Siyasət

27 sentyabrdan başlanmış yola ümumi baxış....

27 Sentyabr 2023 23:52
Baxış: 782

2- ci Qarabağ müharibəsi, Laçın yolu uğrunda diplomatik mübarizə və Antiterror tədbirlərinin 2 böyük nəticəsindən danışmaq lazımdır...

1.Dünya erməniçiliyinin total məğlubiyyəti və əslində darmadağın edilməsi.Dünya erməniçiliyi deyəndə Ermənistan yarımdövlətçiliyi, erməni lobbisi və erməni diasporu nəzərdə tutulur.Total məğlubiyyət o deməkdir ki, " Böyük Ermənistan " ideologiyasının tarixi tutarsızlığı sübut edildi, genosid və ərazi iddialarının arxasında real tarixi faktların yox, eqoist millətçilikdən doğan mifik tezislərin və erməni çığırğanlığının dayandığı ifşa olundu,erməni diasporunun " fövqəltəbiiliyi" və guya bütün dünyanın Ermənistanın dalında vahid lobbi strukturunda birləşdiyi barədə miflər yox oldu,Ermənistan- lobbi- diaspor əlaqələrinin möhkəm həndəsi üçbucaq fiquruna çevrilmədiyi ortaya qoyuldu, sadə erməni xalqı ilə millətçi erməni liderləri arasında strateji uçurumun mövcudluğu üzə çıxdı...

2.Region və qeyri- region dövlətlərinin strateji müttəfiqlər seçimində Ermənistana etibar etmələrinin perspektivi fikrimcə birdəfəlik qapandı.Hətta bir vaxtlar aralarından "su keçməyən " İranla Ermənistanın arasına soyuqluq düşüb.Ermənistanı regionda özünün yeganə strateji müttəfiqi adlandıran Rusiya bu " etimadının" " acı ləzzətini " yaşamaqdadır .BMT Baş Məclisinin 75 - ci sessiyasında Paşinyanın dünya politologiya elmi ilə heç bir izahını verə bilmədiyimiz bu əcaib fikirlərini bir daha xatırlamaq lazımdır:" Rusiya strateji müttəfiqimiz, ABŞ strateji tərəfdaşımız, İran strateji qonşumuzdur.Bərbəzəkli və uydurma politoloji terminlərin arxasında sadəcə " erməni xəyanətkarlığının ört- basdır edilməsi " niyyəti dayanırmış.Ermənistanın zaman- zaman bu " stratejilərin üçünə " də kələk gəldiyini indi hamı görür. Bunlardan sonra hansı dövlət o həddə qədər ağılsızlaşa bilər ki, Ermənistana " strateji müttəfiq" ,ya "strateji tərəfdaş", ya da " strateji qonşu" desin.Görünən budur ki, əslində Ermənistan hamıya " strateji düşmən " kimi baxırmış və hər dövlətə bunu göstərməyin " öz zamanı var imiş"...

44 günlük Vətən müharibəsinin , Laçın yolu uğrunda diplomatik mücadilənin və Antiterror tədbirlərinin nəticəsində dünya erməniçiliyinin darmadağın edilməsinin böyük bir DƏRSİNDƏN də danışmaq lazımdır...Bu dərs Ermənistana və ümumən yeni müstəmləkəçilikdən müstəqil dövlətçiliyə keçid uğrunda mübarizə aparan bütün xalqlara aiddir .

Azərbaycan sübut etdi ki, Ermənistanın müstəqillik bəyan etdiyi 32 illik dövrdə apardığı müstəqillik siyasəti fiksiyadan başqa şey deyilmiş.Ermənistan həqiqətən müstəqil dövlət olmaq istəyən Azərbaycana qarşı " maşa " kimi istifadə olundu.Ermənistan rəhbərləri gələcəyi düşünmədən Azərbaycanla süni " Dağlıq Qarabağ münaqişəsini " başlatdılar. Onu bu aqressiv kursa yönəldənlərə Azərbaycanın dünya ilə müstəqil inteqrasiyasını məhdudlaşdırmaq və zəif yarımüstəqil dövlət həddində saxlamaq lazım idi.Ermənistanı isə həvəsləndirdilər ki, sizə də " yuxularda gördüyünüz cənnət Qarabağ və üstündə də 7 rayondan ibarət təhlükəsizlik kəməri lazımdır." 30 il ərzində başqalarının ssenariləri ilə oynayaraq " Böyük Ermənistana" doğru hərəkət etdiyini düşünən Ermənistan liderləri əslində aqressiv erməniçiliyin əbədi məhvinə doğru addım - addım irəlilədiklərini görə bilmədilər.Ermənustana bu acı dərsi Azərbaycan - dövlətimiz ,ordumuz və Prezidentimiz verdi . Həm də tək Ermənistana yox.Bundan sonra müstəqilliyə can atan hər bir xalq gələcək inkişaf modelini düşünərkən Ermənistanın acı təcrübəsindən örnək götürməlidir ki, heç kimin əlində qonşulara qarşı iyrənc alət olmaq olmaz, olarsansa, bunun üçün çox ağır bədəl ödəməli olassan.

