ruhlandırır.

Belə də olmalıdır. Çünki Vətəninin uğurlarına sevinməyən, qürur hissi keçirməyən hər hansı bir insan daim əyilməyə, mənliyini satmağa, onun-bunun kölgəsində daldalanmağa və nəhayət, məhvə məhkumdur. Xalqının inkişafından qürur duymayan insandan heç vaxt yaxşı, sədaqətli vətəndaş ola bilməz. Məhz buna görə də babalarımız, nənələrimiz, igidlərimiz, ziyalılarımız həmişə qürurlarını hər şeydən üstün tutublar, asılıblar, diri-diri soyulublar, ancaq qürurlarını sındırmayıblar, ölümün üzünə dik baxıblar, təki vətən ucalsın, xalq sağ olsun deyiblər.

Müdriklərimiz cılız hisslərlə yaşamayıblar, qüruru, şərəfi mala-pula dəyişməyiblər. Ziyana, dərdə-möhlətə düşsələr də, saf adın, kişiliyin dəyərini yüksək tutublar, qonaqpərvərlikdən, çörək verməkdən, dost qazanmaqdan çəkinməyiblər, əksinə, bundan qürur duyublar.
Təklənmək, tanınmamaq, söz, hörmət sahibi olmamaq, ancaq varına-dövlətinə arxalanıb öz içinə cəkilmək, xeyirə-şərə yarımamaq insanın və xalqın bədbəxtçiliyidir. Bu, hər hansı bir dövlətə də fayda verə bilməz. Atalar demişkən "Payını yalqız yeyən, tayını da yalqız qaldırar".

Bu gün Azərbaycan payını yalqız yemir, həm də onu havayı paylamır. Varından-dövlətindən, yeraltı-yerüstü sərvətlərindən düşünülmüş qaydada, vətəndaşlarına, bəşəriyyətə fayda verməklə istifadə edir. Neftdən, qazdan, təbii sərvətlərdən əldə olunan gəlirlər xalqımız üçün qürur doğuracaq işlərə, tədbirlərə sərf olunur.

Fəxr etməliyik ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və hörmətli Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilən neft-qaz strategiyası, beynəlxalq əhəmiyyətli yeni layihələr Azərbaycan xalqına əvəzsiz faydalar verməklə bərabər, həm də dünya xalqlarının həyatını mənalandırır, xoşbəxt yaşayışına təsir edir.

Prezident İlham Əliyevin düşünülmüş, düzgün daxili və xarici siyasəti nəticəsində Azərbaycan abad, sürətlə inkişaf edən, beynəlxalq aləmdə tanınan, hörmət qazanan bir ölkəyə çevrilmişdir. Dövlət başçısının bütün səyləri ölkəmizin, xalqımızın tərəqqisinə, elmimizin, mədəniyyətimizin, tariximizin tanıdılmasına, köklü problemlərin ağılla, təmkinlə həll edilməsinə, neft kapitalının insan kapitalına çevrilməsinə yönəldilmişdir.

Ölkə rəhbəri vətəndaşların xoşbəxt gələcəyi, müstəqilliyimizin qorunması və dövlətçiliyimizin möhkəmlənməsi, torpaqlarımızın azğın düşməndən azad edilməsi naminə ən çətin vəzifələri üzərinə götürməyə hazır olduğunu dəfələrlə bəyan etmiş və bir çox mühüm əhəmiyyətli məsələlərin həllində öz sözünü, vədini cəsarətlə sübuta yetirmişdir.
Dövlət başçısı həm də xalqımıza şərəf gətirəcəyi hər bir tədbiri dəstəkləmişdir. Bu baxımdan ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xalqımız üçün tarixi və qürurverici bir hadisədir. Ölkəmiz bu oyunların yüksək səviyyədə təşkilinə böyük önəm verməklə bərabər, həm də çox məsuliyyətlə yanaşır. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Oyunları təşkilat komitəsinin sədri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva vaxtaşırı olaraq işlərin gedişi ilə tanış olur, bütün məsələlərin vaxtında və yüksək səviyyədə təmin olunması üçün əsaslı tədbirlər görürlər.

Mehriban xanım Əliyeva tərəfindən bir sıra xarici ölkələrdə olimpiya oyunları ilə əlaqədar təqdimat mərasimlərinin kecirilməsi, görülən işlər, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr haqqında dünya ictimaiyyətinin məlumatlandırılması yüksək səviyyəli idman bayramına verilən dəstəkdən və göstərilən diqqətdən irəli gəlir.

