Bu gün Azərbaycan, xüsusən də paytaxt Bakı bir çox önəmli beynəlxalq toplantıların keçirildiyi məkana çevrilib. Dünyanın bir sıra qlobal problemləri Bakıda müzakirə edilir. Cənubi Qafqazı əhatə edən hər hansı layihənin Azərbaycanın maraqlarını və təşəbbüslərini nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Bütün bunlar ölkəmizin dünyada artan nüfuzunun və imicinin, eyni zamanda iqtisadi imkan və potensial baxımından bölgənin aparıcı dövləti olmasının göstəricisidir.
Üç ay ərzində Azərbaycanda keçirilən beynəlxalq toplantılar da buna əyani sübutdur. Aprel ayında Dünya İqtisadi Forumu (Davos Forumu), may ayında Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumu, "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" devizi altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və iyun ayında Bakıdakı Sərgi Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbiri olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının təşkili Azərbaycanın son 20 ildə dünyanın aparıcı dövlətlərindən birinə çevrildiyini bir daha təsdiqləyir.
Azərbaycan siyasətçiləri, politoloqları da deyirlər ki, bu toplantıların Bakıda keçirilməsi ölkəmizin sürətli iqtisadi inkişafına, dünyada nüfuzunun artmasına daha da təkan olacaq.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyir ki, bu cür forumların keçirilməsi dünya siyasətindəki, iqtisadiyyatındakı vəziyyəti aydınlaşdırmaq, öyrənmək, fikir mübadiləsi aparmaq, təbliğ və təşviq etmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu cür forumlar dünyanın qabaqcıl iqtisadi şirkətlərinin, siyasətçilərinin bir araya gəldiyi toplantıdır. Bu forumlar ənənəvi xarakter daşıyır: "Bunlar çox əhəmiyyətli hadisələrdir. Forumların keçirilməsi ilə bağlı hazırlıq işləri yüksək səviyyədə təşkil olunmuşdu. Bu forumların Azərbaycan üçün iqtisadi, siyasi, mənəvi, psixoloji əhəmiyyəti var. Məlumdur ki, biz Ermənistanla müharibə vəziyyətindəyik. Paytaxt Bakıda bu kimi tədbirlərin keçirilməsinin bizlər üçün ikiqat əhəmiyyəti var. Bu, bir tərəfdən, Azərbaycanın dünyaya çıxışlarını daha da genişləndirir, digər tərəfdən ölkəmiz bizimlə düşmən münasibətdə olan Ermənistan üzərində mənəvi, siyasi, diplomatik üstünlüyünü nümayiş etdirir. Azərbaycan bu gün 155 ölkə ilə ticari, iqtisadi əlaqələr saxlayır. Azərbaycan beynəlxalq təşkilatlarda kifayət qədər yüksək səviyyədə təmsil olunur. Beləcə, nüfuzlu forumların Azərbaycanda keçirilməsi ölkəmizin dünya miqyasında və dövlət sırasında yerini, nüfuzunu göstərən əsas amillərdən biridir".
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə də bu fikirdədir ki, dünyanın beynəlxalq forumlarının, sərgilərinin Azərbaycanda keçirilməsi ölkəmizin qazandığı nailiyyətlərin artıq dünya, eləcə də bu nüfuzlu təşkilat tərəfindən qəbul edilməsidir: "Bu forumlar bizim üçün çox əhəmiyyətlidir. Ayrı-ayrı ölkələrdən 200-ə qədər nümayəndənin iştirak etdiyi tədbirlərdə dünyanın və regionun iqtisadi inkişaf məsələləri, eyni zamanda inkişaf perspektivləri, Azərbaycanın dünya birliyinə verdiyi töhfələr müzakirə edilir. Artıq Azərbaycan inkişaf etmiş, regionun lider ölkəsi kimi qəbul edilir. Bu gün Azərbaycanın təcrübəsi dünya tərəfindən diqqətlə öyrənilir. Respublikamız artıq dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaq ərəfəsindədir. Bizim üçün forumların ən böyük əhəmiyyəti dünyanın iqtisadi məsələlərinin də artıq ölkəmizdə müzakirə olunmasıdır".
