Siyasət

Milyonların ümidi Bakıyadır

25 İyul 2024 14:25
Baxış: 2 252

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (The 29th UN Conference of the Parties on Climate Change, UNFCCC COP 29) noyabr ayında Bakıda keçiriləcək.

Bununla bağlı qərar COP28-in dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) keçirilən plenar iclasında verilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP Konvensiyasının ali qərar qəbul edən, katibliyi Almaniyanın Bonn şəhərində yerləşən strukturdur. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyası dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Sessiya, planetimizin gələcəyi üçün həyati əhəmiyyət daşıyan iqlim dəyişikliyi ilə mübarizə mövzusunda qlobal miqyasda qərarların qəbul edilməsi və tədbirlərin həyata keçirilməsi üçün önəmli platformadır. COP29-un əsas məqsədi Paris Sazişi çərçivəsində ölkələrin öhdəliklərinin yerinə yetirilməsi və yeni iqlim siyasətlərinin müzakirəsidir.

COP29-un gündəliyi bir çox vacib mövzuları əhatə edir. Bu mövzular arasında iqlim dəyişikliyinin təsirləri ilə mübarizə, iqlim ədaləti, maliyyə vəsaitlərinin təmin edilməsi və texnologiya transferi kimi məsələlər ön plandadır. Bu sessiyanın əsas məqamları bunlardır:

COP29-da ölkələrin Paris Sazişi çərçivəsində qəbul etdikləri öhdəlikləri yerinə yetirmək üçün atılan addımlar müzakirə ediləcək. Bu, karbon emissiyalarının azalması, yenilənəbilən enerji mənbələrinə keçid və iqlimə davamlı inkişaf strategiyalarının tətbiqi kimi mövzuları əhatə edir.

Sessiyada iqlim ədaləti prinsiplərinin tətbiqi müzakirə olunacaq. Bu, zəif və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərindən qorunması üçün maliyyə vəsaitlərinin və texnologiyanın təmin edilməsini əhatə edir.

COP29-da inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi və texnologiya transferi məsələləri müzakirə olunacaq. Bu, iqlim dəyişikliyinə uyğunlaşma və mübarizə üçün vacib olan innovativ həllərin təmin edilməsini əhatə edir.

Sessiyada iqlim dəyişikliyinə uyğunlaşma və davamlı inkişaf strategiyalarının tətbiqi müzakirə ediləcək. Bu, əkinçilik, su ehtiyatlarının idarə edilməsi və şəhər planlaması kimi sahələri də nəzərə alır.

COP29-da bir çox ölkə rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri çıxış edəcəklər. Onlar öz ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə üzrə qəbul etdikləri tədbirlər və təşəbbüslər barədə məlumat verəcəklər. Bu çıxışlar və təşəbbüslər arasında aşağıdakıları qeyd etmək olar:

Avropa İttifaqının Yaşıl Razılaşması. Avropa İttifaqının "Yaşıl Razılaşma" təşəbbüsü, karbon emissiyalarının sıfıra endirilməsi və yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi üzrə tədbirləri əhatə edir.

ABŞ-ın İqlim Planı. ABŞ-ın Prezident Administrasiyasının iqlim dəyişikliyi ilə mübarizə üzrə qəbul etdiyi yeni strategiyalar və maliyyə dəstəyi təşəbbüsləri müzakirə olunacaq.

Çin Xalq Respublikasının "Enerji Transformasiyası". Çin Xalq Respublikasının yenilənəbilən enerji mənbələrinə keçid və karbon emissiyalarının azalması üzrə həyata keçirdiyi tədbirlər haqqında məlumat veriləcək.

COP29-un nəticələri dünya ictimaiyyəti üçün vacibdir. Sessiyanın yekununda qəbul edilən qərarlar və bəyannamələr, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərin artırılmasına yönəldiləcək. Bu sessiyanın nəticələri, ölkələrin iqlim siyasətlərini formalaşdırmaq və iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün yeni strategiyalar qəbul etmələrinə kömək edəcək.

COP29 sessiyası planetimizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bir tədbirdir. Bu sessiya çərçivəsində qəbul edilən qərarlar və təşəbbüslər, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin artırılmasına və davamlı inkişafın təmin edilməsinə yönəldilmişdir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu sessiyası, dünya liderlərinin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti nümayəndələrinin iqlim dəyişikliyi ilə mübarizə üçün bir araya gəldiyi bir platformadır və gələcək nəsillər üçün daha yaşanabilir bir dünya təmin etmək məqsədi güdür.

Xatırladaq ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.

Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.

Rəsmi Bakı ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

COP29-un bir sıra qlobal iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya ölkələrinin dövlət və hökumət başçılarını, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.

Almaniyada keçirilən Petersberq İqlim Dialoqu zamanı COP29-da builki dialoqun əsas mövzusunun iqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi olacağı açıqlanmışdı.

COP29 ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb".

İndiyə kimi belə ənənə formalaşıb ki, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışaraq bu tədbirin də gündəliyini müəyyən edir.

Burada nazirlər və diplomatlar növbəti COP tədbiri - əsas iqlim konfransı üçün prioritetləri müəyyənləşdirirlər.

COP tədbirlərinin məqsədi Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur.

Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.

İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

Bakıdakı tədbirə gəldikdə, ölkəmizə 70-80 min xarici qonağın gələcəyi gözlənilir.

COP29 iştirakçı sayına və miqyasına Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbir olacaq.

Əldə etdiyimiz məlumatlara görə, COP-29 zamanı əsas məqsəd müzakirələrlə danışıqlarda uğurlu sonucun əldə olunmasıdır. Əsas müzakirə mövzusu isə qlobal iqlim dəyişikliklərinin yaratdığı fəsadların aradan qaldırılması üçün maliyyə mənbələrinin müəyyənləşdirilməsi olacaq.

Əsas gözlənti də iqlim dəyişiklikləri və bu dəyişikliklərin nəticələrinin aradan qaldırılması ilə bağlı sənədlər üçün yeni kriterilərin hazırlanmasıdır.

Ümumimiyyətlə isə BMT-nin illik iqlim sammiti, yəni COP-da 197 ölkənin nümayəndələri bir araya gələrək planetar miqyasdakı istiləşmə və fəsadlı iqlim dəyişiklikləri ilə mübarizədə bəşəriyyətin yolunu müəyyənləşdirməyə çalışacaqlar. İstixana və dəm qazı tullantılarının azalması istiqamətindəki tədrici inkişaf danışıqlarda önəmli məqam olacaq, lakin qlobal istiləşənin hər ölkəyə vurduğu ziyanın aradan qaldırılması üçün maliyyə imkanlarının müəyyənləşdirilməsi son illər ən mühüm mövzuya çevrilib.

Bakıdakı COP-29 sammitində də dünya dövlətləri "iqlim maliyyələşdirilməsi" ilə bağlı yeni məqsədləri dəqiqləşdirilməlidir. İş ondadır ki, qlobal iqlim dəyişikliklərinin əsas səbəbkarları olan inkişaf etmiş dövlətlər inkişaf etməkdə olan ölkələrə mütləq şəkildə yardımlar etməlidir.

2020-ci ildəki sammiğdə qərara alınmışdı ki, bununla bağlı inkişaf etmiş ölkələr ən azı 100 milyard dollar ayırsınlar. Lakin həmin məbləğ yalnız iki il sonra, 2022-ci ildə toplandı.

Pulların yenilənən və "yaşıl" enerjiyə keçid, səhiyyə sahəsində yeni təşəbbüslər, yeni texnologiyalara sərmayələr, təbii fəlakətlərdən zərər çəkmiş bölgələrə yardımlar və s. kimi məqsədlərə sərfiyyatı nəzərdə tutulub.

Fəqət, bəyanatlara rəğmən, əməli işlərin həcmi və sayı hələ də azdır.

Məsələn, Azərbaycanın strateji müttəfiqi, dost və qardaş Pakistan 2022-ci ildə ölkədə yaşanmış sellərdən və daşqınlardan çox əziyyət çəkib. Mussonlar nəticəsində yaranmış daşqınlar nəticəsində ölkə ərazisinin təqribən 1/3 hissəsi su altında qalmışdı. Təbii fəlakət 33 milyon pakistanlının yaşamına mənfi təsir etmiş, minlərlə pakistanlı isə yaralanmış və həlak olmuşdu. Pakistanın kənd təsərrüfatına çox böyük zərbələr dəydi, nəticə ölkə iqtisadiyyatı 40 milyard dollarlıq itkilərlə üzləşdi. Pakistan bu barədə Qahirədə keçirilmiş COP-27-də müfəssəo məlumat verdi, qlobal iqlim dəyişiklikləri nəticəsində inkişaf etməkdə olan ölkələrə dəyən ziyanların qismən də olsa, ödənməsini istədi.

ABŞ prezidentinin iqlim dəyişiklikləri ilə bağlı məsələlər üzrə xüsusi nümayəndəsi Con Kerri bəhs etdiyimiz məsələdə İslamağadın tələblərini ilk əvvəl qəbul etməsə ə, sonradan mövqeyini dəyişdi.

Rəsmi İslamabadın mövqeyi və tələbi konkretdir: ölkə məruz qaldığı 40 milyardlıq itkilərə görə tam miqyasda təzminat almalıdır. Fəqət, inkişaf etmiş dövlətlər məbləği ayırmağa tələsmirlər. Daha doğrusu, onlar bildirirlər ki, qlobal miqyasda iqliəmə azz zərər vuran iqtisadiyyata keçid üçün ildə 4-6 trilyon dollar gərəkdir.

Rəsmi Bakı isə dost və qardaş İslamabadın mövqeyini tam dəstəkləməklə yanaşı, bəyan edir ki, "iqlim maliyyələşdirilməçsi" ilə bağlı yeni kollektiv məqsəd Bakıda keçiriləcək COP-29-da əsas müzakirə mövzularından biri olacaq.

Bundan başqa, qlobal iqlim dəyişikliklərinin fəsadlarına məruz qalmış ölkələrə yardım məqsədilə yaradılmış fondda artıq 115 milyard dolların olduğu da vurğulanır.

ABŞ-ın indiki prezidenti Co Baydenin Bakıda keçiriləcək COP-29-da iştirakı ilə bağlı ehtimallar zəifdir. Birləşmiş Ştatların dövlət başçısı BƏƏ-də keçirilmiqş ötən COP-28-də qatılmamışdı.

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı COP-29-un gələcək iştirakçıları və qonaqlar arasında gözləntilər böyükdür. Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın 46-cı prezidenti seçilərsə, qlobal iqlim dəyişkliklərinə qarşı beynəlxalq səviyyədə mübarizə prosesi problemlərlə üzləşəcək. Unutmayaq ki, D.Tramp prezident olduğu dönəmdə Paris İqlim Paktına etiraz etmiş, ABŞ bu anlaşmanı tərk etmişdi.

İnkişaf etməkdə olan dövlətlər Bakıdakı COP-29-u səbirsizliklə gözləyir və yüz milyonlarla insanın yaşamında dəyişikliklər olacağına ümid edirlər.

Bakı isə həmin ümidlərin gerçəkləşməsi üçün bütün imkanlarını səfərbər edəcək...

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.