Vətən müharibəsinin, Laçın yolu uğrunda diplomatik mücadilənin və Antiterror tədbirlərinin hər üçünün nəticələrini dünyaya qəbul etdirmək təbii ki, asan başa gəlmədi.Hər üç halda Azərbaycanın məruz qaldığı basqıların miqyasını siyasətə yaxın adamlar yaxşı bilir, prezidentimizin hər üç mərhələdəki çıxışlarını təkrar izləmək ölkəmizə dəhşətli təzyiq faktları barədə saysız qiymətli məlumatlar almağa yetər.Bu faktlara sonradan kompleks şəkildə baxmaq Azərbaycanın bu basqılardan uğurla çıxmasının analoqsuz bir möcüzə olduğunu bir daha sübut edir.Lakin fakt budur ki, prezident İlham Əliyev hər üç mərhələnin nəticələrini dünyaya Azərbaycanın haqqından, hüquqlarından və ədalətdən doğan reallıqlar olduğunu qəbul etdirdi..

Regionda ermənilərin əli ilə 30 il sürdürülmüz işğal faktı ləğv edildi.Ölkəmizə giriş üçün yeganə " açıq qapı" sayılan Laçın yolunun bağlanması ilə ərazi bütövlüyü bərpa edildi . Antiterror nəticəsində isə separatizmin son yuvasının məhvi edilməsi ilə süverenlik tam bərqərar edildi.

Bir vaxtlar həlledilməz sayılan keçmiş " Dağlıq Qarabağ münaqişəsinin " yerində nə qalıb?

Burada hələ də mövcud olaraq qalan kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi, sülh sazişinin imzalanması , minalardan qurtuluş, itkinlərimizin taleyinin araşdırılması və sair kimi zamana bağlı və mütləq həll olunacaq təfərrüatlardan danışmaq istəmirəm.Bunlar onsuz da gec, tez baş verəcək.

Prezident İlham Əliyevin Vətən müharibəsindən az sonra dediyi və bu gün sürətlə reallaşmaqda olan 2 paralel prosesdən danışmaqla 27 sentyabr 2020- ci ildən başlamış böyük Zəfərin milli, siyasi mahiyyətinə qısa baxışı yekunlaşdırmaq istəyirəm.

Ermənistanın var güclə müqavimət göstərməsinə baxmayaraq nəticələr bizim Prezidentimizin dediyi kimi oldu.Ermənistan rəhbərliyi Azərbaycanla normallaşmanı ölkələr arasında sülh sazişinin imzalanması və Dağlıq Qarabağın statusu üzrə 2 paralel danışıqlar formasında aparılmasını təkid edirdi.İlham Əliyev öz mövqeyində qətiyyətlə dayandı və " heç bir status və status üzrə beynəlxalq format danışıqları olmayacaq, ermənilərin hüquq və təhlükəsizliyi Azərbaycanın öz vətəndaşları ilə daxili dialoq məsələsidir" dedi və sonadək üstündə dayandı.

Hazırda ermənilərlə daxili dialoq prosesinin şahidiyik.Yevlaxda və Xocalıda Antiterrordan sonrakı iki dialoqu gördük. 3- cü dialoqun Xankəndidə olmaqla " separatizmin tabutuna son mıx " olacağını gözləyirik .

Oktyabrın 5- də isə Qranadada Azərbaycan- Ermənistan sülh danışıqlarının fasilədən sonrakı bərpasını görəcəyik...

Aydın Quliyev

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics