Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb
Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikasında tikinti sahəsində institusional əsasların gücləndirilməsi məqsədilə kompleks islahatlar həyata keçirilmiş, bu çərçivədə qəbul edilmiş qanunvericilik aktları ilə tikinti prosedurları təkmilləşdirilib.
Sənədə əsasən, Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, icra intizamına nəzarətin təmin edilməsi, mütərəqqi təcrübələrin öyrənilməsi və tətbiqinə dair təkliflərin hazırlanması məqsədilə aşağıdakı tərkibdə Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası (bundan sonra - Komissiya) yaradılıb:
Komissiyanın sədri
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri
"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru.
Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilib.
Komissiya:
dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icrası zamanı bütün mövcud prosedurlar və mərhələlər üzrə icra intizamının cari vəziyyəti, eləcə də hər mərhələdə icra müddətlərinə riayət olunması vəziyyətinə və gecikmə səbəblərinə dair təhlillər aparılmasını təmin etməlidir;
dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin hazırlanması, razılaşdırılması və tikintiyə icazə verilməsi prosesində yaranan gecikmələrin operativ həllini, prosedurlar və mərhələlər üzrə normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərə riayət olunmasını və icra intizamını, aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini təmin etməlidir;
aidiyyəti dövlət orqanlarından (qurumlarından) hesabatlar əldə etməklə, dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələri ilə bağlı razılaşdırma və icazə prosedurları çərçivəsində həmin orqanlara (qurumlara) daxil olan müraciətlərə normativ hüquqi aktlarla müəyyən olunmuş müddətlərdə baxılmasına nəzarət etsin, habelə bu sahədə icra intizamının artırılması məqsədilə rəqəmsal həllərin, məlumat mübadiləsi mexanizmlərinin və qabaqcıl təcrübənin tətbiqi imkanlarını araşdırmalıdır;
aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:
tikinti layihələri ilə bağlı razılaşdırma, icazə və digər inzibati prosedurların sadələşdirilməsi, habelə icra mərhələlərinin və müddətlərinin optimallaşdırılması üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi;
tikinti sahəsində investisiyaların stimullaşdırılması məqsədilə özəl sektorun vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinə münasibətdə - beynəlxalq təcrübəyə uyğun qabaqcıl alətlər və təşviq mexanizmləri, o cümlədən rəqəmsal alətlər vasitəsilə tikinti layihələri üzrə açıq, şəffaf və rəqabətli mexanizm;
dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin qiymətləndirilməsi üçün tətbiq olunan smeta-normativ və qiymətqoyma mexanizmlərinin, habelə qiymətqoymanın resurs metodunun təkmilləşdirilməsi;
görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat verməlidir;
zərurət yarandığı hallarda digər dövlət orqanlarını (qurumlarını), habelə ekspertləri (mütəxəssisləri) Komissiyanın işinə cəlb etməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tikintiyə icazələrlə əlaqədar müraciətlərə baxılması üzrə mövcud dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi, bunun üçün zəruri olan məlumatların vahid məlumat bazasında toplanması, habelə qurumlararası məlumat mübadiləsi və informasiya ehtiyatları və sistemləri arasında inteqrasiyanın təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğun texnoloji həllərin genişləndirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Komissiyaya təqdim etməlidir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə maliyyə qalmaqalı böyüyür: 131 fond ləğv edilir, investorlar pullarını gözləyir
-
Prezident İlham Əliyev Aleksandr Zuyevi qəbul edib
-
Azərbaycan Prezidenti BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib (Foto)
-
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib (Foto)
-
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında imzalanan iki sazişi təsdiq edib
-
Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb
XƏBƏR LENTİ
-
Türkiyədə maliyyə qalmaqalı böyüyür: 131 fond ləğv edilir, investorlar pullarını gözləyir
-
Bensu Soral: “İzləyicinin bəyənməməsi məni maraqlandırmır" - (Video)
-
Prezident İlham Əliyev Aleksandr Zuyevi qəbul edib
-
Azərbaycan Prezidenti BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib (Foto)
-
Millimizdən dünya çempionatında növbəti qələbə
-
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib (Foto)
-
Oktay Saral Türkiyə Prezidentinin Baş müşaviri vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb
-
Cinayət işləri üzrə Avropa Konvensiyasına Əlavə Protokol ratifikasiya edilib
-
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında imzalanan iki sazişi təsdiq edib
-
Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb
-
Bank VTB (Azərbaycan)-dan Zəfər Gününə özəl nağd kredit kampaniyası
-
Qarabağ qazisi vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik edib - (Foto)
-
Mayk Tayson Türkiyə serialında rol alacaq
-
Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Oktyabrın 27-də hava necə olacaq? - Proqnoz verildi
-
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - (Foto) (Video)
-
Messi, Mbappe, Yamal... - “Qızıl top”u kim qazanacaq?
-
İran Hörmüz boğazına nəzarəti itirib?
-
Türkiyədə sahibsiz heyvanlarla bağlı qərar icra edildi - 81 vilayətdə...
-
Ölüm xəbəri yayılan "Banu Günel" illər sonra - (Foto)
-
Bayramovla Berendsenin təkbtək görüşü başladı
-
Azad edilmiş ərazilərdə 997 hektar sahə minalardan təmizləndi
-
Rövşən Nəcəf Everestə qalxıb - (Foto)





