Siyasət

Xarici İşlər Nazirliyi 20 Yanvarla bağlı Bəyanat yaydı

19 Yanvar 2025 21:32
Baxış: 328

Xarici İşlər Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Bəyanat yayıb.

Milli.Az Bəyanatı təqdim edir:

"35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq

hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı

qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar - Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Müasir tariximizin dərin kədər, eyni zamanda böyük qürur tarixi olan 20 Yanvar - Ümumxalq

Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından

keçən bütün Şəhidlərimizi dərin minnətdarlıqla yad edirik.

Ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam

etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi

deportasiyasını əsaslandırmaq naminə "Sumqayıt hadisələri" kimi qondarma təxribatların

hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrıseçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardı.

Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq

məqsədilə, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun bölmələri, xüsusi

təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və

Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına

zidd şəkildə günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən,

ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 yanvar hərbi təcavüzü

nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

Dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının

qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın

dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Ulu Öndər Heydər

Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından və Ümummilli Liderin ölkəmizdə yenidən

hakimiyyətə qayıtmasından sonra xalqımıza qarşı törədilən bir sıra cinayətlər, o cümlədən 20

yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin

martında Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr

haqqında" qərar qəbul olundu.

20 yanvar faciəsinin Azərbaycan xalqının milli müqavimətini süquta uğratmaq məqsədilə

planlaşdırılıb icra olunmasına baxmayaraq, bu qanlı qətliam, xalqımızın müstəqillik, həmrəylik

və milli azadlıq hərəkatının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, SSRİ-nin uzun müddətdir

gecikdirilməyə çalışılan labüd süqutunun başlanğıcını qoydu.

Xalqımızın ən çətin günlərdən və tarixin ən mürəkkəb sınaqlarından çıxan birliyi və iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmini ilə nəticələnən parlaq zəfərinin, habelə 19-20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasına gətirib çıxaran antiterror əməliyyatları ilə işğal və münaqişəyə son qoyulmasının əsasını təşkil etdi. Müstəqillik tariximizə dərin iz salan 20 yanvar faciəsinin 35-ci ildönümündə dövlətimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizi qürurla yad edir, bu yolda sağlamlığını itirən vətəndaşlarımıza cansağlığı arzu edirik!

Yaşasın Azərbaycan!".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.