Siyasət

Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi mövqeyini gücləndirir - Azər Qarayev

15 Mart 2025 13:26
Baxış: 356

Müasir dövrdə dünyada mövcud olan mürəkkəb geosiyasi proseslər, qlobal problemlər və çağırışlar dövlətlər arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə dialoqun təşviqi və ortaq həll yollarının tapılması məqsədilə təşkil olunan beynəlxalq tədbirlərin rolu əvəzolunmazdır. Bu kontekstdə də Qlobal Bakı Forumu artıq dünya miqyasında nüfuz qazanmış mühüm platformaya çevrilib. Forum, müxtəlif dövlətlərin liderlərini, nüfuzlu siyasətçiləri, beynəlxalq təşkilatların rəhbərlərini, tanınmış ictimai xadimləri və ekspertləri bir araya gətirərək, qlobal gündəmin aktual məsələlərinin müzakirəsinə şərait yaradır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Qlobal Bakı Forumu ilk dəfə 2013-cü ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının dəstəyi ilə təşkil olunub. Məqsəd, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu təşviq etmək, qlobal problemlərə həll yolları axtarmaq və dünya ictimaiyyətinin diqqətini beynəlxalq təhlükəsizlik, inkişaf, insan hüquqları və digər aktual məsələlərə yönəltmək olub. Tədricən Forumun coğrafiyası və əhatə dairəsi genişlənib, iştirakçıların sayı və statusu artıb. Bu tədbir qısa müddət ərzində BMT, Avropa İttifaqı, Afrika İttifaqı kimi nüfuzlu təşkilatların rəsmilərini və dünya liderlərini cəlb edən bir məkana çevrilib", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan Qlobal Bakı Forumu vasitəsilə beynəlxalq dialoqu təşviq edən, mədəniyyətlərarası və dinlərarası anlaşmanı dəstəkləyən, eləcə də dayanıqlı inkişaf və sülh təşəbbüsləri ilə çıxış edən ölkə kimi tanınır.

"Forum Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzunu və balanslı xarici siyasətini nümayiş etdirir. Xüsusilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, qlobal təhlükəsizlik və humanitar məsələlər Forumun gündəmində əsas yer tutur. Eyni zamanda, Forum Azərbaycanın çoxvektorlu xarici siyasətinin praktiki təzahürüdür. Burada ABŞ, Avropa, Asiya və Afrika ölkələrinin nümayəndələrinin iştirak etməsi Azərbaycanın qlobal dialoq üçün etibarlı və neytral platforma olduğunu sübut edir", - A.Qarayev bildirib.

A.Qarayev qeyd edib ki, martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda başlayan XII Qlobal Bakı Forumu da çox uğurla keçirilir.

"Budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Bu gün başa çatacaq XII Qlobal Bakı Forumunda "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı", "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" və "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzularında panellər təşkil olunub. Bundan əlavə, "Sülhə gedən yol", "Yeni dünya nizamında orta güclər" və "Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa İttifaqı məsələlərinə həsr olunmuş nahar sessiyaları da təşkil edilir. "COP29: Belem üçün sıçrayış - Transformasiyanın sürətləndirilməsi" və "Avropanın gələcəyi" mövzuları gecə sessiyalarında müzakirə olunub. Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. Xüsusilə, "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə edib", - o bildirib.

Politoloq həmçinin Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışını da xatırladıb.

"Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan fərəhlənir ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib: "Həmişə olduğu kimi, əminəm ki, Forum və onun üzvləri xüsusən də indi, kəskin geosiyasi dəyişikliklərdən sonra keçirilən tədbirdə ideya və yanaşmalar irəli sürəcəklər". Prezident İlham Əliyev martın 13-də "Euronews" televiziyasına verdiyi müsahibəsində də Qlobal Bakı Forumunun önəminə toxunub: "Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Çıxışımda qeyd etdiyim kimi, burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər. Artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var". İldən ilə bu Forumun uğurlu təşkil edilməsi, eyni zamanda digər yüksəksəviyyəli tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin vacib qlobal mövzuların müzakirəsi üçün mühüm platforma olduğunu sübut edir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Qlobal Bakı Forumu artıq beynəlxalq ictimaiyyət tərəfindən etibarlı və nüfuzlu dialoq platforması kimi qəbul olunur.

"Forum Azərbaycanın beynəlxalq arenada sülh təşəbbüslərinin, multikulturalizmin və dayanıqlı inkişafın təbliğində oynadığı rolu daha da möhkəmləndirir. XII Qlobal Bakı Forumu göstərdi ki, Azərbaycan yalnız regionun deyil, həm də qlobal əməkdaşlıq məkanının mühüm oyunçusudur. Bakı, müxtəlif siyasi baxışlı dövlətlər və liderlər arasında dialoqu təmin edən neytral və konstruktiv məkan kimi tanınmağa davam edir", - politoloq vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.