Hakimiyyət vaxt udmağa, müxalifətsə ağıllı görünməyə çalışır
Ermənistan müxalifətinin liderlərinin son mitinqlə bağlı həddən artıq nikbin bəyanatlarına rəğmən, bu aksiya qarşıya qoyulan məsələlərin yalnız birini, ən yaxın məqsədi qismən də olsa, çözə bilib.
Prezident Serj Sarkisyan Konstitusiyaya dəyişikliklər və əlavələri nəzərdə tutan referendum prosesinin başlanma tarixini bir qədər təxirə salıb.
Erməni Milli Konqresinin (EMK) sədri, sabiq prezident Levon Ter-Petrosyan bunu "müxalifətin danılmaz uğuru" sayır.
"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qagik Sarukyan "hakimiyyətin geri çəkildiyini" vurğulayır. İrs Partiyasının sədri Raffi Hovannisyan isə ümumiyyətlə, Serj Sarkisyanın olduqca ağır vəziyyətə düşdüyünü bəyan edir.
Həmişəki kimi, arzu olunanların reallıq qismində qələmə verilməsi, ucuz yalanlar və bəsit alleqoriyalar.
Ermənistan prezidenti Serj Sarkisyan "konstitusion islahatları" indiyədək dəfələrlə təxirə saldığından, onun oktyabr mitinqi qarşısında duruş gətirə bilməməsi ilə bağlı deyilənlər bir qədər bravur səslənir.
Amma bu da bir həqiqətdir ki, Yerevandakı rejim özünü güclü, qüdrətli və hadisələrə tam nəzarət mexanizmlərinə malik qüvvə kimi göstərməyə çalışsa da, kütlənin narazılıq potensialının azalmadığı, əksinə, artdığı aşkar görünür.
İqtidardakı Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyan formalaşmaqda olan qüvvələr balansını və imkanlarını nəzərə alaraq geriyə addım atmalı olub.
O, müxalifətin zəiflədilməsi və mövcud rejimə qarşı çıxış edənlərin düşərgəsindəki xaosun gücləndirilməsini aktivləşdirərək, daha sarsıdıcı zərbələrin vurulmasını gələn ilin fevral-mart aylarınadək təxirə salıb.
İndiki situasiya Ermənistanın sabiq baş naziri Tiqran Sarkisyanın istefası ərəfəsindəki hadisələri xatırladır.
Ermənistanda "bir oliqarxın iqtisadiyyatı" sisteminin qurulmasında əsas rollardan birini oynamış T.Sarkisyanın vəzifəsindən kənarlaşdırılmasının gündəmdə olmadığını deyən S.Sarkisyan bu açıqlamasından cəmi iki gün sonra baş nazirini işdən çıxardı.
Oliqarxlar üçün çalışan və oliqarx olmaq istəyən Tiqran Sarkisyanın yerinə oliqarx Ovik Abramyan təyin olundu.
Fəqət, müxalifətin mitinqlər vasitəsilə hakimiyyətə təzyiqi qələmə verildiyi qədər güclü deyil. Erməni müxalifətçilər və onların liderləri olduqlarını deyənlər, xüsusilə də Levon Ter-Petrosyanla Qagik Sarukyan "Sarkisyan geri çəkilir" tipli bəyanatlar versələr də, iqtidar məğlub durumda deyil. Əksinə, dağınıq və möhtəkir, hətta siyasi alverçi müxalifəti dalana dirəməyi planlaşdıran iqtidar geri çəkilmə görüntüsü yaratmaqla rəqib saydığı qüvvələri tələyə salmaq, müstəvidə öz oyun qaydaları ilə oynamaq niyyətindədir.
S.Sarkisyan müxalifətin dediyi kimi, məğlub duruma düşsəydi və ya mitinqdən çəkinərək qarşı tərəfin tələblərini qismən də olsa, yerinə yetirməyə meylli olsaydı, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirmək ideyasından ümumiyyətlə əl çəkdiyini vurğulayardı. Belə bəyanat səslənmədi, çünki Ermənistan prezidenti hakimiyyətdən könüllü imtina edərək siyasi arenanı tərk etmək fikrində deyil. O, müxalifəti nisbətən rahatlaşdırmaq, eyforiyaya qapılmasına rəvac vermək, sonra isə rəqiblərini həmişə olduğu kimi, təkləyərək zəiflətmək niyyətindədir.
