Siyasət

Biz COP29 ayı ərzində birliyə və barışığa hörmət etməyə çağırırıq - Nazir

24 Sentyabr 2024 09:42
Baxış: 290

COP29 qlobal sülh və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş qərargahında təşkil olunan "Gələcəyin Sammiti"ndə çıxışı zamanı deyib.

"Biz COP29 ayı ərzində birliyə və barışığa hörmət etməyə çağırırıq. Sonda gəlin bir daha iqlim davamlılığı və dayanıqlı inkişafın, sülh və təhlükəsizliyin sadəcə arzu-istək deyil, hamı üçün reallıq olduğu daha yaxşı gələcəyə sadiqliyimizi təsdiq edək. Biz yalnız cəsarətli, inklüziv və əməkdaşlıq fəaliyyəti vasitəsilə buna nail ola bilərik",- deyə C.Bayramov əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.