Siyasət

Cənubi Qafqazda yeni savaş başlandı: Böyüklər məğlub olacaq

28 Noyabr 2023 12:38
Baxış: 2 300

Qərbin Azərbaycana artan təzyiqlərinin səbəbi yalnız siyasət və ya Bakının mövqeyi ilə bağlı deyil. Problemin səbəbləri daha dərindədir və ideoloji məqamlardan qaynaqlanır.

Postsovet məkanındakı ölkələrin istisnasız olaraq hamısında kollektiv Qərb antropoloji bədbinliyə köklənən ideologiyanı yayaraq bunu demokratiya, insan haqları, azad cəmiyyət və söz azadlığı məqamlarının toplusu olan libertarianlıqla əlaqələndirməyə çalışır.

Həmin yanaşmaya görə, Qərbin dəyərlərinin qısa məcmusu formatında alınan təlimatları yerinə yetirən, daxili və xarici siyasətini ABŞ ilə Avropa İttifaqının diqtəsi əsasında formalaşdıran ölkələr azad, demokratik və ya ən pis halda demokratiyaya can atan hakimiyyətin idarə etdiyi dövlət hesab olunur. Bu hakimiyyəti formalaşdıran elitalar kriminal oliqopoliya, rüşvətxor məmur yığını və ya xalqın maraqlarını öz mənafeyindən dəfələrlə aşağı tutan nihilistlərdən ibarət olsa belə, Qərb təşkilatları ilə siyasətçiləri yaratdıqları marionet toplusunu az qala meritokratiya, yəni ağıllıların, ləyaqətlilərin və istedadlıların hakimiyyəti kimi qələmə verir, təbliğ edirlər.

Əsrlərdən bəri yalnız zahiri görüntüsü dəyişən, mahiyyəti stabil qalan neoimper, neokolonialist təfəkkür əsasında olan yanaşma indi də qüvvədədir.

Postsovet məkanındakı ölkələr arasında Qərbin şərtlərini yerinə yetirənlər inkişaf etdiklərini, Avropa İttifaqının səviyyəsinə çatmağat çalışdıqlarını düşünürlər.

Halbuki tam tərsinədir: "kollektiv Qərb" adlandırılan, özü fərqli, amma nüvəsi və ideyaları eyni birlik yalnız öz maraqlarının təminatına çalışır.

Maraqlar da əsrlərdir dəyişmir: təbii ehtiyatlar, enerjidaşıyıcıları, maliyyə diktatı, vədlərlə şirnikləndirilmiş xalqla dövlətin tam istismar edilməsi və s.

Amerikalı fantast Frenk Herbertin "Dune" saqasındakı süjeti Qərb postsovet məkanında təkrarlayır və bu zaman bütün Avrasiyanı onlar Arrakis, özlərini isə Harkonenlər kimi görürlər.

Təbii ki, belə olanda onlar heç bir halda Pol Müəddib kimi davranan siyasətçiləri, dövlət və hökumət başçılarını qarşısında görmək istəmirlər.

ABŞ və Fransa siyasətçiləri ilə isteblişmientinin artıq yekdilləşən mövqelərinə görə, belə "potensialt rəqib"lər bütün hallarda "lapsus", yəni "günahkar" sayılmalıdır.

Vaşinqton və Paris dünyanın bütün geostrateji önəm məkanlarında qəvi rəqiblər olsalar da, Cənubi Qafqaza hakim olmaq, bölgədəki prosesləri yönləndirmək və idarə etmək cəhdləri baxımından situativ müttəfiqlərdir.

Birləşmiş Ştatlar bölgəmizdəki bütün nəqliyyat və loqistika marşrutlarına tam nəzarət etməyə, regionda yeganə supergüc statusuna yiyələnməyə çalışırlar.

Fransanın məqsədləri təxminən eyni olsa da, Paris eyni zamanda Ermənistandan destruktiv, proseslərə mənfi təsir gücünə malik element qismində istifadə etməyə, bu minvalla Azərbaycana, Gürcüstana, Rusiyaya, Türkiyəyə və İrana təzyiq göstərməyə meyllidir.

Təbii ki, geosiyasi ssenarilərin bəhs etdiyimiz məcrada olduğu şəraitdə Azərbaycan Cənubi Qafqazda qlobal güclərin bölgəyə müdaxiləsinə ciddi müqavimət göstərən yeganə ölkədir. Daha doğrusu, Azərbaycan belə müqavimət potensialına malik olan və həmin potensialı cəsarətlə nümayiq etdirən tək dövlətdir.

Gürcüstan prosesləri müşahidə edir, bilavasitə iştirakdan çəkinirsə, İran "daha ciddi problemlərin həlllindən sonra məsələyə qayıtmaq" taktikasına əl atıb.

