Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ Dövlət Departamentinin vasitəçiliyi ilə Vaşinqtonda keçirilmiş son görüşündə ciddi anlaşma əldə olunmuşdu. Lakin Vaşinqtonla İrəvan bu anlaşmanı pozdular.
Razılaşmaya görə, sentyabrın 1-dən bölgədə yolların açılması, Laçın yolu ilə Ermənistandan Xankəndinə və əks istiqamətdə humanitar yüklərin daşınması ilə ermənilərin hərəkəti, habelə Ağdam-Xankəndi marşrutu ilə yükdaşımalar başlanmalıydı.
ABŞ bu razılaşmanın təminatçısı, danışıqların iştirakçısı və Azərbaycanla Ermənistan arasında ilkin anlaşmanın əldə olunmasının təşəbbüskarı idi.
Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken daha sonra Azərbaycan rəhbərliyi ilə telefon danışıqlarında Ağdam-Xankəndi marşrutunun işə salınması ilə yanaşı, Laçın yolunun açılmasını da xahiş etmişdi.
Amma sonra hadisələro tam fərqli məcrada inkişaf etməyə başladı. Ermənistanın baş naziri Nikol Paşinyanın ritorikası aqressivləşdi, Bakıya ünvanlanmış bəyanatları sərtləşdi.
Vaşinqton əldə edilmiş razılaşmanın icrasına nail olmaq, təminatçı və təşəbbüskar dövlət qismində reallaşdırmalı olduğu prosesə başlamaq əvəzinə, Ermənistanla ermənilərin dezinformasiyasının, propaqanlasının qarşısında geri çəkildi.
İrəvanla qarabağlı erməni separatçıları da bundan ruhlanaraq razılaşmaları "torpedo atəşi"nə tutdular.
Nəticə göz qarşısındadır: ABŞ Dövlət Departamentində və Konqresdə indi sadəcə, Laçın yolunun açılmasının zəruriliyindən, "qarabağlı ermənilərin məruz qaldıqları humanitar fəlakət"dən bəhs edirlər.
Lakin nə rusiyalı sülhməramlıların nəzarət arealındakı ərazilərdə 10 min silahlı erməninin mövcudluğundan, nə Ermənistanın şərti dövlət sərhədində vəziyyəti gərginləşdirərək qarşıdurmanı pik həddə çatdırmasından, nə "humanitar fəlakət" iddialarının yalan olmasından, nə ermənilərin mina terrorunun davam etməsindən, nə də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin mövqelərimizi sürəkli atəşə tutmalarından bəhs olunmur.
Habelə, Ermənistanın 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın heç bir (!) şərtinə əməl etməməsindən, Zəngəzur dəhlizi layihəsinin reallaşmasının qarşısını almasından, ən nəhayət azərbaycanlıların qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə, doğma yurdlarına dönmələrinin qarşısını almaq üçün RSK kontrolundakı ərazilərdən sürəklli diversiya və teraktlar məqsədilə yararlandığından da danışılmadı.
Bütün bunların əvəzində isə...
"İstənilən sülh danışıqları kontekstində Dağlıq Qarabağın etnik ermənilərinin hüquqları və təhlükəsizliyi qorunmalıdır. Bu, hər hansı bir müqavilənin məcburi elementidir".
Bunu 14-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı deyib.
"Azərbaycan beynəlxalq təminat verməlidir. Birləşmiş Ştatlar Dağlıq Qarabağ ermənilərinə qarşı heç bir etnik təmizləmə aktına və ya digər vəhşiliklərə dözməyəcək. Bölgədə qarşılıqlı etimadın olmaması ən ciddi problemlərdən biridir, onun həlli dialoq və kompromisdir".
Diplomat Ağdam yolu ilə Dağlıq Qarabağa 20 ton humanitar yardımın daşınmasını alqışlayıb, lakin bunun kifayət etmədiyini qeyd edib.
"Biz Laçın dəhlizinin bağlı qalmasından dərin narahatıq və bunun Dağlıq Qarabağ əhalisi üçün humanitar nəticələri var. Status-kvonun saxlanması bizim üçün tamamilə qəbuledilməzdir. Biz bir həll tapana qədər işi dayandırmayacağıq.
Bu dəhliz kommersiya, humanitar və şəxsi nəqliyyat üçün açıq olmalıdır. Biz bu siqnalı həm dövlət, həm də özəl kanallar vasitəsilə Azərbaycan hökumətinə dəfələrlə vermişik. Qida, dərman, uşaq qidası və enerji resurslarına çıxış heç vaxt bağlanmamalıdır. Artıq bir neçə həftədir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yükləri Laçnə və Ağdam keçid məntəqələrinin yaxınlığındadır. Baş məsləhətçi Bono regiondadır və Dağlıq Qarabağa tədarük üçün dərhal və eyni vaxtda icazə verilməsində israr edəcək", - Kim vurğulayıb.
