Siyasət

Azərbaycanın beynelxalq mövqeyi: müharibədən sülhə, regional gücdən qlobal nüfuza

30 Oktyabr 2026 18:02
Baxış: 221

Azərbaycanın ev sahibliyi etdiyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təkcə fərqli mədəniyyətlərin və dinlərin nümayəndələrini bir araya gətirən beynəlxalq platforma deyil, həm də ölkəmizin dünyaya təqdim etdiyi siyasi, mənəvi və strateji baxışın nümayişidir. Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın son 35 ildə keçdiyi inkişaf yolunu, dövlətçilik fəlsəfəsini və beynəlxalq münasibətlər sistemindəki mövqeyini əks etdirən mühüm mesajlarla yadda qaldı.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, müasir dünyada münaqişələrin, dini və etnik ziddiyyətlərin, siyasi qarşıdurmaların dərinləşdiyi bir vaxtda mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşma məsələsi xüsusi əhəmiyyət daşıyır. Belə bir şəraitdə Bakının VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq gündəlikdə tutduğu mövqenin göstəricilərindən biridir.

"Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri forumun artıq qlobal problemlərin müzakirəsi üçün mühüm beynəlxalq platformaya çevrilməsidir. 100-dən artıq ölkədən 500-dən çox qonağın, ümumilikdə isə 2000-dən artıq iştirakçının qeydiyyatdan keçməsi bu platformaya olan marağın miqyasını göstərir. 2011-ci ildə Azərbaycan təşəbbüsü ilə əsası qoyulan forum ötən 15 il ərzində öz əhatə dairəsini genişləndirərək mədəniyyətlərarası və dinlərarası münasibətlərin müzakirə olunduğu nüfuzlu tədbirlərdən birinə çevrilib. Lakin bu forumun əhəmiyyəti yalnız iştirakçıların sayı və beynəlxalq coğrafiyası ilə məhdudlaşmır. Burada Azərbaycanın dünyaya təqdim etdiyi əsas mesaj fərqli mədəniyyətlərin, dinlərin və etnik qrupların qarşılıqlı hörmət şəraitində birgə yaşamasının mümkünlüyüdür. Prezidentin çıxışında xüsusi yer ayırdığı məsələlərdən biri Azərbaycanın multikulturalizm ənənələri oldu. Dövlət başçısının vurğuladığı kimi, ölkəmiz tarixən Asiya ilə Avropa arasında mədəniyyət körpüsü rolunu oynayıb. Dini və etnik dözümlülük, fərqli xalqların birgəyaşayış ənənələri isə Azərbaycan cəmiyyətinin formalaşmasında mühüm rol oynayıb. Əslində, Azərbaycanın bu istiqamətdəki yanaşması yalnız beynəlxalq tədbirlərdə səsləndirilən siyasi tezis deyil. Bu, ölkənin tarixi və ictimai həyatında özünü göstərən xüsusiyyətdir. Müxtəlif etnik və dini qrupların nümayəndələrinin eyni cəmiyyət daxilində yaşaması, onların hüquq və azadlıqlarının Konstitusiya ilə təmin edilməsi ölkənin ictimai sabitliyinin əsas amillərindən biri kimi təqdim olunur.

Burada diqqətçəkən digər məqam azərbaycançılıq ideyasının milli birliyin əsas dayaqlarından biri kimi vurğulanmasıdır. Prezident İlham Əliyev bu ideyanı Azərbaycanda yaşayan bütün xalqları birləşdirən ümumi dəyər kimi xarakterizə etdi. 44 günlük Vətən müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin vahid məqsəd ətrafında birləşməsi də bu birliyin real təzahürü kimi göstərildi. Bu baxımdan multikulturalizm Azərbaycanın yalnız mədəni siyasətinin deyil, həm də milli təhlükəsizlik və dövlətçilik strategiyasının mühüm elementlərindən biri kimi təqdim olunur".

Deputat əlavə edib ki, Prezidentin çıxışında Azərbaycanın müstəqillik tarixinin 35 illik mərhələsinə toxunması da təsadüfi deyildi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan müxtəlif siyasi sistemlərdə yaşasa da, öz dilini, ənənələrini, milli dəyərlərini və həyat tərzini qoruyub saxlaya bilib. Bu fikir Azərbaycanın dövlətçilik tarixinin mühüm xüsusiyyətlərindən birini ifadə edir. Uzun müddət müstəqil dövlətçilikdən məhrum olmasına baxmayaraq, xalqın milli kimliyini qoruması müstəqilliyin bərpasından sonra müasir dövlətin formalaşması üçün əsas zəmin yaradıb.

"Bu gün isə həmin dəyərlərin yalnız qorunması deyil, daha da gücləndirilməsi məsələsi ön plana çıxır. Prezidentin ideoloji risklərə xüsusi diqqət çəkməsi də məhz bu kontekstdə qiymətləndirilməlidir. Dövlət başçısının fikrincə, müasir dövrdə ideoloji təhlükələr fiziki risklər qədər ciddi ola bilər. Bu isə qloballaşma, informasiya müharibələri və müxtəlif xarici təsirlərin artdığı bir şəraitdə milli kimliyin və dövlət müstəqilliyinin qorunmasının əhəmiyyətini artırır.

Çıxışın ən mühüm siyasi istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası və beynəlxalq hüququn tətbiqi məsələsi idi. Prezident İlham Əliyev uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalmasının səbəblərinə toxunaraq bildirdi ki, bu proses əslində münaqişənin həllinə deyil, onun dondurulmasına xidmət edirdi. Azərbaycan isə işğal altında olan ərazilərlə və pozulan fundamental insan hüquqları ilə barışmaq niyyətində deyildi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkənin suverenliyi tam təmin olundu. Bu kontekstdə Prezidentin beynəlxalq hüquqla bağlı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Belə ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və işğalçı qüvvələrin ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnaməsi qəbul edilsə də, onların icrası uzun illər təmin olunmadı. Məhz bu fakt beynəlxalq təşkilatların qərarlarının icra mexanizmləri ilə bağlı ciddi suallar doğurur. Prezidentin fikrincə, BMT-də aparılan islahatlar çərçivəsində Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edən mexanizmlər də yaradılmalıdır. Əslində, Azərbaycanın bu məsələdə mövqeyi daha geniş beynəlxalq problemə diqqət çəkir: beynəlxalq hüquq yalnız sənədlərdə təsbit olunan normalardan ibarət olmamalı, onun tətbiqi bütün dövlətlər üçün eyni prinsiplər əsasında təmin edilməlidir".

İkili standartlardan da danışan deputat qeyd edib ki,  Azərbaycan torpaqlarının uzun illər işğal altında saxlanılması, bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin salınması, dini və tarixi abidələrin dağıdılması fonunda Ermənistana qarşı təsirli beynəlxalq sanksiyaların tətbiq edilməməsi dövlət başçısının diqqət çəkdiyi əsas məqamlardandır.

"Bu yanaşma yalnız keçmiş münaqişənin nəticələrinə münasibət deyil. Eyni zamanda, beynəlxalq siyasətdə dövlətlərə münasibətdə vahid meyarların tətbiq olunması çağırışıdır. Prezidentin digər mühüm mesajı isə müstəqil dövlətlərin daxili işlərinə müdaxilə və onlara həyat tərzinin diktə edilməsi ilə bağlı idi. Dövlət başçısının fikrincə, heç bir ölkənin başqa dövlətə necə yaşamalı olduğunu öyrətmək üçün əsassız üstünlük iddiası olmamalıdır. Bu mövqe Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsas istiqamətlərindən biri olan müstəqil qərarvermə prinsipini əks etdirir. Yəni Bakı beynəlxalq tərəfdaşlığa açıq olmaqla yanaşı, öz milli maraqlarına uyğun siyasət yürütmək hüququnu da qətiyyətlə müdafiə edir.

Azərbaycan 30 il davam edən işğala son qoyduqdan sonra Ermənistanla sülh gündəliyini irəli sürdü. Prezident İlham Əliyev bunu müharibələrin tarixi baxımından mühüm nümunə kimi qiymətləndirdi. Dövlət başçısının fikrincə, müharibəyə başlamaq asan, onu bitirmək isə olduqca çətindir. Bu baxımdan Azərbaycanın hərbi qələbədən sonra irəli getməməsi, qisas siyasəti yürütməməsi və sülh təklif etməsi xüsusi siyasi mesaj daşıyır. 2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh sazişi layihəsinin paraflanması və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli Bəyannamənin imzalanması Cənubi Qafqazda yeni siyasi reallığın formalaşması baxımından mühüm hadisə kimi təqdim edildi. Burada Azərbaycanın yanaşmasının əsas məğzi ondan ibarətdir ki, hərbi qələbə uzunmüddətli sülhün alternativi deyil, onun üçün yeni imkan yaradan mərhələdir. Bununla belə, dayanıqlı sülhün təmin olunması tərəflərin qarşılıqlı öhdəliklərinə və əldə olunmuş razılaşmaların real icrasına bağlıdır".

Azərbaycanın güclənən beynəlxalq mövqeyinə toxunan S.Mikayılova qeyd edib ki, Çinlə 2025-ci ilin aprelində hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsinin, ABŞ-la isə həmin ilin avqustunda Strateji Xartiyanın imzalanması Azərbaycanın iki böyük güclə münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir. Bundan başqa, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq bəyannamələrinin və ya sazişlərinin mövcudluğu ölkəmizin xarici siyasət əlaqələrinin geniş coğrafiyasını nümayiş etdirir.

"Azərbaycanın beynəlxalq platformalardakı mövqeyi də bu mənzərəni tamamlayır. Ölkəmizin 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməsi və təşkilata sədrlik edəcək olması, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünü qəbul etməsi Bakının beynəlxalq diplomatiyada artan rolunun göstəricisidir. Bunlarla yanaşı, Azərbaycanın AQEM-də sədrliyinin daha iki il uzadılması və Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzv kimi dəvət olunması ölkəmizin regional əməkdaşlıqda da mövqeyinin gücləndiyini göstərir. Bu proseslərin arxasında yalnız diplomatik fəallıq dayanmır. İqtisadi potensial, enerji təhlükəsizliyi, müasir nəqliyyat infrastrukturu və əlverişli coğrafi mövqe Azərbaycanın beynəlxalq münasibətlər sistemində əhəmiyyətini artıran əsas amillərdir. Dövlət başçısının Azərbaycanın xarici borcunun ÜDM-in 5 faizindən bir qədər artıq olduğunu vurğulaması da iqtisadi dayanıqlılığın göstəricisi kimi təqdim edildi. Enerji və nəqliyyat bağlantılarında ölkəmizin artan rolu isə Azərbaycanın regional və qlobal proseslərdə strateji əhəmiyyətini daha da gücləndirir.

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışını bütövlükdə təhlil etdikdə bir-biri ilə əlaqəli bir neçə əsas mesaj aydın görünür. Birincisi, milli birlik və multikulturalizm Azərbaycanın dövlətçilik modelinin mühüm dayaqlarıdır. İkincisi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası beynəlxalq hüququn tətbiqi baxımından mühüm presedent kimi təqdim olunur. Üçüncüsü, Azərbaycan müstəqil xarici siyasət kursunu davam etdirməklə yanaşı, müxtəlif güc mərkəzləri ilə tərəfdaşlıq münasibətlərini genişləndirir. Nəhayət, Bakı özünü yalnız regional proseslərin iştirakçısı deyil, həm də beynəlxalq dialoq və əməkdaşlıq platformalarının təşkilatçısı kimi mövqeləndirir. Ən vacib məqam isə Azərbaycanın bütün bu istiqamətləri vahid strateji yanaşma çərçivəsində birləşdirməsidir. Milli kimliyin qorunması, iqtisadi inkişaf, təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoq bir-birindən ayrı deyil, dövlətin uzunmüddətli inkişaf modelinin qarşılıqlı tamamlanan elementləridir. Dünya yeni münaqişələr, siyasi ziddiyyətlər və geosiyasi rəqabətlərlə üz-üzə olduğu bir vaxtda Azərbaycanın təqdim etdiyi əsas mesaj qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq hüququn vahid prinsiplər əsasında tətbiqidir. Bakıda keçirilən forum isə bu mesajların beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm platformaya çevrilib".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.