Türkiyəyə təzyiq rəsmi Parisin arzusu olsa da, illüzor xəyallar müstəvisində qalır.

Eynən Rusiya ilə tərs mütanasib əlaqələrdə olduğu kimi.

Bəhs etdiyimiz situasiyada Azərbaycan dövlətin ali, ən üst səviyyəli suverenliyinin daşıyıcısı olduğunu göstərən tək region ölkəsidir.

Amma Birləşmiş Ştatlar ölkəmizlə münasibətlərində amerikalıların siyasi realizm məktəbinin baniləri olan Hans Morqentaunun, Corc Kennanın və Edvard Karrın təlimini unudurlar.

Hazırda ölkələrimiz arasındakı münasibətlərdə yaranmış sərinlik təbii ki, müvəqqətidir və əlaqələrdəki fəallaşma ilə əvəzlənəcək. Zatən, Azərbaycan-ABŞ münasibətlərində belə gərginliklə sərinlik ilk deyil: hər dəfə Vaşinqton maraqlarının təminatını və mənafelərinin reallaşmasını ani isterikalardan üstün tutaraq geri çəkilib.

Rəsmi Vaşinqtonun diplomatiyasında "business as usual" anlamı sürəkli olaraq "business as unusual" formatına keçib, daha sonra vəziyyət "usual" müstəvisinə qayıdıb.

Bakı səbrlidir və gözləməyi yaxşı bacarır, çünki əmindir ki, Vaşinqtonun ölkəmihə münasibətində, daha konkret olsaq, yürtüdüyü siyasətdə diametral dəyişikiklik mütləq yaşanacaq.

Ölkələrimiz arasındakı münasibətlərin gərginləşməsinin ideya və ssenari müəllifi bilavasitə ABŞ olduğundan, təşəbbüskarın səhvini anlayaraq geri çəkilməsi əsla istisna deyil.

Məhz bu səbəbdən Azərbaycanın realizm və praqmatizmə əsaslanan xarici siyasəti heç bir halda saxta liberalizmlə əsasları yayğın, qayəsi müəmmalı libertarianlıq dəyərlərini qəbul etmir.

Həmin dəyərlərin adları çeşidli olsa da, birmənalı olaraq nihilizmə, kosmopolitizmə və "No War"çılığa əsaslanırlar.

Siyasət isə rastafarianlıq və illah da rastamanlıq deyil: reqqi sədaları altında rəqs etmək olar, ancaq hipsterliklə diplomatiya fərqli anlamlardır.

Anlayırıq ki, yırtıcı eqoist qısa müddətdə şəfqətli, tolerant altruitsə çevrilən deyil. Amma inkişaf və xüsusilə də maraqların təminatı bunu tələb edir.

Siyasətin mahiyyətinin köklü şəkildə dəyişməsinin mümkünsüzlüyü reallıqdırsa, belə dəyişkənliyni zəruri və labüd olduğtunu isterika ilə deyənlər libalların ən primitiv nümayəndələridir.

Kollektiv Qərblə ölkəmizin ideologiyaları arasındakı konseptual, hətta ekzistensial fərq də budur: biz vətəndaş-dövlət münasibətlərinin qarşılıqlı və bərabər olduğunu deyirik, bizə yad ideologiyanı sırımağa və qəbul etdirməyə çalışanlarsa bildirirlər ki, xeyr, vətəndaşın maraqları dövlət mənafeyindən qat-qat üstündür, bu səbəbdən də Azərbaycan mütləq şəkildə Qərbin tələblərini yerinə yetirməlidir.

Sadə desək, Azərbaycanın yeni Puerto-Riko, Qviana və ya Şərqi Samoaya çevrilməsini istəyirlər bizdən. Bu isə "açıq cəmiyyət" idefiksinin promouteri Corc Sorosun ümdə arzuları arasında yer alan xülya, liberalizmin idealizmə çevrilmiş halı kimi qələmə verilərək pərdələnən neomüstəmləkə strategiyasıdır.

Daha da konkretləşdirsək - psevdoliberalizmlə qlobalizmin bəsit qarışığı ki, o da guya Makkiaveli-Boden və ya Çanq Veyvey-Şmidt ideyalarının sintezi kimi təqdim olunur.

Azərbaycan bunu qəbul etməyib, etmir və etməyəcək - biz beynəlxalq hüququn subyekti yox, obyektiyik və bu səbəbdən bölgədəki proseslərdə oyunçu yox, müəllif və iştirakçıyıq.

ABŞ-da, Potomak sahillərindəki diplomatlarla siyasətçilər belə bəsit gerçəyi nə qədər tez anlasalar, bir o qədər yaxşıdır.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.