Siyasət

İlham Əliyev Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edib - VİDEO - FOTO

6 Noyabr 2024 11:01
Baxış: 910

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib.

 

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün Prezident Administrasiyasına gəldi.

 

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

 

Sonra birgə foto çəkdirildi.


Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası keçirildi.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Zirvə görüşünün işinə uğurlar arzuladı. S.Japarov çıxışında yaxın günlərdə Azərbaycanda keçiriləcək COP 29 konfransına diqqət çəkərək dedi: "Tezliklə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Hörmətli Azərbaycan Prezidenti belə bir böyük Zirvə toplantısına ev sahibliyi edəcək və biz Azərbaycan hökumətinə bu mövzu ilə bağlı hər cür dəstək göstərməyə hazırıq".

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının türk xalqlarını daha da yaxınlaşdırdığını bildirdi. Kasım-Jomart Tokayev ortaq türk əlifbasının yaradılması, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğuladı.

 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

 
Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli Sadır Nurqojoyeviç.

 

Hörmətli dövlət və hökumət başçıları.

 

İlk növbədə, qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğız Respublikasının Prezidenti Sadır Nurqojoyeviç Japarova təşəkkür edirəm.

Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm.

 

Həmçinin Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyinə görə Qazaxıstanı təbrik edirəm.

Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.

 

Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

 

Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.

 

Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib.

Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.

 

Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.

 

Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.

 

Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər.

 

Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim.

 

Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür.

 

Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.

 

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Qırğızıstan dövlətinin başçısı Sadır Japarov çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

X X X

Daha sonra çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda yaranan sabitliyin pozulmaması üçün Ermənistanla Azərbaycan arasında sülh razılaşması istiqamətində danışıqların davam etdirilməsinin vacibliyinə toxundu. Türkiyə Prezidenti dedi: "Hörmətli qardaşlarım, Cənubi Qafqazda mövcud olmuş 30 illik münaqişə və qeyri-sabitlikdən sonra sülh və əmin-amanlığa gedən yolun qapıları açılmışdır. Can Azərbaycanın Vətən müharibəsində döyüş meydanında şəhidlər verərək əldə etdiyi tarixi uğurların ən yaxın zamanda sülh müqaviləsinin imzalanması ilə masada da əksini tapmasını ümid və arzu edirik".

 

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxışında Bakıda keçiriləcək COP29-la bağlı təbriklərini çatdıraraq dedi: "Gələn həftə Bakıda COP29 konfransının başlanması münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi bir daha səmimi-qəlbdən təbrik edir, ona böyük uğurlar arzulayıram".

Macarıstanın Baş naziri Viktor Orban çıxışında Azərbaycanın və Türkiyənin ölkəsinin enerji təhlükəsizliyinə töhfə verdiklərini vurğulayaraq dedi: "Biz qonşumuz olmayan Türkiyədən və Azərbaycandan təbii qaz alırıq. Bütün bunlara görə təşəkkürümü bildirirəm".

 

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev təşkilata üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışdı. Eyni zamanda, TDT qarşısında duran yeni hədəflərə diqqət çəkdi. Qeyd etdi ki, hazırda təşkilata üzv ölkələr arasında həyata keçirilən layihələrdə müasir texnologiyalardan istifadə, süni intellektin tətbiqi, təhlükəsizlik məsələləri, elektron ticarətin təşkili və reallaşdırılması prioritet istiqamətlərdir.

 

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar dili və kökü bir olan türk xalqlarının daha da yaxınlaşması, ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafı, tarixi İpək yolunun yenidən canlanması, təhsil sahəsində yeni əməkdaşlıqların yaradılması, strateji layihələrin həyata keçirilməsi istiqamətində Türk Dövlətləri Təşkilatının rolunu xüsusi vurğuladı.

X X X

Sonda sənədlər imzalandı.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.