Ruben Vardanyanın məhkəməsində məhkəmə baxışı başa çatıb, hakimlər müşavirəyə gedib - FOTO
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Sədrlik edən xatırladıb ki, keçən məhkəmə prosesində dövlət ittihamçıları çıxış ediblər. Z.Ağayev bildirib ki, indi söz zərərçəkmiş tərəfə veriləcək.
Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edib. O, ittiham tərəfindən təqdim edilmiş, o cümlədən ittiham aktında qeyd olunmuş bütün faktlarla, dəlillərlə, sübutlarla razı olduğunu söyləyib və bunun nəzərə alınmasını məhkəmədən xahiş edib.
Daha sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri Azad Kərimov, Oqtay Şıxəliyev, Qədim Ağaxanov, Faiq Rüstəmov, Şiraslan Həsənov çıxış edərək təqsirləndirilən şəxsin ən ağır cəzaya - ömürlük həbsə məhkum edilməsini məhkəmədən xahiş ediblər.
Təqsirləndirilən şəxs R.Vardanyan məhkəməyə müraciət edərək müdafiəçisi Emil Babışovla danışmaq istədiyini bildirib. Məhkəmə onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxsin vəkili ilə görüşməsinə görə məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra çıxış üçün söz müdafiə tərəfinə verilib. Söz alan təqsirləndirilən şəxs fasilə zamanı vəkili ilə danışdığını, onun çıxış etməsini istəmədiyini söyləyib.
Söz təqsirləndirilən şəxsin vəkili E.Babışova verilib. Müdafiəçi çıxışında elan olunmuş ittihamla qəti şəkildə razı olmadıqlarını bildirib. O, iş üzrə təqsirləndirilən şəxsin mövqeyini əsas götürərək cinayət işi ilə əlaqədar müdafiə nitqi ilə çıxış etməkdən imtina etdiyini söyləyib.
Ardınca müdafiəçinin çıxışına münasibət bildirmək üçün söz ittiham tərəfinə verilib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev deyib: "Müdafiəçinin təqsirləndirilən şəxsin mövqeyinə uyğun olaraq hər hansı arqumentlərə, sübutlara, faktlara qiymət verməməsini nəzərə almaqla əlavə fikrimiz yoxdur".
Sonra R.Vardanyana söz verilib.
Təqsirləndirilən şəxs son söz çıxışı edib. R.Vardanyan son söz çıxışında konkret məsələlərlə bağlı yox, ümumi sözlərlə danışıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsini oxuduğunu söyləyib.
Təqsirləndirilən şəxs çıxışında, həmçinin saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib. R.Vardanyan Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin şeirini və Hüseyn Cavidin poemasından bir hissəni rus dilində oxuyub. Bundan sonra o, çıxışını yekunlaşdırıb.
Zeynal Ağayev tərəflərə (ittiham və müdafiə tərəfi) müraciət edərək məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını təqdim edib-etməyəcəklərini soruşub.
Tərəflər yekun məhkəmə qərarının layihəsini təqdim etməyəcəklərini bildiriblər.
Ardınca sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib. Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra məhkəmə hökmü elan olunacaq.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edərək təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif edib.
Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Səhər yeməyinə 10 dəqiqəyə hazırlaya biləcəyiniz pendirli börek resepti
-
"Bunu mənə deyənlər indi TikTok-da yemək bişirib satır"
-
Qarpızlar qəfildən köpüklənir: Səbəbi bəlli oldu
-
Dərin hislər bəsləyən kişilərin etdiyi 7 şirin davranış
-
DÇ-2026: İspaniya dünya çempionu oldu
-
Soğan qovurarkən bir çimdik əlavə etmək kifayətdir: Rəngi də, dadı da tamamilə dəyişir
-
Tramp Dünya Çempionatının finalını izləyir (Foto/Video)
-
Peruda zəlzələ nəticəsində 6 nəfər ölüb
-
Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır (Video)
-
"Survivor"un iştirakçısı göz yaşları ilə qarşılandı - (Foto)
-
Üzüm yarpağının suyu niyə daşır?
-
Günün qoroskopu: İş həyatınızda gözlənilməz bir fürsət yarana bilər
-
İranın zərbələri nəticəsində ABŞ hərbçiləri həlak olub
-
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
-
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
-
Bir həftə əvvəl kanalda batan yeniyetmənin (Fotosu)
-
Qalmaqallı həkimlə bağlı növbəti iddia - Xəstəni narkozsuz liposaksiya əməliyyatı edib (Video)
-
Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı
-
Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu (Foto)
-
Azərbaycan–Almaniya tərəfdaşlığı: Enerjidən “yaşıl” iqtisadiyyata və tranzitə keçid
-
“Anamsız bizə çətindir” - “Arzum”un qızı
-
"Yeni oxuyan tapıb, ona görə məni atıb" - Nadir Qafarzadə
-
DÇ finallarında 48 ildən sonra ilk yaşanacaq
-
Kəngərlidə ağır qəza - ölən və yaralananlar var (Foto)





