Siyasət

Zahid Oruc: "Ermənistan tərəfi ancaq saxta mühakimə ilə girov götürülən vətəndaşlarımızı məhkəməyə verə bilər"

17 İyul 2014 15:28
0 Şərh     Baxış: 552
"Ermənistan tərəfi ancaq saxta mühakimə ilə işğal altında olan Kəlbəcərdə erməni silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlıları məhkəməyə verə bilər". Bunu Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Onun sözlərinə görə, ermənilər azərbaycanlıları məhkəməyə vermələrini müharibənin öz qanunlarının olması ilə izah edəcəklər: "Onlar deyəcəklər ki, hansısa nəzarət altında olan ərazilər qorunur, müşahidə altındadır, bu mənada Azərbaycan vətəndaşı qanunu pozan tərəf kimi təqdim ediləcək".
Z.Oruc deyib ki, ermənilər, yəqin ki, həmin vətəndaşların adlarını başqa cinayətlərlə də hallandıracaqlar: "Ermənilər, yəqin ki, onların üzərinə başqa xarakterli şübhəli cinayətlər də qoyacaqlar. Yəqin ki, onlar guya "etiraf edəcəklər" ki, hansısa silah anbarını partladacaq idilər, hərbi məntəqələrə zərbə endirəcək idilər. Bununla da onlar saxta mühakiməni həyata keçirəcəklər".

Millət vəkili girov saxlanılan Azərbaycan vətəndaşlarının beynəlxalq normalar əsasında məhkəməyə verilməsini də mümkünsüz sayıb: "Ermənilər bu adamları dünyaya necə təqdim edəcəklər? Adam özünün doğma torpağına qayıdıb. Məsələnin başqa tərəfi də var. Ermənilər bir heyvanın kəsilməsini elə bir qlobal cinayət kimi təqdim ediblər ki, guya ermənilər bununla milyardlarla dollar ziyan çəkiblər. Bu boyda sərvətlərə malik Kəlbəcərin işğalı heyvanın kəsilməsindən az bir cinayət kimi təqdim olunur".Azərbaycan dövləti tərəfindən bu şəxslərin geri dönüşü üçün müəyyən vasitələrdən istifadə ediləcəyinə əmin olduğunu deyən Z.Orucun sözlərinə görə, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına keçən vətəndaşlarımızı "diversant", "terrorçu", "kəşfiyyatçı" ünsür saymaqlarının heç bir anlamı yoxdur: "Məsələ ondadır ki, bu adamlar hansısa videoçarxda bəyan etməyiblər ki, gedib ermənilərin yaşadığı kompakt ərazilərdə bombardmanlar törədəcək, hansısa qəsdlər həyata keçirəcəklər. Erməni qanunları hansı hüquq prinsipləri ilə izah oluna bilir ki! Yəqin bu adamları cəzalandırmaq istəyəcəklər ki, sabah hər hansı sıravi Azərbaycan vətəndaşının bu torpaqlara qayıdış fikri olmasın. Amma gözü çıxarılacaq insanlar varsa, onlar da bu gün Kəlbəcərdə qərar tutan erməni hərbçiləri və yaxud da oraya süni köçürülmə ilə gələn digər ermənilərdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.