Siyasət

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17 İyul 2025 12:52
Baxış: 521

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

Milli.Az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə həyata keçirilən işlər haqqında məlumat verdi.

Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək. Məscidin iki minarəsi isə 11 rəqəmi formasında olacaq. Bu isə Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzidir. Minarələrinin hündürlüyü 72 metr olacaq məscid Şuşanın yuxarı hissəsində inşa edilir. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Hazırda işlərin 60 faizindən çoxu həyata keçirilib. Məscidin inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.