2020-ci ildən etibarən Cənubi Qafqaz qlobal geosiyasi transformasiyanın mərkəzinə çevrilib Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə yalnız ölkənin ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda regionun təhlükəsizlik arxitekturasını əsaslı şəkildə dəyişdirdi.
Hrbi və mənəvi məğlubiyyətə uğrayan Ermənistan rəsmən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bəyan edərək sülh müqaviləsi imzalamağa hazır olduğunu açıqladı. Fəqət savaşın bitməsindən artıq beş il keçməsiqnə rəğmən, Ermənistanın şərti dövlət sərhədində sürəkli təxribatları, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması, hərbi təchizatını gücləndirməsi, təlimlər keçirməsi və diversiya əməliyyatları aparması rəsmi İrəvanın "sülhə sadiqlik" bəyanatlarını həm Azərbaycanda, həm də beynəlxalq müşahidəçilər arasında ciddi şübhə altına salır.
Ermənistanın baş naziri Nikol Paşinyanğın sözləri ilə əməlləri arasında bunca kəskin ziddiyyətlər İrəvanın siyasi qeyri-müəyyənliyini və strateji oyununu açıq şəkildə göstərir:.
Paşinyanın məqsədləri aşkardır: beynəlxalq aləmin təəssüratlarını manipulyasiya etmək, Qərbdəki "hami"ləri - xüsusilə də Fransa və Yunanıstanın "yardımları" ilə - Bakıya təzyiq mexanizmləri yaradaraq onları işə salmaq, habelə Ermənistanda cəmiyyətdə qarşıdurma və revanşizm ruhunu sözdə pisləyərək əməldə dəstəkləmək.
Ermənistanın rəsmi mövqeyi ilə praktik davranışları arasında ziddiyyət sistemlidir.
Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan Avropa Parlamenti və Aİ sammitləri kimi müxtəlif beynəlxalq tribunalarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sülh sazişi imzalamaq istədiyini mütəmadi olaraq bəyan edirlər. Halbuki real vəziyyət fərqlidir.
2025-ci ilin martında Ermənistan silahlı qüvvələri Kəlbəcər və Laçın istiqamətlərində Azərbaycan ordusunun mövqelərini snayper və iriçaplı silahlardan atəşə tutublar. 2024-cü ilin aprel ayından etibarən Ermənistan sərhəd boyunca mühəndis-mühafizə qurğularını modernləşdirməyə başlayıb, bu işlərdə xarici hərbi ekspertlər də iştirak edir. Belə təzadlı yanaşma Ermənistanın səmimiyyətini sual altına qoyur və onun "ikili oyun" strategiyasının tərkib hissəsinə çevrilir.
Ermənistan Hindistandan 600 milyon dollarlıq silah alqı-satqısı müqavilələri imzalayaraq bu ölkənin əsas silah alıcısına çevrilib. Bu silahlar arasında "Pinaka" MK1 reaktiv yaylım atəşi sistemləri (24 buraxıcı qurğu), "Akash" zenit-raket kompleksləri, TC-20 özüyeriyən artilleriya qurğuları (155 mm, 72 ədəd), ATAGS 155 mm L/52 tipli qoşqulu haubitsalar (6 ədəd, 84-ü sifarişdə), "Konkurs-M" tank əleyhinə idarəolunan raketlər, T-90S tipli müasirləşdirilmiş tanklar yer alır. Ermənistan, həmçinin Fransadan 36 ədəd CAESAR özüyeriyən artilleriya qurğusu (155 mm) sifariş edib və onların 2024-cü ilin iyun ayından etibarən 15 ay ərzində təhvil verilməsi planlaşdırılır. Bundan başqa, Argentina ilə PUA və sursatlar, İsraillə isə yeni kəşfiyyat sistemləri üzrə danışıqlar aparılır.
2024-cü ildə rəsmi məlumatlara görə, Ermənistanın hərbi büdcəsi 1,4 milyard ABŞ dollarına çatıb ki, bu da 2023-cü illə müqayisədə 18 faiz artım deməkdir. Sülhə, bərpaya və ya iqtisadi dirçəlişə deyil, məhz silahlanmaya üstünlük verilməsi Ermənistan rəhbərliyinin real niyyətini açıq göstərir.
Ermənistan siyasi məntiq baxımından regionda aşkar destruktiv rol oynayır.
