Bizi "ağlayan" amerikalı "aktyor": Niyə hər dəfə "işverən" statusunda eyni obrazlar meydan sulayır?
ABŞ-ın Makkeyn İnstitutunda İnsan Haqları və Demokratiya məsələləri üzrə direktor David Kramer "Azadlıq" radiosuna müsahibəsində Azərbaycan hökuməti ünvanına əsassız tənqidi fikirlər səsləndirib. O, müsahibədə daha çox ölkəmizin daxili işinə qarışmaq, təhdid etmək yolu tutaraq, guya ki, Azərbaycanın ABŞ-la ikili oyun oynadığını dilə gətirib. Kramer hətta bir qədər də irəli gedərək, Azərbaycanda iyun ayında keçiriləcək Avropa Olimpiya Oyunlarının siyasi liderlər tərəfindən boykot edilə bilməsini də gündəmə gətirib. Onun müsahibəsinin mətbuatda yer alması ilə paralel olaraq, yanvarın 12-də ABŞ-ın Demokratiyaya Milli Dəstək təşkilatı (NED) tərəfindən Azərbaycanla bağlı dinləmələr təşkil olunub. Bu müzakirələrdə də Azərbaycan ünvanına həqiqətə uyğun olmayan ittihamlar səsləndiriblər.Ekspertlər hesab edirlər ki, Amerikanın anti-Azərbaycan ritorikası daha çox ermənipərəst dairələrin maraqlarını ifadə edir
Bəzi Qərb dairələrinin, xüsusən də Amerikanın anti-Azərbaycan ritorikası ilə bağlı "Kaspi"yə açıqlama verən Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev baş verənləri neqativ hal kimi dəyərləndirib. Deyib ki, ortalıqda çox ciddi absurdlar, yanlış qənaətlər və yönləndirmələr var:
"Devid Krameri atıblar ortalığa ki, fikir bildirsin. Həm də guya diplomatik, siyasi kontekstdə. Fəqət bu adama təlimatdan öncə bir anladan olmayıb ki, hansısa müstəqil dövlətlə bu tonda, "gədə jarqonu" ilə, tərbiyəsizcə danışmaq olmaz. Ayrıca Kramer kimi "əl oyuncağı"nın özü də o təfəkkürdə deyil ki, adını İnsan Haqları və Demokratiya məsələləri üzrə direktor qoyaraq ixtiyari bir dövlətin yürütdüyü siyasətə "səfeh hərəkət" deyə xitab etməyin məsuliyyətini anlasın. Bütün bu proseslər bəlli mənbələrdən qaynaqlanır. O mənbələr ki, ölkəmizin kiminsə vassalı, yedəyi olmamasını qəbul, həzm edə bilmir. Düşüncələri, amalları, arzuları isə hamını öz arzuladıqları məqama gətirmək, öz istədikləri günə qoymaqdır. Eynən Ukrayna, Suriya, Misir və Liviya kimi. Ona görə az qala bütün dünyanı həlqəyə alma çabasındadırlar. Sadəcə, fərqində deyillər ki, həmin dünyanı həlqəyə almaq, ictimai rəyi dəyişmək, insanları məqsədli şəkildə zombiləşdirmək Kramer kimi "qəhrəmanlar"ın, hər sözü ilə özünü və təmsil etdiyi qurumu bir az da yerin dibinə batıran "siyasətşünaslar"ın ağlının da, başının da fövqündədir. Sadəcə bir qarmaqdır, atırlar. Tutar - tutar, tutmaz - tutmaz. Və bütün bu keçən illər ərzində bir şeyi anlamaq, bir həqiqətə hələ də inanmaq istəmirlər ki, Azərbaycan dövləti, hakimiyyəti çox ciddi təməllər üzərində qurulub. Özündə məqsədyönlü siyasəti ehtiva edir. "Azadlıq" adında hansısa missioner saytın, ya da aramıza buraxılan ixtiyari bir agentin fəaliyyəti ilə çökəcək, öz yolundan imtina edəcək qədər çarəsiz, gücsüz deyil".
