Siyasət

Prezident İlham Əliyev: "Bazarlara çıxmaq o qədər asan deyil"

11 Aprel 2015 11:38
Baxış: 1 645
"İlin birinci rübünün göstəriciləri bizi çox sevindirir. Çalışmalıyıq ki, ilin sonuna qədər bu templəri saxlayaq və ölkə iqtisadiyyatının inkişafını təmin edək.

Qeyri-neft sektoru prioritet olaraq qalır, bütün lazımi tədbirlər görülür. Hesab edirəm ki, bu il qeyri-neft sektorumuz daha da arta bilər. Birinci aylarda yeddi faiz artım, əlbəttə ki, gözəl göstəricidir. Çalışmalıyıq ki, ümumiyyətlə, qeyri-neft sektorumuz ümumi daxili məhsulun çox böyük hissəsini təşkil etsin. Ancaq o da həqiqətdir ki, bir neçə ildən sonra "Cənub" qaz dəhlizi işə düşəndən sonra bizim qaz ixracımız kəskin şəkildə artacaq. Beləliklə, neft-qaz sektorumuz daha da böyüyəcək. Belə olan halda qeyri-neft sektorunun daim neft sektorunu üstələməsi üçün biz əlavə tədbirlər görməliyik. Bu tədbirləri görürük. Onların içərisində, əlbəttə ki, infrastruktur layihələri bölgələrdə iqtisadi inkişafa şərait yaradır. Eyni zamanda, dövlətin sahibkarlara olan münasibəti, diqqəti və dəstəyidir.
 

Milli.Az bildirir ki, bunu Prezident İlham Əliyev dünən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
 

Azərbaycan Prezidenti daha sonra bildirib ki, sahibkarlarla il ərzində dəfələrlə görüşür. Hər il biz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını müzakirə edərkən bu görüşlər olur: "Ondan sonra mənim bütün bölgələrə, rayonlara səfərlərimdə bölgələrdə hansısa sənaye obyektinin açılışı nəzərdə tutulur. Beləliklə, sahibkarlara göstərilən siyasi dəstək kifayət qədər yüksəkdir. Eyni zamanda, dövlət sahibkarlığın inkişafı üçün digər tədbirlər də görür. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə kreditlər verilir. Bu kreditlər real iqtisadiyyatın inkişafını təmin edir, iş yerlərinin yaradılmasına şərait yaradır. Bu il də kifayət qədər böyük məbləğdə kreditlər ayrılıb. Bu kreditlərin, demək olar ki, tam həcmi sonra qaytarılır və yenidən resurs baza kimi sahibkarlara verilir. Həm dövlət büdcəsində sahibkarlığın inkişafı üçün vəsait nəzərdə tutulur, eyni zamanda, əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər yenidən sahibkarlara verilir. Yəni, o kreditlərin qaytarılması yenə də sahibkarlığın inkişafına şərait yaradır".
 

İlham Əliyevin sözlərinə görə, hazırda çox böyük sahibkarlıq sinfi yaradılmışdır. Ölkəmizin ümumi inkişafı bundan sonra daha çox sahibkarlığın inkişafından asılı olacaq. Əlbəttə, dövlət inhisarında olan strateji sahələr dövlətin əlində qalmalıdır. Bu, strateji nəqliyyat infrastrukturu, neft-qaz sektoru, strateji enerji infrastrukturudur. Çünki bu sahələr dövlət tərəfindən idarə edilməlidir ki, işlər məqsədyönlü şəkildə aparılsın. Əlbəttə ki, əsas infrastruktur qurumları dövlət monopoliyasında olanda tariflərə də dövlət nəzarət edir və imkan vermir ki, tariflər artsın yaxud da insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin.

Dövlət başçısı bəyan etdi ki, digər sahələr isə artıq sahibkarlıq hesabına formalaşır. Ümumi daxili məhsulumuzun haradasa 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Keçən il "Sənaye ili" elan edilmişdir və qeyd etdiyim kimi, bu sahəyə böyük diqqət göstərilir. Biz özümüzü bütün tikinti materialları ilə tam şəkildə təmin etməliyik. Artıq biz buna yaxınlaşırıq.
 

