Cənubi Qafqaz uzun illər davam edən qeyri-sabitliyin ardından hazırda nisbi sabitlik və post-münaqişə bərpa dövrünü yaşayır. Lakin dayanıqlı sülh perspektivləri hələ də qeyri-müəyyən olaraq qalır - ilk növbədə Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalamaq istəməməsi səbəbindən.
Trend xəbər verir ki, bu Baku Network analitik mərkəzinin hazırladığı "Real dünya nizamı" adlı siyasi verilişin son buraxılışının əsas müzakirə mövzusu olub.
Aparıcı Elnur Ənvəroğlu mövcud durumu amerikalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, professor Piter M.Teys ilə müzakirə edib.
Teys Ermənistanın siyasi institutlarının vəziyyətindən narahatlığını ifadə edərək, Paşinyan hökumətini korrupsiya və səriştəsizlikdə, Ermənistan kilsəsini isə barışıq səylərinə zərbə vurmaqda ittiham edib. Onun sözlərinə görə, kilsə regional əməkdaşlığa əngəl törədən bölücü ideyaları təşviq edir.
O həmçinin qeyd edib ki, Ermənistanda demokratik institutlar zəifləyib və Paşinyan imicini yaxşılaşdırmaq məqsədilə Avropada lobbiçiliyə külli miqdarda vəsait xərcləyir.
Ekspertin fikrincə, əgər Ermənistandakı müxalifət daha fəal və konstruktiv mövqe tutarsa, sülh prosesi irəliləyə bilər. Onun gəldiyi qənaətə görə, Ermənistan müxalifəti açıq şəkildə Azərbaycanla sülhü bir təhlükəsizlik və inkişaf yolu kimi dəstəkləməlidir.
Teys ATƏT-in Minsk qrupunu da sərt tənqid edib, onu köhnəlmiş bir qurum adlandırıb, eləcə də Aİ və ABŞ-ni Ermənistanın daxili problemlərinə qarşı passiv mövqe tutmaqda ittiham edib. O, Avropa İttifaqını İrəvana təzyiqləri artırmağa, onu daha şəffaf və əməkdaşlığa açıq olmağa çağırıb.
Milli.Az