"2018-ci ilin aprel ayına qədər danışıqlar masasında olan məzmun, bizim Qarabağ məsələsi ilə bağlı bəyanat və çıxışlarımızda ifadə etdiyimiz təsəvvürlərlə müqayisədə, əslində aşağıdakıları ifadə edirdi: bu vəziyyətdən çıxmaq və məsələni həll etmək üçün biz güzəştə getməli idik. Sonra yenidən güzəştə getməli. Yenə və yenə. Yəni 2018-ci ildə Serj Sarqsyan tərəfindən buraxılmış danışıqlar prosesi bu məntiqdən kənara çıxacaq heç bir mümkün addımı nəzərdə tutmurdu. O vaxt elə bir variant yox idi ki, mövqeləri daha çox güzəşt etmədən qoruyub saxlamaq mümkün olsun - təslimçilikdən başqa. Bu məntiq çərçivəsində atılan istənilən addım eyni nəticəyə aparırdı. Və məhz o, 2020-ci ildə birinci çıxış etdi və öz təslimçilik paketini başqalarına sırımağa çalışdı. 2020-ci ilin noyabrına qədər onların bütün fəaliyyəti bu prosesin məsuliyyətini bizə, yəni mənə yükləməkdən ibarət idi".
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Qarabağ mövzusunda keçiriləcək mümkün debatlar fonunda ölkənin keçmiş prezidentlərini sərt şəkildə hədələyib.
Hökumət saatı çərçivəsində danışan Paşinyan, 2020-ci ildə Azərbaycanla müharibədəki məğlubiyyətə görə onu ittiham etməyə çalışan Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı tənqid edib.
"Müharibə bizim hakimiyyətə gəlməyimizdən əvvəl artıq qaçılmaz idi. Buna baxmayaraq, mən keçmiş prezidentləri açıq debatlara çağırdım. Amma bu üç 'fikir nəhəngi' cavab vermək əvəzinə deyirlər ki, müzakirə olunası bir şey yoxdur. Ardınca da övladlarını, nəvələrini, gəlinlərini, bacanaqlarını mətbuat konfranslarına göndərirlər. Əgər danışmağa sözünüz yoxdursa, yerinizdə oturun və sakitcə durun. Mən sizinlə mübahisə etməyəcəm - sizi divara dirəyəcəm və oradan yalnız sizin siyasi meyitlərinizin qalıqları çıxacaq. Bu, hər üçünə aiddir. Artıq kifayətdir, bizim əsəblərimizlə oynamayın. Mən sizi ayaqlar altına salacağam və heç bir debat olmayacaq", - deyə Paşinyan sərt bəyanatla çıxış edib.
O, daha sonra deyib: "Məhz buna görə onlara deyirəm: gəlin, canlı efirdə görüşək və danışaq! Amma nə edirlər? İmtina edirlər. Bəhanələr gətirirlər - guya vaxtları yoxdur, guya məşğuldurlar. Amma sonra övladları, nəvələri, yeznələri, gəlinləri, qohumları mətbuat konfransları keçirir və eyni ritorikanı davam etdirirlər.
Bax belə, əgər müzakirə edəcək bir şey yoxdursa - susun. Əgər diskussiya istəyirsinizsə - gəlin və açıq danışın. Mən sizinlə mübahisə etməyəcəyəm, sizi divara çırpacağam, parça-parça edəcəyəm, və bu arenadan siyasi meyitlərinizin qalıqları çıxarılacaq. Adamların əsəbləri ilə artıq oynamayın! Mən sizi tapdalayacağam, boş söz savaşına girməyəcəyəm. Onlar da bunu bilir, ona görə açıq diskussiyadan yayınırlar.
Amma sabahdan etibarən hər şey dəyişəcək. İstər övladları, istər nəvələri, istər yeznələri, istərsə də gəlinləri - ya bu mövzuda susurlar, ya da açıq dialoqa gəlirlər. Üçüncü yol yoxdur.
Bundan sonra onların istənilən bəyanatı yalnız bir cavabla qarşılanacaq: "Susun. Əgər deyəcək sözünüz varsa - qoy liderləriniz açıq diskussiyaya çıxsınlar." Bu bizim üçün ən rahat siyasi meydandır. Amma bu qədər də adamların başını qatmaq yetər! Məsələ onların danışmasında deyil - insanların əsəblərini məhv etmələrindədir. Budur əsas problem".
... Nikol Paşinyan parlamentdə sərt publisistik üslubla "sizi divara dirəyəcəm və oradan yalnız sizin siyasi meyitlərinizin qalıqları çıxacaq" deyəndə, o, sadəcə bir metafora işlətmirdi. Bu, hökm idi. Siyasi meyitə - Robert Koçaryana verilmiş hökm. Və onun yanında uzanan ikinci cəsədə - Serj Sərkisyana. Onlar onilliklər boyu oğurladılar, yalan danışdılar, adam öldürdülər və ən əsası - satqınlıq etdilər. Xalqa, dövlətə və gələcəyə xəyanət etdilər.
Bu iki "feodal" hakimiyyət kreslosuna yapışıb talanı bölərkən və Şərq mafiyası barokkosu üslubunda şəxsi iqamətgahlar tikərkən, Ermənistan fəlakətə doğru gedirdi. Onlardan heç biri ordu qurmadı. Heç biri Qarabağdakı vəziyyətə va Azərbaycan ərazilərinin 20 faizinin işğalına dair cəmiyyətə dürüst analiz təqdim etmədi. Heç biri sülhə cürət etmədi. Onlar sadəcə zamanı oğurladılar. O zamanla birlikdə isə minlərlə erməni əsgərinin taleyini.
1998-ci ildə Koçaryan hakimiyyəti qəsb etdi - Azərbaycanla sülh imzalamaq istəyən qanuni seçilmiş prezident Levon Ter-Petrosyana qarşı dövlət çevrilişi təşkil etdi. Bu onların ilk və əsas yalanı idi - "biz qalib gələcəyik, bizə sülh lazım deyil". İyirmi il sonra Ermənistan səfalət, təcrid və kütləvi emiqrasiya içində boğulurdu.
"Qarabağlı erməniləri qorumaq" bəhanəsi ilə Koçaryan Ermənistanı mafiya tipli bir dövlətə çevirdi. Araşdırmaçı jurnalistlərin araşdırmalarına görə, təkcə 2006-2008-ci illərdə büdcədən təxminən 1,5 milyard dollar "müdafiə" və "infrastruktur layihələri" adı altında yoxa çıxmışdı. Bu pullar Koçaryan ailəsinin, onun övladlarının, qardaşlarının, kürəkənlərinin və ortaqlarının biznes imperiyalarına yönəlmişdi.
Bəs bu "layihə" necə sonuclandı? Fəlakətlə. 2020-ci ilin İkinci Qarabağ müharibəsi iyirmi illik xəyanətin birbaşa və qaçılmaz nəticəsi oldu. Paşinyan bu gün "müharibə bizdən əvvəl də qaçılmaz idi" deyirsə - o, həqiqəti deyir. Çünki məhz Koçaryan və Sərkisyan ölkəni elə bir nöqtəyə çatdırmışdılar ki, ortada nə ordu, nə strategiya, nə də diplomatiya qalmışdı. Yalnız korrupsiya, yalan və pafos dolu çıxışlar.
Koçaryanın davamçısı Serj Sərkisyan - kölgədən idarə edən, mızıldayan və iradəsiz məmur. O, yalnız kleptokratiya kursunu davam etdirmədi, həm də xalqın dəyişikliyə olan inamını tamamilə məhv etdi. Onun hakimiyyəti (2008-2018) - total apatiya, etirazların zorla boğulması (2008-ci ilin martında ordunun dinc etirazçılara atəş açmasını xatırlayın), gənclərin axını və açıq demoqogiya dövrü idi.
Xarici siyasətdə Sərkisyan tam fiasko idi. 2016-cı ilin dörd günlük müharibəsindən sonra heç bir dərs çıxarmadı. Ordu yenə yalanlarla "qidalanır", müdafiə isə "vətənpərvərlik mahnıları" üzərində qurulurdu - tank və hava hücumundan müdafiə sistemləri yox idi. Sərkisyanın bacardığı yeganə şey Qərb və Rusiya qarşısında fırlanmaq, hər kəs üçün "əlverişli" fiqur kimi qalmaq idi. Ermənistan özünü geosiyasi kəsişmədə satılan fahişəyə çevirmişdi.
Nikol Paşinyan tam dəqiqliklə qeyd etdi: bu üçlük - Koçaryan, Sərkisyan və Ter-Petrosyan - açıq söhbətdən qaçır. Onlar susurlar, cavabı mətbuat konfranslarına göndərilən "nəvələrə, oğullara, kürəkənlərə və bacıoğlulara" həvalə edirlər, çünki bilirlər - açıq səhnədə deyəcəkləri bir söz yoxdur. Hər hansı fakt, istənilən statistika, sadə bir xronologiya onları paramparça edər.
Koçaryan nə danışa bilər? Ermənilərin qanı bahasına qurduğu elit şərab biznesindən, əsgərlər səngərlərdə çəkməsiz yatırkən övladlarının Avropada daşınmaz əmlak almasıdanmı? Sərkisyan nə danışacaq? Ordudakı korrupsiyaya göz yummasından və "hər şey nəzarət altındadır" yalanındanmı?
Paşinyan haqlıdır: debat olmayacaqsa - məhkəmə olacaq. Tarixin məhkəməsi. Və onların adları artıq orada - biabırçı qeyd kimi yazılıb.
Paşinyanın digər vacib bəyanatı - "Qarabağ hərəkatı"nın erməni kimliyinin müqəddəs nüvəsi olması mifini ifşa etməsi idi. Əslində bu hərəkat ölkə tarixində ən dağıdıcı faktor oldu.
Əgər Ermənistan Azərbaycanla sülh imzalasa, lakin "Qarabağ ideologiyası"nı içində yaşatmağa davam etsə - bu dövlət siyasətinin fars çevrilməsi demək olacaq. Paşinyanın "sülh və Qarabağ hərəkatı eyni vaxtda mümkün deyil" sözləri - geosiyasi aksiomadır. Ya sərhədləri tanıyırsan - ya da yeni müharibəyə hazırlaşırsan.
Və yenə də - bütün bu fəlakətlərə görə cavabdeh indiki hakimiyyət deyil, Ermənistanı bu uçuruma onilliklərlə sürükləyənlərdir. Kompromisi "xəyanət", müharibəni isə "müqəddəs" adlandıranlar. Müharibəni şəxsi təbliğat, hakimiyyət və varlanmaq üçün mala çevirmiş olanlar.
Məhz buna görə Paşinyan onlara ultimatum verdi: ya açıq debatlara çıxırsınız - ya da həmişəlik susursunuz. Çünki o qorxduğu üçün deyil, Ermənistan cəmiyyəti artıq sizin yalan mantralarınızın girovu olmamalıdır.
Hər dəfə Koçaryanın oğlu və ya nəvəsi mətbuat konfransında ağzını açanda - bu, minlərlə erməninin üzünə tüpürməkdir. Hər dəfə Sərkisyan Facebook-da bir eyham vuranda - bu, xalqın dəfn etdiyi sistemin kabusunu diriltmək cəhdidir.
Ona görə də Paşinyanın son sözləri sadəcə təhdid deyil, siyasi təmizlənmə doktrinası kimi səslənir:
"Bu gündən etibarən onların ailə üzvləri, kürəkənləri, gəlinləri və övladlarından gələn istənilən bəyanata cavab tək olacaq: "Susun. Qoy başçılarını çıxıb özləri danışsınlar. Ya da əbədi susun"".
Bakıda çox aydın görünür: Ermənistan bu gün xarici təzyiqin deyil, daxili kabusların ağırlığı altında çatlayır. Keçmişin kabusları - Robert Koçaryan və Serj Sərkisyan simasında. Yalanın, ikiüzlülüyün və geopolitik intiharın iki təcəssümü. Bu siyasi meyitlərin hələ də səs çıxarmağa çalışması yalnız onların özləri üçün deyil, hələ də XX əsrin illüziyalarına sarılan erməni cəmiyyətinin bir hissəsi üçün də rüsvayçılıqdır.