Ötən hər bir gün bizi Avropa Oyunlarına yaxınlaşdırmaqla bərabər, həm də bu oyunların keçirilməsi ilə əlaqədar müxtəlif düşüncələri, fikirləri, mülahizələri də ortaya qoyur. Azərbaycanın gələcəyinə uzaqgörənliklə yanaşan, maddiyyəti deyil, mənəviyyatı düşünən, nəcib hisslərlə yaşayan insanlar bu oyunların keçirilməsinə böyük əhəmiyyət verir, qürur duyur, əllərindən gələni etməyə çalışırlar.

Ancaq öz ambisiyalarından çıxış edənlər, qazanılan nailiyyətlərə qara yaxmağa çalışanlar, ölkəmizi istəməyən qüvvələr, xarici düşmənlərimizin diktəsi ilə hərəkət edənlər isə Avropa Oyunlarının keçirilməsinə qarşı çıxır, hətta oyunları baykot etmək üçün müəyyən hiylələrə, təxribatlara əl atırlar.

Bilməliyik ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün tarixi şansdır və böyük əhəmiyyətə malikdir.

Birincisi, Azərbaycanın dünyada tanınması, həqiqətlərimizin, inkişafımızın, mədəniyyətimizin, dünyagörüşümüzün təbliği baxımından Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyəti əvəzsizdir. Demək olar ki, bütün dünyanın, milyardlarla insanın nəzərləri 15 gün Azərbaycana yönələcək, yüzlərlə xarici jurnalist, idman icmalçısı bu oyunlar, eləcə də ölkəmiz haqqında müxtəlif mövzulara dair materiallar çap etdirəcək, reportajlar verəcək, çəkilişlər aparacaqlar.

Avropa xalqlarının dostluq və həmrəylik bayramına çevriləcək idman oyunları dövlətimizin nəyə qadir olduğunu dünyaya nümayiş etdirməklə bərabər, yalnız keçirildiyi günlərdə deyil, ondan sonrakı illərdə də böyük idman tədbiri kimi daimi gündəmdə olacaq və Azərbaycan dünyanın idman mərkəzlərindən biri kimi xatırlanacaqdır.

Həm də bu gün ölkədə tikilib istifadəyə verilən idman qurğuları, meydançalar, stadionlar illərlə insanların sağlamlığına xidmət edəcək, bir çox beynəlxalq yarışların məkanına çevriləcək və Azərbaycanda idmanın inkişafına bir daha təkan verəcəkdir.

İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar yol, nəqliyyat, ticarət, turizm, mehmanxana, ictimai-iaşə və digər sahələrdə həyata keçirilən tədbirlər, yeniliklər, infrastruktur dəyişiklikləri yalnız bu günə deyil, eləcə də gələcəyə hesablanmış düşünülmüş planlardır.
Digər tərəfdən, Avropa Oyunlarının keçirilməsi ərəfəsində minlərlə insan işlə təmin olunmuş, tikinti-abadlıq işlərinin həyata keçirilməsində fəal iştirak etmiş və bundan sonra da həmin insanların əksəriyyəti idman bazalarının istismarında çalışacaqlar.

Bu oyunlar həm də xalqımızın intellektinin, qonaqpərvərliyinin bir nümayişi olacaqdır.

Naqislər, nadanlar isə nüfuz barədə düşünmürlər. Onlar bayrağımızın ucalığından, mədəniyyətimizin yüksəlişindən, mənəviyyatımızın zənginləşməsindən, ünvanımızın genişlənməsindən qürur hissi duymurlar, hər şeyi vəsaitlə, pulla dəyərləndirirlər, dünyaya ciblərinin gözü ilə baxıb, hadisələrə ancaq özlərinin və təsiri altında olduqları insanların, təşkilatların mənafeyi baxımından qiymət verirlər.

Bir çox beynəlxalq əhəmiyyətli tədbirlər kimi radikal müxalifətin, bəzi qeyri-hökumət təşkilatlarının, antiazərbaycançı şəbəkənin Avropa Oyunlarına yanaşmaları sağlam deyil. Onlar əsassız faktlar irəli sürərək bu oyunlara ayrılan vəsaitin yetərincə olmadığı, olimpiya stadionunun texniki cəhətdən qüsurlu olması, bütün işlərin tam başa çatdırılmasının mümkünsüzlüyü barədə fikirlər söyləyir, yalanlar uydurur, oyunları baykot etməyə çağırırlar.

