Yanvarın 16-da Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (Carole Feuerman) sərgisi açılacaq.
Milli.Az xəbər verir ki, Kerol Förmen güclü realist təsirə malik bütöv bədən heykəlləri yaratmaqla məşhurdu, üzgüçüləri və rəqqasları təsvir edən fiqurativ heykəlləri ilə tanınır. Bakıda təqdim olunacaq "Suda yenidən doğulanlar" (Reborn into the Water) sərgisi rəssamın 1970-ci illərdəki işlərindən son onilliklərdəki üzgüçü fiqurlarına qədər böyük dövrü əhatə edir.
"Üzgüçülər" seriyası Förmenin incəsənətinin rəmzi ifadəsidir. Qatran, boyanmış bürünc və paslanmayan poladdan hazırlanan heykəllər tamaşaçıları insan bədəninin sarsılmaz gücünü yenidən kəşf etməyə dəvət edir. Rəssam yalnız fiziki gücü nəzərdə tutmur, o, əsərləri ilə həm də şəxsi və ictimai çətinlikləri dəf edən daxili güc barədə düşünməyi vacib bilir. "Suda yenidən doğulanlar" sərgisi həm şəxsi hekayədir, həm də daha geniş sosial düşüncəni əks etdirir. Heykəltaraş ekspozisiyadakı əsərlər vasitəsilə empatiyanı təşviq etməyi, köhnəlmiş düşüncələri aşmağı hədəfləyir. Müəllifin "Rut" əsəri isə ictimaiyyətə ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunacaq.
Kerol Förmenin əsərləri bugünədək dünyanın nüfuzlu məkanlarında sərgilənib. Açıq hava instalyasiyaları Nyu-Yorkda "Park Avenue", "Central Park", eləcə də Nyu-Orleandakı "Poydras Corridor" və Parisdəki "Avenue George V" kimi məkanlarda nümayiş olunub. Bu gün Kerol Förmenin heykəlləri 30-dan çox muzey kolleksiyasını və dünyanın müxtəlif ictimai məkanlarını bəzəyir, özəl kolleksiyalarda saxlanılır.
Milli.Az





