Siyasət

İordaniya Kralı Prezident İlham Əliyevə zəng edib

11 Avqust 2025 12:33
Baxış: 445

Avqustun 11-də İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, İordaniya Kralı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bu razılaşmaların regionda davamlı sülhün, təhlükəsizliyin və hərtərəfli əməkdaşlığın təmin olunmasına xidmət edəcəyinə ümidvarlığını bildirib.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını ifadə edərək, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamənin, həmçinin sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair sazişin paraflanmasının və digər sənədlərin regionda sülhün təmin olunması baxımından vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Ermənistanla arasında münasibətlərin normallaşdırılmasında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib.

Telefon danışığı zamanı Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərə toxunulub, siyasi əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.