11.01.2015
02:31
Milli.Az AzərTAc-a istinadən bildirir ki, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Prezident İlham Əliyev iclasda yekun nitq söylədi.
Prezident İlham Əliyevin yekun nitqi
- 2015-ci ildə ölkə qarşısında duran vəzifələr bəllidir. Biz çalışmalıyıq ki, iqtisadi inkişafımızı təmin edək. Əminəm ki, belə olacaq. Ancaq heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır. 2014-cü ilin sonlarında müşahidə olunan proseslər təbii ki, 2015-ci ildə də davam edəcək. Dünyada mövcud olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcəkdir. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaqdır.
Ancaq əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazır olmağımız əminəm ki, 2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaqdır.
Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Son illər ərzində əsas prioritetlər arasında biz həmişə makroiqtisadi sabitliyi qeyd edirdik. Bu, ölkə iqtisadiyyatı üçün önəmlidir, xarici investisiyaların cəlb edilməsi üçün çox önəmli amildir. Eyni zamanda və ilk növbədə, insanların rifah halının yaxşılaşması üçün makroiqtisadi sabitlik ən önəmli məsələdir və biz bu sabitliyi uzun illərdir ki, təmin edirik. Böhranlı illərdə - 2008-2009-cu illərdə də təmin etmişik. Keçən il də təmin etmişik və bu il də təmin edəcəyik.
Manatın məzənnəsi, - artıq burada deyildi, - bir çox məsələlərin həlli üçün bizə imkanlar yaradır, ilk növbədə, ölkəmizin dinamik və uğurlu inkişafına xarici investorlarda inamı artırır, Azərbaycan əhalisinin rahat yaşamasını təmin edir. Manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir və əlbəttə ki, bu amillər hər bir ölkə üçün önəmlidir. Hər bir ölkə üçün onun milli valyutası müstəqilliyin atributlarından biridir. Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir. Çünki indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq depozitləri bir əmanət kimi saxlayırlar.
Yəni, bir daha demək istəyirəm ki, Azərbaycan özünü dünyanın bir parçası kimi çoxdan təsdiq edib və indi biz dünyaya açığıq, açıq iqtisadiyyat, açıq siyasət, açıq qapılar siyasəti aparırıq. Birbaşa qoyulan xarici sərmayələrin həcminə görə Azərbaycan bu bölgədə uzun illərdir ki, liderlik mövqelərini saxlayır. Yəni, biz dünya iqtisadiyyatının bir parçasıyıq. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və iqtisadiyyatımızı qorumaq əzmində olmağımız əlbəttə ki, bu nadir vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Biz bunu qorumalıyıq. 2015-ci il də bu istiqamətdə önəmli il olacaqdır.
İkinci önəmli vəzifə, - bu da artıq bir neçə ildir ki, daim vurğulanır, - qeyri-neft sektorumuzun inkişafıdır. Əgər biz vaxtilə bu istiqamətdə önəmli addımlar atmasaydıq, neftin qiymətinin bugünkü konyunkturası bizə çox mənfi təsir göstərə bilərdi. Ancaq bu gün qeyri-neft sektorumuz iqtisadiyyatda hərəkətverici amildir və 7 faiz səviyyəsində artan qeyri-neft sektorumuz görülən işlərin nəticəsidir. Bu, eyni zamanda, həm investorlara, həm yerli şirkətlərə əlavə nikbinlik verir.
Əhali də bunu görür və yüksək qiymətləndirir. Nəyin hesabına buna nail ola bilmişik? İlk növbədə, regional inkişaf proqramının icrası, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsi, düşünülmüş siyasət, sənayeləşmə siyasəti, xarici investisiyaların cəlb edilməsi, neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi sayəsində. Bütün bu amillər qeyri-neft sektorumuzun inkişafını təmin edir.
Biz qeyri-neft sektorunun inkişafı üçün infrastruktur layihələrini icra edirik. Əgər bu layihələr icra edilməsəydi, regionlarda biznes imkanlarından söhbət gedə bilməzdi. Eyni zamanda, düşünülmüş iqtisadi siyasətlə düzgün prioritetlər seçmişik və ildən-ilə bu prioritetlərin növbəliliyi dəyişir. Bu da təbiidir, çünki biz doqmatik yanaşmadan çox uzağıq, çevik iqtisadi siyasət aparırıq. Daxili bazarı təmin etmək üçün yerli istehsalın artırılması da qeyri-neft sektorunun inkişafına birbaşa təsir edən amildir və bütün bu görülən işlər və digər tədbirlər nəticəsində dayanıqlı inkişaf artıq təmin edilib. Ümumi daxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təşkil edir. Gələcəkdə neft amilinin ümumi daxili məhsulumuzda aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaqdır. Bu, bizim vəzifəmizdir. Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, neft-qaz amili bizim üçün bir vasitədir. Bu, inkişaf etmək, dayanıqlı və çoxşaxəli iqtisadiyyat qurmaq üçün bir vasitədir. Biz bu vasitədən səmərəli şəkildə istifadə edirik.
Bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və iş yerləri bunu göstərir. Eyni zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək göstərilir. Yerlərdə də bu işlər düzgün təşkil edilməlidir və sahibkarlara bu il o cümlədən öz vəsaitlərindən istifadə etməklə ölkəmizin real sektoruna vəsaiti qoymağı tövsiyə edirəm. Çünki dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar da həm o imkanlardan istifadə etməlidirlər, eyni zamanda, - artıq uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, - ölkənin inkişafına, real sektorun inkişafına daha da çox sərmayə qoymalıdırlar. Eyni zamanda, biz xarici investorları da qeyri-neft sektoruna cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa maraqlıdırlar. Ancaq biz onları indi digər sektorlara da cəlb edirik və edəcəyik. Yaradılan xüsusi proqramlar çərçivəsində texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək.
Çünki dünyada indi bir tərəfdən iqtisadi böhran davam edir, vəsait qıtlığı müşahidə olunur, eyni zamanda, investisiya qoymaq üçün o qədər böyük seçim də yoxdur. Çünki böhran içində çabalayan ölkələrə kim investisiya qoyacaq? Ona görə sabit ölkələrə, ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan ölkələrə xarici investisiyalar cəlb etmək daha asandır. Burada əlbəttə ki, informasiya qıtlığı öz rolunu oynayır. Amma son illər ərzində keçirilən təqdimatlar, biznes forumlar, Azərbaycan ilə bağlı dünya ictimaiyyətinə, o cümlədən biznes strukturlarına dolğun informasiyaların ötürülməsi artıq xarici investorlar üçün Azərbaycanı çox cəlbedici ölkəyə çeviribdir.
Bu il qeyri-neft sektorunun inkişafı ilə bağlı bank sektorunun rolu xüsusi əhəmiyyətə malikdir. Son vaxtlar bizim banklarımız real iqtisadiyyata daha da böyük həcmdə kreditlər ayırır. Mən bunu dəstəkləyirəm və keçən müşavirələrin birində qeyd etmişdim ki, daha çox bu sahəyə kreditlər verilməlidir. Biz artıq bunu görürük. Bu, çox müsbət yanaşmadır, bank sektorunun məsuliyyətini göstərir.
Xüsusilə bir daha demək istəyirəm ki, 2015-ci il dünya üçün asan il olmayacaq. 2015-ci ildə bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi, əlbəttə ki, bizim üçün prioritet olacaq. Əminəm ki, banklar da bu istiqamətdə öz sözünü bundan sonra da deyəcək.
Əlbəttə, indi müxtəlif istehlak kreditlərinə də, digər layihələrə də vəsait ayrılmalıdır. İndi Azərbaycanda ticarət mərkəzləri, ofis və yaşayış binaları tikilir. Bu da təbiidir, çünki ölkə, iqtisadiyyat inkişaf edir, insanların bu layihələrə ehtiyacı var. Bu da lazımdır. Ancaq ölkə iqtisadiyyatı üçün hazırda real sektora qoyulan vəsait prioritet təşkil edir.
Bununla bərabər, təbii ki, bu il bizim gəlirlərimiz azalacaq. Ona görə dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdırlar. İsrafçılığa yol verilməməlidir. Əlbəttə ki, biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar.
Son illərdə biz ölkəmizin sürətli inkişafını təmin etmək üçün iqtisadiyyata böyük vəsait yönəltmişik. Hesab edirəm ki, bu, düzgün siyasət idi. Bu siyasət bugünkü reallıqları təmin edir. İnfrastruktur layihələrinə, real sektora qoyulan vəsait bu gün işləyir və biz bu vəsait hesabına ümumi iqtisadi inkişafımızı təmin edirik. 2015-ci ildə ölkə iqtisadiyyatı, sosial sahə üçün lazım olan bütün digər layihələr, təbii ki, tam şəkildə icra ediləcək. Demək istəyirəm ki, bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə təmin ediləcəkdir.
Ünvanlı sosial yardım, əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, evlərin tikilməsi - bütün bu proqramlar təmin ediləcək. Məktəb, xəstəxana tikintisi davam etdiriləcək. Eyni zamanda, infrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra ediləcək. Bu ilin əvvəlində və keçən ilin sonunda bu istiqamətə Prezidentin ehtiyat fondundan böyük vəsait ayrılmışdır. Bu il ən azı 300 artezian quyusu qazılacaq və ən azı 50 kənddə modul tipli təmizləyici qurğular quraşdırılacaq. Yəni, bu məqsədlərə həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İçməli su layihələri bizim üçün hazırda infrastruktur layihələri arasında prioritetdir, kənd yolları da həmçinin. Keçən il kənd yollarının tikintisinə böyük vəsait ayrılmışdır. Bu gün bu rəqəmlər səsləndi və bu il də bu proses davam etdiriləcək. Bu yaxınlarda imzaladığım sərəncamlar əsasında artıq hər kəs görür ki, biz burada da öz siyasətimizi davam etdirəcəyik.
Qazlaşdırma, elektrik xətlərinin təmiri, çəkilişi prosesi gedir. Bu infrastruktur layihələri və meliorasiya ilə bağlı olan tədbirlər ölkəmiz üçün çox önəmlidir. Çünki biz keçən il və 2013-cü ildə iki nəhəng layihəni istismara vermişik - Şəmkirçay və Taxtakörpü su anbarlarının tikintisi başa çatıbdır. Azərbaycan tarixində bu layihələrin çox böyük yeri var. Biz bu layihələri ancaq müstəqillik dövründə icra edə bilmişik və bu layihələr Azərbaycanın nə qədər güclü ölkə olduğunu bir daha göstərir.
Bu layihələrin davamı olaraq kanallar çəkilməli, yeni əkin sahələri dövriyyəyə buraxılmalıdır. Ona görə meliorativ tədbirlər də prioritet olaraq qalacaqdır. Bunlar bilavasitə ərzaq təhlükəsizliyi ilə bağlı olan layihələrdir. Biz keçən il də görmüşük ki, ərzaq təhlükəsizliyi ilə bağlı olan planlarımız vaxtında müəyyən olunmuşdur və icra edilməyə başlamışdır. Çünki ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq. Çünki keçən il də biz görmüşük ki, bir sıra ərzaq məhsullarının ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulmuşdur. Yəni, özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcəkdir.
Dövlət burada da fermerlərə öz dəstəyini göstərir. Bildiyiniz kimi, burada uzun illərdir ki, vergi güzəştləri həyata keçirilir. Dövlət tərəfindən texnika, cins mal-qara alınır. Ərzaq təhlükəsizliyi ilə bağlı institusional islahatlar aparılır, aqroparklar salınır, subsidiyaların verilməsi prosesi təkmilləşdirilir. Məhsuldarlığın artırılması prosesi də çox önəmlidir. Bizim ixrac potensialımızın artırılması da gündəlikdə duran məsələlərdən biridir. Çünki əminəm ki, biz yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin edəcəyik. Beləliklə, ixrac üçün bizim yeni məhsullarımız olacaqdır. Nəzərə alsaq ki, artıq iyirmiyə yaxın iri fermer təsərrüfatının yaradılması prosesi gedir, əminəm, biz özümüzü yaxın gələcəkdə buğda ilə tam şəkildə təmin edə biləcəyik. Yeni iri fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur, bir hektardan 55 sentner. Halbuki, ölkə üzrə bu göstərici 23 sentnerdir. Yəni, bu yeni, müasir yanaşma, əlbəttə ki, dövlət vəsaiti hesabına yaradılan yeni imkanlar gələcəkdə bizim ixrac imkanlarımızı da artıracaq. Çünki burada yenə də dövlət əsas funksiyanı öz üzərinə götürübdür. Yerlər müəyyənləşdirilibdir. Fermerlərə güzəştli şərtlərlə kreditlər verilibdir. Eyni zamanda, texnika, suvarma, bütün infrastruktur layihələri dövlət tərəfindən icra olunubdur ki, məhsuldarlıq artsın və biz özümüzü ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edək.
Əlbəttə ki, bizim Şəmkirçay və Taxtakörpü su anbarlarının fəaliyyəti nəticəsində on minlərlə hektar torpaqda yeni məhsulların yetişdirilməsi gözlənilir. İndi artıq bu yerlər müəyyən edilibdir və bu yeni sahələrdə məhsulların yetişdirilməsi prosesi başlayır.
Keçən il "Sənaye ili" elan edilmişdir. Sənayenin inkişafı ilə bağlı bir çox tədbirlər görülmüşdür. Mən keçən müşavirələrdə də demişəm ki, hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq pilot layihəsi icra edilir. Yəqin ki, bu il biz bu il layihənin başlanmasını görəcəyik. Eyni zamanda, bizim ənənəvi sənaye mərkəzlərimiz də öz imkanlarını genişləndirir. Sumqayıt, Gəncə, Mingəçevir, əlbəttə ki, Bakı şəhəri, xüsusilə Qaradağ rayonu bizim əsas sənaye mərkəzlərimizdir.
Biz bu il böyük metallurgiya kompleksinin tikintisini gözləyirik. Artıq bir müddətdir ki, bu kompleksin yaradılması ilə bağlı işlər aparılır. Xarici məsləhətçilər cəlb edilmişdir. Demək olar ki, texniki-iqtisadi əsaslandırma artıq hazırdır. Bizim təbii resurslarımız, filiz yataqlarımız var. Əlbəttə, biz çalışmalıyıq ki, öz təbii imkanlarımızdan, resurslarımızdan maksimum dərəcədə istifadə edək və özümüz hazır məhsul istehsal edək. Yəni, budur bizim əsas məqsədimiz. Biz hər bir sahədə hazır məhsul istehsal etməliyik. Bu, böyük dövlət vəsaiti tələb edən layihədir. Baxmayaraq ki, indi bizim gəlirlərimiz azalacaq, hesab edirəm, bu layihə sənayemizin inkişafı üçün prioritetdir, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycanda yeni ixrac məhsulu yaranacaq və bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına əlavə təkan verəcəkdir. Ona görə bu layihənin icrası ilə bağlı heç bir yubanma ola bilməz. Bu məsələ Dövlət İnvestisiya Proqramında öz əksini tapıbdır.
Builki Dövlət İnvestisiya Proqramı təbii ki, əvvəlki illərdən fərqlənir. Çünki dövlət tərəfindən qoyulacaq vəsait daha da azalacaq. Bu da təbiidir. Ancaq prioritetlər düzgün seçilibdir və əvvəlki illərdə bir çox işlərin görülməsi imkan verir ki, biz artıq bu investisiya proqramımızı ixtisar edək. Çünki Taxtakörpü, Şəmkirçay böyük dövlət vəsaiti tələb edən nəhəng layihələrdir. Kənd yollarının, içməli su layihələrinin bir çoxu artıq icra edilib. Ancaq prioritetlər var və biz dövlət investisiyalarını dayanıqlı inkişafa yönəltməliyik. Çünki əgər biz bunu etməsək, bir neçə ildən sonra artıq boşluq yaranacaq. Biz isə buna imkan verə bilmərik. Çünki ilk növbədə, ölkənin dayanıqlı inkişafı təmin edilməlidir və eyni zamanda, iş yerlərinin yaradılması daimi prosesdir.
Mən giriş sözümdə bunu demişəm və bir daha demək istəyirəm. Bəzi ölkələr demoqrafik böhrandan əziyyət çəkir. Əlbəttə ki, ən ağır böhran demoqrafik böhrandır. Çünki bəzi ölkələrdə əhali həm təbii səbəblər üzündən kəskin şəkildə azalır, eyni zamanda, o ölkələrdə miqrasiya çox sürətlə gedir. Azərbaycan əhalisi artır. Bu, böyük üstünlüyümüzdür. Azərbaycan əhalisi nə qədər artsa, biz o qədər də güclənəcəyik. Ancaq demoqrafik artım özü ilə bəzi problemlər də gətirir, o cümlədən işsizlik. Ona görə biz nə qədər yeni iş yerləri yaratsaq da, yenə də iş yerlərinin yaradılmasına ehtiyac var.
Dövlət Proqramının əvvəlindən - 2004-cü ildən bu günə qədər bir milyon 300 min iş yeri yaradılıbdır. İşsizliyin azaldılması bunun hesabına mümkün olub. Ancaq bu, daimi proses olmalıdır. Bu prosesi təmin etmək üçün biz yeni sənaye istehsalları yaratmalıyıq. Nəzərə alsaq ki, indi elmi-texniki tərəqqi sürətlə gedir, texnoloji proseslər daha da təkmilləşir, avtomatlaşma prosesi gedir, yəni, işçi qüvvəsinə gələcəkdə o qədər də böyük ehtiyac olmayacaq. Ona görə innovasiyalara üstünlük verilməlidir. Texnoparkların yaradılması xarici texnologiyaların, eyni zamanda, xarici investisiyaların gətirilməsini də təmin etməlidir. Biz onsuz da dövlət tərəfindən investisiyaları qoyuruq. Ancaq real sektora dövlət o qədər də böyük investisiya qoya bilməz. Bu, düzgün deyil, biz ancaq strateji istehsal sahələrinin yaradılmasına dövlət tərəfindən investisiya qoya bilərik. Ona görə bu istiqamətdə, sənayeləşmə prosesinin düzgün şəkildə təmin edilməsində biz bundan sonra da çox ciddi siyasət aparacağıq.
Ekologiya ilə bağlı məsələlər prioritet olaraq qalır. Keçən il Azərbaycanda 4 milyona yaxın ağac əkilibdir. Bu, çox müsbət haldır. Bu proses həm Abşeron yarımadasında, həm bütün bölgələrdə gedir. Neftlə çirklənmiş ərazilər təmizlənir. Eyni zamanda, içməli su layihələri və digər layihələr ekoloji vəziyyətin yaxşılaşmasına xidmət göstərir. Böyükşor gölündə işlər sürətlə gedir. Bir neçə aydan sonra Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi başa çatacaq. Hesab edirəm ki, bu, buna oxşar bütün başqa layihələr üçün bir nümunə olacaqdır. Çünki biz bu istiqamətdə çox fəal iş aparırıq, neftlə çirklənmiş bütün yerləri, gölməçələri təmizləyirik. Bibiheybət, "Ağ şəhər", Böyükşor. Bu il Zığ gölünün təmizlənməsi nəzərdə tutulubdur. Bu da çox önəmli layihədir. Biz Bakının ətrafında yerləşən, neftlə və lay suları ilə çirklənmiş bütün gölləri tədricən təmizləyəcəyik. Orada istirahət və əyləncə zonaları, ictimai yerlər yaradılacaq. Ümumiyyətlə, Bakıda son illərdə çoxsaylı ictimai yerlər, parklar, bağçalar yaradılır. Bu ictimai yerlərin sayına görə Bakı bəlkə də dünya miqyasında ön sıralardadır. Çünki Bakı bu gün parklar, bağçalar şəhəridir və Bakı təmiz göllər şəhəri olacaqdır. Mən buna əminəm. Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsinin bu ilin yayına qədər başa çatması, hesab edirəm, hər kəsə göstərəcək ki, biz bunu da edə bilmişik və güclü iradə olan yerdə, istənilən layihə icra edilə bilər.
Keçən il nəqliyyatla bağlı işlər uğurla icra edilmişdir. Mən bunu artıq qeyd etdim, Ələtdə yeni dəniz ticarət limanının tikintisi bu il də davam etdiriləcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi artıq başa çatır. İndi artıq sınaqlar keçirilir. Azərbaycan tərəfindən bütün işlər demək olar ki, görülübdür. Ümid edirəm ki, bütün başqa sahələrdə tikinti-quraşdırma işləri bu il başa çatacaq və biz bu layihənin açılışını qeyd edəcəyik.
Bu da tarixi layihədir. Uzun illər bu layihə ətrafında danışıqlar, müzakirələr gedirdi. Ancaq Azərbaycan həm öz vəsaitini, həm də iradəsini ortaya qoyduqdan sonra bu layihə artıq reallaşmağa başlamışdır.
Nəqliyyatla bağlı digər layihələr də icra edilir. Ölkəmizə yeni təyyarələr gətirilir. MDB məkanında Azərbaycan birinci ölkədir ki, ən müasir "Boeing-787" Dreamliner təyyarəsi, iki sərnişin təyyarəsi gətirilmişdir. Bundan əvvəlki dövrdə müasir təyyarələr alınmışdır. Yeni marşrutlar müəyyən edilir. Hava nəqliyyatı hər bir ölkə üçün önəmlidir. Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları ilə artıq bir regional mərkəzə çevrilibdir. Biz bu rolumuzu daha da gücləndirməliyik. Bizim coğrafi vəziyyətimiz güclü nəqliyyat infrastrukturu ilə də təmin edilməlidir. Dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlı olan məsələlərdir. Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri - onlar Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm ölkəmizə, həm də qonşulara xidmət göstərəcəkdir.
Xəzər Gəmiçiliyi ilə bağlı işlər görülür, islahatlar aparılır, yeni gəmilər alınır və ən önəmli hal ondan ibarətdir ki, Azərbaycanda gəmiqayırma zavodunda artıq gəmilər istehsal olunur. Həm neft-qaz əməliyyatları üçün sifarişlər verilibdir, həm də hərbi məqsədlər üçün gəmilər tikiləcəkdir. Eyni zamanda, bizim bütün digər gəmilər - tankerlər, yük gəmiləri Bakıda istehsal olunacaq. Bu da sənayeləşmə siyasətimizin bir nəticəsidir. Vaxtilə gəmiqayırma zavodunun tikintisi barədə qəbul olunmuş qərar artıq özünü doğrultdu. Çünki biz görürdük ki, gəmilərin - tankerlərin, yük, servis gəmilərinin hamısı xaricdən alınır. Ancaq bizdə daxildə tələbat var. Biz gərək öz donanmamızı yeniləşdirək. Eyni zamanda, böyük neft-qaz əməliyyatları aparılır və aparılacaq. "Şahdəniz"lə bağlı yeni gəmilərə ehtiyac var. Ona görə, qısa müddət ərzində gəmiqayırma zavodunun tikintisi çox önəmli addım idi və bu zavod bütün Xəzəryanı ölkələrə xidmət göstərə bilər. Mən Xəzər Sammitində öz həmkarlarımla söhbət əsnasında söyləmişdim ki, artıq belə zavod var və siz də bundan faydalana bilərsiniz, sifarişləri verə bilərsiniz. Ümumiyyətlə, biz Xəzər hövzəsində bu istiqamətdə daha da sıx əməkdaşlıq edə bilərik. Əgər, misal üçün, Bakıda belə müasir zavod varsa, inanmıram ki, başqa yerdə belə zavodun tikintisinə ehtiyac olsun. Yəni, burada da kooperasiya işləri düzgün aparılmalıdır. Azərbaycan da öz sözünü deyir.
Keçən il "Cənub" qaz dəhlizinin təməli qoyulmuşdur. Bu, tarixi hadisədir. Bu layihə bizim uzunmüddətli inkişafımızı daha da sürətləndirəcək. Bu layihə "Əsrin müqaviləsi"nə bərabər olan bir layihədir. Artıq bu layihəni XXI əsrin layihəsi adlandırırlar. Çox simvolik hal ondan ibarətdir ki, məhz 2014-cü il sentyabrın 20-də - "Əsrin müqaviləsi"nin imzalanmasından düz 20 il sonra "Cənub" qaz dəhlizinin təməli qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurlu icrası bu gün də təmin edilir. Görün "Əsrin müqaviləsi"ndən sonrakı dövrdə nə qədər işlər görülmüşdür! Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, indi "Cənub" qaz dəhlizi, "Şahdəniz" yatağının işlənməsi. Azərbaycan burada öz liderlik rolunu bir daha təsdiqlədi. "Cənub" qaz dəhlizinin müəllifi Azərbaycandır. Bu layihənin aparıcı qüvvəsi də Azərbaycandır. Bunu hamı bilməlidir. Azərbaycanın güclü iradəsi olmasaydı, bu layihə heç vaxt reallaşmayacaqdı. Biz bu layihənin reallaşması ilə bağlı çox gərgin iş aparmışıq. Çox gərgin və fəal iş aparmışıq ki, artıq bu layihəni icra etməyə başlamışıq. Biz buna Azərbaycan üçün ən məqbul şərtlərlə və beynəlxalq əməkdaşlıq çərçivəsində nail ola bilmişik. Çünki bizim tərəfdaşlarımız olmadan bu layihə icra edilə bilməz. Ona görə bu layihə daha da böyük koordinasiya tələb edir. Çünki burada iştirak edən ölkələrin, şirkətlərin sayı çoxdur. Bakı-Tbilisi-Ceyhan layihəsinin icrasında üç ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə iştirak edirdi. Ancaq "Cənub" qaz dəhlizinin icrasında 10-a yaxın ölkə iştirak edəcək. Çünki biz bu layihəni çox böyük və geniş layihə kimi görürük, bunu əlbəttə ki, mərhələlərə bölürük. İlk növbədə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsi, TANAP, TAP layihələri, ondan sonrakı dövrdə digər layihələr. Ona görə bu, tarixi hadisədir. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir.
Ölkəmizin siyasi, iqtisadi maraqları təmin ediləcəkdir. Azərbaycan Avropa istehlakçıları üçün əvəzedilməz ölkəyə çevrilir. Bu nə deməkdir? Bunu çox izah etməyə də ehtiyac yoxdur. Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq və getdikcə bu rol artacaq. Çünki Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır. Bütün başqa mənbələr - onlar artıq var. O mənbələrin ehtiyatlarını müxtəlif yollarla, yəni, yeni yollarla Avropaya nəql etmək mümkündür. Belə layihələr var, lakin yeni mənbə ancaq Xəzər hövzəsidir və Azərbaycandır. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Əminəm ki, bu layihəni də uğurla icra edəcəyik. Çünki bu günə qədər bir dənə də layihə olmamışdır ki, biz onu başlayaq və icra etməyək. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, həm də Bakı-Tbilisi-Qars, yəni, beynəlxalq layihələrdən söhbət gedir. Əminəm ki, "Cənub" qaz dəhlizi də tam şəkildə icra ediləcəkdir.
Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir. Oyunların keçirilməsinə beş ay qalıbdır. Təşkilat Komitəsi çox fəal işləyir, bütün vəzifələri icra edir. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. İndi hazırlıq son mərhələdədir. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var.
Azərbaycanın rolu getdikcə artır. Ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət, multikulturalizm, dini-milli dözümlülük, dünyaya açıq olmağımız - bütün bu amillər bu gün Avropa, dünya üçün lazımdır. Çünki əfsuslar olsun ki, real həyatda biz bir çox hallarda tam başqa mənzərəni görürük - qanlı toqquşmalar, terrorizm, ədavət, ikili standartlar və s.
Azərbaycan isə öz inkişaf modelini ortaya qoyur. Bu, hər kəs üçün açıq olan modeldir. İqtisadi model - bu gün biz bu barədə danışmışıq. Yəni, bu, nadir bir iqtisadi inkişaf modelidir. Siyasi islahatlar modeli - məncə, Azərbaycan nümunə ola bilər. Çünki iqtisadi islahatları aparmaqla, eyni zamanda, siyasi islahatlara da böyük önəm veririk. Bütün demokratik təsisatlar yaradılıb. Bütün azadlıqlar - söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı, din azadlığı təmin edilib. Bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir. Ona görə, Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər.
Əgər bütün ölkələr öz daxili işləri ilə məşğul olsaydılar, başqa ölkələrin daxili işlərinə qarışmasaydılar və əsassız tələblər irəli sürməsəydilər, dünya daha da sabit olardı, təhlükəsizlik daha da çox təmin edilərdi.
Hər halda biz Azərbaycanda öz işimizi görürük, görəcəyik və əminəm ki, 2015-ci ili də uğurla başa vuracağıq. Sağ olun.
----------------
10.01.2015
22:42
Milli.Az AzərTAc-a istinadən bildirir ki, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Bu gün biz 2014-cü ilin yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. 2014-cü il də ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaqdır.
Düz bir il bundan əvvəl biz keçən ildə görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparmışdıq, qarşıya mühüm vəzifələr qoyulmuşdu və il ərzində çox gərgin iş aparılmışdır. Keçən il dünyada və bölgədə müxtəlif proseslər gedirdi. Gərginlik, demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdir, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır.
Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz yol düzgün yoldur. Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək.
Ölkə iqtisadiyyatı uğurla inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşıya vəzifə qoyulmuşdur ki, həm ümumi daxili məhsul, eyni zamanda, qeyri-neft sektorumuz artsın. Bu iki əsas vəzifə tam şəkildə təmin edilmişdir. İqtisadiyyatımız təxminən 3 faiz artmışdır. Bu, bugünkü dünyada çox gözəl göstəricidir. Bəzi ölkələrdə artım da yoxdur, əksinə, tənəzzül müşahidə edilir. Artım olan ölkələrdə bu, 1 faizə qədərdir.
Baxmayaraq ki, ilin sonunda neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin.
İnflyasiya çox aşağı səviyyədə olmuşdur - 1,4 faiz. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələmişdir. Deyə bilərəm ki, son illər ərzində bu mənzərə müşahidə olunur - əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə qabaqlayır. Bu da insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir.
Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir. Bu da çox sevindirici haldır. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır vəziyyəti nəzərə alaraq 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur.
Əlbəttə ki, bu uğurun təməlində son illərdə aparılan siyasət dayanır. Əgər bu siyasət, investorların Azərbaycanın sabitliyinə, gələcəyinə inamı olmasaydı, heç kim Azərbaycana vəsait qoymazdı. 27 milyard dollar həcmində investisiya qoyuluşu və bunun müqabilində 1,4 faizlik inflyasiya Azərbaycanın uğurlu inkişafının ən gözəl göstəricisidir. Çünki həm pensiyalar, maaşlar, həm də əhalinin pul gəlirləri artmışdır, böyük həcmdə investisiya qoyulmuşdur, inflyasiya isə ən aşağı səviyyədədir.
Manatın məzənnəsi sabitdir. Bir neçə ildir ki, manatın məzənnəsi nəinki sabitdir və eyni zamanda, əsas dünya valyutalarına qarşı daha da böyük dəyər qazanır. Keçən il də biz bunu görmüşük. Bu da çox müsbət göstəricidir. Çünki manatın sabit olması ilk növbədə, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, əhalinin alıcılıq qabiliyyəti artır. Azərbaycanda manatın məzənnəsi sabitdir. Bu, bir daha bizim uğurlu iqtisadi siyasətimizi göstərir.
Valyuta ehtiyatlarımız artıb. Yadımdadır, bir il bundan əvvəl göstəriş vermişdim ki, baxmayaraq, 2014-cü ildə bizim böyük xərclərimiz - həm infrastruktur layihələrinin, neft strategiyamızın icrası, "Cənub" qaz dəhlizinin inşası ilə bağlı böyük xərclər olacaq, ancaq biz elə etməliyik ki, valyuta ehtiyatlarımız artsın. Biz bunu təmin edə bilmişik. Hazırda bizim 50 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Həm valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq, eyni zamanda, ölkəmizin dayanıqlı tərəqqisi üçün bu imkanlardan istifadə edib iqtisadiyyatın inkişafına, infrastruktur layihələrinin icrasına böyük həcmdə vəsait qoyuruq.
Bir sözlə, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur. Eyni zamanda, bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Yəni, biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyyətdir.
Əlbəttə, güclü iqtisadiyyat, düşünülmüş siyasət imkan verir ki, sosial sahəyə də diqqət göstərilsin. Bu sahə daim prioritetdir, bu il də prioritet olaraq qalacaq. Sosial obyektlərin inşası uğurla təmin edilmişdir, 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilmişdir. Əməkhaqqı, pensiya artmışdır. Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşır. Biz çalışacağıq ki, bu templər ildən-ilə daha sürətlə təmin edilsin. 400 min insana ünvanlı sosial yardım verilir, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni, 200 dollara yaxın vəsait verilir.
Əlbəttə, bu, bizim vəzifəmizdir. Biz bunu edəcəyik. Ancaq əminəm ki, insanların rifah halı yaxşılaşdıqca ünvanlı sosial yardıma ehtiyacı olanların da sayı azalacaq. Çünki hazırda Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Keçən il də yoxsulluq aşağı düşübdür, işsizlik 5 faizdən aşağıdır. Bizim gördüyümüz işlərin nəticələri bax, budur. Bu rəqəmlər özlüyündə bizim uğurlu inkişafımızı təsdiq edir.
Keçən il Azərbaycanda "Sənaye ili" elan edilmişdir və 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. 123 min yeni iş yeri açılmışdır ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Bu proses də sürətlə getməlidir. Çünki Azərbaycanda yeni iş yerlərinin yaradılmasına hələ də ehtiyac var. İşsizlik hələ var, eyni zamanda, sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətə müsbət təsir etmişdir. Keçən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artmışdır. Odur ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bu, belədir və bu il də bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir.
Keçən il bir neçə iri layihə icra edilmişdir. Hər bir layihə özlüyündə nəhəng bir layihədir. Mən onların arasında Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasını xüsusilə qeyd etmək istəyirəm. Eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istifadəyə verilmişdir. Yəni, bu layihənin birinci mərhələsinin birinci hissəsi artıq icra edilmişdir. Şəmkirçay su anbarı istifadəyə verilmişdir. Bu da nəhəng layihədir, ölkəmizin uzunmüddətli və sürətli inkişafına təkan verəcək. Eyni zamanda, böyük sənaye müəssisələri, o cümlədən "Norm" sement zavodu istifadəyə verilmişdir ki, orada sementin istehsalı 2 milyon tona bərabərdir. Bu zavodun istifadəyə verilməsi ilə biz artıq idxaldan asılılığımızı tamamilə aradan götürmüşük və ixrac imkanlarımız da artır.
Əlbəttə ki, digər layihələr də diqqətəlayiqdir. Bu əsas infrastruktur və sənaye layihələri ancaq güclü dövlətdə icra edilə bilər. Çünki biz dünyada gedən prosesləri izləyirik. Görürük ki, dünyanın müxtəlif yerlərində böhran - iqtisadi böhran, maliyyə böhranı, siyasi böhran yaşanır. Belə olan halda nəinki investisiyalar qoyulmur, hətta maaşlar, pensiyalar kəsilir, iş yerləri ixtisar edilir. Ancaq buna baxmayaraq, biz Azərbaycanda bunun tam əksini görürük. Nəzərə alsaq ki, Azərbaycan dünya iqtisadiyyatına çoxdan inteqrasiya edib, biz dünya iqtisadiyyatının bir parçasıyıq, belə uğurlu mənzərəni təmin etmək üçün, əlbəttə, böyük səylər göstərilməli, uzunmüddətli, düşünülmüş siyasət aparılmalı idi. Biz buna planlı, əsaslı şəkildə nail ola bilmişik. Bu nəticələr deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı illərdə də uğurla inkişaf edəcək.
Dünyada neftin qiyməti kəskin şəkildə, 2 dəfədən çox aşağı düşmüşdür. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir edəcək. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, institusional islahatlar və daha da səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində əminəm ki, Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcəkdir.
Keçən il ikinci peykimiz orbitə buraxıldı. Bu da çox gözəl hadisədir. Bu da nəhəng layihələr arasında özünəməxsus yer tutan bir layihədir. Artıq bizim iki peykimiz var. Biri telekommunikasiya peyki, ikincisi Yer səthini müşahidə edən peyk. Bunun çox böyük əhəmiyyəti var və Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir. Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq və bu layihələr həm elmin inkişafına xidmət göstərir, idarəetmə məsələlərini təkmilləşdirir, eyni zamanda, cəmiyyətdə hələ də mövcud olan xoşagəlməz halların qarşısını alır.
"ASAN xidmət" mərkəzlərinin açılmasını xüsusilə qeyd etmək istəyirəm. Artıq 7 mərkəz fəaliyyət göstərir, iki il ərzində 3 milyon 500 min müraciət olmuşdur və orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində "ASAN xidmət" əlbəttə ki, ön plandadır. İndi bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir. On yeni avtobus alınmışdır, səyyar xidmət daha da böyük coğrafi məkanda təmin ediləcəkdir. Beləliklə, bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıbdır. Həm praktiki nöqteyi-nəzərdən, eyni zamanda, cəmiyyətdə bu bəlanın aradan qaldırılması üçün indi daha da böyük imkanlar var, daha da çox insan bu məsələlərə nikbinliklə yanaşır.
Bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin edilsin. Sosial siyasətdə, iqtisadi inkişafda, idarəetmədə xoşagəlməz halların aradan qaldırılması, əlbəttə ki, bütün bu gözəl mənzərəni tamamlayacaq və bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir.
Keçən il beynəlxalq əlaqələrimiz artmışdır. Bizim əməkdaşlıq etdiyimiz ölkələrin, yəni, fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır. Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparır. Əlbəttə ki, keçən il ilk növbədə, qonşu ölkələrlə bizim ikitərəfli formatda çox sıx təmaslarımız olmuşdur. Dövlət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil edilmişdir. Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülmüşdür. Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Biz bir çox təşəbbüslərin müəllifiyik. Bu təşəbbüslər sadəcə olaraq niyyət deyil. Bu təşəbbüslər real layihələrə çevrilir. Bu layihələrin icrası, əlbəttə ki, bizim imkanlarımızı artırır və ölkəmizə siyasi, iqtisadi dividendlər gətirir.
Biz keçən il beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etmişik. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini verir. Keçən il biz Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişik. Bu, çox uğurlu sədrlik dövrü idi. Bu dövr ərzində Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına Azərbaycan çox böyük və dəyərli töhfələr vermişdir. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi.
Yəni, Azərbaycan öz işi ilə, görülən işlərlə, aparılan siyasətlə və keçirilən tədbirlərlə ümumbəşəri dəyərlərə öz dəyərli töhfələrini verir. Biz beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyik. Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında əlbəttə ki, bizim heç bir öhdəliyimiz ola bilməz. Təbii ki, ikitərəfli formatda heç bir ölkə qarşısında bizim heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir.
O təşkilat ki, 2011-ci ildə Azərbaycanı bu təşkilatın ən üst qurumuna seçmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunu əks etdirən ən gözəl göstəricidir. Bu gün beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir. Bunların heç bir təsiri yoxdur, bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir. Biz həm rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan müzakirələrdə öz mövqeyimizi müdafiə edirik. Biz ikili standartlardan uzağıq və hesab edirik ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməlidir. İkili standartlar o standartları tətbiq etmək istəyənlərin əleyhinə də işləyir. Biz bunu indi tarixdən və dünyada gedən proseslərdən görürük. Daxili işlərə müdaxilə etmək, kimisə hansısa işlərə təhrik etmək - bu, heç kimə xeyir gətirmir.
Bu, ölkələri qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr demək olar ki, bir-biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verə bilər. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanır. Biz bu mövqeyi uğurla müdafiə edirik və edəcəyik.
O ki qaldı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, əfsuslar olsun ki, keçən il də bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Keçən il də Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçmişdir. Hesab edirəm, bu, artıq nə bizim üçün, nə də vasitəçilər üçün sirr deyil ki, Ermənistan sülh istəmir. Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın və işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə demişlər ki, status-kvo qəbuledilməzdir. Ancaq bu, sözlərdən başqa bir şey deyil. Sadəcə olaraq sözlərdir və bu sözlərin arxasında heç bir ciddi siyasət dayanmır. Əgər status-kvo qəbuledilməzdirsə, - bu, əlbəttə ki, qəbuledilməzdir, - onda bir tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməlidir.
O, məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Yoxsa bu da riyakarlığın bir növüdür. Bir bəyanat verilir, onun arxasında iş görülmür. Necə ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Heç biri 20 ildən çoxdur ki, icra edilmir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Son illərdə müxtəlif bölgələrdə - Avropada, Yaxın Şərqdə gördüyümüz mənzərə bax, bu mövqeyi, bu yanaşmanı daha da gücləndirir. Proseslərdən belə nəticə çıxır. Ona görə, buna da aydınlıq gətirilməlidir ki, biz nə vaxta qədər bu ikili standartlarla üzləşəcəyik?!
Bununla bərabər, Ermənistan keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə açıq təxribatlara əl atmışdır. Hər iki dəfə Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. Yay aylarında 50-dən çox işğalçı məhv edildi. Noyabr ayında isə ermənilərin təxribatı cavabsız qalmamışdır. Bütün bu təxribatların nəticəsində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi - kriminal, diktatura rejimi məsuliyyət daşıyır. Ermənistanın bugünkü acınacaqlı vəziyyətinə görə də bu ölkənin indiki və əvvəlki rəhbərliyi bilavasitə cavabdehlik daşıyır. Çünki məhz onların işğalçı siyasətinə görə Ermənistan müstəqil ölkə kimi özünü göstərə bilməmişdir. Faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Sadəcə olaraq bu, formal bir məna daşıyır.
Azərbaycan isə bu məsələdə də prinsipial mövqedədir. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim mövqeyimizi gücləndirən ordumuzdur. Bizim ordumuz keçən il öz qüdrətini, nəyə qadir olduğunu göstərdi. Düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə bu məsələ öz həllini danışıqlar yolu ilə tapsa, əlbəttə ki, daha yaxşı olar. Hesab edirəm ki, bu bir neçə amilin mövcudluğu bizim mövqeyimizi daha da möhkəmləndirir.
Danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq, mən hesab edirəm ki, keçən il Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görmüşdür - həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə - döyüş meydanında. Biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar. İndi bizi müxtəlif beynəlxalq tədbirlərdə ittiham etməyə çalışırlar. Amma sual olunur: Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar? Bax, bu suallar ritorik suallardır. Biz bilirik nə üçün. Amma yenə də biz bu sualları hər bir tədbirdə, hər bir forumda verməliyik. Dövlət məmurları, ictimai xadimlər, deputatlar, adi vətəndaşlar, vətəndaş cəmiyyətinin üzvləri bu sualları verməlidirlər. Qoy, bu suallara, ikili standartlar siyasətinə, ermənipərəst siyasətinə görə cavab versinlər. Yoxsa bu qədər riyakarlığa artıq dözmək çətindir. Hesab edirəm ki, artıq burada diplomatik dillə danışmağa da heç ehtiyac yoxdur. Bir daha demək istəyirəm, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik.
2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıbdır. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək.
Yenə də demək istəyirəm ki, 2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz. Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik.
X X X
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış etdi. Nazir bildirdi ki, 2014-cü il də Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşüb. Bu uğurların əsasında isə Prezident İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi dayanır:- Məhz bu müdrik siyasətin nəticəsində artıq dünyada 6 ildən çoxdur ki, davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi, sosial problemlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edən ölkələrdən olmuş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetirilmişdir. Təsadüfi deyil ki, əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 75 faizə yüksəlmişdir.
Möhtərəm cənab Prezident!
Ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında ötən il başlamış və bu gün də davam edən qiymətlərin enməsinin mənfi təsirinin qarşısının alınmasında Sizin böyük uzaqgörənliklə həyata keçirdiyiniz sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malik olmuşdur. Bunun nəticəsidir ki, son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə çatmışdır.
Ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırmışdır.
Bununla yanaşı, apardığınız sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər, tranzit potensialının reallaşdırılması və digər tədbirlər qeyri-neft sektorunun sürətli inkişafına təkan vermiş, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı yüksəlməsini təmin etmişdir.
Hörmətli müşavirə iştirakçıları!
Əldə olunmuş nailiyyətlər, eləcə də bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, valyuta və enerji bazarlarında kəskin təlatümlər fonunda 2014-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlu yekunları Prezident İlham Əliyevin inkişaf modelinin alternativsiz olduğunu bir daha göstərir. Təsadüfi deyil ki, ötən il Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmaqla artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir.
Ötən il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil etmişdir ki, bu da, yuxarıda qeyd olunduğu kimi, qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunmuşdur. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 9 faiz civarında olmuş, strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələməklə 5 illik idxal səviyyəsinə çatmışdır.
Dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri isə 18,7 milyard manat təşkil etmiş, qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 19,5 faiz artmışdır. Regionların sosial-iqtisadi inkişafının uğurlu nəticəsi olaraq regionlardan vergi daxilolmaları 9,8 faiz artmışdır.
Hesabat ilində informasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, əhaliyə göstərilən pullu xidmətlər 7,2 faiz artmışdır.
Ötən il ölkə iqtisadiyyatına investisiya qoyuluşu 27 milyard dollar, o cümlədən daxili investisiyalar 16 milyard dollar, xarici investisiyalar 11 milyard dollar təşkil etmişdir. Dövlət investisiyaları hesabına Şəmkirçay dəryaçası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və digər obyektlər istifadəyə verilmiş, bir sıra magistral və 1 milyon nəfərə yaxın əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən 1295 kilometr kənd yolları çəkilmişdir.
Hazırda təhsil və səhiyyə müəssisələrinin, birinci Avropa Oyunları üçün idman obyektlərinin tikintisi, 43 şəhər və rayon mərkəzlərində su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələri uğurla davam etdirilir.
2014-cü il sənayenin inkişafında mühüm mərhələ olmuşdur.
"Əsrin müqaviləsi"nin 20-ci ildönümündə Avropanın ən iri infrastruktur layihəsi olan "Cənub" qaz dəhlizinin təməlinin qoyulması Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırmışdır və uzun illər xalqımızın mənafeyinə xidmət edəcəkdir.
Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi və bu çərçivədə təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls vermişdir. Belə ki, 2014-cü ildə 230-dan çox sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Son illərdə sənayenin inkişafı nəticəsində bir sıra məhsullar, o cümlədən sement, gips, hörgü blokları, metal konstruksiya, boya və sair məhsullar üzrə istehsal gücləri daxili tələbatı ödəməyə imkan verir.
"Azərbaycan Polad İstehsalı Kompleksi" Səhmdar Cəmiyyəti formalaşdırılmış, "Daşkəsənfilizsaflaşdırma" müəssisəsinin fasiləsiz fəaliyyəti təmin edilmişdir.
Cənab Prezident tərəfindən sənayenin inkişafının yeni mərhələsi kimi qiymətləndirilən Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri davam etdirilir. Artıq Parkda fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanmış, hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin, vərəqə şüşə istehsalının təşkili işləri aparılır.
Balaxanı Sənaye Parkında da xarici infrastrukturun yaradılması, eləcə də tullantıları emal edəcək 3 müəssisənin fəaliyyətinin təşkili istiqamətində işlər aparılır.
Ölkə başçısının müvafiq Fərmanına uyğun olaraq sənaye məhəllələrinin təşkili üçün bir sıra ölkələrin təcrübəsi öyrənilmiş, qanunvericilik bazası formalaşdırılmışdır. Hazırda İnvestisiya Şirkəti tərəfindən işlərə başlanılması məqsədilə ölkənin müxtəlif bölgələrində sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.
Ötən ilin sonlarında cənab Prezident tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" sözsüz ki, qarşıdakı illərdə sənayenin inkişafına təkan verəcəkdir.
Azərbaycanın ilk telekommunikasiya peykinin xidmətlərinin genişləndirilməsi, aşağı orbitli müşahidə peykinin orbitə çıxarılması, elektron xidmətlərin və internet trafikinin genişləndirilməsi, yüksək texnologiyalar parkının fəaliyyətinin təşkili istiqamətində tədbirlərin görülməsi bu sahədə yeni imkanlar yaratmışdır.
Möhtərəm cənab Prezident, ötən il də regionlara mütəmadi səfərləriniz, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakınız, verdiyiniz tapşırıq və tövsiyələr regionların, eləcə də Bakı qəsəbələrinin inkişafına əhəmiyyətli töhfəsini vermiş, regionlarda 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 530-dan artıq müəssisənin tikintisi davam etdirilir. Sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılmış, il ərzində regionlarda 190-dan çox tədris müəssisəsi, 60-dan çox tibb ocağı, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur.
2014-cü ildə aqrar sektorda dövlət dəstəyi tədbirləri davam etdirilmiş, istehsalçılara əlavə güzəştlər tətbiq edilmişdir. Hazırda kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması məqsədilə dövlətin dəstəyi ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır.
Tapşırığınıza uyğun olaraq, son illərdə görülmüş tədbirlər nəticəsində ölkəmiz bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin edir. Şəmkirçay dəryaçasının istifadəyə verilməsi yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasına geniş imkanlar yaradır. Ötən il Sizin iştirakınızla Şəmkirdə təməli qoyulmuş özəl pilot aqroparkında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, logistik xidmətlərin göstərilməsi və hazır malların satış üçün ölkə bazarlarına çıxarılması və ixrac edilməsi zəncirinin təşkili nəzərdə tutulur.
Samur-Abşeron suvarma sistemi hesabına isə Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır.
Aqrar sektorda son illər görülən işlər ötən ilin 11 ayında meyvə ixracının 12,5 faiz, tərəvəz ixracının 28,6 faiz artırılmasına imkan vermişdir.
Möhtərəm Prezident!
"Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanınıza uyğun olaraq ötən il biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir.
2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələr üzrə 12500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Kiçik sahibkarlıqla məşğul olan vətəndaşların uzun illərdir ki, üzləşdikləri girov probleminin həlli məqsədilə bank olmayan kredit təşkilatları ilə qurulmuş əməkdaşlıq onlara kredit almaq imkanı verir, fermerlər arasında kooperasiya əlaqələrini gücləndirir.
Əvvəlki illərdə olduğu kimi, ötən il də əhalinin rifahı yüksəlməkdə davam etmiş, inflyasiya 1,4 faiz təşkil etdiyi halda əhalinin gəlirləri 4,8 faiz, orta aylıq əmək haqqı 4,2 faiz artaraq 443 manata çatmışdır. Dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilmişdir.
Məşğulluq səviyyəsi artmış, 123 mindən çox yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq səviyyəsi 5 faizə enmişdir.
Hörmətli müşavirə iştirakçıları!
Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial-iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ölkənin sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.
Diqqətinizə görə minnətdaram.
X X X
Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənov bildirdi ki, dövlət başçısının həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan 2014-cü ildə də dünyadakı mövqeyini möhkəmləndirib, beynəlxalq aləmdə ölkəmizə olan maraq daha da artıb. Bu işdə Heydər Əliyev Fondunun da böyük rol oynadığını deyən Əli Həsənov qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət nəticəsində Azərbaycan bir çox qlobal problemlərdən qorunub:
- Belə ki, dünyada baş verə biləcək maliyyə böhranı barədə Siz hələ 2006-cı ildə fikir söyləmişdiniz. İki ildən sonra bu proses başlandı.
Dünyada ərzaq qıtlığı yaranacağı barədə 2008-ci ildə dediyiniz fikirlər də iki ildən sonra reallığa çevrildi. 2009-2010-cu illərdə neftdən asılılığın azaldılması barədə tapşırıq verdiniz. Beş il sonra dünyada neftin qiyməti ətrafında siyasi oyunlar başlandı.
Hər üç istiqamətdə Sizin rəhbərliyiniz və göstərişləriniz əsasında hökumət lazımi tədbirləri gördü və bu gün də bu işləri davam etdirir.
Nəticədə maliyyə böhranı ölkəmizdən yan keçdi, ərzaq təhlükəsizliyi Proqramı həyata keçirilməyə başlandı və ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun çəkisi artıq 50 faizdən çoxdur.
Bu gün ölkəmizdə qalan əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsi olaraq 1 milyon 200 min qaçqın və məcburi köçkünün sosial problemləridir.
Dünyada hər il münaqişə zonalarının və qaçqın, məcburi köçkünlərin sayı artmaqda davam edir. Əgər bu gün dünyada münaqişə zonalarının sayı 35, qaçqın və məcburi köçkünlərin sayı 52,6 milyon nəfərdisə, 30 il əvvəl bu rəqəm 12 milyon nəfər, münaqişə zonalarının sayı isə cəmi 9 olub, təxminən 4 dəfə artıb. 52,6 milyon qaçqın və məcburi köçkünün isə 6 milyonu 2014-cü ildə yaranıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin qaçqınlara və məcburi köçkünlərə daim həssas, diqqətli və qayğıkeş münasibəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun olaraq daha dolğun şəkildə davam etdirilir. Ulu Öndər Dövlət Neft Fondunun ilk vəsaitini bu sahəyə yönəltməklə bütün dünyaya göstərdi ki, bu, Azərbaycanın bir nömrəli, prioritet problemidir və bu gün də qalmaqdadır.
Ölkəmizin iqtisadi, ictimai-siyasi həyatında növbəti uğurlu il hesab olunan 2014-cü ildə də öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, bu sahə ilə bağlı qəbul edilmiş Dövlət proqramları və ona Əlavələrin icrası uğurla davam etdirilmişdir. Onların sosial problemlərinin həlli məqsədi ilə 2014-cü ildə ayrılmış 630 milyon manat həcmində vəsaitdən 273 milyonu büdcə, 300 milyonu Dövlət Neft Fondunun və 57 milyon manatı beynəlxalq humanitar və digər təşkilatların vəsaitidir. 2014-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1170 manat təşkil edir ki, bu da dünyanın bütün münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Hesabat ilində Ağdam rayonunda 632, Beyləqan rayonunda 320, Hacıqabul rayonunda 101, Gəncə şəhərində 600, Saatlı rayonunda 230, Qaradağ rayonunda 200, Mingəçevir şəhərində 594, Balakən rayonunda 45, Qaradağ rayonunda 240 və Abşeron rayonunda 160 ailə bütün sosial texniki infrastruktura malik yeni salınmış qəsəbə, yaşayış kompleksi və ya fərdi evlərə köçürülmüşdür.
Cənab Prezident!
2014-cü il yanvarın 20-də Gəncə şəhərində 1500, avqustun 6-da Ağdam rayonunda 632, noyabrın 14-də isə Gəncə şəhərində 600 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbələrin açılışında şəxsən iştirak etmisiniz.
Maliyyə Nazirliyinin xətti ilə zəruri dövlət ehtiyacları ilə əlaqədar 950, Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış 262, Axıska türklərindən 111 ailə yeni mənzillərə köçürülmüşdür.
İl ərzində 270 min kvadratmetr sahəsi olan 7 yeni yaşayış kompleksi salınmış, 2288 şagird yerlik 7 məktəb inşa edilmiş, həmçinin 6 uşaq bağçası, 6 tibb məntəqəsi tikilib istifadəyə verilmiş, 51 kilometr yol, 96 kilometr su xətti, 136 kilometr elektrik xətti, 86 kilometr qaz xətti çəkilmiş, 75 ədəd yüksəkgərginlikli transformator quraşdırılmışdır.
Beləliklə, 2014-cü ildə 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi salınmış, 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmışdır. Bundan da 42 min ailə, yaxud 210 min nəfər (91 faiz) son 11 ilin payına düşür.
Son 11 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun illik büdcəsi isə 5,5 dəfə artmışdır.
Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 325 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 mikrolayihə icra edilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2000 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilmişdir.
Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalmışdır.
Diqqətinizə çatdırmaq istərdim ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf olunmuşdur. Bunun 2,3 milyard manatı dövlət büdcəsinin, 1,8 milyard manatı Dövlət Neft Fondunun, 1 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Bu vəsaitin 86 faizi, yaxud 4,4 milyard manatı son 11 ildə istifadə olunmuşdur.
Möhtərəm cənab Prezident!
Tapşırığınıza uyğun olaraq, respublikamızın şimal bölgələrində - Balakən, Zaqatala, Qax, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz rayonlarında 2000 ailə və ya 8500 məcburi köçkün üçün yeni qəsəbələrin salınması məqsədilə 360 hektar torpaq sahəsi ayrılıb. Artıq Balakən, Qəbələ və İsmayıllı rayonlarında işlərin bir qismi icra olunub, Zaqatala rayonunda isə həmin işlərin 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulub. Digər rayonlarda isə müvafiq layihə işləri görülür.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, məcburi köçkünlərin xeyli hissəsi hələ də çətin şəraitdə yaşayır. Ona görə də Sizin tapşırığınıza əsasən bu məqsədlə yeni Dövlət Proqramının layihəsi hazırlanır.
Cənab Prezident!
Ötən ilin iyul ayında öz əzizlərinin məzarlarını ziyarət məqsədi ilə Kəlbəcərə gedərkən ermənilər tərəfindən girov götürülmüş və beynəlxalq qanunlara hörmətsizlik edilərək mühakimə olunmuş iki məcburi köçkünün azad olunması istiqamətində Soçi görüşündə iştirakçı ölkələrin prezidentləri ilə ciddi müzakirələr apardınız, Ermənistan rəhbərliyinə layiq olduğu qiyməti verdiniz. Mütəmadi olaraq görüşlərdə bu problemi qaldırmağınız, hər 3 ailənin mənzillə təmin olunmasına dair humanist tapşırıq verməyiniz, Şahbaz Quliyevin Rusiya Federasiyasının vətəndaşı olan həyat yoldaşının işlə təmin edilməsi barədə verdiyiniz tapşırığın icrası, ermənilər tərəfindən qətlə yetirilmiş məcburi köçkün Həsən Həsənovun nəşinin qaytarılması - bütün bunlar onların ailə üzvləri və Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Tapşırığınıza əsasən, məsələ ilə bağlı başda BMT-nin baş katibi olmaqla, 7 beynəlxalq təşkilata müraciətlər göndərilib. Onların hamısından cavab alınıb. Bəziləri baş vermiş hadisəyə görə sadəcə təəssüfləndiklərini bildirir, bəziləri hətta üzr istəyir, bəziləri isə formal, bürokratik münasibət bəsləyirlər.
Bildirmək istərdim ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu və onun prezidenti, hörmətli Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil, mədəniyyət sahələri üzrə layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə də daim diqqətlə yanaşır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlərin nəticəsində artıq 8 dövlətin parlamentləri və ABŞ-ın 15 ştatı Xocalı qətliamını soyqırımı kimi rəsmi qaydada qəbul etmişdir.
Möhtərəm cənab Prezident!
Nazirlər Kabinetinin Sizin qarşınızda mütəmadi hesabat tədbirlərinin əhəmiyyəti barədə də danışmaq istərdim.
Bu, sadəcə hesabat deyil. Çünki burada ölkənin bütün sahələrinin mövcud vəziyyətini, perspektivini, siyasi, iqtisadi durumunu akademik təhlil edərək icra üçün qərarlar verirsiniz. Fərman, sərəncam və qərarlar da akademik təhlilin nəticəsində formalaşır.
Hökumət üzvləri bu tədbirlərdə ölkədə gedən proseslər barədə məlumatlanır, dünyada baş verən proseslərdən xəbərdar olur, dünya görüşlərini artırırlar. Bir sözlə, yüksək vəzifəli kadrların genişmiqyaslı formalaşması prosesi gedir və bizim dünyaya baxışımız daha da zənginləşir.
Bütün bunlara görə, cənab Prezident, Sizə dərin təşəkkürümüzü bildiririk.
Zati-Aliləri!
2015-ci il dünyada çətinliklər ili hesab edilir. Ancaq biz əminik ki, Sizin uzaqgörənliyiniz sayəsində ölkəmiz 2015-ci ili də uğurla başa vuracaq.
Sizi əmin edirəm ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı bütün tapşırıqlarınız bundan sonra da vaxtından əvvəl və yüksək keyfiyyətlə yerinə yetiriləcək, onların arasında ictimai-siyasi sabitlik həmişə qorunub saxlanılacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Daha sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış etdi. Bildirdi ki, 2014-cü ildə qlobal iqtisadiyyatda qeydə alınan mürəkkəb proseslərin fonunda iqtisadiyyatımız daha da inkişaf edib. İqtisadi islahatların, neft strategiyasının və yaradılmış potensialın qlobal iqtisadi çağırışlara adekvat cavab verməyə imkan yaratdığını deyən Elman Rüstəmov qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ötən ildə də sosial-iqtisadi tərəqqi davam edib. Mərkəzi Bankın sədri 2008-ci ildən bəri davam edən maliyyə böhranının bütövlükdə qlobal iqtisadiyyata sirayət etdiyini vurğulayaraq dedi:
- Bu böhranın ən mühüm xarakteristikası qlobal iqtisadi artımın zəif bərpasıdır. 2014-cü ildə bu artım cəmi 3,3 faiz təşkil etmişdir ki, bu da böhrandan əvvəlki 2002-2007-ci illərdəki orta artım tempindən təxminən 5 faiz aşağıdır. Xarakterik haldır ki, il ərzində Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu azalmağa doğru iki dəfə dəyişmişdir. Qloballaşma şəraitində iqtisadi artımın bərpasında problemlər həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir.