Onun fikrincə, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda keçirilən Davos Forumunun baş tutması üçün bir sıra tələblərə cavab vermək lazım idi. Ən böyük tələb isə ölkənin dünya inkişaf qanunları əsasında öz perspektiv fəaliyyətini təmin etməsidir. Azərbaycanın bunu etdiyi təsdiq olunur. İkincisi ölkənin dünyaya açıq olması və hərtərəfli inkişafı üçün şərait yaradılmasıdır. İnsan hüquqlarının qorunması, mətbuat azadlığı da tələb olunan məsələlərdir. Şərtlərdən biri də ölkənin özünü dünyanın bir hissəsi hesab etməsi və dünyanın bu şərti qəbul etməsidir. Bütün bu tələblərə Azərbaycan kifayət qədər ciddi cavab verə bilir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə bildirdi ki, həmişə bu kimi forumlarda yüzlərlə siyasətçi, dövlət başçıları, böyük transmilli şirkətlərin rəhbərləri dünyada narahatlıq yaradan problemləri müzakirə edərək çıxış yolları axtarırlar. Dünyada gedən iqtisadi proseslər, iqtisadiyyatın hazırkı durumu müzakirəyə çıxarılır. Azərbaycan Prezidenti İlham Əliyev də mütəmadi olaraq belə toplantılarda iştirak edir, görüşlər keçirir, nitq söyləyir. Bu, artıq Azərbaycanın dünyanın böyük dövlətləri ilə birgə addımlaması deməkdir. Azərbaycan bu gün iqtisadi cəhətdən inkişaf etdiyi üçün ona maraq getdikcə artır. Elə bu səbəbdən də hər il Bakıda müxtəlif beynəlxalq toplantılar keçirilir: "Bakıda keçirilən belə toplantılar Azərbaycan həqiqətlərinin bir daha dünya dövlətləri tərəfindən qəbul edilməsi ilə nəticələnir. Eyni zamanda Bakıya gələn siyasətçilər və iri beynəlxalq şirkət sahibləri burada əlverişli biznes imkanlarının olduğunu öz gözləri ilə görürlər. Bir sözlə, belə beynəlxalq toplantılar Azərbaycanın dünyada artan nüfuzunu daha da artırır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli də qeyd etdi ki, artıq xeyli müddətdir Azərbaycan dövlət başçısı səviyyəsində dünyanın nüfuzlu siyasi, iqtisadi forumlarında təmsil olunur. Bu həm Azərbaycanda həyata keçirilən siyasətin yüksək tribunadan dövlət başçısı səviyyəsində dünyaya çatdırılması, həm də məqamdan istifadə edərək müxtəlif ölkələrin hökumət və dövlət başçıları, transmilli şirkətlərin rəhbərləri ilə görüşlər keçirilməsi baxımından əhəmiyyətlidir. Deputat hesab edir ki, beynəlxalq forumların ölkəmizdə keçirilməsi Azərbaycan iqtisadiyyatında və digər sahələrdə gedən mütərəqqi dəyişikliklərin beynəlxalq aləm tərəfindən qəbul olunmasıdır: "Hesab edirəm ki, belə forumlar Azərbaycana bütün cəhətlərdən siyasi dividend qazandırır. Ölkəmizə müsbət imic gətirməklə Azərbaycana yönəlmiş bəzi bəd əməllərin qarşısının alınması üçün yaxşı bir sədd olur. Belə forumların Bakıda keçirilməsi Azərbaycan iqtisadiyyatının, xüsusən də qeyri neft-qaz sektorunun sürətli inkişafı nəticəsində dünyanın diqqətinin ölkəmizə yönəldiyini bir daha təsdiqlədi və Azərbaycanın dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunmasını sübut etdi".