Digər tərəfdən, bu bədxahlar siyasi məhbusların tez bir zamanda azad edilməsi tələbi ilə çıxış edir, müxtəlif cinayətlərdə, dövlətə xəyanətdə, korrupsiya hallarında adları hallandırılan və saxlanılan günahkarların olimpiya oyunları öncəsi aclıq aksiyasına başlayacaqlarını, kütləvi mitinqlərə start veriləcəyini, ölkəmizə gələn xarici mətbuat nümayəndələrinə respublikamızda insan hüquqlarının pozulması barədə ətraflı məlumatlar ötürəcəklərini bildirirlər.

Təəssüfləndirici haldır ki, ifrat radikal müxalifətin fikirləri, arzuları ermənilərlə, xarici düşmənlərimizlə, ölkəmizin inkişafını istəməyən bəzi beynəlxalq təşkilatlar, informasiya vasitələri ilə üst-üstə düşür. Bu, bir həqiqətdir ki, yalanlar, əsassız fikirlər, şayiələr eyni mərkəzdən qaynaqlanır və bu insanlar eyni məqsədə xidmət edirlər.

Müxalifətçilər idman oyunlarını siyasi oyunlara çevirmək, xarici havadarlarının, böyüklərinin çaldıqları havaları oynaya-oynaya əsl oyunbazlıq etmək istəyirlər.

İfrat radikal müxalifətin, eləcə də onların himayədarlarının onlara yarınan insanların çirkin hərəkətlərinə, cinayət əməllərinə açıq-aydın bəraət qazandırmaları, günahkarları siyasi məhbus donunda təqdim etmələri və yalandan hay-həşir qoparmaları başa düşüləndir. Çünki bu insanlar bir-biri ilə ortaqdırlar, bir yolun yolçularıdır, əməlləri, əqidələri, məqsədləri birdir.

Fikir verin, bir milyondan artıq qaçqın və məcburi köçkünün, işğal altında olan torpaqlarımızın, əsirlikdə olan həmvətənlərimizin taleyinə acımayan bir çox müxalifət nümayəndəsi, hüquq müdafiəçiləri, onlara qoşulan bəzi əcnəbilər Azərbaycanda sahibsiz heyvanların müdafiəsinə qalxır, hətta bundan Avropa Oyunlarının pozulması üçün təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Bu, naqisliyin son həddidir və bunu görəndə gülməli bir əhvalatı xatırlatmaya bilmirəm:

Görkəmli sənətkarımız Lütvəli Abdullayev səhər erkən doğulub boya-başa çatdığı Şəki şəhərinə çatanda küçənin ortasında xeyli adamın toplaşdığını və tıxac yarandığını görür. O, ciddi bir yol hadisəsinin baş verdiyini zənn edib maşında gözləməyi lazım bilir. Bir azdan adamların daha da çoxaldığını görən sənətkar maşının pəncərəsindən başını çıxarıb nə olduğunu soruşanda, ona maşınla hansısa heyvanı vurduğunu bildirirlər. Bunu eşidən L.Abdullayev tez maşından düşüb adamlara yaxınlaşır və salam verdikdən sonra: - Ay camaat yaxşı eləyib gəlmisiniz, ömrünüz uzun olsun, ancaq qoyun mərhumun yaxın qohum-əqrəbaları qalsın, yolu açın gedək! - deyir.

Bir andaca hamı dağılışır və yol açılır.

İndi fikirləşirəm, nə yaxşı ki, ölkəmizdə sahibsiz heyvanların yaxınları tapıldı. Hətta onların xaricdə yaşayan əcnəbi əzizləri də var. Xətirlərinə dəyən olsa, bu adamlar mitinq keçirər, beynəlxalq tədbirləri pozar və hətta Avropa Məhkəməsinə kimi gedib çıxa bilərlər.

Çox gülməlidir. Ancaq gülmək azdır. Naqislərin, dargözlərin, nadanların, satqınların, bu torpağın havasını udub, çörəyini yeyib xalqına, vətəninə dönük çıxanların əməllərinə, halına, çirkin hərəkətlərinə həm gülmək, acımaq, həm də qiymət vermək lazımdır.

Qələbələrimizdən qürur duya-duya, naqislərin halına acıya-acıya, səsimiz dünyanın o başına çatana kimi gülmək lazımdır.

Tahir Rzayev,
Milli Məclisin deputatı, fəlsəfə doktoru

"Azərbaycan" qəzeti

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.