Tiqran Sarkisyanın baş nazir postundan kənarlaşdırılmasının müxalifət mitinqlərinin sonucu kimi anlaşılması da yanlış olardı. Hakimiyyət offşor qalmaqallarında adı hallanan, bəraəti üçün heç bir səbəbi qalmayan baş naziri istifadə olunmuş əşya saydı və onun səhnədən kənarlaşdırılmasına qərar verdi.
Qərarın kökündə hakimiyyətin müxalifət aksiyalarından çəkinməsi və ya kütləvi narazılığın səviyyəsinin təhlükəli həddə çatmasından narahatlıq keçirməsi durmurdu.
Sarkisyan vətəndaşların küçələrə çıxaraq "Baş nazir rədd olsun!" çığırmalarından özü üçün istifadə etmək fikrinə düşmüşdü və bu səbəbdən də oliqarxiyanın mövqelərinin səbatlaşdırılması istiqamətində konkret addımlar atmaq əvəzinə, yerində ləngər vuran və tərəddüd edən T.Sarkisyanı artıq zəifləmiş kadr hesab etmişdi.
Ermənistan prezidenti mövqelərini gücləndirmək, hadisələrin axarından çıxaraq kütləvi etiraz aksiyalarına çevrilməsinə imkan verməmək üçün bir qədər vaxt udmağa, zaman qazanmağa can atır. Belə şəraitdə müxalifət birləşməli, sıralarını daha səbatlı etməli və qarşılıqlı ittihamlarla mübarizədən müvəqqəti də olsa, əl çəkərək ümumi hədəf qismində Sarkisyan iqtidarını görməlidir.
Əks təqdirdə, heç nə dəyişməyəcək və 2008-ci ildən bəri yaşanan olaylar bir daha təkrarlanacaq, əhalisinin tam əksəriyyəti səfil vəziyyətdə olan Ermənistanın düşdüyü girdabdan çıxmaq üçün şansları yaz qarı təki əriyəcək.
Ölkənin ictimai-siyasi konsolidasiyaya ehtiyacı var ki, sonradan genişmiqyaslı, güclü ümummilli hərəkat başlansın. Dürüst temp seçilməli, "Burada və indi, dərhal!" tipli avantürist şüarların illüziyalarına əsir olanlar ayılmalıdırlar.
Eyni zamanda, Serj Sarkisyan iqtidarına da nəfəs dərməyə və yeni hücum üçün qüvvə toplamağa imkan verilməməlidir.
Heyhat, bütün bunlar ehtimal və nəzəriyyə olaraq qalır.
Erməni İnqilabi Federasiyası-Daşnaksutyun başına gətirilənlərə rəğmən, səhvlərindən nəticə çıxarmayıb və yenə də iqtidardakı Ermənistan Respublika Partiyası ilə sövdələşməyə çalışır. Son mitinqlərdə daşnakların çox zəif iştirak etməsi, onların "müxalifət düşərgəsindəki dağınıqlıq və xaos"dan şikayətlənərək radikallaşmamağa çağırışlarla çıxış etmələrinin də "sirr"i məhz iqtidarla yeni sövdələşmələrə başlamalarıdır.
"Çiçəklənən Ermənistan" Partiyasına gəldikdə isə, sədri Qagik Sarukyan, real lideri sabiq prezident Robert Köçəryan olan bu partiya gözləmə mövqeyi tutaraq proseslərdən maksimal dərəcədə yararlanmaq fikrindədir.
Heç nə dəyişməyib.
Dəyişən Ermənistan adlı kvazidövlətin yuvarlanacağı uçuruma olan məsafədir.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Lavrovla Fidan görüşdü
-
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - FOTO
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
XƏBƏR LENTİ
-
“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu





