Məqalənin müəllifləri "Sülh Körpüsü" təşəbbüsünün koordinatorları Areq Koçinyan və Fərhad Məmmədovdur.
"Sülh Körpüsü" Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin təşəbbüsüdür və iki ölkənin hökumətlərinin dəstəyi ilə həyata keçirilir. Təşəbbüsün məqsədi Ermənistan və Azərbaycan ekspertləri, media nümayəndələri, qeyri-hökumət təşkilatları və digər qurumlar arasında birbaşa ikitərəfli dialoq üçün şərait yaratmaqdır.
"Sülh Körpüsü"nün fəaliyyət istiqamətlərindən biri ikitərəfli gündəliyin əsas mövzuları üzrə birgə məqalə və araşdırmaların hazırlanmasıdır.
Məqalə Ermənistanda erməni və rus dillərində Factor TV informasiya agentliyinin saytında, Azərbaycanda isə Azərbaycan və rus dillərində 1news.az və milli.az informasiya agentliklərinin saytlarında yayımlanır. Məqalənin ingilis dili versiyası münaqişələrin transformasiyası üzrə jurnal olan "Caucasus Edition" saytında dərc olunur.
Məqalədə müəlliflərin ideya və yanaşmaları təqdim olunur. İfadə olunan mövqe həmin media platformasının mövqeyi ilə üst-üstə düşməyə bilər.
Uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsi barışmaz qarşıdurma nümunəsi kimi qəbul edilirdi və bu qarşıdurma ətrafında siyasi həllin guya qeyri-mümkünlüyü barədə arqumentlər qurulurdu.
İkinci Qarabağ müharibəsi və beynəlxalq münasibətlərdəki sonrakı qeyri-sabitlik bu bədbinliyi daha da artırdı, nizamlanma prosesindəki beynəlxalq iştirak isə davamlı sülhə yönəlmək əvəzinə, əsasən münaqişə idarəçiliyi təcrübələri ilə məhdudlaşdı.
Buna baxmayaraq, son illərdə ikitərəfli format çərçivəsində tərəflər köhnə məntiqdən kənara çıxa bildilər. 10 iyul 2025-ci ildə Əbu-Dabidə Ermənistan və Azərbaycan liderlərinin görüşü və 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli sammit, qəbul edilmiş Birgə Bəyannamə real sülh gündəminin formalaşmasında mühüm mərhələlər oldu. Bu addımlar göstərdi ki, hətta qlobal qeyri-sabitlik şəraitində belə, bir müddət öncə qeyri-mümkün görünən praqmatik razılaşmalar, birgə fəaliyyətlər mümkündür və normallaşma prosesi ilk növbədə Bakı və Yerevanın öz siyasi iradələrinə söykənə bilər.
Münaqişənin mirası
Beynəlxalq ictimaiyyət və ekspertlərlə yanaşı, onilliklərlə davam edən münaqişə, müxtəlif travmalar, tarixə istinadlar, ağır itkilər və hər iki tərəfdən yüz minlərlə insanın köçü Ermənistan və Azərbaycan cəmiyyətlərində bədbinliyi gücləndirərək, bir-birinə qarşı davamlı qavrayış stereotipləri yaratdı. Bu qavrayış həm də iki ölkənin siyasətçilərinin, ekspertlərinin, tarixçilərinin və mədəniyyət xadimlərinin şüuruna nüfuz etdi. Buradan çıxış edərək, realist bir müddəa irəli sürmək olar: münaqişənin həlli razılaşdırılmış sənədlərin qəbulu, sazişlərin imzalanması və qarşılıqlı öhdəliklərin götürülməsi yolu ilə siyasi səviyyədə - iki dövlət səviyyəsində mümkündür. Lakin etnik barışıq vaxt, sülh gündəminin məzmun baxımından daim zənginləşməsi və bir-birinə doğru atılan ardıcıl addımlar tələb edir.
Azərbaycan və Ermənistan arasında sülh münaqişə dövründə formalaşmış təsəvvürlərdən uzaqlaşmaq deməkdir. Bu dövrdə tərəflərdən hər biri digərinin qeyri-insanı obrazını yaratmaq üçün böyük səy göstərib və münaqişə iki xalq arasında tarixi münasibətlərin yeganə təzahürü, bu münasibətlərin ayrılmaz bir hissəsi kimi təqdim edilib. Halbuki, azərbaycanlılar və ermənilər arasında mövcud olan və bugün də qorunub saxlanılan, əsrlər boyu yaxın qonşuluq və qaçılmaz qarşılıqlı təsirləri əks etdirən ümumi mədəniyyət elementləri gözardı edilib. Bütün bu mədəni elementlər münaqişə kontekstində yalnız bir tərəfin mirası kimi təqdim olunub, digər tərəf isə "mədəniyyətin zəbt olunmasında" ittiham edilib. Münaqişə dövründə formalaşmış təsəvvürlərin daha bir təzahürü isə digər tərəfə qarşı xroniki inamsızlıq və məhz digər tərəfin sülhə hazır olmadığına inamdır.
Humanitar və tarixi müstəvidə Azərbaycan və Ermənistan arasında sülh regionun ən qanlı münaqişəsinin sona çatması deməkdir. Bu, XX əsrin əvvəllərinə dayanan mürəkkəb keçmişi və təzahürləri olan bir münaqişədir. Bu dövr ərzində yüz minlərlə azərbaycanlı və erməni münaqişənin qurbanı olub, bir çox şəhər və kənd dağıdılıb, çoxlu sayda insan köç edib. Nəticə etibarilə xalqların öz milli dövlətlərində - ermənilərin Ermənistanda, azərbaycanlıların isə Azərbaycanda cəmləşməsi baş verib. Hər iki dövlət öz sərhədlərini sovet respublikalarından miras alıb. Bir-birinin ərazi bütövlüyünü sovet respublikalarının sərhədləri daxilində tanımaq və milli dövlətlər üzrə ayrılmaq ağır qanlı münaqişəyə son qoyan məcburi, lakin yeganə işlək tədbirdir. Bu tədbir eyni zamanda həmin münaqişələri şərtləndirən çoxsaylı komponentlərin - etnik, dini, tarixi, imperiya konteksti və geosiyasi toqquşmaların mövcud olduğu oxşar münaqişə nümunələrinə istinad edir.
Ermənistan-Azərbaycan münaqişəsi regionun özünəməxsus mental coğrafiyasını formalaşdırdı. Azərbaycandan öz eksklavı - Naxçıvan Muxtar Respublikasına çatmaq üçün Ermənistan ərazisindən 42 km-lik qısa məsafə əvəzinə, İran ərazisi ilə yüzlərlə kilometr yol qət etmək lazımdır; Yerevandan cəmi 50 kilometr məsafədə yerləşən Türkiyənin İğdır şəhərinə getmək üçün isə Gürcüstan və Türkiyə ərazisi ilə ən azı 480 kilometr məsafə qət etmək gərəkdir. Təkcə Ermənistanla Azərbaycan arasında deyil, həm də Ermənistanla Türkiyə arasında qapalı sərhədlər bu münaqişənin anomal mirasıdır. Bu miras mental coğrafiyanın real coğrafiyadan fərqli qavranılmasına gətirib çıxarıb.
Regional perimetr
Ermənistan-Azərbaycan münaqişəsi coğrafiya ilə yanaşı, Cənubi Qafqazın geosiyasi parametrlərini də formalaşdırdı və məhz bu çərçivədə xarici aktorlarla ittifaqlar quruldu. Belə şərait regionun parçalanmasına, əks düşərgələrin yaranmasına və qarşıdurma spiralının güclənməsinə səbəb oldu. Münaqişə Rusiyanın regionda dominantlığının, onun Ermənistan ərazisində hərbi mövcudluğunun saxlanmasını və Ermənistanın Rusiyadan təkcə hərbi deyil, həm də siyasi və iqtisadi cəhətdən asılılığının güclənməsini təmin edirdi. Məhz Ermənistanla Rusiya arasındakı sıx münasibətlər amili Ermənistanın Gürcüstanla münasibətlərində də gərginlik yaradırdı. Gürcüstanın cənubunda Rusiyadan asılı olan Ermənistanın mövcudluğu Gürcüstan ərazisindən keçən və enerji resursları ilə zəngin Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək hər hansı beynəlxalq kommunikasiya xəttinin zəifliyi demək idi. Region ölkələri öz nəqliyyat-logistika kommunikasiyalarını tək bir marşrut üzrə quraraq alternativlərdən məhrum idilər.
Beləliklə, Ermənistan və Azərbaycan arasındakı münaqişə humanitar, tarixi, iqtisadi və geosiyasi müstəvilərdə özünü göstərdi, Ermənistan və Azərbaycanda yaşayış şəraitinə, bütün regiona və regional ölkələrin bir-biri ilə və regiondan kənar münasibətlərinə əhəmiyyətli dərəcədə təsir etdi.