İrəvan 2020-ci ildən əvvəlki status-kvoya qayıtmağın mümkün olmadığını dərk etdiyi üçün strateji sabitliyin pozulması taktikasını seçib. Sərhədi daimi gərginlik zonasına çevirməklə sülh sazişinin imzalanmasını əngəlləməyə, diaspor və daxili auditoriyaya "Ermənistan ordusunun yenidən gücləndiyini" nümayiş etdirməyə və Azərbaycandan cavab reaksiyası almaqla onu beynəlxalq səviyyədə ittiham etməyə çalışır. Bu taktika həm Ermənistanın sülhə qeyri-səmimi, saxta yanaşmasının sübutu, həm də regionun təhlükəsizliyini təhdid edən təxribatçı siyasətin açıq göstəricisidir.
2020-ci ildən sonra status-kvonu bərpa etməyin mümkünsüzlüyünü dərk edən Ermənistan yeni strateji xətt seçib: bu, Azərbaycanın qarşısını almağa yönəlmiş dağıdıcı siyasət, başqa sözlə, strateji çəkindirmə taktikasıdır.
Məzkur siyasətin mahiyyəti Azərbaycanın ətrafında məqsədli şəkildə sabitliyin pozulması, sülh sazişinin imzalanmasının əngəllənməsi və Ermənistan daxilində revanşist ritorikanın qorunub saxlanmasıdır. Sülhə yox, gələcək qarşıdurmaya hazırlıq olan bu strategiyanın bir neçə əsas hədəfi var.
Birinci hədəf - Ermənistan Azərbaycanla sərhədi daimi gərginlik mənbəyinə çevirmək niyyətindədir. Sərhəddə müntəzəm baş verən atəşkəs pozuntuları, mühəndis-mühafizə işləri, hərbi obyektlərin möhkəmləndirilməsi və diversiya qruplarının hərəkətləri təsadüfi deyil - bunlar sistemli planın tərkib hissəsidir.
Rəsmi İrəvan anlayır ki, yekun sülh müqaviləsinin imzalanması, xüsusilə də Qarabağın Azərbaycanın suveren ərazisi kimi tanınması və sərhədlərin demarkasiyası prosesi münaqişəyə beynəlxalq-hüquqi nöqtə qoyacaq. Bu isə Ermənistanın gələcəkdə irəli sürə biləcəyi istənilən ərazi iddialarını hüquqi və siyasi baxımdan sıradan çıxaracaq. Məhz buna görə İrəvan bu prosesi ya ləngitmək, ya da sabotaj etmək istəyir.
İkinci hədəf - Ermənistan rəhbərliyi ölkə daxilində, xüsusilə 2020-ci il müharibəsindən sonra ruhdan düşmüş cəmiyyətə və xarici diasporaya "erməni ordusunun yenidən gücləndiyini" göstərmək istəyir. Yeni silah alışları, ordunun struktur islahatları, Qərblə hərbi əməkdaşlıq, təlimlər, paradlar və mediada geniş şəkildə yayılan görüntülər daxili legitimliyin saxlanması üçün vasitəyə çevrilib. Bu, real müdafiə gücünün artırılmasından daha çox, Ermənistanın məğlub olmuş psixologiyasını revanşizm ruhunda "diriltməyə" yönəlmiş bir kampaniyadır. "Qəhrəman və mühasirədə olan xalq" obrazı daxildə siyasi konsolidasiya, xaricdə isə simpatiya qazanmaq üçün istifadə olunur.
Üçüncü və çox təhlükəli hədəf - Ermənistan Azərbaycana qarşı qəsdən təxribatlar törədərək onu cavab tədbirləri görməyə məcbur etmək və bununla da beynəlxalq aləmdə "aqressor" kimi təqdim etmək istəyir. Məqsəd müharibə deyil, informasiya və diplomatik manipulyasiyadır. Bu yanaşma Ermənistanın beynəlxalq tribunalarda, Qərb institutlarında və mediada "qurban" imicini qorumağa xidmət edir. Bununla paralel olaraq, Fransa, ABŞ və Aİ strukturlarından daha çox dəstək qazanmaq planlaşdırılır.
Bəhs etdiyimiz dağıdıcı yanaşma fonunda Ermənistanın xarici siyasəti də kəskin şəkildə transformasiya olunur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmaq, Rusiya ilə münasibətləri soyutmaq, MDB və Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki öhdəliklərə laqeyd yanaşmaq fonunda Nikol Paşinyan paralel olaraq ABŞ, Fransa və Avropa İttifaqı ilə əlaqələri gücləndirir.
Beləcə, Ermənistan açıq şəkildə Cənubi Qafqazda Qərbin geosiyasi alətinə çevrilir. Ermənistanda Qərb hərbi müşavirlərinin iştirakı, NATO ilə təlimlər, Fransa ilə müdafiə sahəsində siyasi sazişlər imzalanması və ABŞ-la birgə təlimlər bu gedişatın tərkib hissəsidir.
Ermənistan sərhəddə atəşkəs rejimini pozmaqla paralel şəkildə regionda gərginliyi süni şəkildə saxlamağa çalışır. Məsələn, Ermənistan silahlı qüvvələrinin Basarkeçər və Qoris istiqamətlərindəki mövqelərindən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Azərbaycan bu hücumlara mütənasib cavab verib. Amma bu cür insidentlər sülh prosesinə ciddi zərbə vurur və qarşılıqlı etimadı pozur. Bütün bu addımlar Ermənistanın sülh istəmədiyini deyil, sülh ritorikasını sadəcə alət kimi istifadə etdiyini təsdiqləyir.
Ermənistanın militarist xəttini davam etdirməsinin üçüncü əsas səbəbi Qərbdən - xüsusilə Fransa və Yunanıstandan dəstək gözləntisidir. İrəvan Rusiyadan uzaqlaşmaq və Qərblə yaxınlaşmaq siyasətini son illərdə açıq şəkildə nümayiş etdirir. Bu kurs çərçivəsində Ermənistan özünü beynəlxalq aləmdə "sülhpərvər", Azərbaycanı isə "təcavüzkar" kimi təqdim etməyə çalışır.
Həmin imic altında hərbi təlimlər, silah təchizatı, Qərb hərbi müşavirlərinin iştirakı ilə ordunun struktur islahatı həyata keçirilir. 2023-cü ilin sentyabrında və 2024-cü ilin avqustunda ABŞ ordusu ilə birgə təlimlər keçirilib, Fransa ilə müdafiə sahəsində siyasi-hərbi əməkdaşlıq sazişi imzalanıb, Qərb müşavirləri Ermənistan Silahlı Qüvvələrinin transformasiyası prosesinə cəlb edilib.
Di gəl, Ermənistan bu transformasiyada geosiyasi aktor deyil, vasitəyə çevrilir. Belə rolun nəticələri nə Ermənistan, nə də region üçün sabitlik və inkişaf vəd etmir. Əksinə, bu siyasət aşağıdakı ciddi riskləri artırır:
Birincisi, Cənubi Qafqaz qlobal qarşıdurmanın yeni episentrinə çevrilə bilər. NATO-nun hərbi infrastrukturu, Qərb kəşfiyyat mərkəzləri və təlim düşərgələrinin regionda peyda olması təhlükəli domino effekti yarada bilər. Bu, Rusiya, İran və Türkiyə ilə münasibətlərin kəskin şəkildə gərginləşməsi deməkdir.
İkincisi, Ermənistanın iştirakı ilə Azərbaycanın beynəlxalq müstəvidə təcrid olunmasına yönəlmiş diplomatik təşəbbüslər aktivləşir. Aİ, AŞPA, BMT və QHT-lər vasitəsilə Azərbaycana qarşı qərəzli kampaniyalar aparılır. Ermənistanın diplomatik və diaspor resursları "təcavüz", "erməni hüquqlarının pozulması", "etnik təmizləmə" kimi terminlər üzərindən süni gündəmlər formalaşdırır.
Üçüncüsü, regionun strateji nəqliyyat və iqtisadi layihələri təhlükə altına düşür. Ermənistan açıq şəkildə "Zəngəzur dəhlizi"nə qarşı çıxır, "Orta Dəhliz"in reallaşmasını sabotaj edir. Bu isə təkcə Azərbaycanın deyil, bütövlükdə Türk Dövlətləri Təşkilatının, Avrasiyanın və Avropanın ticarət və enerji logistikası layihələrinə zərbədir.