"Bu rəqəmləri mən artıq müşavirələrdə səsləndirmişdim. İndi biz bir çox pozisiyalar üzrə tikinti materiallarımızı özümüz istehsal edirik və eyni zamanda, ixrac edirik. İxrac üçün də bizə yeni bazarlar lazımdır. Bazarlara çıxmaq o qədər asan deyil, gərək məhsul rəqabətqabiliyyətli və qiyməti ucuz olsun. Dövlət öz tərəfindən sahibkarlara bu dəstəyi də göstərir. Çünki Azərbaycanda yanacaq kifayət qədər ucuzdur. Özəl sektora və ümumiyyətlə, əhaliyə satılan qazın qiyməti çox aşağıdır, cəmi yüz manatdır. Halbuki dünyada qiymət ondan bir neçə dəfə artıqdır. Elektrik enerjisinin qiyməti kifayət qədər aşağıdır. Yəni, bütün bunlar sahibkarlığın inkişafı üçün dövlət tərəfindən verilən böyük güzəştlərdir. Azərbaycanda istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyi üçün bu, əlavə bir güzəştdir, üstünlükdür.

Sahibkarlar da bundan səmərəli şəkildə istifadə etməlidirlər.

İlk növbədə, daxildə satılan malların qiyməti süni şəkildə qalxmamalıdır. Dövlət bu sahəyə nəzarət edir. Eyni zamanda, xarici bazarlara girmək üçün də əlbəttə ki, qiymət də münasib olmalıdır. Yəni, əgər Azərbaycanda yanacağa qoyulan tariflər bu qədər aşağı səviyyədə olmasaydı, bu, sahibkarlar üçün də böyük problem yaradardı. Sahibkarlar bunu bilməlidir ki, dövlət tərəfindən bu, çox böyük dəstəkdir. Kreditlər də, eyni zamanda, siyasi dəstək və hətta İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən metodik tövsiyələr də sahibkarlara təqdim edilir. Onların qoyduqları investisiyaların həcminə görə müxtəlif tövsiyələr paketi də verilir".
 

Prezident İlham Əliyev daha sonra bildirdi ki, regionlarda da sənaye inkişafı sürətlə gedir. Artıq biz bir neçə sənaye mərkəzi müəyyən etmişik. İndi növbə gəlib ki, hər bir rayonda sənaye zonası yaradılsın. Birinci zona Neftçalada yaradılır: "Mənə verilən məlumata görə, yerli sahibkarlar tərəfindən çox böyük həvəslə, böyük maraqla qarşılanır. Hətta görürük ki, o sənaye zonasında fəaliyyət göstərən sahibkarların sayı nəzərdə tutduğumuzdan daha da çoxdur. Bu, çox sevindirici haldır, bu, birinci pilot layihəsidir. Hesab edirəm ki, biz indi başqa rayonlarda da buna oxşar zonalar yaratmalıyıq. Bu barədə mən bir neçə ay bundan öncə öz fikirlərimi bildirmişdim ki, hər bir rayonda xüsusi yer olmalıdır. Orada infrastruktur, nəqliyyat yolları - bütün lazımi təminat olmalıdır ki, sənaye potensialımız bir yerdə inkişaf etsin".

Bu il "Kənd təsərrüfatı" ili elan edilmişdir. Bu da bu sahəyə göstərilən diqqətin təzahürüdür. Sənaye, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən sahələrdir. Xüsusilə Azərbaycan kimi ölkənin - bizim əhalimizin təxminən yarısı bölgələrdə, kəndlərdə yaşayır. Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq.
 

"İlk növbədə, əlbəttə ki, biz sənaye, yəni, emal müəssisələrini yaradırdıq. Bəzi hallarda o müəssisələrdə istehsal olunan mallar xaricdən xammal kimi gətirilirdi, burada paketlənirdi, ya süzülürdü. Bu, birinci mərhələ idi. Biz indi əsas mərhələyə keçirik, lokalizasiya 100 faiz olmalıdır. Çünki ərzaq təhlükəsızliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər.
 

Əlbəttə ki, bazar iqtisadiyyatı prinsipləri bizim üçün əsasdır. Biz idxal da, ixrac da edirik. Ancaq görürük, bəzi hallarda əgər biz hansısa mənbədən asılıyıqsa, onda müəyyən problemlər yaranır, o cümlədən qiymətlə bağlı olan problemlər. Bizim son illər ərzində gördüyümüz işlər imkan verdi ki, indi inflyasiya çox aşağı səviyyədə olsun. Nəyə görə? Çünki biz xarici bazarlardan, xarici ərzaq bazarlarından o qədər də asılı deyilik. Çünki yerli istehsal artıq kifayət qədər güclüdür. Yerli istehsal əgər yüz faiz yerli xammal üzərində qurulacaqsa, o zaman, ümumiyyətlə, xaricdə gedən proseslər, böhranlı vəziyyət, yaxud da ki, neftin qiymətinin ucuzlaşması bizə təsir etməyəcək", - Prezident İlham Əliyev deyib.

