Kanadanın xarici işlər naziri Melani Joli bəyan edib ki, onun ölkəsi "Ermənistanla vicdanlı və ədalətli əməkdaşlığı davam etdirmək, problemləri danışıqlar yolu ilə həll etmək, Ermənistanın ərazi bütövlüyünə sayğı ilə yanaşmanı, hədə ritorikasından əl çəkmək, erməni əsirləri qeyd-şərtsiz azad etmək və Helsinki prinsiplərinə riayət etmək üçün rəsmi Bakıya təzyiqləri davam etdirəcək".
Nazirin bəyanatı Kanadadakı erməni icmasının ən böyük təşkilatı olan Kanada Erməni Milli Komitəsini (ANCC) vəcdə gətirib.
Beləliklə, xarici siyasətdə ABŞ və Fransadan tam asılı olan Kanada rəsmi Parisin Cənubi Qafqazdakı strategiyası çərçivəsində davranır, Fransa prezidenti Emmanuel Makronun kursu istiqamətində hərəkət edir.
Rəsmi Ottava eynən Paris kimi Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə, geosiyasi proseslərə təsir mexanizmlərinə sahiblənməyə çalışır.
Rəsmi Paris kimi, Ottava da Azərbaycanı sürəkli qaydada "cəza sanksiyaları" ilə hədələyir.
Kanadanın aşkar ermənipərəst mövqeyinin bu ölkənin Cənubi Qafqazdakı maraqlarına hansı ziyanı vurduğunu Melani Joli bilməmiş deyil, ancaq ölkədəki erməni icmasının səslərini almaq və üstəlik Ermənistandan vasitə qismində istifadə edərək bölgədə möhkəmlənməyə çalışan ABŞ ilə Fransanın xarici siyasətini öz diplomatiyasına inikas etdirmək Kanadanın hakimiyyəti elitalarının fikrincə, "optimal variant"dır.
Belə davranış və regional siyasət məntiqdən çox kənardır.
Kanada Bakıya təzyiqlərdən bəhs edir, amma "Nəyə görə, səbəb nədir?" suallarına cavab verməkdə çətinlik çəkir.
44 günlük İkinci Qarabağ Müharibəsində, sonrakı illərdə yürütdüyü siyasətdə və sonucda Xankəndindəki separatçı-terrorçu xuntaya qarşı lokal antiterror əməliyyatlarında Azərbaycan beynəlxalq hüququn heç bir tələbini, prinsipini və normasını pozmayıb.
Aşkar görünən məqam odur ki, Kanadanın Azərbaycana qarşı tutduğu absurd və ifrat qərəzli mövqeyinin yeganə səbəbi siyasətdir.
Bakını "Ermənistanın ərazi bütövlüyünə sayğı bəsləməyə" çağıran Kanada eyni zamanda Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxiləyə can atır, mənhus "ikili standartlar" praktikasını reallaşdırır.
Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilər rəsmi Ottavanı bu qədər qayğılandırırsa, nə üçün Ermənistandan zorla qovulmuş yüz minlərlə azərbaycanlı yada düşmür? Və ya rəsmi Ottafanın etnik azlıqların hüquqlarına münasibəti bunca "həssas"dırsa, onda Kvebekin müstəqillik tələblərini nədən separatçılıq hesab edir? Olmaya "milli müqədərratı təyin etmək hüququ" kvebeklilərə şamil edilmir?
Monreal və Oksford universitetlərinin məzunu, peşəkar hüquqşünas olan 45 yaşlı Melani Jolinin özü də fransızdilli Kvebekdə doğulub. Onun kvebeklilərin haqlarının təminatı və hüquqlarının müdafiəsi ilə məşğul olması daha məntiqli fəaliyyət təsiri bağışlayardı.
Kanadanın bölgəmizdəki aktivliyi Türkiyə, Rusiya, Britaniya və İranı da qıcıqlandırır.
