Prezident İlham Əliyev "2025-ci il dövlət büdcəsi haqqında" 16 dekabr 2024-cü il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" 27 dekabr 2024-cü il tarixli fərmanında dəyişiklik edib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin büdcədəki xərcləri 1 384 537 manatdan 563 681 manata endirilib, əvəzində Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin büdcədəki əsas xərcləri 820 856 manat müəyyən edilib.
Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin büdcədəki xərcləri 16 850 726 manatdan 16 568 470 manata endirilib, Balıqçılıq və Akvakultura Mərkəzinin büdcədəki əlavə xərcləri 282 256 manat müəyyən olunub.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.
Xatırladaq ki, bu ilin sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 5 balıqçılıq müəssisəsi və təsərrüfatı Balıqçılıq və Akvakultura Mərkəzinə verilib. Bunlar, Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və "Xıllı balıq" MMC-dir.
Milli.Az