E.Musayev ABŞ-da Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə, "New York Times" qəzetində dərc edilən qərəzli məqaləyə də toxunaraq deyib ki, bu barədə mövcud hakimiyyətdə öncədən məlumat olub: "Üstəgəl, həccə gedən bəzi tülkülərin orada "oyun çıxaracağını", məqsədli şəkildə, bəlli təlimata uyğun davranacağını da proqnozlaşdırırdıq. Sadəcə, eyni adlı kontekstdə anlamadığım tək bir şey var: bunlar həmin o dediyim oyunları niyə bu qədər bəsit oynayırlar? Niyə dünya çapında nüfuzunu çoxdan itirən simalar yenilənmir? Niyə hər dəfə "işverən" statusunda eyni obrazlar meydan sulayır? Bax maraqlı olan budur... ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun proqram direktoru Miriam Lanskoyun Azərbaycandakı vəziyyət barədə danışarkən ağlaması isə deyəsən lap dramatik səhnə olub. Demək ki, adam mükəmməl aktyordur: Öz ölkəsinin yürütdüyü siyasət az qala bütün bəşəriyyətin məhvini hədəfləyərkən, ömrü boyu olmadığı dövlətin, tanımadığı insanların qeydinə qalmaq gerçəkdən böyük aktyorluq məharəti tələb edir. Obamanın timsalında Amerikanın yürütdüyü antidemokratik xətt, beşüzlü siyasət, yeddili standart planetin az qala bütün dövlətlərinin başında bir-bir çatlamaqdadır. Dünya dövlətləri eyni adlı prosesin qarşısını almasa, növbə hamıya çatacaq. Çünki demokratiya adı altında bəlli bir imitasiya gedir, bu fonda işğalçılıq siyasəti yürüdülür, insan hüquqları kontekstində beynəlxalq hüququn anası, ümuməbəşəri dəyərlərin isə atası ağlar günə qoyulur.
Obamanın təfəkkürüncə, təbirincə bunun adı dövlətlərə dəstəkdir, demokratik mücadilədir. O zaman sual edirəm: Həmin dəstək Ukraynanı niyə viran günə qoydu?, Ərəb ölkələrini niyə din kölgəsində insan qətliamına sürüklədi?, Qəzzafi məsələsi nə idi, Liviyada indi dahamı modern rejim bərqərar olub, yoxsa İraq düzəlib? Ümumiyyətlə, Amerikanın əl qoyduğu hansı məsələ qansız-qadasız, ədalətlə, mərhəmətlə öz sonucuna varıb? Heç biri!".
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Makkeyn İnstitutunda direktor vəzifəsini icra edən Kramerin Azərbaycanla bağlı mövqeyini onun şəxsi münasibəti, yaxud da ölkəmizə qarşı ermənilərin mənafeyindən çıxış edənlərin mövqeyi kimi dəyərləndirib. O, Kramerin işlədiyi institutun məşhur senator Con Makkeynin adını daşıdığını, həmin senatorun isə daha çox Azərbaycana qarşı mövqeyi ilə seçilən biri olduğunu vurğulayıb. Bildirib ki, hətta 2009-cu ildə erməni kilsəsi Con Makkeyni "ermənilərin dostu" adına layiq görüb:
"Kramerin "Freedom House" təşkilatından ayrılandan sonra məhz Makkeyn İnstitutunda özünə iş yeri tapması ondan xəbər verir ki, o, şəxsi zəmində Azərbaycana qarşı köklənib. Kramer harada olmasına baxmayaraq, daim Azərbaycana qarşı işləməkdədir. Ona görə də bu adamın ölkəmizin ünvanına səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. O, Azərbaycanla bağlı fikirlər səsləndirərkən az qala Şimali Koreya kimi bir ölkəni təsvir edir. Reallıq isə budur ki, Azərbaycan nə Şimali Koreyadır, nə də Kramerin tənqid edə biləcəyi səviyyədə hadisələr burada baş verir. NED tərəfindən Azərbaycanla bağlı dinləmələrin təşkil olunmasına gəlincə, bu tədbirdə birmənalı şəkildə ölkəmizə qarşı çıxışlar seçilmişdi. Əgər NED Azərbaycanla bağlı səmimi müzakirə açırsa, nə üçün orada yalnız bir tərəfi təmsil edən insanlar iştirak edirlər? Nə üçün orada 1 nəfər də olsa Azərbaycan hakimiyyəti təmsilçisi, eləcə də müstəqil mövqeyi ilə seçilən QHT rəhbəri yoxdur? Məgər Amerika demokratiyası tək qapıya oynamaqdırmı? Tək tərəfli şəkildə bir ölkə haqqında rəy formalaşdırmaq nə dərəcədə düzgündür? Fikrimcə, Amerikada müəyyən dairələr bu kimi hərəkətlərə yol verməklə ölkələrimiz arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar. Sözügedən müsahibə və dinləmələrdə, ABŞ mətbuatında dərc edilən qərəzli yazılarda bu mövqe çılpaq şəkildə özünü göstərməkdədir. Bir balaca araşdırma apardıqda bunun da kökü ermənipərəst dairələrə, konqresmenlərə, senatorlara gedib çıxır".
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
-
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - (Foto-Video)
-
Rusiya səfiri XİN-ə çağırıldı
XƏBƏR LENTİ
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı





