"Azərbaycan təhlükəsizliklə bağlı məsələlərdə, əsasən, gənc nəslə bel bağlayır". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edərkən deyib.
Prezidentin sözlərinə görə, bu gənc azərbaycanlılar sərhədlərimizi qoruyanlardır: "Hazırda onlar öz Vətənlərini qorumaq üçün erməni təcavüzkarlarla üz-üzə dayanıblar. Erməni təcavüzü zamanı şəhidlərimizin əksəriyyəti gənc nəslin nümayəndələri olub".
İlham Əliyev bildirib ki, bu münaqişə regional təhlükəsizlik üçün ən böyük təhdiddir: "Təəssüf ki, ötən əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində Azərbaycan amansız erməni təcavüzünün, etnik təmizləmənin obyektinə çevrildi, tarixi torpaqlarımız işğal olundu. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Azərbaycanlılar uzun əsrlər boyu buralarda yaşayıblar və Ermənistanın dəstəklədiyi təcavüzkar separatçılıq indiki vəziyyətə gətirib çıxarıb".
Dövlət başçısı qeyd edib ki, 20 ildən çoxdur Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır: "Bunun nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Ermənilər Xocalı soyqırımını törədiblər. 600-dən çox günahsız insan sadəcə azərbaycanlı olduğuna görə öldürülüb. Hazırda erməni işğalı, Ermənistandakı cinayətkar rejim ən böyük təhdiddir. BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib".
Prezidentin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmalı, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir: "Analoji qərarlar Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilir. Biz görürük ki, bəzi hallarda qətnamələr bir neçə gün ərzində yerinə yetirilir. Bizimlə bağlı qətnamələr isə 20 ildən artıqdır ki, hələ də kağız üzərində qalır".
İlham Əliyev qeyd edib ki, münaqişənin həllinin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanması üçün daha səylə işləmək lazımdır.
Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdəki doğma yurdlarına qayıdacaqlar: "Beynəlxalq ictimaiyyət tərəfindən bizə yalnız bu məsələdə güclü dəstək verilmir. Bunun ən yaxşı göstəricisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu və biz iki il ərzində - 2012-2013-cü illərdə Şuranın üzvü olduq. Biz beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti tərəfindən seçildik, 155 ölkə Azərbaycana səs verdi. Bu, ona görə bizim üçün xüsusilə vacibdir ki, Azərbaycan müstəqilliyinin cəmi 20 ili ərzində beynəlxalq birliyin üzvü oldu və biz 155 ölkənin belə güclü dəstəyinə nail ola bildik".
Prezidentin sözlərinə görə, təəssüf ki, hazırda Azərbaycanı əhatə edən regionlarda - Yaxın Şərqdə, Avropada və dünyanın digər yerlərində mürəkkəb hadisələrin baş verdiyini müşahidə etmək olar: "Bəzən bu hadisələr faciə ilə nəticələnir. Buna görə də dünya terrorçuluqla mübarizədə və beynəlxalq hüquq və ədalətin müdafiəsində həmrəy olmalıdır. Azərbaycan beynəlxalq təhlükəsizlik, sabitlik məsələlərində regionda vacib rol oynayır. Ölkəmiz regionda sabitlik, inkişaf, proqnozlaşdırmanın mümkün olduğu adadır. Azərbaycan regionda sabitləşdirici qüvvə və amildir, belə ki, biz regional əməkdaşlıq, iqtisadi təşəbbüslər, energetika və nəqliyyatla bağlı təşəbbüslərin köməyi ilə çox şeyə nail ola bilərik. Bizim siyasətimiz hər zaman çox aydın olub - iqtisadi maraqlar, təhlükəsizlik və sabitlik daxil olmaqla, regional əməkdaşlıq və milli maraqların qarşılıqlı dəstəklənməsi".
İlham Əliyev vurğulayıb ki, hər bir ölkə təhlükəsizlik və sabitlikdə maraqlıdır və bunu maksimum səviyyəyə çatdırmağa hazırlaşır, çünki bu, inkişaf üçün əsas şərtdir: "Əgər təhlükəsizlik və sabitlik mövcud deyilsə, investisiyalar da olmayacaq, investisiyalarsız isə hətta dünyanın inkişaf etmiş ölkələri irəli gedə bilməz. Eyni zamanda, hər bir ölkə hüdudlarından kənarda təhlükəsizlik və sabitlikdə maraqlı olmalıdır. Çünki siz adada yaşamırsınız, sizin qonşularınız var. Buna görə də biz ölkənin daxilində olduğu kimi, sərhədlərimizdən kənarda da sabit və əvvəlcədən söylənilə bilən vəziyyətdə maraqlıyıq. Regional təhlükəsizlik və regional əməkdaşlıqla bağlı məsələlər bizə belə görünür".
Dövlət başçısı əlavə edib ki, başlanılan iqtisadi, enerji və nəqliyyat təşəbbüsləri bütün iştirakçıların xeyrinədir: "Yalnız uduşlu vəziyyətdə maksimum nəticələr əldə edə bilərik. Azərbaycanda vacib çoxmilli, transkontinental layihələr, o cümlədən enerji təhlükəsizliyi, enerjidaşıyıcıların şaxələndirilməsi ilə bağlı layihələr işə salınıb. Nəticədə həmin layihələrdə iştirak edən ölkələr fayda götürürlər".
Prezident qeyd edib: "Biz müstəqil dövlət olanda iqtisadiyyatımız tam tənəzzüldə idi. Bizdə siyasi və hərbi böhran müşahidə edilirdi, erməni təcavüzü, vətəndaş müharibəsi ilə üzləşmişdik - ötən əsrin 90-cı illərində mənzərə belə idi. Uğurlu inkişafın səbəbləri - siyasi sabitlik, siyasi islahatlar, demokratik inkişaf, iqtisadi inkişaf, KİV azadlığı. Hazırda bizdə, məsələn, internetə pulsuz giriş mövcuddur və ölkəmizin əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir. Siyasi islahatlar olmadan davamlı uğura nail olmaq mümkün deyil. Siz müəyyən dövr üçün uğur qazana bilərsiniz, lakin davamlı uğur üçün insanları fundamental azadlıqla təmin etməlisiniz, çünki hamı azad doğulur və təhlükəsizliyə və bütün əsas hüquqlara malik olmaqla azad cəmiyyətdə yaşamalıdır".
İlham Əliyevin sözlərinə əsasən, Azərbaycanda siyasi islahatlar iqtisadi islahatlarla möhkəmlənib: "İqtisadi islahatlar olmadan siyasi islahatları reallaşdırmaq çox çətindir və bizim məqsədimiz özünü təmin edən, güclü iqtisadiyyatın yaradılması olub. Bu, əminlik və iqtisadi müstəqillik yaratdı. İqtisadi əsaslar olmadan siyasi cəhətdən müstəqil olmaq və müstəqil siyasət yürütmək çətindir. Hələ də özünü təmin edə bilməyən iqtisadiyyatları olan, digər ölkələrdən asılı vəziyyətə düşən ölkələr müəyyən dərəcədə siyasi sahədə də digərlərindən asılıdır. Hər bir ölkə, ilk növbədə, iqtisadi müstəqilliyinin qayğısına qalmalıdır, bundan sonra siz azad ola, əminlik əldə edə, müstəqil qərarlarınızı qəbul edə bilərsiniz".
İlham Əliyev bəyan edib ki, Azərbaycanda hələ də davam edən iqtisadi islahatlar artıq rəqəmlərdə öz əksini tapıb: "Son 10 ildə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Ən böyük uğurlardan biri işsizliyi 5 faizədək azaltmağımız oldu. Bu gənc nəslə kömək edir, ilk növbədə ona görə ki, biz yaxşı əmək resurslarının və yaxşı demoqrafik vəziyyətin olduğu ölkəyik. Bununla da iş yerlərinin açılması mütəmadi proses olmalıdır. Biz son 10 ildə 1,3 milyon iş yeri açmağa müvəffəq olduq və Azərbaycanda işsizlik kimi sosial problem mövcud deyil. Bizim ÜDM-ə nisbətdə xarici borcumuz çox aşağı səviyyədədir - cəmi 8 faiz. Buna görə də iqtisadiyyatımız böyük maliyyə resurslarını qəbul edə bilər. Lakin biz bu rəqəmi üstələməyə çalışmırıq, çünki xarici borcun ÜDM-ə nisbətdə göstəricisi iqtisadi sabitliyin əsas elementlərindən biridir. Hamımız bilirik ki, daim borc alan ölkələr gözəl günlərin birində böyük hesab verməli oldular".
Dövlət başçısının sözlərinə görə, beləliklə, siyasətçilərin məsuliyyəti və iqtisadiyyata görə məsuliyyət də vacib məsələlərdəndir: "Çünki bilirik ki, bəzi seçki kampaniyaları zamanı bir sıra ölkələrdəki siyasi vəziyyətlə əlaqədar bir çox vədlər verilir ki, problemlər aradan qaldırılacaq, məvaciblər və pensiyalar artırılacaq və cənnət yaradılacaq. İnsanlar belə sözlərə inananda və həmin siyasətçiləri seçəndə vədlər yerinə yetirilməlidir. Lakin vədlər icra olunmur, çünki iqtisadi məhdudiyyətlər, qaydalar və s. var. Bu halda onlar nə edirlər? Beynəlxalq maliyyə institutlarından, ölkələrdən borc alırlar və bu, piramida kimi görünməyə başlayır - siz daim borc alırsınız və günlərin birində hər şey dağılır. Bəs sonra? Kim əziyyət çəkir? İnsanlar. Populist çıxışlara aldanan insanlar əziyyət çəkirlər, çünki məvaciblər, pensiyalar və iş yerləri azalır. Buna görə də hər bir ölkənin iqtisadi vəziyyəti real şəraitə əsaslanmalıdır".
Prezident vurğulayıb ki, islahatlar aparmaq üçün yaxşı biznes mühitə, sabit siyasi vəziyyətə və proqnozlaşdırıla bilən gələcəyə malik olmaq lazımdır: "Bu zaman sərmayədarlar gələcəklər, çünki hazırda onları cəlb etmək çox çətindir, buna səbəb isə dünya bazarında baş verənlərdir - maliyyə-iqtisadi böhran hələ də davam edir. Bizim bu sahədə müəyyən təcrübəmiz var və hazırda iqtisadiyyatımız sabitdir, şaxələndirilib və davamlı inkişaf əsas məqsədimiz olub".
Prezident İlham Əliyev bəyan edib ki, forum təkcə müzakirələrə görə deyil, həm də Azərbaycan haqqında daha çox öyrənmək imkanı baxımından böyük əhəmiyyət kəsb edir: "Azərbaycan gənc, müstəqil, müasir ölkədir. Ölkəmiz prioritet və məqsədlərini dəqiq müəyyənləşdirib. Gənclər kimi hərəkət edən qüvvə ilə gələcəkdə daha çox uğurlar qazanacağıq".
---------
15:53
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev xatırladıb ki, Azərbaycanda "Gənclər siyasəti haqqında" qanun var, həmçinin "Azərbaycan gəncliyi" adı altında iki Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilir: "Bu yaxınlarda biz Gənclər Fondu yaratdıq və bu Fonda dövlət büdcəsindən ayrılan vəsait gənclərin özlərini cəmiyyətdə göstərmələrinə kömək edir. Gənclər mədəniyyət, təhsil, sosial fəallıq, siyasi islahatlarla bağlı müxtəlif layihələrə cəlb olunublar".
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, başqa sözlə, bu Fond gənc nəslin istedadını üzə çıxarmağa və onları cəmiyyətə təqdim etməyə kömək edir və beləliklə, bu, ölkənin inkişafına imkan yaradır: "Mən təhsil və savadlılığı xatırlatdım və onu da demək istərdim ki, ümumilikdə təhsil hökumətin prioritetlərindən biridir. Biz tamamilə əminik ki, təhsilli, bilikli insanlar müxtəlif sahələrdə ölkəyə və özlərinin inkişafına kömək edə bilərlər. Və əgər siz dünyanın inkişaf etmiş ölkələrinin göstəricilərinə və uğurlarına baxsanız, görərsiniz ki, təhsil, elm, texnoloji innovasiyalar uğurlu inkişafın əsas alətləridir. Nə enerji resursları, nə faydalı qazıntılar, nə neft və qaz deyil, məhz təhsil, bilik və texnologiyalar. Onlar bütün bəşəriyyətin hərəkətverici qüvvələridir".
Dövlət başçısı Azərbaycanın beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq sayəsində bu sahədə daha böyük uğurlara nail ola biləcəyinə ümidini ifadə edib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti artıq bir neçə ildir ki, gənc nəsil üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Вu il xaricdə ölkə gənclərinin təhsil almasına 40 milyon avroya yaxın vəsait yönəldilib: "Biz, həmçinin universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında daha çox əlaqələrin olmasını istəyirik. Biz belə siyasətin üstünlüyünü görürük, çünki bu gün Azərbaycanın gənc nəsli yeni, müasir, müstəqil ölkənin yaradılmasında fəal iştirak edir".
Dövlət başçısı vurğulayıb ki, hökumətin prioritetlərindən biri idmanın inkişafıdır: "İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında təmsil edirlər. Azərbaycan 2012-ci il London olimpiadasında Yay Olimpiya Oyunlarında iştirakı tarixində ən yüksək nəticəni göstərib. Komandamız dünyanın 200-dən çox ölkəsi arasında 30-cu yeri tutub. 2014-cü il Yeniyetmələrin Yay Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar olub - ölkəmiz dünyanın təxminən 200 ölkəsi arasında ən yaxşı 10 ölkə sırasına daxil olub. Bu, onu göstərir ki, Olimpiya hərəkatının, idmanın inkişafı siyasəti, müasir idman qurğularının yaradılması öz nəticələrini verir".
Prezidentin sözlərinə görə, eyni zamanda, idman Azərbaycan cəmiyyətinin həyatının ayrılmaz tərkib hissəsinə çevrilib: "Dövlət proqramları, gənc nəslin stimullaşdırılması və idmana fəal cəlb edilməsi təkcə ölkənin beynəlxalq yarışlarda nüfuzu üçün vacib deyil, həm də təsdiq edir ki, gənc nəsil uğura gedən yoldadır. Bu, onu göstərir ki, gənc insanlara bütün həyatları boyu kömək edəcək şey fiziki sağlamlıqdır, bu, zərərli vərdişlərə - siqaret çəkməyə, spirtli içkinin, narkotiklərin qəbuluna və s. yiyələnməkdən uzaq durmağa kömək edir. Buna görə də bu, Azərbaycan siyasətinin vacib sosial seqmentidir".
İlham Əliyev deyib: "Biz fəxr edirik ki, Azərbaycan çoxsaylı Avropa və dünya çempionatlarının keçirildiyi ölkəyə çevrilib və gələn il ölkəmizdə ilk Avropa Oyunları təşkil ediləcək ki, bu da tarixi hadisə olacaq. Avropa Oyunları Pan-Amerika, Asiya və Afrika Oyunlarından fərqli olaraq daha əvvəl keçirilməyib. Avropa Oyunları ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Oyunlarda 6 000-dən artıq idmançı iştirak edəcək və biz bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi planlaşdırırıq. 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasını keçirəcəyik və şahmat üzrə yığmamızın nailiyyətləri ilə fəxr edirik. Komandanın bütün üzvləri gənc nəslin nümayəndələridir. 2017-ci ildə isə Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bununla da qısa müddət ərzində bizdə Avropa və İslam Oyunları keçiriləcək. Bu, əslində Azərbaycanın beynəlxalq məsələlərdə rolunu aydın göstərir".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan Avropa Şurasının üzvü olan azsaylı ölkələrdən biridir: "Azərbaycan hazırda Avropa Şurası Nazirlər Komitəsində sədrlik edir və eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan eləcə də 2008-ci ildə başlayan Bakı prosesinin təşəbbüskarıdır. Azərbaycanda Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin görüşünə onların İslam Əməkdaşlıq Təşkilatından olan həmkarları da dəvət olunmuşdular. İlk dəfə olaraq ölkəmizdə Avropa və İslam dünyasından 100-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi sessiya keçirilib. Ölkəmizdə belə tədbirlər növbəti illərdə də təşkil olunub. Bu səylər sivilizasiyalar, xalqlar və ölkələr arasında böyük anlayışa gətirib çıxarır".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın əsas uğurlarından biri unikal mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühitinin mövcudluğudur: "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, vətəndaşlarımızın hamısı sülh şəraitində yaşayır və biz sivilizasiyaların dialoquna töhfə veririk. Ölkəmizdə iki dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, dörd dəfə isə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib ki, biz bu tədbirlərdə, əsasən, mədəni müxtəliflik, multikulturalizm, dünyanın müxtəlif guşələrindən olan insanların birlikdə necə işləyə, əməkdaşlıq edə və interaktiv ola bilmələri məsələlərinə baxmışıq".
Azərbaycan Prezidenti bildirib ki, ən böyük təhdidlərdən biri sivilizasiyalar arasında dialoqun kifayət qədər olmamasıdır: "Biz əməkdaşlıq, daha çox anlayış, daha çox dəstək prosesinə öz töhfəmizi verməyə çalışırıq və bunun yaxşı nəticələr verəcəyini düşünürəm".
