Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin tanınmış "Demirören Agentliyi" (DHA) süni intellekt əsaslı rəqəmsal platformaya TDT və D8 ölkələrinin mediasını dəvət edir.
Milli.Az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzusuna həsr olunan ikinci panel sessiyada çıxışı zamanı deyib.
"Trend və DHA agentlikləri birlikdə çox maraqlı bir layihə ilə çıxış etdi: müasir informasiya texnologiyalarına əsaslanan və bu gün üçün zəruri əməkdaşlığı ehtiva edən yeni bir platforma. Biz artıq digər dövlətləri, hətta türkdilli olmayan ölkələri də bu layihəyə cəlb etmişik.
Çinin nüfuzlu "Xinhua" Agentliyi də layihəyə qoşulmağa razılıq verib. Eyni zamanda, türk dövlətlərindən olan bütün həmkarlarımızı da bu platformaya dəvət etmişik. Burada bir multimedia stoku yaradılıb," deyə deputat bildirib.
S.Mikayılova vurğulayıb ki, xüsusilə internet məkanında dezinformasiyanın geniş vüsət aldığı bir dövrdə belə bir platformanın mövcudluğu böyük əhəmiyyət kəsb edir.
"Süni intellekt vasitəsilə yaradılan yalan informasiyalara cavab olaraq doğru və dəqiq kontentin çox olması vacibdir. Məhz bu məqsədlə biz bu stoku yaratdıq. Həmçinin, süni intellekt vasitəsilə müxtəlif dillərə tərcümə imkanlarını ilk dəfə uğurla tətbiq edərək çox müsbət nəticə əldə etmişik", - deyə millət vəkili vurğulayıb.
S. Mikayılova əlavə edib ki, digər ölkələrdən olan həmkarları da platformaya cəlb etməklə çox müsbət bir media mühiti formalaşdırıla bilər:
"Burada dəqiq, ictimaiyyəti düzgün istiqamətləndirən xəbərlər təqdim ediləcək. Xəbərin mahiyyətindən asılı olmayaraq məlumat korrekt və etibarlı olacaq. Dövlətlər arasında strateji kommunikasiyanın qurulması bu gün çox vacibdir. Etiraf etməliyik ki, sosial media və ənənəvi media ictimai şüura təsir baxımından son dərəcə güclü vasitələrdir. Amma belə platformaların mövcudluğu, dəqiq informasiya mənbələrinin toplandığı mühitin yaradılması vacibdir. Diplomatlar, qərarverici şəxslər və media savadlılığı olan insanlar üçün bu platforma çox dəyərlidir. Zaman keçdikcə texnologiyaların inkişafı ilə bu mühitdə daha yüksək səviyyəli media sistemi formalaşacaq. Lakin indiki mərhələdə dayana bilmərik: həm qanunvericilik bazasını möhkəmləndirməli, həm də yeni media hüququnun yaradılması və əməkdaşlıq platformalarının qurulması istiqamətində çalışmalıyıq",- deyə S.Mikayılova bildirib.
Deputat bir neçə gün əvvəl Bakıda D8 ölkələrinin Media Forumunun keçirildiyini xatırladaraq qeyd etdi ki, dövlətin apardığı siyasi xətti ideoloji baxımdan möhkəmləndirmək üçün bu cür forumlara böyük ehtiyac var.
"Digər ölkələri də platformaya cəlb etməklə coğrafiyamızda dəqiq informasiyanın əhatə dairəsini genişləndirə bilərik. Beləliklə, fake news, dezinformasiya ilə mübarizədə bir sədd yarada bilərik. Bu, bütün həmkarlarımız üçün çox faydalı olacaq", - deyə S. Mikayılova fikrini tamamlayıb.
Milli.Az