Ermənistana ən geniş arealda dəstək vəd edən, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasına (EUMA) qatılan Kanadanın bütün bunları guya "sülh, stabillik, inkişaf və demokratiya naminə" etməsi ilə bağlı bəyanatları Rusiya və İranı xüsusilə sinirləndirib. Unutmayaq ki, Kanada hazırda Rusiyaya qarşı ən sərt və antoqonist mövqe tutmuş dövlətlərdən biridir.
Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının "üzərinə düşən funksiyaları yerinə yetirmədiyi" barədə bəyanatlar verərək rusiyalı hərbçilərin ölkədən çıxarıla biləcəyinə işarə vuranda təbii ki, rusiyalıları əvəzləyəcək hərbi kontingenti formalaşdıracaq ölkələr arasında Kanadanı da görür.
Cənubi Qafqazda mövqelərini daha da möhkəmləndirməyə çalışan ABŞ, Fransa və Kanada trio formatında fəaliyyət göstərərək Ermənistanla Rusiya arasındakı problemlərdən istifadə edərək İrəvanı bütünlüklə özlərindən asılı marionet halına salmağa çalışacaqlar.
Amma Fransa kimi, Kanada da kobud səhvə yol verir, Rusiyanın heç bir halda Ermənistandakı mövqelərindən və Cənubi Qafqazdakı maraqlarından əl çəkməyəcəyini, sonadək mübarizə aparacağını unudurlar.
Bundan başqa, eynən Paris kimi, Otttava da Ermənistanı tam və total şəkildə dəstəkləyərək Cənubi Qafqaz bölgəsində qərəzli, subyekti və məntiqsiz regional siyasət yürütməklə rəsmi Bakı ilə münasibətlərdə süni gərginlik yaradırlar.
Onlar Ermənistanın revanşizm və destruktiv siyasətdən əl çəkmək istəmədiyini sanki görmək istəmirlər.
Paris təki, Ottava da anormal regional siyasətə qapılmasaydı, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini etiraf edərdilər.
Xatırladaq ki, Ermənistanda 1990-cı ilin avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsində sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti "Ermənistana birləşmiş ərazi" kimi qeyd olunur.
Ermənistanın sabiq Ali Sovetinin 1989-cu ilin dekabrın 1-də qəbul etdiyi qərarar əsaslanan bu iddia sonradan Ermənistan Konstitusiyasının 1-ci maddəsində əks olunub.
Ermənistan Konstitusiyasına zəruri dəyişikliklər edilərək Azərbaycana qarşı ərazi iddiasının qanuniləşdirildiyi bu ifadələr ləğv edilməyincə, Bakı və İrəvan arasında münasibətlərin normallaşmasından danışmağa dəyməz.
Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan yekun sülh sazişinin sonradan 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan, rəsmi İrəvanın heç bir bəndinə əməl etmədiyi sənədin taleyini təkrarlaması üçün Ermənistanda revanşizmin və ərazi iddialarının qanuniləşdirilməsinə son qoyulmalı, ölkə Konstitusiyasına düzəlişlər edilməlidir.
Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərə gəldikdə isə, onlar qayıda bilələr: amma bir şərtlə - Azərbaycanın vətəndaşlığını qəbul etməli, ölkənin mövcud qanunvericiliyinin və Konstitusiyasının tələblərinə tabe olmalıdır. Bundan başqa, qarabağlı ermənilərin haqq, hüquq, səlahiyyət və azadlıqları Azərbaycanın bütün digər vətəndaşlarından heç nə ilə fərqlənməyəcək: nə az olacaq, nə çox.
Qarabağlı ermənilərsə bu normal, beynəlxalq hüquq çərçivəsindəki şərtləri rədd edir, Azərbaycan ərazisində qanunsuz miqrant, Ermənistan (və ya mifik "Arsax") vətəndaşı qismində yaşamaq istəyir, Xankəndindəki separatçı-terrorçu xuntanı bərpa etmək istəyirlər.
Ən nəhayət, qayıdış hüququndan bəhs ediriksə, qarabağlı ermənilərin dönüşü ilə paralel yüz minlərlə azərbaycanlının Qərbi Zəngəzura, doğma yurd-yuvalarına qayıdışı təmin olunmalıdır.