Biz zəifləyən qlobal iqtisadi aktivliyin dünya ticarətinə və əmtəə bazarlarına da əhəmiyyətli təsirinin şahidi oluruq. Nəticədə bir sıra əmtəə qiymətlərinin aşağı düşməsini görürük. 2014-cü il ərzində metal qiymətləri 17 faiz, ərzaq qiymətləri 6 faizdən çox, eyni zamanda, enerji daşıyıcılarının qiyməti iki dəfə aşağı düşmüşdür və 2015-ci ilin başlanğıcında da bu proseslər davam edir. Azərbaycan da qlobal iqtisadiyyatın tərkib hissəsi kimi bu şəraitdə müəyyən çağırışlarla üzləşmişdir.
Azərbaycan dünya iqtisadiyyatının mühüm tərkib hissəsidir. Son 10 ildə milli iqtisadiyyatımız qlobal iqtisadiyyata inteqrasiyası əhəmiyyətli dərəcədə dərinləşmişdir. Hazırda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Bu, ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 10 ildə 7 dəfə artmışdır. Milli iqtisadiyyatımız bütün xarici konyukturanın pisləşməsinə baxmayaraq möhkəm mövqelərə malikdir. 2014-cü ildə Azərbaycanın tədiyyə balansının cari hesabında 11 milyard dollardan çox profisit gözlənilir. İxracın həcmi idxalı 2,6 dəfə üstələyəcəkdir. Son illər ərzində ilk dəfə idxalın təxminən 20 faizədək azalması, - bu, yəqin ki, ölkənin özünütəminat səviyyəsinin yüksəlməsi ilə əlaqədardır, - xarici ticarət balansına müsbət təsir etmişdir.
Ölkənin strateji valyuta ehtiyatları, artıq qeyd olunduğu kimi, artmışdır və bu gün ümumi daxili məhsulun 70 faizinə çatır. Bu göstərici üzrə ölkəmiz dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür.
Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da yüksəlmişdir. Qiymətləndirmələrə görə, ölkənin məcmu xarici aktivləri onun öhdəliklərini 2,7 dəfə üstələyir. 2014-cü ildə artıq qeyd etdiyim kimi, ölkədə ümumi iqtisadi artım 3 faiz təşkil etmiş, iqtisadi artımın başlıca drayverinə çevrilmiş qeyri-neft sektoru 7 faiz artmışdır. Bütövlükdə, beynəlxalq iqtisadi və maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz artmışdır.
Ötən il ölkədə tam makroiqtisadi sabitlik qorunmuşdur. Son 10 ildə ən aşağı inflyasiya müşahidə olunmuşdur. İnflyasiya cəmi 1,4 faiz təşkil etmişdir. Bu, əsas ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiyadan təxminən 5 faizdən çox aşağıdır və Azərbaycan iqtisadiyyatına beynəlxalq ticarətdə məlum rəqabət üstünlükləri gətirir.
Bildiyiniz kimi, ötən il bir sıra ölkələrdə müəyyən xarici və daxili amillərin təsiri altında əsl valyuta böhranları baş vermişdir. Nəticədə bir sıra milli valyutalar məcburi olaraq ciddi devalivasiyaya uğramışdır. Rus rublu 80 faiz, qazax təngəsi 19 faiz, türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası 90 faiz, türk lirəsi 8 faiz ucuzlaşmışdır.
Möhtərəm Prezident, Sizin dəfələrlə qeyd etdiyiniz kimi, manatın məzənnəsi makroiqtisadi və maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin vacib amilidir. Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır və korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox mühüm amilidir. Bir sıra beynəlxalq agentliklər bu yaxınlarda manatı Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa məkanında ən stabil və etibarlı valyuta kimi tanımış və onun çox müsbət perspektivlərini qeyd etmişlər. 2014-cü ildə qonşu ölkələrdə, bölgədə gedən mürəkkəb proseslərlə bağlı yaranmış psixoloji təzyiqlərə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində manatın məzənnəsi sabit saxlanılmışdır. Bunun üçün Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görmüşdür.
Ölkədə hökm sürən möhkəm makroiqtisadi stabillik Azərbaycanın yüksək rəqabət reytinqlərinin formalaşmasında müəyyənedici rol oynayır. Cənab Prezident, artıq bu haqda Siz qeyd etdiniz. Lakin mən onu qeyd etmək istəyirəm ki, bu rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır. 2014-cü ildə Azərbaycan bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunmuş, sektor aktiv olaraq iqtisadi artım və şaxələnmə proseslərini dəstəkləmişdir. Azərbaycan maliyyə sisteminin 90 faizini təşkil edən bank sektoru risklərə qarşı maliyyə immunitetini daha da gücləndirmişdir, bankların kapitalizasiyası davam etdirilmişdir. 2012-ci ildə bankların minimum kapitalının artırılması və onların əlavə kapitallaşması haqqında qərarın qəbulundan sonra onların məcmu kapitalı təxminən 2 dəfə artmışdır. Qlobal maliyyə turbilentliyi şəraitində yüksək kapitallaşma bu gün bank sektorunun maliyyə sabitliyinin əsas dayağıdır.
Hazırda kapital adekvatlığı 8 faizlik beynəlxalq normaya qarşı 19 faiz təşkil edir. Bank sektorunun aktivlərinin 99 faizinə malik banklar minimum kapital tələblərini yerinə yetirmişdir. Ona yaxın bankın isə kapitalı artıq bu gün 100 milyon manatdan yuxarıdır. Bank sektorunun artım templəri iqtisadi artımı əhəmiyyətli surətdə qabaqlayır. Bank aktivlərinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti son 10 ildə 2,4 dəfə artaraq, - beynəlxalq praktikada belə bir göstərici var, - iqtisadiyyatın maliyyə dərinliyi təxminən 78 faizə çatmışdır. Bu, bütövlükdə, orta yaxşı göstərici hesab olunur.
2014-cü ildə bank sektorunun aktivləri 21 faiz, bank kreditləri 18 faiz, o cümlədən uzunmüddətli kreditlər 19 faiz artmış, biznes kreditləşməsinin genişlənməsi davam etmişdir. Biznes kreditləri 18 faiz, o cümlədən sənaye 36 faiz artmışdır. Regionlara kredit qoyuluşları isə 39 faiz artmışdır. 2014-cü ildə həm bank sektorunun, həm də əhalinin rastlaşa biləcəyi maliyyə risklərini nəzərə alaraq, Sizin verdiyiniz tapşırıqlara əsasən, istehlak kreditlərinin artımının Mərkəzi Bank tərəfindən tənzimlənməsi sərtləşdirilmişdir. Nəticədə istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1,9 dəfə azalaraq 19 faizə, ipoteka kreditləri istisna olunmaqla isə cəmi 13 faizə enmişdir.
Avtomobil kreditlərinə gəldikdə isə, bu kreditlərin mütləq həcmi 31 faiz azalmışdır.
Ölkədə əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında ipoteka mühüm rol oynayır. 2014-cü ildə bank sektoru tərəfindən yaşayış sahəsinin alınmasına verilən kreditlərin həcmi 29 faiz artmışdır. İpoteka Fondu tərəfindən ötən il 97 milyon manat ipoteka krediti verilmiş, artıq ipoteka sistemi fəaliyyət göstərdiyi dövrdə 15 min 800-ə qədər ailə ipoteka krediti almışdır. İpotekanı əldə etmək mexanizmini sadələşdirmək, bu sahədə olan bürokratiyanı azaltmaq üçün elektron ipotekanın tətbiqinə başlanmışdır.
2014-cü ildə bank sektoruna inam daha da güclənmişdir. Əhalinin əmanətləri 11 faiz artaraq 7 milyard səviyyəsini keçmişdir. Adambaşına əmanətlərin məbləği təxminən 1000 ABŞ dollarına yaxındır. Müqayisə üçün deyim ki, 10 il bundan əvvəl bu göstərici cəmi 50 dollar təşkil edirdi. 2014-cü ildə əmanətlər üzrə əhalinin faiz gəlirləri yarım milyard manatı ötüb keçmişdir və bank sektoru bu istiqamətdə mühüm sosial rol oynamağa başlamışdır.
Ötən il ölkədə maliyyə vasitəçiliyi və infrastrukturun inkişafı davam etmiş, milli iqtisadiyyatın maliyyələşməsi daha da dərinləşmişdir. Kredit alanların sayı təxminən 2 milyona çatıb, ölkədə 4,5 milyona qədər əmanətçi var. Bu gün əhalinin hər min nəfərinə 473 əmanətçi düşür. Bizim məqsədimiz hər bir yetkin yaşa çatmış insanın bir və ya bir neçə bank hesabının olmasıdır. Əhalinin bütövlükdə maliyyə sektoruna inteqrasiyası, ondan faydalanması istiqamətində son illərdə əhəmiyyətli işlər görülmüşdür. Ölkədə hər yüz min nəfərə düşən bank xidməti nöqtələrinin sayı 20-yə yaxınlaşır.
2014-cü ildə faiz dərəcələrinin azalması prosesi davam etmişdir. Son illərdə kreditlər üzrə faiz dərəcələri 18 faizdən hazırda 14 faizə düşmüşdür. Lakin bir sıra təminatçı istehlak kreditləri və mikrokreditlər üzrə faiz dərəcəsi nisbətən yüksəkdir və bizim burada görəcəyimiz hələ çoxlu işlər var.
2014-cü ildə ölkədə ödəniş infrastrukturunun inkişafı davam etmişdir. Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ümumi daxili məhsulun iki mislini təşkil edir. Plastik kartların sayı artıq 6 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 3,5 dəfə, POS-terminalların sayı təkcə 2014-cü ildə iki dəfədən çox artmışdır. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir. Hazırda ölkədə 23 bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir.