Ona görə ərzaq təhlükəsizliyi birinci məsələdir. Yerli istehsalın artırılması prosesi gedir. Müxtəlif yerlərdə emal müəssisələri yaradılır və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı da genişləndirməliyik. Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul və digər, yəni, süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir.

Dövlət başçısı daha sonra bildirib: "Kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələdir.

Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılmışdır. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik. Elektron uçot ona görə lazımdır ki, sahibkarlar hansı torpağın sahibi olduqlarını bilsinlər. Eyni zamanda, dövlət də bilməlidir ki, kimin hansı torpağı var, o torpaqlarda nə yetişdirilir və ya yetişdirilmir. Bəzi hallarda torpaqlar götürülür, ondan sonra təyinatı dəyişdirilir.
 

Yaxud da ki, hasarlanır, sadəcə olaraq mülkiyyət kimi saxlanılır. Buna yol vermək olmaz. Burada vəziyyəti tam şəffaflaşdırmaq üçün torpaqların elektron uçotu məsələsi öz həllini tapmalıdır. Bu, sadəcə olaraq statistika deyil. Bu, məhsuldarlıqdır, bu, aqrar siyasətimizdir. Həmçinin biz tövsiyə də edə bilərik, əlavə güzəştlər də verə bilərik ki, sən bu torpaqda bu məhsulu yetişdirirsən, gəl bu məhsulu yetişdir. Dövlət sənə daha da çox subsidiya verəcək, kömək edəcək. Çünki dövlətə, ölkəyə bu lazımdır. Ona görə bu, çox ciddi məsələdir. Mən bilirəm, indi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə çox ciddi məşğuldur. Gərək bütün aidiyyəti qurumlar da buna qoşulsunlar ki, biz torpaqların elektron uçotunu tərtib edək. Burada uyğunsuzluq aradan götürülməlidir".
 

İlham Əliyev çıxışında suvarma və meliorasiya ilə bağlı durumdan da bəhs edib: "Biz son illər suvarmaya, meliorasiyaya çox böyük diqqət göstərdik. Biz bu sahəyə böyük maliyyə resursları ayırdıq. Hesab edirəm ki, bu, tamamilə düzgün bir siyasət idi. İndi Taxtakörpü və Şəmkirçay su anbarları artıq fəaliyyət göstərir. Bu anbarlar bizə bundan sonra daim xidmət edəcək. Suvarılan torpaqların sahəsi böyük dərəcədə artacaq, artır və meliorasiya tədbirləri bundan sonra da aparılacaqdır. Biz indi daha çox kanalların tikintisi ilə məşğul olmalıyıq. Çünki anbarlar yaradılıb. O anbarlarda elektrik stansiyaları da qurulub, kanallar da var. Amma kanalların şaxələndirilməsi də önəmlidir. Çünki biz nəzərdə tutulan torpaqları maksimum su ilə təmin etməliyik. O rəqəmlər dəfələrlə səsləndirilmişdir. Yüz min hektardan çox yeni əkin sahələri dövriyyəyə veriləcək və mövcud olan torpaqlarda suvarma yaxşılaşdırılacaqdır.

Bu işlər əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Mən daim bu sahəni diqqət mərkəzində saxlayıram.

Keçən il Xızı rayonunda olarkən orada boş, yəni, yararsız torpaqlarla tanış oldum. İndi o yerlərə su veriləcək. Bu ilin sonuna qədər Xızı rayonunda üç min hektardan çox torpağa artıq su verilməlidir. Bu, daim diqqət mərkəzindədir. Ümumiyyətlə, Taxtakörpü su anbarının fəaliyyəti nəticəsində on minlərlə hektar torpaq suvarılacaq. Orada hansı məhsul yetişdiriləcək? Bunu Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri müəyyən etməlidir. Sahibkarlara kömək göstəriləcək, kreditlər veriləcək. Ondan sonra sahibkarlara deyiləcək ki, sən burada nəyi əkməlisən. Burada özbaşınalıq, hərc-mərclik ola bilməz. Dövlət bu siyasəti aparır və tövsiyə edir, yaxud da ki, göstəriş verir. Çünki biz bilməliyik hansı məhsullar yetişdirilməlidir, hansı məhsullar üçün bazar var.

Yoxsa biz burada da müəyyən problemlərlə üzləşə bilərik. Gəlirli, çox gəlir gətirən məhsul var, az gəlir gətirən məhsul var. Vəsaiti tez qaytaran məhsul var, gec qaytaran məhsul var. İndi biz bunun hamısını yaxşı bilirik - dövlət üçün, daxili tələbatı təmin etmək üçün nə lazımdır və biz bunları hansı bazarlara ixrac edəcəyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.