Qarşılıqlı əlaqədən əməkdaşlığa
Azərbaycan və Ermənistan arasında sülh, Ermənistan-Türkiyə normallaşması və kommunikasiyaların açılması regionun parametrlərini və simasını dəyişir, bir tərəfdən regiona xarici təsirin azalmasına, digər tərəfdən isə region ölkələrinin subyektliyinin və suverenliyinin artmasına kömək edir.
İqtisadi baxımdan, Ermənistan və Azərbaycan arasındakı münaqişə bir sıra problemlər yaratdı: münaqişə illərində hər iki ölkə müdafiə xərclərinin ÜDM-ə nisbətinə görə dünya liderləri sırasına çıxdı, eskalasiyalardan sonra isə zədələnmiş infrastrukturun bərpasına və köç etmiş əhalinin məskunlaşmasına böyük vəsait xərclədi.
İki ölkənin sərhədyanı rayonları üçün digər tərəflə gündəlik əlaqələrin kəsilməsi - istər transsərhəd ticarət, istər su ehtiyatlarından istifadə və s. - bu rayonlarda iqtisadi vəziyyətin əhəmiyyətli dərəcədə geriləməsinə və həssaslığın artmasına səbəb oldu. Eskalasiyalar isə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirməklə yanaşı, sərhədyanı kəndlərdə əhalinin azalmasının mühüm səbəbi idi. Məhz bu kontekstdə münaqişədən ən çox zərər çəkmiş regionlar (Ermənistanın Tavuş, Azərbaycanın eksklavı - Naxçıvan Muxtar Respublikası) sülhdən ilk faydalananlar sırasındadır.
Makroiqtisadi səviyyədə Ermənistan və Azərbaycan arasında sülh ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələrin inkişafı, alternativ tranzit variantları - iki ölkənin ərazisi ilə malların daha sürətli, daha ucuz tranziti imkanı deməkdir. Bu istiqamətdə atılan ilk addımlar artıq sülhün faydasını nümayiş etdirdi: Azərbaycandan alınmış növbəti benzin partiyası və Ermənistandan məhsulların əks tədarükü məsələsinin aktuallığı göstərir ki, biznes belə əməkdaşlıqda maraqlıdır və sülhün yekun olaraq rəsmi şəkildə möhkəmlənməsindən sonra bu proses daha da sürətlənəcək. Azərbaycan həm birbaşa, həm də dolayı yolla (Mərkəzi Asiyadan tranzit funksiyasını yerinə yetirməklə) erməni tərəfi üçün karbohidrogenlərin vacib tədarük mənbəyinə çevrilə bilər ki, bu da öz növbəsində Ermənistan bazarının diversifikasiyasına kömək edə və son istehlakçı üçün qaz və ya neft məhsullarının qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Ermənistan isə coğrafi cəhətdən Azərbaycanla Naxçıvan arasında, həmçinin Azərbaycanla Türkiyə arasında əlaqə üçün ən qısa yoldur.
Məhz buna görə də regional kommunikasiyalar məsələsi - dəmir və avtomobil yolları, habelə neft-qaz kəmərləri, elektrik xətləri, fiber-optik kabellər və s. kommunikasiyalar iqtisadi istiqamətlə sıx bağlıdır. Bu istiqamətin mühüm tərkib hissəsi TRIPP - Azərbaycanın əsas hissəsindən Ermənistanın Sünik rayonu ərazisi ilə Naxçıvana keçən yoldur. ABŞ-nin cəlb olunması sayəsində bu yol Mərkəzi Asiya və Çini Cənubi Qafqaz vasitəsilə Türkiyə, Yaxın Şərq və Avropa ilə birləşdirən Avrasiya kommunikasiya xəttinin mühüm komponentinə çevrilə bilər.
Qeyd etmək vacibdir ki, Azərbaycan və Ermənistan arasında sülhə nail olunması, sərhədlərin açılması da daxil olmaqla, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün əlverişli şərait yarada bilər. Bu da öz növbəsində bütün region üçün yeni iqtisadi və kommunikasiya imkanları - mövcud marşrutlarla müqayisədə daha rahat, sürətli və təhlükəsiz marşrutlar aça bilər. Ermənistan-Türkiyə normallaşması həm də ən böyük regional simvolik akt olacaq və müasir tarixin ən uzun və ağrılı münaqişələrindən birini sona çatdıracaq. Bu, həm də Ermənistanın inkişafı üçün yeni imkanlar təqdim edəcək. Eyni zamanda Türkiyəyə Qərb ölkələri ilə münasibətlərini yaxşılaşdırmağa və regional kommunikasiyalarının açılması sayəsində Mərkəzi Asiya və Hind okeanı hövzəsi ilə daha etibarlı və dayanıqlı əlaqə yaratmağa imkan verəcək.
