Rauf Mirqədirovun Vətənə xəyanətdə ittiham olunaraq həbs edilməsi ilə bağlı davam etdirilən istintaq zamanı məlum oldu ki, o, bu işdə yalnız icraçı fiqur olub. Hətta Mirqədirov özü bu barədə hüquq müdafiəçisi Elçin Behbudovla görüşündə bildirib ki, erməni xüsusi xidmət orqanları ilə öz təşəbbüsü ilə yox, məhz Sülh və Demokratiya İnstitutu adlı QHT-nin direktoru Leyla Yunusun tapşırığı ilə təmas qururmuş.Leyla və Arif Yunusların həbsi ilə Azərbaycandakı erməni şəbəkəsinin mühüm ruporu susduruldu
Göründüyü kimi, Ermənistanla təhlükəli əlaqələrin yaradılmasında, Azərbaycan xalqının maraqlarını ermənilərə satmaqda baş rolda məhz həmişə olduğu kimi, bu səfər də Leyla Yunus çıxış edirmiş. Mirqədirovun səsləndirdiyi fikir fakt olaraq indiyədək L.Yunus barəsində formalaşmış ictimai rəyin haqlı olduğunu bir daha ortaya qoydu.
Hüquq mühafizə orqanlarının apardığı araşdırmalar da Leyla Yunusun günahını sübuta yetirdi. Respublika Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin birgə açıqlamasında "hüquq müdafiəçisi"nin vətənə, xalqa xəyanətlə bağlı çoxsaylı tutarlı faktlar sadalanır.
Həmin açıqlamadan aydın olur ki, istintaq müəyyən edib ki, L.Yunus Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın "Region" Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında "xalq diplomatiyası" üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri və digər qanunsuz vasitələr hesabına maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Rauf Həbibulla oğlunun dəfələrlə Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini Arif Yunusov ilə birlikdə təşkil edib. Həmin səfərlərdə Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər.
Eyni zamanda, Leyla və Arif Yunusovlar Azərbaycan Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altındakı torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar. Bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər ilə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar.
Məhz bütün bunlar L.Yunusun həbsini labüdləşdirdi. Beləliklə də L.Yunusun çoxdan gözlənilən həbsi reallaşdı. Ümumiyyətə L.Yunusun həyat və "yaradıcılığı"na bələd olan hər bir kəs onun Azərbaycan xalqına necə nifrət bəslədiyini, Azərbaycan dövlətinə düşmən kəsildiyini gözəl bilir.
Hələ 1992-93-cü illərdə Müdafiə Nazirliyinin analitik informasiya departamentinə rəhbərlik etdiyi dövrdən onun xalqımıza, dövlətə xəyanəti, erməni əsilli agent olması ilə bağlı söz-söhbətlər dolaşırdı. Əslində Ermənistanın işğal siyasətinin ən qızğın çağında proseslərin içində olmuş, damarında azərbaycanlı qanı daşıyan istənilən kəs ermənilərə, işğalçılara qarşı daim kin bəsləməlidir. Lakin belə bir zamanda hərbi sistemdə yüksək post tutmuş Leyla Yunus əksinə, bu gün xalqına qarşı xəyanət mövqeyi tutur, xalqın mənafelərini işğalçıya satır.
Ümumiyyətlə Leyla Yunus QHT-çilik taleyinin bütün mərhələlərində antiAzərbaycan kompleksini gizlətməyib. Daim xarici antiAzərbaycan qüvvələrin maliyyələşdirdiyi layihələrin icrası ilə məşğul olub. Yalançı siyasi məhbus siyahıları hazırlayaraq dövlətin beynəlxalq nüfuzuna kölgə salmaqla məşğul olub.
L.Yunusun 2012-ci ildə Bakıda keçirilmiş "Avrovizyon" yarışması öncəsi təşkil etdiyi "şou" isə xüsusilə diqqətçəkici idi. Belə ki, "Qış bulvarı" deyilən ərazinin sökülməsi prosesində bütün sakinlərin dövlətin təklif etdiyi şərtlərlə razılaşdığı təqdirdə bu ərazidə ofisi olan L.Yunusun özünü sakinlərdən üstün bilən və daha böyük məbləğə iddia edən, lakin istəyinə nail olmadıqda çıxartdığı şou da heç kəsin yadından çıxmayıb.
Şəxsi mülkiyyət davasının acığını isə həmin dövrdə Almaniyanın təşkilatçılığı ilə Azərbaycana qarşı təşkil olunmuş "Demokratiya naminə oxu" kampaniyasında əsil "beşinci kolon" missiyasını "şərəflə" yerinə yetirməklə çıxmışdı. Bu fəaliyyətinə görə isə antiAzərbaycan və ermənipərəst qüvvələr tərəfindən böyük məbləğdə mükafatlandırılmışdı.
Guya hüquq müdafiəçisi olan L.Yunus heç zaman vətəndaşların hüquqları uğrunda belə haray-həşir qoparmazdı. Çünki onda Azərbaycan xalqına, vətəndaşlarına qarşı bir pataloji nifrət var.
Digər tərəfdən hüquq müdafiəçisi kimi onun milyondan çox qaçqının hüquqları uğrunda bircə dəfə də olsun hansısa təşəbbüslə çıxış etdiyini xatırlamaq mümkün deyil. Məhz belə birisinin guya Azərbaycan xalqına canıyananlıq edərək onu "xalq diplomatiyası" çərçivəsində ermənilərlə barışdırmaq cəhdləri riyakarlıqdan, satqınlıqdan başqa bir şey deyildir. Aparılan istintaq da onun niyyətinin əslində xalqları barışdırmaq deyil, Azərbaycanın maraqlarını ermənilərə satmaq olduğunu ortaya qoydu.
Beləliklə də, göründüyü kimi, Ermənistanla, onun xüsusi xidmət orqanları ilə təmaslar birbaşa milli maraqlara zidd fəaliyyətdir və bu işlərlə məşğul olanlar gec-tez məsuliyyətə cəlb olunmaqla z cəzalarına çatdırılırlar.
Bu sırada xüsusilə Leyla Yunusun aktiv antiAzərbaycan fəaliyyətini nəzərə alaraq onun da həbs edilməsinin zərurəti ilə bağlı ictimaiyyət arasında xüsusilə ciddi tələblər formalaşmışdı.
Ümumiyyətlə dövlətə, xalqa xəyanət yolu tutmuş hər bir kəs öz layiqli cəzasını almalıdır. Bu, istər siyasətçi, istər jurnalist, istərsə də QHT təmsilçisi olsun, fərq qoyulmamalıdır.
Kaspi.az