Paşinyanın bugünkü siyasi məntiqi - sabitliyin qorunması yox, gərginliyin idarə olunması məntiqidir. O, sülhü deyil, qarşıdurma şəraitində geosiyasi dəyər qazanmağı hədəfləyir. Bu strategiya Ermənistanı tədricən təcridə, regionu isə təhlükəli parçalanmalara aparır. Azərbaycanın bu fonunda hüquqi üstünlüyə, diplomatik ayıqlığa və hərbi hazırlığa əsaslanan mövqeyi daha da əhəmiyyət kəsb edir. Ermənistanın hazırkı siyasi davranışı nə sülhə, nə inkişafa, nə də sabitliyə aparır - bu, təxribat və destruksiya yoludur.
Nikol Paşinyanın bəyan etdiyi sülh mesajları onun real siyasi davranışı ilə kəskin ziddiyyət təşkil edir. Bunu beynəlxalq aləmin nəzərindən yayındırmaq üçün Ermənistan süni diplomatik ritorika vasitəsilə vaxt qazanmağa, ətrafında müdafiə blokları formalaşdırmağa və hərbi gücünü bərpa etməyə çalışır. Bu, nə regionun sabitliyinə, nə də Ermənistanın öz inkişafına xidmət edir. Gerçək sülh ritorika ilə deyil, konkret davranışla sübut olunur. Ermənistanın isə bu günə qədər nümayiş etdirdiyi davranış - atəşkəs pozuntuları, silahlanma və hərbi təxribatlar - onu sülh tərəfdarı yox, sabitliyə təhdid kimi göstərir. Azərbaycanın bu vəziyyətdə həm strateji səbrini, həm də hərbi hazırlığını qoruyaraq beynəlxalq hüquqa sadiq qalması, regional reallıqlara uyğun siyasət aparması qətiyyətli və məqsədyönlü diplomatik yanaşmanın nümunəsidir. Sülh istəyən ölkə əvvəlcə səmimi olmalı, sonra isə sözlərini davranışına uyğunlaşdırmalıdır. Ermənistan isə hələ bu mərhələyə gəlməyib.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşması, Rusiya ilə münasibətlərin sürətlə pisləşməsi və eyni zamanda Avropa İttifaqı, ABŞ və Fransa ilə siyasi dialoqun intensivləşməsi onu Cənubi Qafqazda Qərbin geosiyasi alətinə çevirir. Bu, həm Rusiya, həm Türkiyə, həm də qismən Azərbaycan əleyhinə yönəlmiş strateji konfiqurasiyanın formalaşması deməkdir. Nəticə etibarilə, region qarşısında bir neçə təhlükəli ssenari yaranır: Cənubi Qafqazın yeni qlobal qarşıdurma ocağına çevrilməsi; Azərbaycanın beynəlxalq formatlarda təcrid olunmasına yönəlmiş cəhdlər; "Zəngəzur dəhlizi" və "Orta Dəhliz" kimi regional nəqliyyat-infrastruktur təşəbbüslərinin sabotaj riski. Ermənistan bu oyun içərisində özünü tərəf deyil, vasitə kimi təqdim etməyə çalışır. Lakin belə bir rol nə təhlükəsizlik, nə də inkişaf vəd edir.
Ermənistan sadəcə, sözdə sülh tərəfdarıdır. Əməldə isə ordusunun qalıqlarını silahlı qüvvələrə çevirməyə çalışır, Azərbaycan mövqelərini atəşə tutur, etimadı sarsıdır, Bakıya düşmən münasibəti olan dövlətlərlə hərbi-siyasi alyanslar formalaşdırır və bölgədə konfrontasiyaya əsaslanan siyasət yürüdür.
Belə bir strategiya Cənubi Qafqaz regionunu saxta və süni şəkildə yaradılmış gərginliyin girovuna çevirir. Gerçək sülh - tribunadan səslənən şüarlarla deyil, konkret və ardıcıl addımlarla təsdiqlənir: təxribatlardan imtina, real sülh müqaviləsinin imzalanması, sərhədlərin demarkasiyası və ən əsası - səmimiyyət.
Nikol Paşinyan indi seçim qarşısındadır. Bu seçim edilməyincə, onun "sülh" ritorikası yalnız zahiri bir örtük olaraq qalacaq, reallıqla heç bir əlaqəsi olmayacaq.
Elçin Alıoğlu
Trend