Siyasət

“Azərbaycanın Ukraynaya verdiyi dəstək beynəlxalq nüfuzunun göstəricisidir” - ŞƏRH

25 May 2025 16:26
Baxış: 533

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanın Ukrayna ilə diplomatik əlaqələrinə dair sosial şəbəkə üzərindən fikirlərini bölüşüb.

Milli.Az xəbər verir ki, politoloq mayın 25-də Prezident İlham Əliyevlə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında baş tutan görüşə xüsusi önəm verib.

Şahinoğlu qeyd edib ki, görüş zamanı Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını çatdırıb və Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi ardıcıl və prinsipial dəstəyə görə təşəkkürünü ifadə edib. Politoloqun fikrincə, bu minnətdarlıq rəsmi Bakının beynəlxalq miqyasda artan nüfuzunun təsdiqidir.

O, həmçinin Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumda çıxışına diqqət çəkərək bildirib ki, dövlət başçısı orada Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini qəti şəkildə ifadə edib. Prezidentin "Atəşkəs heç zaman müharibəni dayandırmır" fikri və sülhməramlıların təmas xəttinə yerləşdirilməsinə ehtiyatla yanaşması da Elxan Şahinoğlunun vurğuladığı əsas məqamlar sırasındadır.

Politoloq əlavə edib ki, Azərbaycanın Rusiya-Ukrayna münaqişəsinə münasibətdə izlədiyi balanslı, eyni zamanda prinsipial mövqe beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənir. Bu isə Azərbaycanın hər iki ölkə ilə münasibətləri eyni dərəcədə konstruktiv şəkildə davam etdirmək bacarığını ortaya qoyur.

Paylaşımda həmçinin vurğulanıb ki, Ukrayna Azərbaycanın göstərdiyi humanitar yardımları, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələri yüksək qiymətləndirir. Şahinoğlu Prezident İlham Əliyevin humanitar dəstəyin davam etdiriləcəyinə dair verdiyi mesajı da xüsusi qeyd edib.

Sonda politoloq bildirib ki, iyul ayında Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında Azərbaycanın iştirakı Bakı ilə Kiyev arasında əlaqələrin inkişafı baxımından yeni bir səhifənin açılmasına imkan verə bilər. Onun fikrincə, Azərbaycanın bu prosesdə iştirakı həm humanitar, həm də iqtisadi sahədə önəmli təsir gücünə malik olacaq.

Kənan
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.