Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynovun parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP-nin vitse-spikerə töhmət verməsi ciddi müzakirələrə səbəb olub.
Hətta partiyanın vitse-spikerə töhmət verməsi ilə bağlı Rafael Hüseynovun bu gün VHP-dən istefa verəcəyi gözlənilir.
Maraqlıdır, məsələyə Milli Məclisin İntizam Komissiyasının reaksiyası necədir?
Milli.Az-ın məlumatına görə, Parlamentin İntizam Komissiyasının sədr müavini Asim Mollazadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Komissiya bununla bağlı heç bir addım atmağı planlaşdırmır: "Bu, partiyadaxili məsələlərdir, Milli Məclisdəki fəaliyyətə aidiyyəti yoxdur. İntizam Komissiyası təbii ki, heç bir addım atmayacaq".
Xatırladaq ki, sözügedən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusuna həsr edilən Konfrans dekabrın 8-də keçirilib.
İclasda çıxış edən VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı 4 dəqiqəlik reqlament vaxtını keçdiyi üçün vitse-spiker Rafael Hüseynov onun sözünü yarıda kəsib. Partiya sədri isə buna etirazını bildirib və qeyd edib ki, bu, hörmətsizlikdir.
Milli.Az