Onların vaxtı 2018-ci ildə yox, 2020-ci il noyabrın 10-da bitdi - Ermənistanın 44 günlük Vətən müharibəsində məğlubiyyətindən sonra imzalanmış hərbi kapitulyasiya aktı ilə. Amma bu müharibəni nə Paşinyan, nə də erməni əsgərləri uduzdu. Onu uduzanlar - xalqı onillərlə aldadan, "məğlubedilməz ordu" və "toxunulmaz Artsax" nağılları danışan, ölkəni talayan və separatizmi ailə biznesinə çevirənlər idi.
Onlar "Böyük Ermənistan" vəd edirdilər, amma Ermənistanı geosiyasi xarabalığa çevirdilər.
Robert Koçaryan və Serj Sərkisyan - təkcə keçmiş prezidentlər deyildilər. Onlar 1998-ci ildə hakimiyyəti ələ keçirən və Qarabağ klanının sistemli təmsilçiləri idilər. Onların əsas məqsədi isə işğal status-kvosunu qorumaq, Azərbaycanın ərazilərini korrupsiya, cinayət və siyasi manipulyasiya mənbəyinə çevirmək idi.
Koçaryanın idarəçiliyi dövründə Ermənistan nəinki inkişaf etmədi - ölkə içəridən çürüməyə başladı. Regiona inteqrasiya əvəzinə, Ermənistan onilliklər boyu Azərbaycanın əleyhinə perspektivsiz münaqişəyə milyardlarla vəsait yatırdı. Məhz həmin illərdə gələcək hərbi fəlakətin təməli qoyulurdu. Bu gün bunu açıq şəkildə Paşinyan özü də etiraf edir:
"2018-ci ilin aprelindən öncə elə bir ssenari mövcud deyildi ki, güzəştsiz şəkildə status-kvonu saxlamaq mümkün olsun. Hər şey kapitulyasiyaya aparırdı. Sadəcə onlar ümid edirdilər ki, bu, onların dövründə baş verməyəcək."
Ermənistan Müdafiə Nazirliyinin öz məlumatına görə, 2000-2010-cu illərdə müdafiə üçün ayrılmış vəsaitlərin 60%-ə qədəri Koçaryan və Sərkisyan klanlarına bağlı generalların və məmurların cibinə gedirdi. Ermənistan köhnəlmiş, Sovet dövründən qalma texnika alırdı, istifadəyə yararsız raket sistemləri əldə edilirdi, "istehkamların tikintisi" isə rabitə və logistika imkanlarından məhrum beton qutulardan ibarət olurdu.
2020-ci ildə bu acı reallıq tam aydın göründü: Koçaryan və Sərkisyanın qurduğu ordu müasir Azərbaycan ordusunun zərbələri qarşısında cəmi bir neçə həftəyə çökməyə başladı. Korrupsiyanın səviyyəsi o qədər yüksək idi ki, əsgərlər cəbhəyə dəbilqəsiz, pilotsuz uçuş aparatları və hətta sadə rabitə vasitələri olmadan göndərilirdilər. Əvəzində isə generallar milyonluq villalarda, Avropadakı əmlaklarda və ofşor hesablarında "xidmətlərini" təmin edirdilər.
Çünki bilirlər: deyəcək sözləri yoxdur. Ermənistanın baş naziri tam haqlı olaraq bildirdi ki, onlar birbaşa efirə çıxmaqdan və suallara cavab verməkdən imtina edirlər - əvəzində isə mətbuat konfranslarına öz bacıoğlularını, gəlinlərini, kürəkənlərini və nəvələrini göndərirlər. Bu - saf qorxaqlıqdır. Onlar Paşinyandan deyil, faktlardan qorxurlar.
