Siyasət

Sevinc Fətəliyeva: "Böyük Britaniya hər zaman Azərbaycanın Avropadakı ən mühüm tərəfdaşlarından biri olub"

25 Sentyabr 2025 14:00
Baxış: 274

"Bugünkü müzakirələr Azərbaycanla Böyük Britaniya arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcək. Bu, eyni zamanda, dünyanın sürətli transformasiyalar və mürəkkəb çağırışlarla üz-üzə qaldığı bir vaxtda, regional və qlobal təhlükəsizliklə bağlı yeni yanaşmaların formalaşmasına da mühüm töhfədir".

Milli.Az xəbər verir ki, bunu Bakıda keçirilən I Azərbaycan - Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Böyük Britaniya hər zaman Azərbaycanın Avropadakı ən mühüm tərəfdaşlarından biri olub:

"Əməkdaşlığımız bir neçə mühüm mərhələdən keçib və bu gün yeni zirvələrə çatmaqdadır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Britaniya investisiyaları yalnız maliyyə dəstəyi deyil, həm də siyasi etimadı təmin edirdi. Həmin ilkin investisiyalar Azərbaycanın potensialına olan inamın göstəricisi, həmrəyliyin açıq ifadəsi idi. Bu dəstək iqtisadiyyatımızın inkişafına güclü təkan verdi və uzunmüddətli ikitərəfli tərəfdaşlığın təməlini qoydu. Bu gün isə münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Elə bu konfrans ərəfəsində Böyük Britaniya Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini rəsmi olaraq elan etdi".

"Böyük Britaniya Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin bəyanatına əsasən, Avropa, Şimali Amerika və Dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Daouti bu qərarı Bakıya rəsmi səfəri zamanı elan edib. Bəyanatda qeyd olunub ki, Daoutinin səfəri Böyük Britaniyanın Azərbaycanla münasibətləri möhkəmləndirməyə dair yenilənmiş öhdəliyini vurğulayır və Azərbaycanın Böyük Britaniyanın Cənubi Qafqazdakı ən strateji tərəfdaşlarından biri kimi tanındığını bir daha təsdiq edir. Bu qərar böyük simvolik və praktik məna daşıyır və nümayiş etdirir. Azərbaycan-Britaniya əməkdaşlığı sadəcə keçmişin mirası deyil, həm də gələcəyə möhkəm baxan tərəfdaşlıqdır", - deyə deputat bildirib.

Parlamentari əlavə edib ki, Böyük Britaniya hələ də Azərbaycan üçün ən böyük xarici investor olaraq qalır:

"Müstəqillik illərində ümumi Britaniya investisiyalarının həcmi 30 milyard dollardan çox olub. Bu davamlı əməkdaşlıq dayanıqlı iqtisadi əsas yaradıb və ikitərəfli münasibətləri gücləndirib. Lakin Azərbaycan-Britaniya strateji tərəfdaşlığı yalnız enerji ilə məhdudlaşmır. Bu əməkdaşlığa bərpaolunan enerji, ətraf mühitin qorunması, təhsil və insan kapitalının inkişafı daxildir. Ölkələrimiz birlikdə iqlim dəyişikliyi, təhlükəsizlik və dayanıqlı inkişaf kimi qlobal çağırışların həllinə də töhfə verirlər. Yüzlərlə azərbaycanlı tələbə Britaniya universitetlərində təhsil alır, birgə mədəni və akademik təşəbbüslər genişlənir. Bu insan körpüləri neft kəmərləri və ya qaz dəhlizlərindən əhəmiyyətsiz deyil. Onlar cəmiyyətləri zənginləşdirir və tərəfdaşlığımızın davamlılığını təmin edir. Müntəzəm parlamentlərarası mübadilələr, yüksəksəviyyəli səfərlər və xarici işlər nazirlikləri arasında məsləhətləşmələr qarşılıqlı etimadı möhkəmləndirir və əməkdaşlığın strateji gündəliyini genişləndirir".

"XXI əsrdə təhlükəsizliyi yalnız hərbi və ya siyasi müstəvidə dəyərləndirmək mümkün deyil. Ekoloji çağırışlar da eyni dərəcədə həlledicidir. Azərbaycan bu baxışı tam şəkildə qəbul edib. Biz azad olunmuş əraziləri "Yaşıl Enerji Zonası" elan etmişik. Qarabağ və Şərqi Zəngəzurda günəş və hidroenerji stansiyalarının inşası artıq davam edir. Təkcə 2024-cü ildə milli şəbəkəyə 200 meqavatdan çox bərpaolunan enerji gücü əlavə olunub. Hədəfimiz aydındır: 2030-cu ilə qədər milli enerji balansında bərpaolunan enerjinin payını 30%-ə çatdırmaq. 2024-cü ildə Azərbaycan COP29-un ev sahibi seçildi. Bu, yalnız ekoloji siyasətdə əldə etdiyimiz nailiyyətlərin tanınması deyil, həm də dünyanın Azərbaycanı iqlim diplomatiyası sahəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü kimi görməsinin sübutudur. Biz Britaniyanın bərpaolunan enerji, hidrogen texnologiyaları və ağıllı ekoloji həllər sahəsində təcrübəsini yüksək qiymətləndiririk. Bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi artıq ikitərəfli tərəfdaşlığımızın yeni strateji ölçüsünə çevrilib. Birlikdə biz ənənəvi enerji əməkdaşlığının necə "yaşıl alyansa" çevrilə biləcəyinə nümunə göstərə bilərik.

Bu gün Azərbaycan Cənubi Qafqazda sabitliyin qarantıdır. Keçmişdə bu region uzunmüddətli münaqişələr və qeyri-müəyyənlik zonası kimi qəbul olunurdu. Lakin son illər yeni bir fəsil açılıb. Böyük Britaniya ilə strateji tərəfdaşlığımız da qarşılıqlı etimad və ortaq baxış əsasında nələrin əldə edilə biləcəyinin aydın nümunəsidir. Bu əməkdaşlıq enerji və ekoloji sahələri, təhsil və mədəniyyəti, siyasi dialoq və təhlükəsizliyi birləşdirir. Ən əsası isə səylərimizi birləşdirərək ölkələrimiz yalnız Cənubi Qafqazın təhlükəsizliyinə deyil, həm də daha geniş dünyanın sabitliyi və rifahına töhfə verə bilərlər", - çıxışçı fikrini yekunlaşdırıb./oxu.az

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.