Siyasət

NATO-nun atom bombalarının gələcəyi - ARAŞDIRMA

4 Aprel 2015 21:25
0 Şərh     Baxış: 1 943
Bu yaxınlarda ABŞ hökuməti tərəfindən aparılan tədqiqat göstərib ki, Ağ Evdən bir neçə blok aralıda terroristlər tərəfindən 10 kiloton gücündə atom bombasının partladılması ilə 45 min insan həlak ola, 323 min insan isə yaralana bilər. Avropada bunkerlərdə saxlanılan taktiki nüvə silahları bu gücdə olan atom bombasından daha güclüdür. Daha çox narahatlıq doğuran məsələ odur ki, daha kiçik olan taktiki nüvə silahlarının daşınması da daha asandır, bu da terroristlər üçün bu silahları cəlbedici hədəfə çevirir.

Taktiki nüvə silahlarından ilk dəfə soyuq müharibə dövründə Avropa qitəsində müharibə riskini azaltmaq üçün NATO və Rusiya tərəfindən istifadə edilib.Bu silahların istifadəsi ilə bağlı heç vaxt lazımı şəffaflıq və qayda-qanun olmayıb. Nə NATO, nə də Rusiya Avropada olan taktiki nüvə silahlarının sayı və ya yerləşdirilməsi ilə bağlı məlumat verir. Ona görə də, NATO-ya üzv ölkələrdə və Rusiyada ictimaiyyətin bu silahların istifadəsi ilə bağlı hansı risklərin və faydaların olduğunu bilmək üçün çox az məlumatı var.

Ukraynada və onun ətrafında Avro-Atlantik təhlükəsizliklə bağlı yaranan hazırkı böhrandan əvvəl NATO-nun həm daxilində, həm də xaricində belə bir müzakirə gedirdi: Sovet İttifaqının dağılmasından 20 il sonra Avropada taktiki nüvə silahlarından istifadənin davam etdirilməsi hələ də NATO-nun marağındadırmı?

2010-cu ilin aprel ayında həmin vaxt ABŞ Baş Qərargah rəsinin müavini olan general Ceyms Kartrayt öz fikrini açıq şəkildə bildirib ki, bu silahlar heç bir hərbi funksiya daşımır və əgər taktiki nüvə silahları faktiki olaraq, heç bir hərbi məqsədə xidmət etmirsə, onların önləyici bir vasitə və ya Şimali Atlantika Alyansının siyasi bir simvolu kimi dəyərinin olduğunu demək də çətindir. Kartraytın fikrini diqqətə alan keçmiş senator Sem Nan isə 2011-ci ildə yazılı şəkildə bildirmişdi ki, qlobal təhlükəsizlik üçün yaranan yeni təhlükələri nəzərə alsaq, taktiki nüvə silahları NATO və Rusiya üçün dəyərli olmaqdan daha çox təhlükəsizliyi riskə atır. Sistemi gücləndirmək üçün yaradılmış bu silahlar təhlükəli bir şəkildə sistemi zəiflədir.

2014-cü ilin fevral ayında Kiyevdə hökumətin dağılmasından və Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl də NATO-ya üzv ölkələr arasında bu silahların gələcəyi ilə bağlı gedən müzakirə göstərdi ki, Alyans daxilində nüvə siyasəti, nüvə silahlarının yayılmasının qarşısının alınması və silahsızlaşdırma ilə bağlı fikir birliyinə nail olmaq nə qədər çətindir. 2010-cu ildə Lissabon, 2012-ci ildə isə Çikaqoda keçən sammitlərdə NATO-ya üzv dövlətlər Alyansın nüvə siyasətini dəyişmək üçün dəqiq və ya Rusiya istiqamətində və Alyansın nüvə silahlarının olmadığı bir dünya üçün şərait yaratmaq öhdəliyinə uyğun strategiya hazırlaya bilmədilər. NATO-ya üzv dövlətlər arasında və Rusiya ilə bir neçə ildir ki, müzakirələr aparılmasına baxmayaraq, ABŞ, Belçika və Rusiyanın siyasətçiləri taktiki nüvə silahları ilə bağlı Avropanın təhlükəsizliyi üçün yarana biləcək risklərin azaldılması və status-kvonun saxlanılmasının mənfi və müsbət tərəflərinin ciddi şəkildə dəyərləndirilməsi üçün dəqiq strategiya və ya proses müəyyənləşdirə bilməyiblər.

Ukraynadakı böhran və bu böhran nəticəsində Rusiya ilə ABŞ, NATO və Avropa İttifaqı arasındakı əlaqələrin qırılması bu gün NATO-nun nüvə siyasəti ilə bağlı müzakirələrin aparılmasını daha da çətinləşdirib. Vaşinqtonun Rusiyanın orta mənzilli nüvə silahlarının ləğvinə dair sazişi pozması ilə əlaqədar qətiyyəti Avropada təhlükəsizlik siyasəti və silahlara nəzarətlə bağlı onsuz da gərgin olan vəziyyəti bir daha vurğulayır. ABŞ və NATO-nun öz müttəfiqlərində yenidən inam yaratmaq, onların müdafiə imkanlarını artırmaq və Rusiyanın NATO-ya üzv dövlətlərə qarşı siyasi, iqtisadi və hərbi təcavüzünü dayandırmaq üçün cəhdləri davam edir.