... ABŞ ilə SSSRİ arasında "soyuq savaş" illərində, 1951-ci ildə "Pravda" qəzetində dərc olunmuş baş məqalələrdən birində yazılmışdı: "Kanada amerikan imperializminin məkanlarından biri kimi müstəqil xarici siyasət yürütmür. Çünki Kanadada hakimiyyətdə olan inhisarçı elitalar çoxdan bəri ölkənin maraqlarını imperialistlərin ekspansionist planlarına tabe etdiriblər".
Həmin yazının dərcindən 73 il keçib, dünyada çoxsaylı köklü dəyişikliklər baş verib, amma Kanada hələ də böyük güclərdən tam asılı dövlətdir.
Kanadanın faktiki olaraq federativ dövlət olduğunu, federasiya subyektlərinin hətta yerli səviyyədə xarici siyasət məsələlərinin müzakirəsində və qərarların qəbulunda iştirakını (paradiplomatiya) nəzərə alsaq, konstitusion federalizm idarəetməsində olan dövlətin qlobal siyasətdə ABŞ, Avropa İttifaqı və postsovet məkanında Fransanın "məsləhət"lərinə riayət etdiyini demək olar.
Kanadanın əsas ticari tərəfdaşının ABŞ olduğunu və ölkənin ixracatının 76 faizinin Birləşmiş Ştatların payına düşdüyünü də xatırlasaq, Ottavanın Vaşinqtondan asılılığı anlaşılar.
Fəqət 1960-cı illərədək Kanada diplomatiyasında birmənalı olaraq ABŞ və Britaniya dueti hakimi-mütləq sayılırdısa, sonradan vəziyyət dəyişməyə başladı, Ottavanın xarici siyasətində frankofon meyllər gücləndi.
Hazırda Kanadada fransızdilli sakinlərin sayı fasiləsiz azalmaqda olsa da, ölkə Beynəlxalq Frankofoniya Təşkilatının və digər frankofon strukturların fəal üzvüdür, özünü də az qala "fransızdilli dövlət" kimi təqdim edir.
Kanadanın fransız kökənli baş naziri, Liberal Partiyanın sədri Castin Trüdo multikultural siyasət yürütdüyünü, ölkədəki bütün etnik azlıqları dəstəklədiyini və etnomədəni qrupların hakimiyyətdə təmsil olunduğunu desə də, Cənubi Qafqazda Fransadan asılı siyasət yürüdən rəsmi Ottava eyni zamanda ölkədəki erməni icmasının dəstəyini itirmək istəmir.
Kanadanın Fransadan asılı olmasının da səbəbləri var. Ölkənin siyasi quruluşu hakimiyyətdən xarici siyasəti müəyyənləşdirərkən əyalət səviyyəsindəki qüvvələr nisbətini nəzərə almağı tələb edir. Problem əhalisinin əksəriyyəti fransızdilli olan Kvebek əyalətidir ki, orada son onillərdə yerli, əyalətə müstəqillik tələb edən Kvebek Partiyasının (Parti québécois) nümayəndələri ("pekistlər") 3 dəfə hakimiyyətə gəliblər, 2 dəfə də müstəqilliklə bağlı referendumlar keçirilib. Kvebek əyaləti ənənəvi olaraq müstəqillik tələb edir, beynəlxalq arenada "identifikaksiyalı paradiplomatiya" siyasəti yürütməyə çalışır.
Bu isə rəsmi Ottavanı Fransanın Kvebeklə "imtiyazlı tərəfdaşlığı"nı zəiflətmək üçün Parislə əlaqələri mümkün qədər aktivləşdirməyə vadar edir.
Kvebekli separatçılardan çəkinmək Cənubi Qarabağda absurd siyasət yürütməyə haqq qazandıra bilməz.
Amma nə edəsən ki, Kanadanın hakimiyyət dairələri tam fərqli düşünür və bölgəmizdə səhvləri sıralayır...
Elçin Alıoğlu
TREND