Siyasət

Prezident İlham Əliyev: "Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır və ayrılmaz tərkib hissəsi olaraq qalacaq" - YENİLƏNİB - FOTO

2 İyun 2014 19:26
Baxış: 2 575
19:26

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyunun 2-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident İlham Əliyevin bəyanatı


- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar. Bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi görməkdən şadam. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətləri gücləndirəcəkdir. Qeyd etmək istəyirəm ki, bu, İsveçrə Prezidentinin Azərbaycana son 6 ildə üçüncü rəsmi səfəridir. Mən də İsveçrəyə rəsmi səfər etmişəm. Bu da bizim əlaqələrimizin yüksək səviyyədə olmasını göstərir.

Ölkələrimiz arasında siyasi münasibətlər uğurla inkişaf edir. Bu da müxtəlif sahələrdə olan əlaqələrimizə müsbət təsir göstərir. Bu yaxınlarda Bern şəhərində birgə iqtisadi komissiyanın iclası, İsveçrə-Azərbaycan biznes forumu keçirilib. Beləliklə, ölkələrimizin biznes qruplarının işbirliyi qurmaq üçün marağı vardır.

Bizim iqtisadi münasibətlərimiz də uğurla inkişaf edir. Əminəm ki, yaxın illərdə biz daha güclü tərəfdaşlıq quracağıq. Biz, həmçinin çox şadıq ki, İsveçrədən Azərbaycana və Azərbaycandan İsveçrəyə yatırılan investisiyalar əlaqələrimizi gücləndirir və bunlar bizim yüksək qiymətləndirdiyimiz iqtisadiyyat sahələrinə yatırılan sərmayələrdir. Beləliklə, İsveçrə sənayenin inkişafına, xüsusilə tikinti sektoruna sərmayə yatırır, Azərbaycan isə enerji sektoruna sərmayə qoyur. Əminəm ki, yaxın illərdə ölkələrimizə, ola bilsin regiona, yəni, üçüncü ölkələrə müştərək investisiyaların yatırılmasının əlavə formaları haqqında düşünə bilərik.

Enerji təhlükəsizliyi bizim münasibətlərimizin bir hissədir. Deyə bilərəm ki, bu sahədə biz çox yüksək səviyyədə əməkdaşlıq aparırıq. Azərbaycan İsveçrənin enerji bazarında təmsil olunur, orada pay sahibidir. Qaz nəqli sahəsində son zamanlarda baş verən proseslər ikitərəfli münasibətlərimizi gücləndirəcəkdir. Bildiyiniz kimi, ötən ilin sonunda "Şahdəniz-2", o cümlədən Trans-Anadolu və Trans-Adriatik boru kəməri kimi nəhəng layihələrə imza atdıq. Bunlar birlikdə Avropada ən böyük infrastruktur layihəsidir. Bu da Azərbaycana öz enerji ehtiyatlarını müxtəlif bazarlarda tam realizə etmək imkanı verəcəkdir.

Mən şadam ki, İsveçrə bizim tərəfdaşımızdır. Əlbəttə ki, gələcəkdə uzunmüddətli enerji tərəfdaşlığı bizim münasibətləri daha da gücləndirəcəkdir. Ona görə də ikitərəfli çərçivəyə gəldikdə, biz əməkdaşlığın hazırkı səviyyəsindən razıyıq və onu davam etdirəcəyik.
Eyni zamanda, biz bu gün regional təhlükəsizlik məsələlərini də müzakirə etdik. Çünki İsveçrə ATƏT-in sədridir. Sözsüz ki, müzakirəmizdə əsas diqqəti regional təhlükəsizlik üçün ən vacib olan məsələyə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdik. Mən danışıqların hazırkı vəziyyəti, perspektivləri və münaqişənin tarixi barədə cənab Prezidentə məlumat verdim. Dağlıq Qarabağ Azərbaycanın tarixi və ayrılmaz ərazisidir. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır və Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalacaqdır. Tarixi nöqteyi-nəzərdən Dağlıq Qarabağ həmişə Azərbaycanın ərazisi olub, hüquqi nöqteyi-nəzərdən bu, bizim ərazimizdir və BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İyirmi ildən artıqdır ki, işğal davam edir. Təkcə Dağlıq Qarabağ yox, Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonumuz Ermənistanın işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal edilib və xalqımız Ermənistanın yürütdüyü etnik təmizləmə siyasətinin qurbanı olub. Bu sıraya 600-dən çox adamın, o cümlədən 100-dən artıq qadın, 60-dan çox uşağın ölümü ilə nəticələnən Xocalı soyqırımı da daxildir. Bu, Ermənistan dövləti tərəfindən törədilmiş hərbi cinayətdir. Münaqişənin həll olunması ilə bağlı ATƏT qərar və qətnamələr qəbul edib. İki dəfə ATƏT işğal olunmuş ərazilərə faktaraşdırma və qiymətləndirmə missiyaları göndərib. Hesabatda hər şey açıq-aydın göstərilib, hər bir şey məhv edilib, bizim tarixi binalarımız, məscidlərimiz, abidələrimiz, əcdadlarımızın məzarları, hər şey dağıdılıb. Ona görə də münaqişənin həllinə mümkün qədər tez nail olmaq lazımdır. Çünki bu, regional təhlükəsizlik üçün ən böyük təhlükədir. Bunu etmək üçün beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizik Şurasının qətnamələrinə, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına əməl olunmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və danışıqlar prosesinin süni yolla uzadılması siyasətini davam etdirir. Çünki onlar münaqişənin həllini, sülhü istəmirlər və vəziyyətin olduğu kimi qalmasını istəyirlər.

