Fevralın 7-də ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Daha doğrusu, Azərbaycanda Zəfər seçkisi olacaq. Bu, ölkədə qışda keçiriləcək ilk prezident seçkiləridir.
2016-cı ildə keçirilmiş Azərbaycanda Konstitusiya referendumundan sonra qəbul olunan dəyişikliklərə əsasən Azərbaycan Prezidenti 7 il müddətinə seçilir. Referendumdan sonra prezidentlik müddətinin 2018-ci ilin oktyabr ayında bitməsinə baxmayaraq İlham Əliyev növbədənkənar seçkiyə qərar verdi. Və beləcə, 2018-ci ilin aprelin 11-də növbədənkənar seçkilər keçirildi, Prezident İlham Əliyev 3394898 (86.02%) səs toplayaraq seçkiləri 1-ci sırada başa vuraraq 4-cü dəfə və 7 illiyinə Azərbaycanın dövlət başçısı seçildi.
Seçkinin özəlliyi
Növbədənkənar prezident seçkilərinin maraqlı özəllikləri var ki, onlara nəzər salaq:
1. Növbədənkənar prezident seçkilərinə dövlət büdcəsindən 110,9 milyon manat ayrılıb.
2. Zəfər seçkisi ölkə tarixində ilk dəfə qış ayında keçirilən, üstəlik sayca 3-cü olacaq növbədənkənar prezident seçkiləridir.
3. Qarabağın erməni işğalından azad edilməsi səbəbindən Azərbaycanda ilk dəfə olaraq prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq seçki məntəqələrində 20 min seçici MSK-nın yaratdığı 26 seçki məntəqəsi vasitəsilə səsvermədə iştirak edə biləcək.
Boykot əsirləri və ya seçkidən qaçanlar
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli və Müsavat Partiyası sədri Arif Hacılı seçkilərə 60 gün qala seçki tarixinin elan olunmasını tənqid ediblər. Onların iddialarına görə "belə bir tarixdə seçkilərin olmasını rəqabətə maneə, təşviqat üçün problemlidir".
Hər iki partiya seçkiləri boykot edib.
AXCP və Müsavat liderləri həmişəki amplualarına sadiq qalaraq, iddialarını tragikomik "səbəb"lərlə izah etməyə çalışıblar.
Məsələn, Müsavat Partiyasının növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanatında deyilir: "Siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin, eləcə də potensial müşahidəçi missiyalarının seçkilərə hazırlaşmaq imkanını minimuma endirilib. Seçki kampaniyasının tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq".
Arif Hacılının imzası ilə yayılan bəyanat siyasi absurd və məntiq primitivizmi sayıla bilər.
Əvvəla, siyasi müxalifətlə "dəyişikliklər istəyən təbəqələr"in növbədənkənar prezident seçkilərində iştirakı bütün əvvəlki illərlə müqayisədə daha aktiv, genişmiqyaslı və intensivdir. Belə ki, Azərbaycanın müasir siyasi tarixində ilk dəfə (!) olaraq hakimiyyətə radikal müxalifətdə olan yerli siyasətçilərlə yanaşı, xarici ölkələrdə yaşayıb həmin ölkələrin xüsusi xidmət orqanlarının tam kontrolunda "müstəqil fəaliyyət" göstərən və təlimatları yerinə yetirən "bloqer"lərlə "siyasi mühacirətdə olan şəxslər" belə, seçkilərə qatılmaq niyyətlərini bəyan etmişdilər.
"Tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq" iddiası ümumiyyətlə, birmənalı təsir bağışlamır.
İslandiya, Finlandiya, Kanadanın əksər hissəsi, İsveç, Norveç və ABŞ-ın Alyaska ştatı qış aylarında havaların əsla mülayim, yaxud subtropik olmadığı məkanlardır. Fəqət, orada müxalifət partiyaları seçkilərin soyuq havada, günlərin qısa vaxtda olduğu zamanda keçirilməsini bəhanə edərək boykota əl atmırlar.
Rusiyanın Sibir, Uzaq Şərq və habelə, Şimal Qütb dairəsinə yaxın bölgələrinin sakinləri də qış aylarında keçirilən seçkilərə qatılırlar. Qeyri-iş, istirahət və bayram günlərinin "çoxluğu" iddiası da ciddi olmadığından, şərhə belə dəyməz.
