Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.
Milli.Az bildirir ki, oktyabrın 17-də saat 21 radələrində Qəbələ rayonu Zərgərli kəndi ərazisində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı rayonun Laza kənd sakini, 1976-cı il təvəllüdlü Əlibaba Gəncimovun rayonun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək həmin evdə yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədliyevaya atəş açaraq onu qəsdən öldürməsi, sonuncunun nəvəsi 2001-ci il təvəllüdlü Nurlan Məmmədliyevə xəsarət yetirməsinə, N.Məmmədliyevin isə odlu silahdan atəş açaraq Əlibaba Gəncimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, istintaq aparılır.
--------
10:54
Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb.
Milli.Az bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyevanın evinin həyətində baş verib.
İlkin məlumata görə, G.Məmmədəliyevanın oğlunun başqa şəxsə pul borcu olub. Məsələyə onun tanışı 1979-cu il təvəllüdlü Əlibaba Gəncimov da qarışıb və qarşı tərəfə borcun vaxtında ödənilməsinə dair söz verib. Lakin G.Məmmədəliyevanın oğlu borcu vaxtında ödəyə bilməyib. Nəticədə onunla Əlibaba arasında narazılıq yaranıb.
Mübahisənin münaqişəyə çevrilməsindən sonra Əlibaba Gəncimov tüfəng götürərək G.Məmmədəliyevanın yaşadığı evə gəlib. O əvvəlcə G.Məmmədəliyevaya atəş açıb. Bunu görən qadının nəvəsi 23 yaşlı Nurlan Məmmədəliyev evdən tüfəng götürərək Əlibabanı güllələyib. Baş verən atışma nəticəsində Ə.Gəncimov ölüb. Nurlan özü də müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
---------
17.10.2024
Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a bildirilib ki, araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun