Fevralın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsinin əhəmiyyəti vurğulanaraq, qarşılıqlı səfərlərin və beynəlxalq platformalar çərçivəsində görüşlərin əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verdiyi qeyd edilib.
İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, nəqliyyat və logistika, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin Avropanın enerji təhlükəsizliyinə və regionda dayanıqlı inkişafın təmin olunmasına verdiyi töhfə diqqətə çatdırılıb. Bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq və "yaşıl keçid" istiqamətində birgə layihələrin, Mərkəzi Asiya daxil olmaqla geniş bölgədə səylərin perspektivləri nəzərdən keçirilib.
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətlərin əhəmiyyətinə toxunularaq, çoxtərəfli platformalarda bir-birinin legitim maraqlarına hörmət və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın və dəstəyin davam etdirilməsindən məmnunluq ifadə olunub.
Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və tarixi Vaşinqton Zirvəsindən sonra bölgədə de-fakto sülhün və ilkin əməkdaşlığın təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar barədə qarşı tərəfə məlumat verilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-----------
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Federal xarici işlər naziri Yohann David Vadeful ilə görüşüb.
Milli.Az-ın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, müzakirələr zamanı əsas diqqət Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişafına, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyata keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq məsələlərinə yönəldilib.
Görüş zamanı regional hadisələr, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi və münaqişədən sonrakı bərpa səyləri də müzakirə olunub.
Milli.Az