ATƏT-in Minsk qrupuna sədrlik edən ölkələrin prezidentlərinin dəfələrlə status-kvonun qəbuledilməz olduğunu bəyan etməsinə baxmayaraq, onlar status-kvonun saxlanılmasını istəyirlər. Status-kvonu dəyişmək üçün Ermənistan öz ordusunun geri çəkilməsi prosesinə başlamalıdır. Ümid edirəm, beynəlxalq ictimaiyyət, ATƏT bu məsələdə daha fəal olacaq ki, beynəlxalq hüquq normaları və tarixi ədalət bərpa olunsun və Azərbaycan işğal altındakı ərazilər azad edildikdən sonra yenidənqurma işlərinə başlaya bilsin.
Cənab Prezident, bizə təşrif buyurduğunuz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Biz bu gün regional, münaqişələrin həlli məsələləri, ikitərəfli münasibətlər üzrə geniş müzakirələr apardıq. Əminəm ki, səfəriniz bizim gələcək münasibətlərə yaxşı töhfə verəcəkdir.
 

Prezident Didye Burkhalterin bəyanatı

- Cənab Prezident.
Bakıda, Azərbaycanda səmimi qəbulunuz üçün Sizə təşəkkürümü bildirirəm. Qeyd etməliyəm ki, bu, mənim ölkənizə ilk səfərimdir. Siz isə İsveçrədə keçirilən Davos Forumunda dəfələrlə iştirak etmisiniz və mən Sizə çatmaq üçün ölkənizə yenidən səfər etməliyəm, ölkənizi və regionu daha dərindən tanımalıyam.
Sizin də dediyiniz kimi, bir çox çağırışlar mövcuddur. Mən buraya İsveçrə Konfederasiyasının Prezidenti və xarici işlər naziri qismində gəlmişəm. Ölkələrimiz arasında ikitərəfli əlaqələr dostluq xarakteri daşıyır, intensivdir və gələcəkdə daha da dinamik ola bilər. Siz əlavə əməkdaşlıq formaları üçün potensial gördüyünüzü qeyd etdiniz. Mən bunun həqiqət olduğunu təsdiqləyə bilərəm. İqtisadi sahədə əməkdaşlığın aparılması üçün böyük potensial vardır. İsveçrə şirkətləri tərəfindən bir çox investisiyalar yatırıla bilər. Biz ölkələrimiz arasında münasibətlərin gücləndirilməsinə və intensivləşdirilməsinə açığıq. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə İsveçrənin yaxşı əməkdaşlığı vardır. Keçən il bizim ciddi əlaqələrimiz oldu və bu, göstərdi ki, Azərbaycan ilə İsveçrə arasında əlaqələr möhkəmdir. Eyni zamanda, İsveçrə bu il ATƏT-in fəaliyyətdə olan sədridir. Biz bilirik ki, bir neçə aya hər bir şeyi dəyişmək, bütün problemləri həll etmək mümkün deyildir. Buraya bu gün səhər üzərində çoxlu müzakirələr apardığımız və aparacağımız Dağlıq Qarabağ problemi də daxildir ki, bu münaqişənin həlli vaxt tələb edir. Mən, həmçinin müxtəlif fikirləri dinləmək, anlamaq və ola bilsin ki, danışıqlar prosesində irəliləyişə nail olmaq məqsədilə yol tapmaq üçün buraya gəlmişəm. Mənim ATƏT-in fəaliyyətdə olan sədri kimi yanaşmam çox aydındır. Biz əminik ki, sülhə doğru addım-addım irəliləməliyik. Bu isə o deməkdir ki, biz iki əsas məsələni təbliğ edirik. Birincisi, biz dialoqun intensivləşdirilməsini təbliğ edirik, dialoq artıq olub. Lakin Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb. Bu görüşün Parisdə keçirilməsi təklif olunub və biz də bu fikri dəstəkləyirik. Yaxın gələcəkdə bu görüşün keçirilməsini təbliğ edirik. Bu görüş danışıqların yeni fazasının başlanğıc nöqtəsi olmalıdır. Digər tərəfdən, bu, sülh sazişinə aparacaq strukturlaşdırılmış danışıqlar prosesi ola bilər. Bu danışıqlar prosesi isə Madrid prinsipləri əsasında aparılmalıdır.