İlham Əliyev deyib ki, bu gün bütün dünyadan cəmiyyətin fəal hissəsini təmsil edən gənclərin nümayəndələri Bakıya toplaşıb, onların öz ölkələrində böyük gələcəkləri var: "Ona görə də hesab edirəm ki, bir-birimizi tanımaq, birgə fəaliyyət göstərmək, problemləri dərk etmək və bir-birinə kömək etməyə çalışmaq çox əhəmiyyətli olacaq. Ümid edirəm ki, ilk qlobal forum bu nöqteyi-nəzərdən də vacib olacaq".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda gənc nəsil innovasiyalarla bağlı məsələlərin həllində fəal iştirak edir. Azərbaycan informasiya-kommunikasiya texnologiyaları kimi sahələrdə çox sürətlə inkişaf edir, hazırda ölkənin öz peyki var.
İlham Əliyev bildirib ki, Azərbaycan iki ildən bir qədər əvvəl ictimai xidmətlərin yeni sistemini - "ASAN xidmət"i işə saldı: "Bu, bir məkanda 30-a yaxın ictimai xidmətin göstərildiyi "bir pəncərə"dir. ASAN sistemindəki əməkdaşların və könüllülərin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bu gün bir çox fəaliyyət sahələrində yaxşı təlim görmüş, təhsilli, vətənpərvər, Azərbaycanın inkişafına sadiq gənc menecerlər var. Əminəm ki, yaxın illərdə bu tendensiya daha güclü olacaq. Beləliklə, bunlar əsas vacib istiqamətlərdir. Azərbaycan gənc ölkədir - müstəqilliyinin cəmi 23 yaşı var, ölkə əhalisi gənc, dinamik, çox fəaldır. Fəal dövlət siyasəti gənc nəsli ölkənin iqtisadi və siyasi həyatının bütün sahələrinə cəlb edir".
---------
12:49
"İlk gənclər forumunun Azərbaycanda keçirilməsi ölkə üçün çox mühüm hadisə və böyük şərəfdir".
Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edərkən deyib.
Dövlət başçısı bildirib: "Əlbəttə, gələcəkdə daha çox forumlar keçiriləcək, lakin bu forum tarixdə qalacaq. Biz forumun keçirilməsi üçün Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Biz buna hökumətimizin gənclər və idman siyasəti, ölkənin fəal inkişafı ilə bağlı fəaliyyətdə göstərdiyi səylərin tanınması kimi baxırıq".
Azərbaycan Prezidentinin sözlərinə görə, Azərbaycan üçün ən vacib prioritet istiqamətlərdən biri təhsildir: "Biz ölkədə, demək olar ki, yüz faiz savadlılığın təmin olunmasına görə qürur duyuruq. Gənclər siyasətinə gəldikdə, Azərbaycanda möhkəm qanunvericilik bazası mövcuddur".
---------
12:15
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmalı, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir".
Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edərkən deyib.
Dövlət başçısının sözlərinə görə, analoji qərarlar Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilir: "Biz görürük ki, bəzi hallarda qətnamələr bir neçə gün ərzində yerinə yetirilir. Bizimlə bağlı qətnamələr isə 20 ildən artıqdır ki, hələ də kağız üzərində qalır".
İlham Əliyev qeyd edib ki, münaqişənin həllinin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanması üçün daha səylə işləmək lazımdır.
Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağda və işğal olunmuş ərazilərdəki doğma yurdlarına qayıdacaqlar: "Beynəlxalq ictimaiyyət tərəfindən bizə yalnız bu məsələdə güclü dəstək verilmir. Bunun ən yaxşı göstəricisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu və biz iki il ərzində - 2012-2013-cü illərdə Şuranın üzvü olduq. Biz beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti tərəfindən seçildik, 155 ölkə Azərbaycana səs verdi. Bu, ona görə bizim üçün xüsusilə vacibdir ki, Azərbaycan müstəqilliyinin cəmi 20 ili ərzində beynəlxalq birliyin üzvü oldu və biz 155 ölkənin belə güclü dəstəyinə nail ola bildik".
-----------
11:34
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmalı, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir".
Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edərkən deyib.
----------
10:38
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumda iştirak edib.
Trend-in məlumatına görə, Prezident forumda çıxış edib.
Qeyd edək ki, Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin gənclər üzrə elçisinin ofisi, UNESCO və Avropa Şurası tərəfindən təşkil olunub.
Qlobal Forumda 80-dən çox ölkədən 700-dən artıq nümayəndə iştirak edir. BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə keçirilən Forumun məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin, 2015-ci ildə görüləcək işlərin müəyyənləşdirilməsi, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu sahədə əhəmiyyətli mövzuların müzakirə olunmasıdır.
Forumda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin hazırlanması gözlənilir.
Milli.Az
----------
13:11
Böyütmək üçün şəkillərə klikləyin.
Foto: AzərTAc