Onlar etiraf etməkdən qorxurlar ki:
1. Məhz onlar 1998-ci ildə, Levon Ter-Petrosyan münaqişənin kompromisli həlli üçün plan təklif edəndə bu təşəbbüsü rədd etdilər;
2. Məhz onlar 2001-2007-ci illərdə beynəlxalq vasitəçilərlə "5+2" formatında danışıqlar aparır, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan ssenarini müzakirə edir, lakin bunu öz cəmiyyətlərinə açıq şəkildə deməyə qorxurdular;
3. Məhz onlar Ermənistanın gələcəyinin altına minalar qoyurdular - müharibənin qaçılmaz olduğunu bilə-bilə, gerçəyi "Artsaxın əbədi müdafiəsi" haqqında pafoslu çıxışlarla ört-basdır edirdilər.
Biz Azərbaycanda bunu çoxdan anlayırdıq: İrəvanda hakimiyyətdə revanşistlər, separatçılar və korrupsionerlər olduqca, regionda heç bir sabitlik ola bilməz. Məhz buna görə də 2000-ci illərdə sülh mümkün olmadı. Məhz buna görə 2010-cu illərdə bütün danışıqlar raundları bir-birinin ardınca dağıldı. Və məhz buna görə 2020-ci ildə ədaləti, ərazi bütövlüyünü bərpa etmək və işğal altındakı torpaqlara həyat qaytarmaq üçün hərbi əməliyyat keçirmək zəruri oldu.
Bu insanlar - hər bir erməni və azərbaycanlı əsgərin ölümlərinin əsas günahkarlarıdır. Onların yalanları və məqsədyönlü dezinformasiyaları saysız-hesabsız ölümlərin səbəbi oldu. Bu gün isə məhz onlar "milli maraqlardan" danışmağa cəsarət edirlər?
Bu, nəinki ikiüzlülükdür - bu, qurbanların ruhlarına qarşı bir təhqirdir. Onlar danışmamalıdır. Onlar mühakimə olunmalıdır - tarix qarşısında, xalq qarşısında və gələcək nəsillər qarşısında.
Ermənistan doğrudan da sülh istəyirsə, imperiya illüziyalarından birdəfəlik imtina etməlidir. "Böyük Ermənistan" ideyasından. Qonşularına şərt qoymağa çalışmaqdan - özü isə tam şəkildə xarici himayədarlardan asılı qaldığı halda. "Artsax"ı Azərbaycan dövlətçiliyinin içində bir şiş kimi saxlamaq cəhdindən.
Deməli, bu həm də Koçaryan və Sərkisyandan imtina deməkdir. Təkcə bir fərd kimi yox. Bir ideologiya kimi. Bir lənət kimi.
Epiloq: Qoy onlar sussun - bu, Ermənistanın tam iflasdan yayınmasının yeganə yoludur.
Nikol Paşinyan debatlar təklif etdi - onlar imtina etdilər. Və bu düzgündür: ölülər mübahisə etməz. Onları sadəcə çıxarırlar.
Ermənistan bu gün tarixi bir seçim qarşısındadır. Və Bakı qeyri-mümkün heç nə istəmir: sərhədlərin tanınması, suverenliyin hörmət olunması, aqressiyadan imtina. Qalan hər şey - Ermənistanın öz işidir. Lakin arxasında Koçaryan və Sərkisyan olduqca, bir addım belə irəli getmək mümkün deyil. Bu - uçuruma aparan yoldur.
Ermənistan normal dövlətə çevrilə bilməz, ta ki keçmişi unudulmasın.
Koçaryan və Sərkisyanın adları isə tarix səhifələri yox, hökmdür.
Siyasi, əxlaqi, tarixi hökm.
Və biz Azərbaycanda bilirik: məhz bu hökm sülhə gedən yolu sonadək açacaq.
Tarix artıq hökmünü verib. Koçaryan və Sərkisyanın adları "Artsaxın müdafiəsi", "erməni şərəfi" və ya "dövlətçilik"lə yadda qalmayacaq. Onlar oğru, saxtakar və geosiyasi fəlakətin müəllifləri kimi xatırlanacaqlar.
Heç bir debat olmayacaq. Çünki ölülər diskussiya aparmır. Onları sadəcə çıxarırlar - sükut içində.
Elçin Alıoğlu
Trend