Nəticə əvəzi
Regionda sülh və təhlükəsizlik Ermənistan və Azərbaycanın imkanlarının artması ilə yanaşı, regiondan keçən beynəlxalq kommunikasiyaların daha etibarlı olacağı anlamına gəlir və təkcə region ölkələrini deyil, həm də Mərkəzi Asiyanı dünyanın ikinci ən böyük iqtisadiyyatı olan, etibarlı enerji resursları, müxtəlif xammal və s. tədarükünə ehtiyac duyan Aİ bazarı ilə əlaqələndirməyə imkan verəcək.
Geosiyasi baxımdan, Azərbaycan və Ermənistan arasında sülh regional təhlükəsizlik və qarşılıqlı fəaliyyət arxitekturasının transformasiyasını qaçılmaz edir. Hər iki ölkə üçün bu, uzunmüddətli xarici təsir və münaqişə mirası şəraitində formalaşmış köklü təsəvvürlərin, istər regional təhlükəsizlik, istər xarici aktorların rolu, istərsə də Cənubi Qafqaz dövlətlərinin və cəmiyyətlərinin davamlı birgə mövcudluğunun mümkünlüyü barədə təsəvvürlərin yenidən nəzərdən keçirilməsi demək olacaq.
Ermənistan üçün Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması regionda xarici hərbi-siyasi mövcudluq vasitələrinin əhəmiyyətinin azalmasına və tədricən çəkindirmə məntiqindən qarşılıqlı etimad mexanizmlərinə, iqtisadi qarşılıqlı fəaliyyətə, infrastruktur bağlılığına və təhlükəsizlik üçün regional məsuliyyətə keçidə səbəb ola bilər. Bu kontekstdə, yeni razılaşmalardan asılı olaraq, xarici hərbi mövcudluğun forma və miqyasının transformasiyası mümkündür. Bu, həm də regional sabitlik səviyyəsinin yüksəlməsinə və Ermənistanın qonşu ölkələrlə iqtisadi və nəqliyyat inteqrasiyasının dərinləşməsinə gətirib çıxara bilər.
Azərbaycana gəldikdə isə, sülh gündəmi bərpa və inkişaf üçün keyfiyyətcə yeni imkanlara malik növbəti tarixi dövrün başlanğıcı ilə müşayiət olunur. Bununla yanaşı, sülh gündəmi Bakıya Azərbaycanın üzv olduğu təşkilatlarda inteqrasiya səviyyəsini yüksəltmək üçün şərait yaradır.
Azərbaycan və Ermənistanın sülh gündəmi hər bir tərəfin dividendlər və əlavə imkanlar əldə etdiyi "win-win strategy" məntiqinə uyğun olaraq hədəfə çatmağa çalışır. Lakin sülh yolunda mövcud olan və olacaq maneələri heç kim inkar etmir. Bu maneələrin obyektiv və subyektiv səbəbləri var. Bu maneələri dəf etmək və xarici təsirə qarşı dayanmaq üçün hökumətlərin siyasi iradəsi, qarşılıqlı əlaqə və əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, davamlı dialoq, səbr və cəmiyyətlərin dəstəyi lazımdır. Bu gün qarşılıqlı fəaliyyətin bütün perimetri üzrə formatlar yaradılır, planlaşdırılan addımlar barədə dərin və praqmatik müzakirə, risk və imkanların qiymətləndirilməsi aparılır. Bu müzakirədə vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edir, sülh gündəminə öz töhfələrini verir, ölkələrimiz və regionumuz üçün müxtəlif gələcək modelləri və obrazlarını təklif edirlər.
Areq Koçinyan - "Sülh Körpüsü" təşəbbüsünün koordinatoru (Ermənistan), "Erməni Şurası" analitik mərkəzinin prezidenti
Fərhad Məmmədov - "Sülh Körpüsü" təşəbbüsünün koordinatoru (Azərbaycan), Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru
Milli.Az