Bizim təbliğ etdiyimiz ikinci əsas məsələ atəşkəs rejiminin gücləndirilməsidir. Başlıca olaraq keçmişdə bütün tərəflərin razılaşdırdığı, lakin heç vaxt icra olunmayan insidentlərin araşdırılması mexanizmidir. İcazə verin ATƏT-in fəaliyyətdə olan sədri kimi və sədrlikdən sonra bir dövlət kimi İsveçrənin danışıqlar prosesini görüşlərə ev sahibliyi etməklə, təcrübəsini təklif etməklə, sülh sazişinin icrası üçün maliyyə və siyasi yardımı səfərbər etməklə dəstəkləməyə hazır olduğunu bildirim.

Biz, həmçinin sülh naminə mühiti yaxşılaşdırmaq üçün tərəflərə tələb olunan mümkün hər şeyi icra etməyə hazırıq. İcazə verin qeyd edim ki, İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədri olduğu və Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda biz əlaqələrimizdən istifadə edərək beynəlxalq öhdəliklərimizlə münasibətlərimizi beynəlxalq səviyyədə eyni vaxtda intensivləşdirmək istəyirik. Bu isə o deməkdir ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sədri və İsveçrə ATƏT-in fəaliyyətdə olan sədri qismində bəzi məsələlərdə əməkdaşlıq edə bilər.
Biz Azərbaycanın gənclərin təhsilinə və insan haqlarına prioritet sahə kimi baxdığının şahidi olmuşuq. Bu məsələlərdə Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Eyni zamanda, ATƏT-in Azərbaycandakı nümayəndəliyinin statusu layihə koordinatoru ofisi ilə əvəz olunub. Bu layihə çox yaxşı başladı və biz əminik ki, bu ofis hər iki prezidentin tam dəstəyini almağa layiqdir. Əminik ki, yaxın gələcəkdə biz hər bir kəsin marağına, o cümlədən Azərbaycanın marağına xidmət edən layihələri həyata keçirə bilərik.
Açıq dialoq üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu il beynəlxalq təşkilatlara sədr qismində ölkələrimiz yaxşı irəliləyişə nail ola bilər.


----------
17:57


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyevin adından İsveçrə Prezidenti Didye Burkhalterin şərəfinə rəsmi nahar verilmişdir.

Prezident İlham Əliyev İsveçrə Prezidenti Didye Burkhalteri ölkəmizdə bir daha salamladı səfər zamanı ikitərəfli münasibətlərə dair bir çox vacib məsələlərin müzakirə edildiyini dedi. İsveçrənin ATƏT-ə sədrliyinin uğurlu olacağına, onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində fəal iştirak edəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı dedi: "Bizim ikitərəfli əlaqələrimizin inkişafı məmnunluq doğurur. Qısa müddətdə aramızda fəal ünsiyyət qurulub".

Prezident İlham Əliyev ölkələrimiz arasında investisiya və biznes əlaqələrinin inkişaf etdiyini, bu sahədə birgə iqtisadi komissiyanın mühüm rol oynadığını diqqətə çatdırdı. Dövlətimizin başçısı siyasi əlaqələrimizin, birgə məsləhətləşmələrin əhəmiyyətinə toxunaraq bütün bunların münasibətlərimizin təməlini təşkil etdiyini dedi.

