Siyasət

Trend BİA-nın baş redaktoru informasiya məkanında liderlik və agentliyin 2025-ci ilə dair planlarından danışıb

28 Fevral 2025 12:57
Baxış: 312

Bu il Azərbaycanın ən qocaman müstəqil xəbər agentliklərindən biri olan Trend Beynəlxalq İnformasiya Agentliyi 30 illik yubileyini qeyd edir.

Trend-in baş redaktoru Emin Əliyev yubiley ərəfəsində "Day.Az"a verdiyi müsahibədə 2024-cü ildə agentliyin əldə etdiyi nailiyyətlərdən və 2025-ci il üçün inkişaf planlarından danışıb.

"İnformasiya texnologiyaları KİV-in mahiyyətini dəyişib. Belə ki, bugünün mediası 30 il əvvəlin mediası ilə eyni deyil. Bütün bu illər ərzində Trend müasir tendensiyalarla ayaqlaşmağa çalışır, öz fəaliyyətini onları nəzərə alaraq qurur, eyni zamanda öz daxili işləmlərindən də geniş istifadə edir. Nəticə etibarı ilə 2024-cü ildə Trend beynəlxalq reytinq agentlikləri tərəfindən Xəzər dənizi və Mərkəzi Asiya regionu ölkələrinin mediaları arasında dünyanın ən çox istinad edilən informasiya agentliyi elan edilib. Bu nailiyyətləri təhlil edərək, biz bu il üçün inkişaf strategiyamızı və qarşıda duran vəzifələri müəyyən etmişik", - deyə o bildirib.

E.Əliyev agentliyin bu beynəlxalq uğurlarının məhz Azərbaycanda yaradılmış şərait hesabına mümkün olduğunu vurğulayıb.

"Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın səyləri sayəsində ölkəmiz böyük inkişaf yolu keçib. Son onilliklər ərzində ölkədə iqtisadiyyatın və ictimai həyatın bütün sahələrinin, mübaliğəsiz, necə dəyişdiyi göz önündədir. Təbii ki, bu sözlər media sahəsi üçün də keçərlidir. Bizim sahədə həm KİV-lərin, həm də jurnalistlərin peşəkar inkişafı üçün əlverişli şərait yaranıb. Məhz bunun sayəsində bizim peşənin nüfuzu də artıb. Nəticədə bugün KİV-ə gələcəyə, öz peşələrinə inanan və beynəlxalq arenalarda öz həmkarları ilə bərabər səviyyədə rəqabətə girə biləcək gənc nəslin nümayəndələri gəlir", - deyə baş redaktor vurğulayıb.

Baş redaktorun sözlərinə görə, 2025-ci ilə olan planlarda agentliyin dərc etdiyi xəbərlərin beynəlxalq əhatə dairəsinin genişləndirilməsi yer alır.

"Xarici bazarlara çıxış strategiyamız sayəsində həm ölkə daxilində, həm də xaricdə daha çox oxucu və abunəçi qazanacağımıza inanırıq. Agentliyin artıq əldə olunmuş nəticələrə, o cümlədən IT xidmətinin və jurnalistlərin peşəkarlığına söykənən gələcək inkişafı, Trend-in Avropanın media bazarlarına bərabərhüquqlu iştirakçı olaraq qatılmasına obyektiv imkan yaradır. Sınaq məqsədilə atılmış addımların dinamikası göstərir ki, artıq 2025-ci ilin sonuna kimi Trend bir sıra Avropa ölkələrinin media məkanında rəqabətədavamlı agentliyə çevrilə bilər.", -deyə baş redaktor əlavə edib.

Eyni zamanda, bu ildən etibarən Trend UNEC Tədqiqat Fondunun vasitəçiliyi ilə Diasporla iş üzrə Dövlət Komitəsi ilə birgə layihə həyata keçirməkdədir.

"Bu layihə çərçivəsində müxtəlif ölkələrdə diaspor icmaları arasında kommunikasiya mərkəzlərinə çevriləcək informasiya portalları yaradılır. Bu onların yaşadıqları ölkənin cəmiyyətlərinə inteqrasiyasını asanlaşdıracaq, eyni zamanda onların məlumatlılığını artırmış olacaq. Belə ki, həmvətənlərimiz ölkə xaricində yaşasalar belə, Azərbaycanın informasiya gündəmi ilə əlaqəni itirməməlidirlər", - deyə E.Əliyev əlavə edib.

Baş redaktor əlavə edib ki, yaradılan layihələr eyni zamanda həmvətənlərimizin peşə və maraqlar əsasında birləşməsinə vəsilə olacaq.

"Onu da qeyd etmək vacibdir ki, yaradılan resurslar özlüyündə bu ölkələrin tam funksionallı KİV-lərini təmsil edirlər. Xüsusilə də sosial şəbəkələrin və digər texnologiyaların inkişafına baxmayaraq, məhz ənənəvi KİV-lərin Avropada və ümumiyyətlə dünyada ictimai rəyin formalaşmasında əsas rol oynamağa davam etməsi faktını nəzərə alsaq, bu, olduqca mühüm əhəmiyyət kəsb edir" , - E.Əliyev əlavə edib.

"Layihənin həyata keçirilməsinin ilk iki ayı ərzində Avropa və digər ölkələrdə təxminən 10 informasiya resursu istifadəyə hazır vəziyyətə gətirilib. Onlar Trend beynəlxalq informasiya agentliyinin xüsusi proqram təminatı əsasında yaradılıb və bu, 500 000 avrodan çox vəsaitə qənaət etməyə imkan verib", - o vurğulayıb.

Baş redaktor xüsusi olaraq qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın təsdiqlədiyi birgə Azərbaycan-Türkiyə media platforması təşəbbüsü çərçivəsində, Trend və DHA agentlikləri artıq Türkiyədə kifayət qədər populyar olan "DHApress.com" layihəsini həyata keçirməkdədir . O əlavə edib ki, auditoriyanın artan tələbatını nəzərə alaraq, resursun yenidən formatlaşdırılması qərara alınıb.

"Bizim IT komandamız DHApress-i Türkiyənin ən böyük media portalına çevirəcək. O, informasiya məzmunu ilə yanaşı, foto və videomaterialları əldə etməyə imkan verəcək multimedia platformasını - müasir stok resursunu da özündə birləşdirəcək. Rəqiblərindən fərqli olaraq, bu platforma məhz xəbər məzmununa və KİV materiallarına yönələcək ki, hazırda bu materiallar yalnız qapalı sistemlərdə satılır. Ümid edirik ki, bu resurs Azərbaycan multimedia məhsullarının Türkiyədə geniş yayılmasına imkan verəcək", - deyə Əliyev bildirib.

"Biz innovativ texnologiyalar və süni intellektdən istifadə etməklə müasir iş metodları tətbiq etməyə hədəflənmişik. Ümid edirik ki, KİV üçün yaradılmış şərait, IT komandasının və jurnalistlərin peşəkarlıq səviyyəsinin artması yaxın illərdə daha böyük nailiyyətlər əldə etməyimizə imkan verəcək", - baş redaktor əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.