Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydaları təsdiqlənib.
Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, "Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları" və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası" təsdiq edilib.
Qaydalara əsasən, diplomatik xidmətə qəbul üzrə müsabiqə ədalətlilik və şəffaflıq prinsipləri əsasında keçiriləcək. Müsabiqə yazılı imtahandan və müsahibədən ibarətdir. Müsabiqənin yazılı imtahan mərhələsini Xarici İşlər Nazirliyinin sifarişi əsasında Dövlət İmtahan Mərkəzi, müsahibə mərhələsini Xarici İşlər Nazirliyi keçirəcək.
Müsabiqə Nazirlər Kabinetinin müəyyən etdiyi ali təhsil ixtisasları təsnifatına uyğun olaraq, humanitar və sosial, iqtisadiyyat və idarəetmə ixtisas qrupları, habelə ictimai səhiyyə, dövlət təhlükəsizliyi və idarəetmə, ictimai təhlükəsizlik və idarəetmə, sərhəd təhlükəsizliyi və idarəetmə ixtisasları əsasında təşkil ediləcək.
Milli.Az