İsveçrə Prezidenti Didye Burkhalter şəhərimizdə gördüyü inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını vurğuladı. O, İsveçrə üçün dinamik inkişaf edən ölkələrlə münasibətlər qurmağın çox vacib olduğunu dedi. Bildirdi ki, İsveçrə ilə Azərbaycan arasında iqtisadi əlaqələri inkişaf etdirmək mühüm istiqamətlərdən birini təşkil edir. Didye Burkhalter bu imkanı təqdim etdiyinə və etibarlı tərəfdaşlıq mühitinin yaradılmasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

----------
15:18


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyunun 2-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Prezident İlham Əliyev dedi:

- Cənab Prezident, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmişsiniz. Sizi görməkdən məmnunam. Bu səfər çox mühüm əhəmiyyət kəsb edir. Bu, çox uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrimizi bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Əminəm ki, qarşıdakı illərdə ikitərəfli əlaqələrimiz daha da güclənəcəkdir. Çünki əlaqələrimizi inkişaf etdirmək üçün güclü siyasi iradə vardır. Bizim tərəfdaşlığımızın mahiyyəti həqiqətən artır, bir çox sahələri - siyasi, iqtisadi, investisiya və mədəniyyət sahələrini əhatə edir. Buna görə mən əminəm ki, qarşıdakı illərdə biz son bir neçə ildə sürətlə inkişaf edən yaxın tərəfdaşlıq əlaqələrini davam etdirəcəyik.

Bu gün biz əlaqələrimizi genişləndirmək üçün yaxşı perspektivləri, xüsusilə qarşılıqlı investisiya və birgə müəssisələr sahəsində, o cümlədən artıq başlayan və çox səmərəli olacaq enerji sahəsində əməkdaşlığı da müzakirə etdik. Siz həm də ölkəmizə ATƏT-in sədri kimi səfər edirsiniz. Ümid edirik ki, Sizin regiona səfəriniz çox səmərəli olacaq, regionumuzda müsbət meyillərin inkişafına, xüsusilə də münaqişələrin həlli baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcəkdir.

Bir daha xoş gəlmişsiniz. Ümidvarıq ki, səfəriniz xoş keçəcəkdir.

X X X

İsveçrə Prezidenti Didye Burkhalteri dedi:

- Cənab Prezident və nümayəndə heyəti, təşəkkür edirəm. İlk növbədə çox xoş və səmimi qəbula görə Sizə minnətdarlığımı bildirirəm. Bu qəbul, sözün hər mənasında, səmimidir, həm ölkə, həm də cazibədar landşaft baxımından. Çox təşəkkür edirəm. Bu, mənim ölkənizə ilk səfərimdir. Ölkənizlə hərtərəfli tanış olmaq üçün çox vaxtım olmayıb. Bu, ətraflı tanışlıq səfəri olmayacaqdır. Əminəm ki, biz bir daha səfər edəcəyik və regionunuzu, ölkənizi, dünən axşam gələndə və bu gün səhər də gördüyüm kimi, bizdə dərin təəssürat yaradan Bakı şəhərini daha yaxından öyrənmək üçün daha çox vaxtımız olacaqdır. Qəbulunuza görə təşəkkür edirəm. Bu, bizim iki ölkə üçün xüsusi bir vaxtdır. İlk növbədə, bizim çox yaxşı dostluq əlaqələrimiz vardır və biz onları intensivləşdirə bilərik. Əminəm ki, özəl investisiya sahəsində geniş potensialımız vardır. İsveçrə şirkətləri Sizin ölkənizə investisiya yatırmaqda maraqlıdır.

---------
12:25


AzərTAc xəbər verir ki, iyunun 2-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter mətbuata bəyanatlarla çıxış etmişlər.

---------
11:41

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyunun 2-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

----------
10:54

AzərTAc xəbər verir ki, iyunun 2-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin təkbətək görüşü olmuşdur.

Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulandı.

---------
10:36

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin iyunun 2-də rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalteri qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İsveçrə Prezidentinə raport verdi.

İsveçrənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İsveçrə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri İsveçrə Prezidenti Didye Burkhalterə, İsveçrə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.

Milli.Az

----------
17:57

Böyütmək üçün şəkillərə klikləyin.

Ali qonağın şərəfinə



-----------
16:42

İsveçrə Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfəri Rəsmi qarşılanma mərasimi



Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Didye Burkhalterin təkbətək görüşü
olmuşdur



Geniş tərkibdə görüş



Azərbaycan və İsveçrə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.