Onun sözlərinə görə, Bakı Ağdam yolu ilə Laçın dəhlizinin eyni vaxtda açılmasına razılıq verib.
"Prezident Əliyev və Dağlıq Qarabağın nümayəndələri açıq şəkildə bildirdilər ki, bu nizamlanma üzrə razılıq əldə olunub və sazişlərin icrasında bundan sonra heç bir gecikmə olmamalıdır. Bir neçə həftədir sərhəddə Xankəndinə daşınmasını gözləyən humanitar yükün çatdırılması lazımdır. Azərbaycan hökumətini Laçın dəhlizi ilə hər iki istiqamətdə şəxsi minik avtomobillərinin hərəkətini tez bir zamanda bərpa etməyə çağırırıq. Eyni zamanda, biz digər yolların əhəmiyyətini dərk edirik.
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş asan və ya tez olmayacaq, lakin ABŞ danışıqları dəstəkləməyə davam edəcək və Ermənistanla Azərbaycan arasında sülhün əldə oluna biləcəyinə inanacaq.
Bu da ABŞ-ın maraqlarından irəli gəlir. Davamlı və layiqli sülhə nail olmaq daha geniş regional kontekst də daxil olmaqla mühüm imperativdir. Birləşmiş Ştatlar regionda təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə və hər bir dövlətin öz suverenliyini və müstəqilliyini qorumaq qabiliyyətini gücləndirə bilər", - Kim vurğulayıb.
Birləşmiş Ştatların belə ritorikası və mövqeyi, xüsusilə də Azərbaycana yanaşmada tam məntiqsizliklə subyektivizm nümayiş etdirməsi Birləşmiş Ştatların Ermənistanda Rusiyanı əvəzləmək, bölgədə əsas geosiyasi güc və Azərbaycanla Ermənistan arasındakı danışıqlarda əsas moderator olmaq istəyindən xəbər verir.
Ermənistanın ABŞ və ya eyni Fransa və Aİ tərəfindən Cənubi Qafqazda öz maraqlarını təşviq etmək üçün sövdələşmə predmeti kimi qəbul edilməsi şübhəsizdir, lakin təhlükə ondan ibarətdir ki, belə bir ssenarinin həyata keçirilməsinin nəinki Ermənistanın özü, həm də bütün region üçün gözlənilməz, hətta çox riskli və fəsadlı nəticələri ola bilər.
Çox yəqin ki, hazırkı ABŞ-Ermənistan hərbi təlimlərinin EAGLE PARTNER 2023-ün Ermənistanda keçirilməsi də ABŞ-ın Qafqazda daha böyük planının tərkib hissəsidir. Kimin ABŞ-ın Ermənistana hərbi yardımı artırması ilə bağlı çağırışları da eyni məntiqə uyğun gəlir. Bu məsələ ilə bağlı danışıqlar uzun müddətdir ki, gedir, amma əslində amerikalılar hələ də İrəvana heç bir hərbi yardım göstərməyib. Baxmayaraq ki, hərbi faktor Moskvanı İrəvanın qərbyönümlü siyasəti ilə qıcıqlandırmağa hesablanmış mühüm komponentlərdən biridir.
Göründüyü kimi, ABŞ Azərbaycanla fəsadlar törədir və özünü Ermənistan-Azərbaycan danışıqlarında əsas vasitəçilərdən biri kimi nüfuzdan salır. Rəsmi Bakı artıq Amerika tərəfinə Ermənistanın böhtan kampaniyasına uymamağı tövsiyə edib. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, sülh müqaviləsində "Dağlıq Qarabağ erməni xalqının" hüquq və təhlükəsizliyinin Qarabağ bölgəsində yaşayan ermənilərə münasibətdə qeyd edilməsi Ermənistanın ərazilərimizdə separatizmi təşviq etmək üçün məqsədyönlü şəkildə istifadə etdiyi terminologiyanı əks etdirir, həmçinin bizim ərazi bütövlüyümüzə və suverenliyimizə ziddir.
Birləşmiş Ştatlar qərəzli, subyektiv və məntiqdən kənar tələblərlə Azərbaycana təzyiq göstərərək nəticə əldə edə biləcəyini düşünürsə, dərindən yanılır.
Vaşinqton Bakı ilə münasibətlərdə yenə səhv ifadələrlə dolu qüsurlu leksikanı seçib.
Nəticələr, əminik ki, Birləşmiş Ştatların planlarına uyğun olmayacaq.
Çünki o planlar ABŞ-ın yox, bu ölkədəki erməni lobbisinin feyki fakt kimi təqdim edən maraqlarıdır.
Elçin Alıoğlu
TREND