Möhtərəm cənab Prezident, beynəlxalq təşkilatların rəyinə görə, 2015-ci ildə dünya iqtisadiyyatında qeyri-müəyyənlik yenə də davam edəcəkdir. Bu, öz növbəsində, bütövlükdə beynəlxalq konyukturaya, əmtəə bazarlarına da öz təsirlərini saxlayacaqdır. Bu, bizim üçün yeni makroiqtisadi reallıqdır, çağırışlardır. Lakin Mərkəzi Bankda aparılan stress-testləşmə, simulyasiya modelləri vasitəsilə aparılan hesablamalar göstərir ki, birmənalı olaraq Azərbaycan iqtisadiyyatı həm cari ildə, həm də orta müddətli dövrdə bütün bu risklərə adekvat cavab vermək üçün kifayət qədər imkana və potensiallara malikdir. Bizim qarşımızda duran əsas vəzifə iqtisadi qurumlar arasında yaxşı koordinasiya olunmuş soyuqqanlı iş vasitəsilə bu potensialı reallaşdırmaqdan ibarətdir. Bütövlükdə, fikrimcə, yeni makroiqtisadi reallıqlar bir sıra makroiqtisadi siyasət sahəsində müəyyən manevrləri zəruri edir və artıq Siz öz giriş nitqinizdə bu haqda danışdınız. Əgər son 10 ildəki iqtisadi siyasətimizə baxsaq, bu siyasəti belə xarakterizə etmək olar: Sizin tərəfinizdən irəli sürülmüş sürətli, sıçrayışlı inkişaf modeli, güclü büdcə siyasəti və təmkinli, sabitləşdirici pul kredit siyasəti. Əsas xarakteristikalar bunlardır. Lakin bütövlükdə beynəlxalq konyukturada baş verən proseslərə baxsaq görərik ki, hesablamalara görə, hazırkı neft qiymətlərində təxminən 1 trilyon dollarlıq vəsait neft ixracatçılarından neft idxalatçılarının xeyrinə bölüşdürülür. Təbii ki, bu, beynəlxalq iqtisadiyyatın tərkib hissəsi olan Azərbaycana da öz təsirini göstərir.
İlk növbədə, pul kredit siyasəti haqqında danışmaq istəyirəm. Cari ildə də bütövlükdə aşağı inflyasiya bizim diqqət mərkəzimizdə olmalıdır. Bizim siyasətimiz aşağı inflyasiyanın artıq defilyasiya ilə sərhədləndiyini görmək, iqtisadiyyatın, necə deyərlər, defilyasiya sferasına keçməsinin qarşısını almaqdır, nəinki yüksək inflyasiyanın qarşısını almaq. Bunun üçün əlimizdə olan bütün vasitələrdən bir neçəsini qeyd edəcəyəm.
Manatın sabitliyi. Siz artıq öz çıxışınızda bu məsələni qoydunuz. Manatın sabitliyi üçün bütün imkanlar var. Aparılan hesablamalar da bunu göstərir ki, manatın sabitliyi iqtisadi sabitliyin əsas lövbəridir. Hesab edirəm ki, bu, zəngin Heydər Əliyev irsinin, strategiyasının çox mühüm tərkib hissəsidir. Yəni istənilən siyasət makroiqtisadi sabitlik və onunla dialektik əlaqədə olan siyasi sabitlik üzərində qurulur. Buna görə, cari ildə də manatın sabitliyinin təmini bizim ən öndə olan məqsədlərimizdən biridir və biz bu məqsədin reallaşmasını təmin edəcəyik. Müəyyən beynəlxalq konyukturadan irəli gələn proseslərə görə, yəqin ki, bir qədər təmkinli büdcə siyasəti həyata keçiriləcəkdir. Lakin beynəlxalq praktikadan Siz yaxşı bilirsiniz ki, məsələn, Amerika Birləşmiş Ştatları Mərkəzi Bankı, Yaponiya Mərkəzi Bankı və bu yaxınlarda Avropa Mərkəzi Bankı da bu məqsədlə öz müəyyən monetar genişlənmə planlarını açıqladılar. Yəni Sizin də həmişə görüşlərdə qeyd etdiyiniz bu siyasətin iqtisadi artıma, məşğulluğa olan məlum təsirlərini aradan qaldırmaq üçün monetar genişlənmənin həyata keçirilməsi, iqtisadiyyatda əlavə pul kütləsinin ötürülməsi kanallarının tapılması və bu vasitə ilə, məcmu tələbin genişləndirilməsi yolu ilə iqtisadi artımın canlandırılması və məşğulluğun təmin olunması yəqin ki, diqqət mərkəzimizdə olacaqdır.
Cari ildə də bank sektorunun sabitliyinin qorunması, onun inkişafı, real sektorun inkişafında rolunun gücləndirilməsi, faiz dərəcələrinin aşağı salınması qarşımızda duran əsas vəzifələrdən biri olacaqdır.
Zati-aliləri, icazə verin Sizi əmin edim ki, bütün bu gərginliklərə baxmayaraq cari ildə Mərkəzi Bank, onun kollektivi Sizin tərəfinizdən qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək üçün öz professional səy və bacarıqlarını əsirgəməyəcəkdir.
Diqqətinizə görə sağ olun.
---------
13:32
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, yanvarın 10-da Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
"Ötən il dünyada və bölgədə bir sıra proseslərin getməsinə baxmayaraq, Azərbaycan özünün sürətli inkişaf tempini saxladı, xalqımız 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşadı",- deyən Prezident İlham Əliyev bildirdi ki, müstəqillik və inkişaf yolu ilə gedən ölkəmizdə xalqla iqtidar arasında möhkəm birlik var.
Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımızın 3 faiz, qeyri-neft sektorunun isə 7 faiz artdığını deyən Prezident İlham Əliyev 2014-cü ildə infilyasiyanın 1,4 faiz olduğunu, əhalinin pul gəlirlərinin 4,8 faiz artdığını söylədi. Prezident qeyd etdi ki, bu dövrdə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub, onun da 16 milyard dolları daxili sərmayələrdir. Manatın məzənnəsi sabitdir, valyuta ehtiyatlarımız isə artaraq 50 milyard dolları keçib.
2014-cü ildə ölkədə 30-dan çox sənaye müəssisinin yaradıldığını, xeyli yeni iş yerlərinin açıldığını deyən Prezident İlham Əliyev bir neçə nəhəng layihənin də icra olunduğunu, Azərbaycanın yer səthini müşahidə edən ikinci peykinin orbitə buraxıldığını bildirdi. Düşünülmüş iqtisadiyyatın verdiyi imkanlardan yararlanaraq sosial sahənin inkişafına diqqətin artırıldığını diqqətə çatdıran dövlətimizin başçısı 2014-cü ildə 60-dan çox tibb mərkəzinin, 50-dən artıq məktəbin tikilib istifadəyə verildiyini, ölkə əhalisinin 116 min nəfər artdığını, "ASAN xidmət" in uğurla fəaliyyət göstərdiyini, yarandığı gündən bu quruma 3 milyon 500 min müraciətin daxil olduğunu vurğuladı. Prezident İlham Əliyev ötən il Azərbaycanın beynəlxalq əlaqələrinin də uğurlu olduğunu dedi, ölkəmizin ikitərəfli və çoxtərəfli formatda fəal xarici siyasət yürütdüyünü bildirdi. "Azərbaycan dünyada böyük hörmətə malikdir", - deyən dövlətimizin başçısı ölkəmizin regional məsələlərin həllində də mühüm amil olduğunu diqqətə çatdırdı. Azərbaycanın beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyini bildirən Prezident İlham Əliyev dedi ki, ölkəmizin müsbət imicini korlamaq, beynəlxalq miqyasda Azərbaycana qarayaxma cəhdləri əbəsdir və heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev təəssüflə qeyd etdi ki, 2014-cü ildə də Ermənistan imitasiya taktikasına üstünlük verib və münaqişənin həlli ilə bağlı heç bir konstruktiv addım atmayıb. Ötən il bir neçə dəfə Ermənistanın açıq təxribatlara əl atdığını deyən dövlətimizin başçısı bu cəhdlərin qarşısının ordumuz tərəfindən uğurla alındığını, düşmənin böyük itki verdiyini bildirdi.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2014-cü ildə əldə olunan sosial-iqtisadi nəticələr və qarşıda duran vəzifələr barədə məruzə etdilər.
Yekun çıxışında "2014-cü ildə müşahidə olunan proseslər göstərir ki, bu il dünya iqtisadiyyatı üçün çox ağır il olacaq",- deyən Prezident İlham Əliyev neftin qiymətinin aşağı düşməsi ilə 2015-ci ili təbii sərvətlərlə zəngin olan ölkələr üçün bir sınaq dövrü kimi xarakterizə etdi. "Lakin düşünülümüş iqtidadi siyasət, şaxələndirilmə prosesi, xalqla iqtidar arasında olan birlik bu ilin də xalqımız üçün uğurlu olacağına təminat verir",- deyən Prezident İlham Əliyev 2015-ci ildə qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanmasının əhəmiyyətinə toxundu. Bildirdi ki, sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdirilməli, hər bir dövlət qurumunda idarəetmə prinsipləri təkmilləşdirilməli, israfçılıq hallarının qarşısı alınmalıdır. Ölkə üçün zəruri olan, iqtisadi və sosial əhəmiyyəti ilə seçilən layihələrin icrasının davam etdiriləcəyini deyən dövlətimizin başçısı hər bir rayonda sənaye mərkəzlərinin yaradılması ilə bağlı tapşırıqların icrası, 2015-ci ildə böyük metallurgiya kompleksinin tikintisi, dövlət investisiyalarının dayanıqlı inkişafa yönəldilməsi, ekoloji məsələlərin həlli, nəqliyyat layihələrinin icrasının davam etdirilməsi ilə bağlı fikirlərini bildirdi. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin artıq başa çatdırıldığını, hava nəqliyyatı və gəmiçilik sahəsində də uğurlu layihələr icra olunduğunu deyən Prezident İlham Əliyev ötən il "Cənub" qaz dəhlizinin təməlini qoyulmasını tarixi hadisə adlandırdı. Qeyd etdi ki, XXI əsrin layihəsi olan "Cənub" qaz dəhlizinin icrası ölkəmizin inkişafında mühüm mərhələ olacaq.
Dövlətimizin başçısı bir neçə aydan sonra Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını, Təşkilat Komitəsinin fəal işlədiyini bildirdi. "Avropa Oyunlarının standartları Bakıda müəyyən olunacaq",- deyən Prezident İlham Əliyev qeyd etdi ki, bu, sadəcə idman tədbiri deyil, idmançıların və qonaqların ölkəmizlə, burada gedən inkişaf prosesləri ilə tanış olmaları baxımından mühüm fürsətdir.
Milli.Az
-----------
16:56
Böyütmək üçün şəkillərə klikləyin.