Bununla belə, NATO-nun yenə də əminlik yaradılması və müdafiə strategiyalarını Rusiya ilə əməkdaşlıq sahələrini saxlayacaq şəkildə həyata keçirmək üçün təhlükəsizlik və büdcə məsələləri ilə bağlı səbəbləri var. NATO-nun ənənəvi müdafiə ilə əlaqədar yeni tələbləri təşkilatın nüvə siyasətinin növbəti bir neçə il ərzində dəyişdirilməsini sürətləndirə bilər ki, daha etibarlı, təhlükəsiz və əlçatan olsun.

Soyuq müharibənin başa çatmasından bu yana NATO-nun təhlükəsizlik siyasətində nüvə silahlarının rolu həm əməliyyatlar, həm də siyasi baxımdan getdikcə azalıb. NATO-nun strategiyası artıq nüvə silahlarından istifadə edilməsi ilə gərginlik yaranması ehtimalı ilə idarə edilmir. Soyuq müharibə vaxtı isə vəziyyət əksinə idi, belə ki, Avropada hər iki tərəfdən minlərlə nüvə silahından istifadə olunmuşdu.

Beynəlxalq bir təşkilat kimi NATO nüvə silahlarına malik olmasa da, onun nüvə alyansı olmaq iddası nüvə silahları olan üzv dövlətlərinin müdafiə məqsədilə NATO üçün silah təmin etməyə hazır olmalarından irəli gəlir. Birləşmiş Krallığın nüvə silahları ilə təchiz olunmuş bütün sualtı gəmiləri rəsmi olaraq NATO üçün nəzərdə tutulub, istisna hal isə ölkənin ali milli maraqlarının təhlükədə olmasıdır. Fransanın nüvə silahları isə NATO üçün nəzərdə tutulmasa da, müttəfiq ölkələrin müdafiə və təhlükəsizliyində öz payı var. ABŞ-ın nüvə silahlarının nə dərəcədə NATO-ya aid olması ilə bağlı rəsmi konsensus yoxdur, ancaq bu silahlar təşkilata üzv dövlətlərlə razılaşdırılmış şəkildə on illərlə Avropada istifadə olunub.

Soyuq müharibə dövründə Avropada təxminən 8 min olan ABŞ-a məxsus silahların sayı əhəmiyyətli dərəcədə azalıb, bu da NATO-ya və 1980-90-cı illərin sonunda Avropanın təhlükəsizlik şəraitinin yenidən formalaşdırılmasına qarşı yaranan böyük miqyaslı təhlükənin aradan qalxdığını göstərir. Qeyri-hökumət mənbələrinin verdiyi məlumatlar göstərir ki, ABŞ hal-hazırda beş ölkədə, altı hərbi hava bazasında NATO-nun hərbi təyyarələri ilə daşına bilən 150-240 arası B61 tipli nüvə silahı yerləşdirir. 1991-ci ildə Corc Buş və Mixail Qorbaçovun nüvə silahlarına qarşı götürdükləri öhdəliklər vasitəsilə ABŞ və Rusiya Avropadakı missiyalar üçün hazırlanmış minlərlə taktiki nüvə silahını məhv etdi. Buna baxmayaraq, Rusiya hələ də öz inventarında iki minə qədər taktiki nüvə silahı saxlayır.

Tarix boyu "nüvə silahlarının mübadiləsi" NATO-nun müttəfiqlərində inam yaratmaq üçün xüsusi rol oynayıb, bu, ABŞ-ın NATO-nun müdafiəsinə sadiq olmasını yüksək səviyyədə göstərirdi. Soyuq müharibə dövründə ABŞ NATO-ya üzv Avropa ölkələrində minlərlə taktiki silah yerləşdirib. Bunda məqsəd ABŞ və Avropa arasındakı siyasi əlaqəni göstərmək və Sovet İttifaqı ilə Varşava Müqaviləsi Təşkilatının sayca üstün olan tank qoşunlarının qarşısını kəsmək, lazım olarsa, məğlub etmək üçün hərbi yardım təmin edilməsi idi. NATO-nun 1949-cu ilə məxsus ilk strateji konsepsiyası üçün "atom bombasının təcili çatdırılması daxil olmaqla, strateji bombalama əməliyyatının həyata keçirilməsi imkanının" təmin edilməsi idi. ABŞ Asiya ölkələri arasındakı əsas müttəfiqləri üçün də eyni müdafiəni təmin etdi və ABŞ-ın onların təhlükəsizliyinə sadiq qalacağına əmin etdi.

ABŞ və NATO təşkilatın hər hansı hərbi bazasında və ya hər hansı xüsusi bir ölkədə nüvə silahlarının olub-olmamasını hələ də nə inkar edir, nə də təsdiqləyirlər. Bundan başqa, NATO həm ABŞ-ın nüvə silahlarının bir sıra üzv dövlətlərində yerləşdirilməsi, həm də müharibə halında bu silahlardan bəzilərinin müttəfiq qüvvələrə hərbi təyyarələr vasitəsilə çatdırılması barədə razılaşma ilə nüvə silahları ilə bağlı çətinliklərin bölüşdürülməsi prinsipini vurğulamağa davam edir. NATO-ya üzv dövlətlər eyni zamanda qarşı tərəfdən hücum olmadığı müddətdə nüvə silahlarından müharibə vasitəsilə istifadə etməyəcəklərini də bir daha təsdiqləyiblər.
 

4nspace.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.