Milli Məclisin deputatı Asəf Hacıyev də dedi ki, bu gün iqtisadiyyat ən öndə duran sahələrdən biridir. Məhz buna görə böyük iqtisadi forumlar təşkil edilirsə, öncə onun keçiriləcəyi ölkə haqqında ətraflı məlumat əldə edilir. MDB məkanında ilk dəfə olaraq Dünya İqtisadi Forumunun Azərbaycanda təşkil edilməsi, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun baş tutması hər bir azərbaycanlını sevindirir. Dünya Azərbaycanı daha yaxından tanıyır: "Bu bir daha onu təsdiq edir ki, ölkəmizin siyasi, iqtisadi inkişafı artıq yüksək səviyyəli forumlar səviyyəsində qəbul olunur". Deputat onu da diqqətə çatdırdı ki, nüfuzlu forumların Bakıda təşkil edilməsi və keçirilməsi əlverişli geostrateji mövqedə yerləşən Azərbaycan üçün çox əhəmiyyətlidir. Bu, beynəlxalq kooperasiyalar və investisiyalar mexanizmində yer almaq yollarını görməyə kömək edəcəkdir.
Beləliklə, deyilən fikirlərdən də belə nəticə çıxır ki, beynəlxalq toplantıların, forumların, sərgilərin Bakıda keçirilməsi həm ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasi fəaliyyətin müsbət nəticəsi, həm də dövlətimizə olan böyük maraq və etimaddır. Artıq dünya dövlətlərinə bəllidir ki, Azərbaycan iqtisadi cəhətdən sabit, inkişaf edən ölkələrdən biridir. Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq artıq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Azərbaycan bütün dünyada beynəlxalq tədbirlərin keçirildiyi mərkəz statusunu qazanıb.
"Azərbaycan"
Siyasət
Azərbaycan dünyada beynəlxalq tədbirlərin keçirildiyi mərkəz statusunu qazanıb
7 İyun 2013 15:16
Baxış: 1 204

DİGƏR XƏBƏRLƏR
-
"Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm"
-
Azərbaycan rayonlarına və Mingəçevir şəhərinə raket atılması ilə bağlı sənədlər elan olunub - FOTO
-
İlham Əliyevin Kopenhagendə Makronla görüşü olub - VİDEO - FOTO
-
Azərbaycan Prezidentinin Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb - VİDEO - FOTO
-
İlham Əliyevin Kopenhagendə Ukrayna Prezidenti ilə görüşü olub - FOTO
-
Kamaləddin Qafarov: “Azərbaycan-İtaliya strateji tərəfdaşlığı uğurla inkişaf edir”
XƏBƏR LENTİ
-
Bu tərəvəzi səhər yeməyində yemək təhlükəlidir - Mütəxəssislər xəbərdarlıq edir
-
Tez-tez boranı yeməyin orqanizmə 5 faydası
-
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunlarına həsr edilmiş mərasimdə iştirak edib - FOTO
-
Çağırışa gedən təcili yardım avtomobili yolda qaldı - Xəstəni yük maşını ilə gətirdilər - VİDEO
-
"Lill"in türkiyəli qapıçısından fantastika: 3 təkrar penaltini dəf etdi - VİDEO
-
Nura Surinin anası qazi imiş - FOTO
-
Bu dəfə ən bahalı oldu - tarixə düşdü
-
Günün qoroskopu: Emosional qərarlar verməməyə çalış
-
FIFA prezidenti Azərbaycanı təbrik edib - VİDEO
-
“Qarabağ” ən çox xal toplayan komandaların siyahısında
-
BÜRCLƏR üçün oktyabrın ən sərfəli günləri: bəxtiniz gətirəcək
-
“Fənərbaxça” UEFA Avropa Liqasında ilk qələbəsini qazandı
-
Putin əsəbiləşdi: Məni onunla müqayisə etməyin
-
"Həyat yoldaşım dedi ki, nəyisə sübut etməyə çalışma"
-
Hansı balıqda sümük daha azdır? - Tanınmış növlər
-
Məzahir Pənahovun gəlini: “Pasportumu götürüb qaçdım”
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq
-
“Alim Qasımov indi şöhrətlənib məni yada salmır”
-
Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb? - Video
-
"Qarabağ"ın Çempionlar Liqasında ilk 24-lüyə düşmə ehtimalı açıqlanıb
-
“Elgizin, Zaurun verilişinə ekspert kimi gedirəm, məni müalicə etdirirlər” - Aktyorla müsahibə - FOTO
-
"Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm"
-
Azərbaycan rayonlarına və Mingəçevir şəhərinə raket atılması ilə bağlı sənədlər elan olunub - FOTO
-
Narin cinayəti ilə bağlı həbs edilən 3 nəfər sərbəst buraxıldı