İlk dəfə, Xankəndində..
Son 30 il ərzində ilk dəfə olaraq Xankəndində seçki məntəqəsi fəaliyyət göstərəcək. Məntəqə sabiq Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsinin inzibati binasında yerləşəcək.
Bundan başqa, erməni işğalından azad edilmiş rayonlarımızda 9 seçki dairəsi və 26 seçki məntəqəsi də yaradılıb.
Prosesin digər özəlliy isə ilk dəfə olaraq Mərkəzi Seçki Komissiyası və Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış yeni seçici siyahısı sisteminin tərtib olunmasıdır. Məsələn, seçki günü seçici vəfat edərsə, bu olay dərhal seçici siyahısında əks olunacaq.
Üçüncü özəllik işğaldan azad edilmiş ərazilərdə ilk dəfə səs verən seçicilərin və buradan xəbər verən media qurumlarının mükafatlandırılacağıdır.
Tələbələr necə səs verəcək?
Seçkiləri universitetlərin tətil müddətə təsadüf etdiyindəq Elm və Təhsil Nazirliyindən tələbələrin siyahısını tələb edib. Beləcə, tələbələrin istər qeydiyyatda olduqları, istərsə də yaşadıqları yerdə səsverməsi üçün gərəkli şərait yaradılacaq.
Beynəlxalq müşahidəçilər kimlər olacaq?
Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev 13 dekabr 2023-cü il tarixində Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin, Belarusda keçiriləcək parlament və yerli parlament seçkilərinə öz müşahidəçilərini göndərməyi planlaşdırıldığını açıqlamışdı. O, müşahidəçilik missiyası ilə bağlı sadəcə rəsmi Bakıdan dəvət aldıqlarını deyib.
MDB-nin ölkəmizə göndərəcəyi müşahidəçilik missiyasına da S.Lebedev rəhbərlik edəcək.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) növbədənkənar prezident seçkilərini 26 nəfərdən ibarət uzunmüddətli missiyası müşahidə edəcək. Qurum 250 nəfərdən ibarət isə qısamüddətli müşahidə missiyasının təmin edilməsi ilə bağlı ATƏT-ə daxil ölkələrə sorğu göndərmişdi. Seçkilərin müşahidəsi missiyasına İoğan Mörfi rəhbərlik edəcək.
Seçkilərin monitorinqi üçün Novella Cəfəroğlunun sədrlik etdiyi Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi, Səidə Qocamanlının sədrlik etdiyi İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi və Səadət Bənənyarlının sədrlik etdiyi Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsi "Mənim Səsim" Seçki-Monitorinq Koalisiyasını təsis ediblər.
MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçmişdir. Bunlardan 92-si öz təşəbbüsü ilə, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli Yeni Azərbaycan Partiyası müşahidəçisi olanlardır.
Bununla yanaşı, Xarici İşlər Nazirliyi seçkilərin müşahidəsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və GUAM-a müvafiq notalar göndərib.
Ümumiyyətlə isə, prezident seçkilərini müşahidə etmək üçün 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət ediblər və hamısı da müsbət qarşılanıb.
Rəqəmlərə gəldikdə isə, ATƏT DTİHB 37, MDB Parlament Assambleyası 17, Türkiyə - 5, MDB 9 müşahidəçi göndərəcək. Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyası da Azərbaycanda keçiriləcək prezident seçkilərinii izləyəcəklər.
Onlar Ali Baş Komandanı dəstəklədilər
Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Ümid Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq Ədalət Partiyası, Müasir Müsavat Partiyası, Vəhdət Partiyası seçkilərdə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər.
İş adamı Mübariz Mənsimov, Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu, Bəyaz Hərəkat sədri Hürrü Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə, Azərbaycan Respublikasının əməkdar artisti, bəstəkar Cavanşir Quliyev, Azərbaycan Respublikasının xalq artisti, müğənni Flora Kərimova, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədri Rasim Balayev, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədri Rəsul Quliyev, professor Adil Qeybulla, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, sabiq nazir Firudin Cəlilov, sabiq dövlət başçısı Ayaz Mütəllibovun oğlu Zaur Mütəllibov və Azərbaycanın ilk dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılovanın da İlham Əliyevə səs verəcəyi deyiblər.
Elçin Alıoğlu
TREND